Bəstəkar Azər Dadaşovun yaradıcılıq gecəsi keçirilib

 

Yanvarın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqisevənlər Klubunun təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Azər Dadaşovun yaradıcılıq gecəsi keçirilib. Maestro Niyazinin mənzil-muzeyində təşkil olunan tədbirə toplaşanlar əvvəlcə bəstəkarın həyat yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olub.

Yaradıcılıq gecəsi Azər Dadaşovun ifasında Q.Qarayevin əsərlərindən parçaların səslənməsi ilə başlanıb. Sonra Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova A.Dadaşovun həyat yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov Q.Qarayevin istedadlı tələbələrindəndir. O, musiqimizin inkişafı, təbliği istiqamətində çox böyük işlər görüb, zəngin yaradıcılığı ilə daim diqqət mərkəzində olub. Bəstəkar uzun illərin yaradıcılıq məhsulu olan 10 simfoniyanın, neçə-neçə digər əsərlərin, habelə 20-dən çox kinofilmə yazılmış musiqilərin müəllifidir. Gecədə bəstəkarın həyat yaradıcılığından bəhs edən slayd nümayiş etdirilib, gənc ifaçılar onun əsərlərini səsləndiriblər.

 

 

Mövqe.- 2011.- 14 yanvar.- S.13.