Zərdab ictimai həyatın bütün sahələri üzrə müasirləşir

 

Ölkə rəhbərliyinin elmi əsaslar üzərində irəli sürdüyü sosial-iqtisadi inkişaf strategiyanın uğurlu nəticələri Zərdab rayonunda da özünü qabarıq göstərir. 2011-ci ilin müvafiq dövründə əldə olunan göstəricilər rayonun mövcud potensialından səmərəli və məqsədyönlü istifadə olunduğunu deməyə ciddi əsaslar verir. Bunun nəticəsi kimi, hesabat dövründə Zərdabda iqtisadiyyatın bütün sahələrində nəzərəçarpacaq artım müşahidə olunur.

2011-ci ilin birinci yarısında Zərdabda aqrar sahənin problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilib. Daha yüksək məhsuldarlıq əldə etmək məqsədilə 2011-ci ilin birinci yarısında 902 ha pambıq, 17805 ha taxıl, 14353 ha yonca, 1168 ha çoxillik əkmələr və meşə sahələri, 1932 ha həyətyanı, 644 ha bostan-tərəvəz sahələri suvarma suyu ilə təmin olunub, kanallarda 428 km uzunluğunda məsafə lildən təmizlənib.

Rayonda suvarma işinin təşkilində və əkin sahələrinin vaxtında və bol su ilə suvarılmasında problemlər tam olaraq aradan qaldırılıb. Rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər və bəndbərkitmə işlərinin gedişi zamanı ayrı-ayrı inzibati ərazilərdə suvarma kanallarına və arxlara ziyan dəyib və bu səbəbdən həmin ərazilərdə suvarmada yaranan çətinliklər əhalidə müəyyən narazılıqlar yaranıb. Rayon rəhbərliyi yaranmış çətinliklərin aradan qaldırılması, əkin sahələrinin bol suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün bütün imkan və vasitələrdən istifadə edir.

2011-ci ilin birinci yarısında rayon əhalisinin sosial müdafiəsi sahəsində də müəyyən tədbirlər həyata keçirilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının nəticəsi olaraq rayon üzrə orta aylıq pensiya məbləği 86 manatdan 103 manata çatdırılıb. Hesabat dövründə 1629 nəfər şəhər, 6136 nəfər kənd yerlərində yaşayan pensiyaçılara pensiyalar plastik kartlarla və vaxtında ödənilib.

Məcburi Dövlət Sosial Sığorta ödənişləri üzrə proqnoz tapşırığa ümumilikdə 102,9 faiz, o cümlədən büdcə təşkilatları üzrə 105,3 faiz, qeyri-büdcə təşkilatları üzrə 90,2 faiz, fiziki şəxslər üzrə 86,8 faiz, torpaq mülkiyyətçiləri üzrə 70,6 faiz əməl edilib. 1 iyul 2011-ci il tarixə pensiyaçıların sayı 7620 nəfər olduğu halda, sosial sığorta ödəyicilərinin sayı 3971 nəfər təşkil edib.

2011-ci ilin 6 ayı ərzində sosial yardım üçün 438 ailə müraciət edib, onlardan 426 ailənin sənədləri qeydiyyata alınıb. Həmin sənədlərə mərkəzdə yaradılmış komissiyada baxılaraq 418 ailənin hər birinə ünvanlı sosial yardım təyin olunması üçün qərar qəbul olunub, 8 ailəyə ünvanlı dövlət sosial yardımı verilməsindən imtina edilib.

Ötən müddətdə rayonda xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülüb. Rayon üzrə 18,8 milyon kvt/saat elektrik enerjisi istehlak olunub, əhali tərəfindən istehlak olunmuş enerjinin dəyəri 99,7 faiz ödənilib.

Müvafiq dövlət proqramında rayonun elektrik şəbəkələrinin yenidən qurulması ilə bağlı tədbirlərin icrası 2010-2013-cü illərdə nəzərdə tutulub. Lakin yuxarı orqanlara çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, tədbirin icrası üçün vəsait ayrılmadığından, layihənin icrasına hələlik başlanılmayıb. 2009-2013-cü illəri əhatə edən II regional inkişaf proqramına müvafiq olaraq hesabat dövründə rayon kəndlərinin qazlaşdırılması istiqamətində xeyli iş görülüb. Qaravəlli kəndinin, rayonun 15-ci məhəlləsinin və Təzəkənd yaşayış massivinin qazlaşdırılması başa çatdırılıb. Həmçinin rayonun Gəlmə və Salahlı kəndlərinin qazlaşdırılmasına başlanılıb, 2016 metr uzunluğunda daşıyıcı qaz kəməri çəkilib. Hazırda rayonda kəndlərin qazlaşdırılması istiqamətində də işlər davam etdirilir. 2011-ci il ərzində rayonun Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Dəli Quşçu, Əlibəyli kəndlərinin qazlaşdırılması nəzərdə tutulub. 2011-ci ilin birinci yarısında istehlakçılara 3 milyon 283 min kub metr təbii qazın verilməsi təmin olunub və dəyəri 96,9 faiz ödənilib.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş "Zərdab şəhərinin su təchizatının yenidənqurulması və kanalizasiya sisteminin yaradılması" layihənin icrasının sürətləndirilməsi barədə aidiyyəti qurumlara çoxsaylı müraciətlər olunub. Bu iş üçün artıq vəsait ayrılıb və yaxın vaxtlarda işlərin icrasına başlanılıb.

Hesabat ərzində Yuxarı Seyidlər kəndində 5, Körpükənd kəndində 2, Qoruqbağı kəndində 3, Məlikumudlu və Şahhüseynli kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 12 ədəd əlavə bulaq, Alıcanlı kəndində isə içməli su qurğusu istifadəyə verilib. Hazırda şəhərin 32 hektar adlanan ərazidəki Yeni yaşayış massivində, Bəyimli qəsəbəsində, İsaqbağı, Dəli Quşçu kəndlərində su təmizləyici qurğuların inşası davam etdirilib.

Rayonda yol tikintisi sahəsində həyata keçirilən işlər birinci yarımillikdə də davam etdirilib. Hesabat dövründə Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 26 km hissəsində üst layın tikintisinə başlanılıb, 9 km məsafədə asfalt-beton örtük tikilib. Bundan başqa, hesabat dövründə rabitə və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülüb, rayon üzrə elektronlaşma tam olaraq başa çatdırılıb. Hesabat dövründə Telekommunikasiya Qovşağı 143,0 min manat tarif gəliri proqnozuna qarşı 148,0 min manat əməl edərək tapşırığı 103,6 faiz yerinə yetirib. Həmçinin "Azərpoçt" MMC-nin rayon filialı 36 min manat tarif gəliri proqnozuna qarşı 42,6 min manat gəlir əldə edərək, proqnoz tapşırığı 118,2 faiz yerinə yetirib.

2011-ci il ərzində rayonun Gəlmə və Qaravəlli kəndlərində yeni poçt binaları tikilərək istifadəyə verilib, 10 kəndində, o cümlədən Kəndəbil, Əlvənd, Şəftəhal, Qaravəlli, Təzəkənd, Gəlmə, Hüseynxanlı, Yarməmmədbağı, Bıçaqçı kəndlərində poçt şöbələri üçün yeni müasir binaların tikilməsi nəzərdə tutulub.

Bu müddətdə rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsinin inkişafı istiqamətində də xeyli iş görülüb: 1 saylı uşaq bağçasının əsaslı təmiri başa çatdırılıb, Qoruqbağı, Kəndəbil, Körpükənd kənd tam orta məktəblərində, Gəlmə kənd uşaq bağçasında təmir işləri aparılıb. 3 saylı şəhər və Məlikumudlu kənd tam orta məktəblərin binalarında təmir işləri aparılıb, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 6 ay ərzində 133,6 min manatlıq bərk və yumşaq inventar, dəftərxana ləvazimatları, digər tədris vəsaiti alınıb təhsil müəssisələrinə paylanılıb. Lələağacı və Aşağı Seyidlər kənd ümumi orta məktəbləri üçün yeni binaların tikilməsi barədə Nazirlər Kabinetində qərar qəbul edilib və bu yaxınlarda tikinti işlərinə başlanılacaq.

2011-ci ilin 6 ayı ərzində büdcə vəsaiti hesabına Mədəniyyət və Turizm Şöbəsində 13,0 min manatlıq cari təmir işləri görülüb. Həmçinin 45,3 min manatlıq bərk inventar, 12,0 min manatlıq yumşaq inventar, 21,0 min manatlıq pərdə və xalça, 91,3 min manatlıq musiqı alətləri alınıb. Bundan başqa, rayon Mərkəzi Xəstəxanasında büdcə vəsaiti hesabına 37,0 min manatlıq yumşaq inventar və yataq ləvazimatı, 68,0 min manatlıq maşın və avadanlıq alınıb. Mərkəzi rayon Xəstəxanasının infeksion şöbəsində 30,0 min manatlıq əsaslı təmir işi, yardımçı binalarında 3 min manatlıq cari təmir işləri aparılıb. Eyni zamanda, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin 6 nəfərdən ibarət həkim briqadası iyulun 8-də rayonda olub, müxtəlif xəstəliklər üzrə 300 nəfər rayon sakinini ödənişsiz olaraq müayinədən keçirib.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində də bir sıra tədbirlər həyata keçirilib, çağırışçı gənclərin "Kür" şadlıq sarayında rayon gəncləri ilə görüşü təşkil edilib. 2011-ci ilin may ayında respublika Müdafiə Nazirliyi ilə rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasına xidmət edirəm!" hərbi vətənpərvərlik bayramı keçirilib, tədbirdə görkəmli alimlər, generallar, Bakı şəhərində yaşayan zərdablı ziyalıların bir qrupu iştirak ediblər.

2011-ci ilin iyulunda ulu öndərin respublika rəhbərliyinə gəlməsinin 42-ci ildönümü münasibəti ilə H.Əliyev meydanında 42 metr hündürlükdə Dövlət Bayrağı qaldırılıb, rayonun elektron giriş qapısının, şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binasının açılışı olub. Açılışlarda akademik Böyükkişi Ağayev, elmlər doktoru Təbriz Əliyev, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, polkovnik Abdulla Qurbani və başqaları iştirak ediblər. Hesabat dövründə "Şöhrət" ordeninin hər 3 dərəcəsi ilə təltif edilmiş Muradalı Heydərov dövlət başçısının sərəncamı ilə "Prezident təqaüdü"nə layiq görülüb.

 

2011-ci ilin 6 ayı idmançılar üçün də uğurlu olub. Belə ki, VKC növü üzrə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında Zərdabın 2 idmançısı - Avropa çempionu Nərmin Camalzadə və Nurəddin Əliyarlı fəxri kürsünün II pilləsinə qalxaraq dünya çempionatının gümüş medalını qazanıblar.

 

 (ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

 

Tərlan NƏSİRLİ,

Bakı-Zərdab-Bakı

 

          Mövqe.- 2011.- 6 oktyabr.- S. 10.