Şirvan şəhər məktəbləri təhsildə uğurlu nəticələrə imza atıblar

 

Hökumətin dəqiq inkişaf konsepsiyası əsasında həyata keçirdiyi tədbirlər son illərdə bölgələrin sürətli tərəqqisini təmin etməklə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsinə də yaxşı imkanlar açıb. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008) bu sahədə qarşıya qoyulmuş bir çox planların reallaşdırılması baxımından müstəsna əhəmiyyət daşımaqla yanaşı, milli təhsilimizin inkişafı istiqamətində çoxşaxəli tədbirlərin nəzərdə tutulduğu tarixi sənəddir.

Dövlət Proqramında bir sıra fundamental məsələlərlə yanaşı, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması, habelə yeni məktəblərin tikintisi məsələlərinə də xüsusi yer ayrılıb. Şübhəsiz, ibtidai və orta təhsilin səviyyəsinin yüksəldilməsi, ilk növbədə, müəllim və şagirdlər üçün yaradılmış maddi-texniki imkanlardan asılıdır. Keçmiş sovetlər birliyi dövründə inşa edilmiş məktəblər hazırkı tələblərə cavab vermədiyindən, ən müasir infrastruktura, tədris imkanlarına malik müasir tipli məktəblərin tikilərək istifadəyə verilməsi olduqca vacibdir.

Regionların sosial-iqtsadi inkişafı Dövlət Proqramının qəbulundan ötən beş il ərzində - 2004-2008-ci illərdə 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilib. Regionlarda 636 yeni məktəb tikilib, 192 məktəb əsaslı təmir olunub, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilib.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində də son illər yeni məktəb binaları, əlavə korpuslar tikilib, onların maddi-texniki bazası möhkəmləndirilib. Bunu konkret olaraq Şirvan şəhərinin təhsil sahəsində qazandığı uğurlar fonunda aydın görmək mümkündür. Şəhər Təhsil Şöbəsi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin yerinə yetirilməsi, təhsilverənlərin fasiləsiz təhsillə təmini, fənn kurrikulumlarının və yeni qiymətləndirmə qaydalarının tətbiqi istiqamətində sistemli və ardıcıl iş aparıb.

2009-2010-cu dərs ili ərzində məktəblərin fənn olimpiadaları aparılıb. Habelə IX və XI siniflərdə buraxılış imtahanlarının aparılması ilə bağlı ümumtəhsil məktəblərində valideyn və şagirdlərin, həmin siniflərin rəhbərləri, orada dərs deyən fənn müəllimləri ilə görüşlər keçirilib, sınaq imtahanları aparılıb. "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə Qaydaları"nın təsdiqi ilə bağlı məktəb rəhbərləri, eləcə də I-II sinif müəllimlərinin hesabatı dinlənilib, Kurrikulum Mərkəzinə bu barədə məlumat verilib. Sağlamlıq imkanı məhdud şəxslərin təhsilə cəlbi təmin olunub. Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması məsələsi də nəzarətdə saxlanılıb.

2009-2010-cu dərs ilinin əvvəlində "UM-1" hesabatı üzrə şəhər ümumtəhsil məktəblərində təhsilə 11897 nəfər şagird cəlb edilib. Dərs ilinin əvvəlində şəhərin ümumtəhsil məktəblərində, o cümlədən I siniflərdə fənn kurrikulumlarının tətbiqi ilə bağlı açıq dərslərin və məşğələlərin cədvəli tərtib edilib. Təhsil Şöbəsinin nəzarəti altında həmin dərslərin keçirilməsi təmin olunub. Açıq dərslər keçirilərkən müasir dərsə verilən təlim və metodları tətbiq etməyi bacaran qabaqcıl və bilikli müəllimlərin təcrübəsindən istifadə olunub. Təhsil Nazirliyinin 01 may 2010-cu il tarixli Kollegiya iclasında metodiki xidmətin şəhər təhsilində təşkili yüksək qiymətləndirilib.

Təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı IX və X sinif şagirdləri arasında Şirvan Şəhər Təhsil Şöbəsi tərəfindən sınaq imtahanları aparılıb. Bundan başqa, 13, 14 mart 2010-cu ildə Təhsil Nazirliyinin apardığı yoxlama imtahanında məktəb şagirdləri müvafiq olaraq 72,69 və 58 faizlik nəticə göstəriblər. Və bu da respublika üzrə yaxşı göstəricilərdən biri olub.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 saylı sərəncamı ilə təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Şöbəsi 2009-2010-cu illərdə müvafiq tədbirlər planı hazırlayıb və icrasını həyata keçirib. Fənn olimpiadalarının məktəb və şəhər mərhələləri keçirilib, qalib gəlmiş 10 şagird respublika turunda iştirak edib. Onlardan 7 nəfəri III, 5 nəfəri isə IV yerləri tutublar. Fənn olimpiadasının nəticələrinə həsr olunmuş kollegiya qərarına əsasən, təhsil nazirinin 24 iyun 2010-cu il tarixli əmri ilə şəhər məktəblilərinin yüksək uğurları qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Təhsil Şöbəsi və ümumtəhsil məktəbləri, eləcə də məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda inşa, habelə "Müstəqil Azərbaycan və Heydər Əliyev" mövzusunda rəsm müsabiqələri təşkil olunub. İnşa müsabiqəsinin respublika mərhələsində 9 nömrəli orta məktəbin IX sinif şagirdi Qasımzadə Pəri Qabil qızı III yeri tutub.

2009-2010-cu dərs ilinin sonunda Təhsil Nazirliyi tərəfindən IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. Dərs ilinin sonunda XI siniflərdə 807 şagird təhsil alıb, onlardan 59 nəfəri müxtəlif səbəblərdən imtahanlara buraxılmayıb. 2 nəfər xəstəliyi ilə əlaqədar azad edilib, 746 nəfər imtahan verib. Onlardan 703 nəfəri iştirak edib və 635 nəfər müvəffəq qiymət alıb. Yekun qiymətlərin nəticələrinə əsasən, 3 nəfər fərqlənmə attestatına layiq görülüb. Şəhər şagirdlərinin müvəffəqiyyəti 90,3 faiz təşkil edib.

IX siniflərdə isə 1350 nəfər təhsil alıb, onlardan 1314 nəfəri imtahan verib, 1125 nəfəri müvəffəq qiymət alıb. Ümumilikdə, müvəffəqiyyət 90,6 faiz təşkil edib və bu göstərici respublika üzrə ən yaxşı nəticələrdən sayılır.

Şirvan üçün daha bir əlamətdar hadisə şəhərin üç məktəbinin "İlin ən yaxşı ümumtəhsil məktəbi" adını qazanması olub. Ölkə başçısı İlham Əlyevin sərəncamı ilə şəhər 9, 11 və 18 saylı orta məktəblər bu müsabiqənin qalibi elan edilib və onlara 10 min manat mükafat verilib. 2010-2011-ci dərs ilində şəhər 1 saylı orta məktəbdə istedadlı şagirdlər üçün lisey siniflərin açılması da əlamətdar hadisələrdən biri olub. Həmin məktəbdə dərslər V sinifdən aparılır, şagirdlər müsabiqə və ya imtahan yolu ilə qəbul olunurlar.

2010-cu ildə Şirvan şəhərində orta məktəbləri bitirən 635 şagirddən 492 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün sənəd verib və bu da məzunların 77,5 faizini təşkil edir. I, II, III IV qruplara qəbul prosesində 4 nəfər 600-dan artıq bal toplayıb.

2011-ci ildə şəhərin təhsil müəssisələrində 12 min manatlıq əsaslı təmir işi aparılıb. Bundan başqa, 10341 manatlıq yumşaq, 57891 manatlıq bərk inventar alınıb. Dərs ilinin əvvəlində şəhərin ümumtəhsil məktəblərində fənn kurrikulumunun tətbiqi ilə əlaqədar açıq dərs məşğələlərin keçirilməsi təmin edilib. Açıq dərslər keçirilərkən müasir dərs verməyi metodları tətbiq etməyi bacaran qabaqcıl, habelə bilikli müəllimlərin təcrübəsindən istifadə edilib. Onlardan 4 saylı məktəbin müəllimi Sevda Cəfərovanın, 11 saylı orta məktəbin müəllimi Şəfiqə Musayevanın, 16 saylı məktəbin müəllimi Təbriz Həsənov başqalarının dərslərini xüsusi qeyd etmək olar.

Fənn kurrikulumlarının tətbiqi nəticəsində 2010-cu ilin dekabrında 15 nəfər rəhbər işçi fənn kurrikulumlarına cəlb edilib. Bundan başqa, təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı IX XI sinif şagirdləri arasında sınaq imtahanları keçirilib. 20 fevral 2011-ci ildə Təhsil Nazirliyinin keçirdiyi yoxlama imtahanında iştirak edən IX XI sinif şagirdləri yüksək nəticə göstəriblər. Eyni zamanda, məktəblilərin fənn olimpiadalarının respublika turunda iştirak edən şagirdlərdən 5 nəfəri yüksək mükafata layiq görülüb.

Hər il ənənəvi olaraq keçirilən Ətraf Mühitin Mühafizəsi Beynəlxalq "İNEPO" olimpiadasında Şirvan şəhər məktəbliləri 2 gümüş medal qazanıblar. Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Fövqəladə hallar şagirdlərin gözü ilə" mövzusunda müsabiqənin respublika mərhələsində isə 3 4 saylı orta məktəblərin şagirdləri uğur qazanıblar.

Beynəlxalq Türkcə olimpiadasının Azərbaycan finalında 3 şagird qalib olaraq Türkiyə finalına düşüb. Onlardan Şirvan şəhər 9 saylı tam orta məktəbin VII sinif şagirdi Saniyə Mirzəyevə gümüş medal qazanıb.

Dərs ilində həmçinin, məktəblilərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində tədbirlər görülüb. Belə ki, bütün məktəblərdə "Cəsurlar" "Şahin" oyunları keçirilib, hər iki oyunlar üzrə şəhər turunun qalibi - 16 saylı orta məktəbin komandası "Şahin" hərbi idman oyunları üzrə Hacıqabul şəhərində keçirilən yarışmaya qatılıb I yeri tutub.

"Təhsil" Məktəbinin Boks üzrə respublika birinciliyində Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən (fevral -2011) 2 nəfəri I, 2 nəfəri II, 1 nəfəri III yeri tutub final yarışında 4 modelçilik üzrə I yerə çıxıblar.

2011-ci ildə ali orta ixtisas məktəblərinə qəbul imtahanı zamanı 200-dən artıq tələbə adını qazanıb. Onlardan 20 nəfəri 600-dən yuxarı bal toplayıb prezident təqaüdünə layiq görülüblər.

 

(ardı var)

 

Tərlan Nəsirli Bakı-Şirvan-Bakı,

 

Mövqe.- 2012.- 10 fevral.- S. 10.