İnsan alveri, əmək müqaviləsi və ya sosial faciə

 

Xalisə Şahverdiyeva: "Ölkəmizdə insan alverinə qarşı mübarizədə müəyyən pozitiv irəliləyişlər müşhaidə etmək olar"

 

Dünyada daha çox gəlir gətirən üç sahədən biri də insan alveridir. İnsan alverinin müxtəlif sahələri olsa da, nədənsə, bu termin işlənəndə ilk ağlımıza gələn qadın alveri olur. Bəlkə də bu, bizim cəmiyyətdə belədir. Bəlkə də bu fikrin yaranmasına KİV-lərdə tez-tez rast gəldiyimiz "İnsan alverçisi tutulub" başlıqlı yazının içində qadın alverçilərinin həbsi haqqında oxuduğumuz adi xəbərlər səbəb olub.

Səbəbkarı axtarmaq bəlkə də gecdir. Amma insan alveri deyəndə, nədənsə, gözlərim önünə əxlaqsızlıqla məşğul olan qadınlar deyil, avtobuslarda konduktorluq edən, küçələrdə dilənən və ya xırda-para şeylər satan uşaqlar gəlir. Üst-başı çirkli, əlləri qap-qara olan bu uşaqları bütün yaşıdlarından təkcə təhsildən və qayğıdan kənar düşmələri deyil, eyni zamanda kədərli gözləri fərqləndirir. Bugünkü mövzumuz isə insan alveri və onunla mübarizənin ölkəmizdə hansı səviyyədə olmasıdır. Müsahibim "Gender Group" İctimai Birliyinin icraçı direktoru Xalisə Şahverdiyevadır. Artıq illərdir, bu sahədə araşdırmalar aparan, işləyən ekspert söhbət zamanı maraqlı faktlara toxundu.

 

"Daha çox qadınlar qurban olur"

 

- Bu yaxınlarda 6 May - İnsan Alveri ilə Mübarizə Günü ilə bağlı geniş tədbir keçrildi. Ümumiyyətlə, Azərbaycanda insan alveri ilə mübarizə hansı durumdadır?

- Bildiyiniz kimi, yerli QHT-lərin təşəbbüsü ilə hər ilin 6 mayı Azərbaycanda İnsan Alveri və İnsan Əməyinin İstismarı ilə Mübarizə Günü kimi qeyd edilir. Bu təşəbbüs beynəlxalq təşkilatlarla bərabər, dövlət orqanları, ayrı- ayrı biznes qurumları tərəfindən də dəstəklənir. Bu ildə "6-16 may-İnsan Alveri ilə Mübarizə Ongünlüyü" keçirildi. Düşünürəm ki, bu kimi tədbirlər ölkəmizdə insan alverinə qarşı mübarizədə əhəmiyyətli rol oynayır və belə tədbirlərin davam etdirilməsi vacibdir. Ölkəmizdə insan alverinə qarşı mübarizədə müəyyən pozitiv irəliləyişlər müşahidə etmək olar. Bunu xüsusilə də əhalinin insan alveri haqqında məlumatlılığının artmasında görmək olur.

Ümumən insan alveri ilə mübarizədə coxsaylı problemlər qalmaqda davam edir. Buraya insan alveri cinayətləri üzrə cinayətkar qrupların aşkar edilməsi, faktların hərtərəfli istintaqı, bu kimi cinayətlərin təşkilatçılarının məsuliyyətə cəlb edilməsi və cəzalandırlması, qurbanların ilkin istintaqı zamanından professional hüquqşünas xidmətlərindən istifadəsinin təmini, onların ehtiyaclarının tam şəkildə qarşılanması və s. məsələləri qeyd etmək olar.

- Bu ticarətin qurbanları da müxtəlifdir - qadınlar, kişilər, uşaqlar. Bizdə bunlardan hansına maraq daha coxdur? Və ya bizdə hansı daha çox qurban verir?

- Rəsmi rəqəmlərə nəzər yetirsək, daha çox qadınların qurban olduğunu görərik. Bu o demək deyil ki, kişi və uşaqlar qurbana çevrilmirlər. Məsələn, ötən illərdə mətbuata da "Serbaz" kimi məlum olan əməyin istismarı faktında yüzlərlə əcnəbi insan istismar edilmişdi. Hüquq -mühafizə orqanları tərəfindən bu fakt üzrə cinayət işi açılmadığından həmin şəxslər də qurban kimi tanınmadılar. Digər bir misal kimi isə insan orqanlarının transplantasiyasını göstərmək olar. Bu sahədə də müəyyən problemlər var.

- Azyaşlıların alver etdiyini, konduktorluq etdiyini və diləndiyini, demək olar ki, hər gün görürük. Təhsildən ayrılan, ailə tərbiyəsindən (bəziləri) uzaqlaşan bu uşaqların hüquqlarının tapdanmasına kim cavabdehdir?

- Uşaqların istismarı, müxtəlif xidmət və istehsal sahələrində işlədilməsi problemi ölkəmizdə də cox aktualdır. Bu kimi halların daha da coxalması müşahidə olunur. Uşaq hüquqlarının qorunması ilk növbədə valideyinlərin vəzifəsidir. Uşaq hüquqlarının təmin edilməsində dövlətin önəmli öhdəlikləri də çoxdur. Həmçinin vətəndaş olaraq bizlər də insan faciəsinə laqeyd qalmamalıyıq.

Ölkəmizdə 15 yaşına çatmayan uşaqların işlədilməsi qanunla qadağan edilib. Həmçinin uşaqların dilənçiliklə məşğul olması da qadağan olunur. Dilənçilik yolu ilə dolanan şəxslər avaralıqla məşğul olan hesab edilir və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilir. Cəriməsi də 5 AZN-dəkdir. Həmçinin yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulub. Belə inzibati xətalara yol vermiş şəxslərin cəzası isə 10-15 AZN cərimədir. İşin hallarına görə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq edilə bilər. Əsas məsələ ondadır ki, hələ də dövlətimizdə digər sahələrdə olduğu kimi, istismar sahəsindəki qurbanların (uşaqlar, qadınlar və s.) müdafiəsi istiqamətində formalaşmış və oturuşmuş institutlar yoxdur.

- Bizdə əmək müqaviləsi anlayışı o qədər də geniş yayılmayıb. Sizcə, işçisini əmək müqaviləsi olmadan işlədən şəxslərlə insan ticarətiylə məşğul olan şəxslər arasında oxşarlıq çoxdurmu?

- İnsanların əmək müqaviləsi olmadan işlədilməsi qanun pozuntusu sayılır. Lakin əməyin istismarı sayıla bilməz. Bu, yalnız əməyin istismarında bir əlamət ola bilər. Əməyin istismarının anlayışı qanunvericilikdə belə verilmişdir: hədə-qorxu, zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmədir.

- Bu yaxınlarda Vaşinqtonda yaşayan bir rəfiqəm gəlmişdi. Axşamüstü şəhərə gəzməyə çıxmışdıq. Hələ hava qaralmamış bir neçə kafe-barın qarşısında yarıçılpaq qızlar özlərini sərgiləyirdilər. O, "Bakıda gördüklərimi heç Amerikada da görmədim" dedi. Bu həddə çatmamıza səbəb nədir?

- Səbəbi müxtəlif ola bilər: tələbatın çoxalması, sosial problemlərin çoxluğu, əxlaqi dəyərlərin itirilməsi, tərəflər asarında azad cinsi münasibətlərin olmaması və s. Bildiyiniz kimi, könüllü fahişəlik inzibati qaydada qadağan edilir, həmçinin kimisə fahişəliyə cəlb etmək, əxlaqsızlıq yuvalarının saxlanması da cinayət qanunvericiliyi ilə qadağandır. Bunlara baxmayaraq, fahişəliklə məşğul olan qadınların, hətta kişilərin sayı artmaqdadır. Düşünmürəm ki, kimsə bu işi sevdiyi üçün məşğul olsun. Burada da sosial problemlər şəxsi problemlərdən daha böyük rol oynayır.

- İnsan alveri və fahişəliklə mübarizənin daha da möhkəmləndirilməsi üçün hansı təklifləriniz var? Ümumiyyətlə, qanunvericiliyimiz bu sahədə mükəmməldirmi və ya hansı yenilikləri etmək olar?

- İnsan alveri və fahişəliyə qarşı uğurlu mübarizə aparmaq üçün insan istismarına tələbatı azaltmaq tələb edilir. Bunun üçün fahişəliyin və dilənçıliyin istismarı ilə bağlı Azərbaycan qanunvericiliyində yeni normalar müəyyən edilməlidir. Fahişəlikdən istifadə (yəni cinsi əlaqəyə görə pulun ödənilməsi) və fahişəliyə şərait yaratmaya yönələn bütün hərəkətlər qadağan olunmalıdır. Başqa insanların dilənçiliyini təşkil etmə və ondan hər hansı formada faydalanma cəzalandırılmalıdır. Bu sahədə beynəlxalq təcrubələrdən istifadə edilməlidir.

 

 

Arzu Abdulla

 

Mövqe.- 2011.- 20 may.- S. 13.