"Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi"

Regional inkişaf proqramları ölkənin sənaye potensialını gücləndirir

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açıb.

Xatırladaq ki, hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdi. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunub. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, hüquqi şəxslərin qeydiyyatı sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.

Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində də ciddi addımlar atıb və verdiyi bütün vədlərə yüksək sadiqlik nümayiş etdirib. Bu gün Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payının 83 faizə yüksəlməsi də məhz bu diqqət və qayğının nəticəsi kimi diqqəti çəkir.

Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması "bir pəncərə" prinsipinə uyğun təşkil edilib. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılıb.

Vergi yükünün azaldılması, vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2009-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilib. Eyni zamanda sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılıb, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılıb.

Yalnız 2010-cu il ərzində regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, habelə digər rayonlarda heyvandarlıq və süd emalı kompleksləri tikilib istifadəyə verilib. 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisənin, tikinti materiallarının istehsalı zavodlarının inşası davam etdirilib. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunub. Ümumiyyətlə, fond il ərzində regionlarda 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit ayırıb. Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilib.

Ümumilikdə, II regional dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılıb, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılıb. Bundan başqa, kənd təsərrüfatı məhsullarının saxlanılması infrastrukturunun yaradılması məqsədilə bütün regionlarda ümumi tutumu 85 min ton olan 25 müasir soyuducu, ümumi tutumu 270 min ton olan 17 taxıl anbarı komplekslərinin inşası Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilib Fermer təsərrüfatlarında xidmətlərin müasir səviyyədə qurulması məqsədi ilə il ərzində 4 rayonda yeni aqroservis filialları yaradılıb, 5 rayonda isə belə filiallar təşkil olunub.

II regional inkişaf proqramında hər bir vətəndaşın yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaradan vacib məsələlərdən biri də sosial-infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycanın dövlət büdcəsi gəlirlərinin sürətli artımı təbii olaraq insan amilinin inkişafı baxımından infrastruktur layihələrinə də xüsusi diqqət ayırmağı zəruri edir. Dövlət başçısı İlham Əliyev məhz bu reallıqdan çıxış edərək hər bir vətəndaşın rahat, firavan yaşayışı üçün dövlət büdcəsindən lazımi vəsaitin ayrılmasını təmin edir. Bunun nəticəsidir ki, ötən illərdə ölkədə iri infrastruktur layihələrinin reallaşdırılmasında heç bir problem olmayıb. Dövlət bütün sahələrdə əsaslı kapital qoyuluşları həyata keçirib.

2010-cu ildə "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması layihələri davam etdirilib, 635 kilometrdən çox yol beynəlxalq standartlara uyğun tikilib və təmir olunub. O cümlədən, dövlət başçısının bilavasitə iştirakı ilə Bakı dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 kilometrlik hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq Dəniz Limanının və gəmiqayırma zavodunun inşası respublikanın tranzit potensialının, ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını təmin edir.

"Ekologiya ili" çərçivəsində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının sahilləri boyu 18 rayonun 156 yaşayış məntəqəsində sutəmizləyici qurğuların quraşdırılması 300 min nəfərdən artıq əhalinin içməli su ilə təminatını yaxşılaşdırıb. Eyni zamanda 2010-cu ilin dekabrında ölkə üçün son dərəcə strateji əhəmiyyətli layihənin icrası başa çatıb, Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib. Bundan əlavə, suvarılan torpaq sahələrinin artırılmasında, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının, Tovuzçay su anbarının tikintisi davam etdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlayır, bütün məsələlərə tələbkarlıqla yanaşır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2009-2010-cu illərdə respublikanın əksər rayon və şəhərlərinə səfər etməsi bunu bir daha təsdiqləyir. Dövlət başçısı 2010-cu ildə regionlara 27 səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılış və təməlqoyma mərasimində iştirak etdib. Bu səfərlərin nəticəsi olaraq bölgələrdə canlanma yaranıb, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət alıb. İnfrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssisələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra addımlar həyata keçirilib.

Azərbaycanın davamlı və tarazlı inkişafın təmini baxımından 2011-ci ildə infrastruktur layihələri uğurla həyata keçirilib. Nazirlər Kabinetinin iclasında verilən məlumatlardan aydın olur ki, hesabat ilində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilib. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı üzrə təkcə ötən il 53 məktəbin, 47 uşaq bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti işləri yekunlaşdırılıb və bu istiqamətdə işlər davam etdirilir. Hesabat ilində həm Bakı qəsəbələrində, həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı, rabitə və informasiya, kənd təsərrüfatının infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri tədbirlər həyata keçirilib.

Hesabat ilində nəqliyyat və tranzit potensialının genişləndirilməsi məqsədilə regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, TRASEKA və Şimal-Cənub, Şərq-Qərb beynəlxalq dəhlizlərində yolların tikintisi davam etdirilib. Yeni metro stansiyaları və hava limanı istifadəyə verilib. Həmçinin, dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulub.

2011-ci ildə həyata keçirilən sənayeləşmə siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik inkişafını təmin edib. Qeyri-neft sənayesində məhsul istehsalı 11,1 faiz, o cümlədən emal sənayesi 7,1 faiz, kimya sənayesi 27,1 faiz, metallurgiya sənayesi 1,9 dəfə, tikinti materialları istehsalı 4,4 faiz, elektrik enerjisi istehsalı 8,4 faiz, qida məhsulları istehsalı 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim istehsalı 56,5 faiz artıb.

Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixində imzaladığı "Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında" Fərmanı bu və digər məqsədlərin gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Preamblua hissəsində göstərildiyi kimi, bu fərmanın imzalanması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafını təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının yaradılması nəzərdə tutulur. Həmçinin sənəddə göstərilir ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılmalıdır.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

Tərlan Nəsirli

 

        Mövqe.- 2012.- 21 fevral.- S. 10.