Qanla yazılan qəhrəmanlıq tariximiz...

 

1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı ağır cinayət törədildi. Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın bir neçə rayonuna qanunsuz olaraq sovet qoşun hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində Azərbaycanın yüzlərlə günahsız insanı qətlə yetirildi yaralandı. Bununla Azərbaycan xalqına qarşı kütləvi terror aktı həyata keçirildi.

O günlər kimin üzünə baxsaydın, qan görərdin. Küçələrimiz, evlərimiz, sifətimiz, gözümüz, ürəyimiz qan idi o gecə... İnsan insanı gəmirirdi o gecə... Elə bil, dünyanın axırı idi. Toylu-düyünlü qapılara qara qıfıllar vurulan gecə...

O gecə dünən məktəbdə inşa yazarkən özlərini Mehdi Hüseynzadəyə, Gəray Əsədova, Hüseynbala Əliyevə bənzətmək istəyən oğullarımız əjdaha tankların tırtılları, ölümsaçan güllələr qarşısından bir an geri çəkilməyərək elə bir qəhrəmanlıq göstərdilər ki, öz ölümləriylə ölümə şərəf gətirdilər. Elə o qanlı gecədən, acı da olsa, Azərbaycan leksikonunda şəhid kəlməsi ən ağrılı, ən işlək sözümüzə çevrildi. Ən ağrılısı isə o zaman ölkəyə rəhbərlik edənlər və özlərini,az qala, milli qəhrəman, azadlıq aşiqi sayanlar əliyalın, torpağı, xalqı, milləti dildə deyil, ürəklərdə sevən, qeyrət təcəssümü olan oğullarımızı qabağa verib, özləri "müəmmalı" şəkildə "qeyb" oldular.

Baş verən faciə içərisində sadə Azərbaycan insanı çaşıb qalmışdı, təzadlı günlər yaşayırdı. Düşmənlərimizin başımıza gətirdiyi müsibətlərdən də daha çox bizi içimizdəki düşmənlərin, o zaman Azərbaycana rəhbərlik edənlərin laqeydliyi, azərbaycançılıqdan çox-çox uzaq olmaları ağrıdırdı. Başımıza gətirilən faciə içərisində Azərbaycan xalqa, millətə arxa, dayaq duracaq insanı axtarırdı... Elə həmin vaxt bu milləti susdurmaq, məhv etmək üçün o böyük insana qarşı repressiyalar davam edirdi. Düşmənlərimiz də yaxşı dərk edirdilər ki, Heydər Əliyevin xalqını, Azərbaycanı diz çökdürmək olmazdı...

O günlərdə özü Moskvada ağır şəraitdə yaşayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan nümayəndəliyinə gələrək baş vermiş ağır faciə ilə bağlı xalqına başsağlığı verdi, mətbuat konfransı keçirdi. İlk dəfə olaraq 20 Yanvar faciəsini bütün dünyaya çatdırdı, beynəlxalq kütləvi informasiya vasitələri Heydər Əliyevə istinad edərək Azərbaycan xalqının başına gətirilən müsibətlə bağlı informasiyalar yaydılar...

 

Heydər Əliyevin mətbuat konfransı

 

İllər keçəcək... 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət də Heydər Əliyevin hakimiyyəti dövründə veriləcək...

"20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında" prezident Heydər Əliyevin 16 dekabr 1999-cu il tarixli Fərmanı eyni zamanda Azərbaycanın yaxın keçmişinin faciəsini əks etdirir. 20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin xalqın mənafeyinə zidd siyasəti, Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı mərkəzin apardığı qeyri-obyektiv qərəzli xətt ölkə əhalisinin hədsiz qəzəbinə səbəb oldu. O zamankı Azərbaycan rəhbərliyinin xüsusilə Dağlıq Qarabağ məsələsində mərkəzlə sövdələşməsi respublikada kəskin etirazlar doğurdu.

1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi Azərbaycan xalqı tərəfindən elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı, vətəndaşların konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd kimi qəbul olundu. Ancaq sərhədlərimizin toxunulmazlığı müxtəlif səviyyəli qurumlar tərəfindən rəsmən dəfələrlə təsdiq olunsa da, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən siyasət mərhələ-mərhələ həyata keçirildi.

Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi Volskinin rəhbərliyi ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə olundu. Bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması demək idi. SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlırda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Ancaq mərkəzin Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibəti açıq-aşkar göz qabağında idi. SSRİ-nin rəsmi dövlət qurumları, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri Dağlıq Qarabağ probleminə olduqca böyük diqqət yetirdiyi halda, Azərbaycan xalqının böyük faciəsi tam sükutla müşayiət olundu. Azərbaycan xalqının bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına qarşı əsil cinayət idi.

Ermənistan SSR Ali Soveti Azərbaycan rəhbərliyinin bu mövqeyindən "cəsarətlənərək" 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 yanvar hadisələrinə bir neçə gün qalmış, yəni 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyəti "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında" fərmanı ilə əslində azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq ümidlərinə də son qoyuldu. Fərmanın başlığından göründüyü kimi muxtar vilayətin və "bəzi digər rayonların" kimə mənsub olması məsələsi də artıq sual altında qoyulurdu.

SSRİ rəhbərliyi də respublikada haqqdalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələri və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan edilmədən Bakını zəbt etməsi xüsusi qəddarlıq misli görünməmiş vəhşiliklərlə müşayiət edildi. Ayağa qalxan xalqın inam iradəsini qırmaq, milli mənliyini alçaltmaqsovet hərb maşının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi. Törədilmiş cinayətonun nəticələri göz qabağında olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətni hər vasitə ilə ört-basdır etməyə cəhd göstərdi. Xalqın tələbi ilə bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etdi. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilmədi.

20 yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. Hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin Azərbaycanın rəhbərliyi tərəfindən yığılıb dövlət istintaq komissiyasına təhvil verilmiş konkret dəlilsübutlar qəsdən Azərbaycandan çıxarılıb aparıldı. O dövrdə Azərbaycanın prokurorluq hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdəya qismən məhv edilmişdi.

Yalnız 1994-cü ildə 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Prezident Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar hadisələrinin əsil səbəblərini açıqladı, günahkarları aşkar etdi.

1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verildi. O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi... O gecə enlikürək, laydivar, hər biri bir yurdun qeyrət təcəssümü olan oğullarımız qurban getdilər. Onlar az yaşadılar... Ancaq az ömürlərində şəhid adlarıyla ötüb gələn nəsillər üçün elə rahat, elə hamar yol saldılar ki, xalq bir gecənin içərisində minillik yol keçib gəldi. Bu oğulların ölümü ilə Azərbaycan var olduğunu bir daha bütün dünyaya sübut etdi... "Şəhidlər Xiyabanı" Azərbaycan adlı bir məmləkətin varlığının sübut yeri oldu. 1990-cı ilin 20 yanvarı Azərbaycan faciə tarixinin qanla qəhrəmanlıqla yazılan səhifələrindən birinə çevrildi.

 

 

Ağanisə Sultanova

 

Mövqe.- 2011.- 20 yanvar.- S.4.