Qubada aqrar sahənin inkişafı diqqət mərkəzindədir

 

Son illər Azərbaycanın regionlarının qeyri-bərabər inkişafının qarşısının alınması, həmçinin paytaxtla ayrı-ayrı rayonlar arasında fərqin azaldılması sahəsində mühüm uğurlar əldə olunub. 2004-208-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətini bu baxımdan xüsusi vurğulamaq olar. Dövlət proqramında hər bir bölgənin tarixi məşğulluq ənənələrinin bərpası, infrastrukturunun müasirləşdirilməsi ilə yanaşı, yeni iş yerlərinin açılması, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial və inzibati obyektlərin inşası kimi məsələlər də geniş əksini tapıb.

Dövlət Proqramı çərçivəsində Quba rayonunun də sosial-iqtisadi inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində görülən tədbirləri bu baxımdan xüsusi vurğulamaq olar. Bu xüsusda rayonun 2 kəndində 15 hektar sahədə taxıl toxumçuluq təsərrüfatı yaradılıb. Fransada qiymətli yem bitkisi olan "Kolza" bitkisinin toxumları əldə olunaraq 2 hektar ərazidə əkilməsi təmin olunub. Rayonun Aqrar Elm Mərkəzində Quba-Xaçmaz bölgəsində infroduksiya olunmuş Fransız buğda sortlarının yerli buğda sortları ilə müqayisəli şəkildə təsərrüfat-bioloji-xüsusiyyətlərinin öyrənilməsi, tətbiqi tədqiqat işləri aparılıb. Heyvandarlığın, habelə heyvandarlıq məhsulları istehsalı və emalı sənayesinin inkişafı ilə əlaqədar rayonun 5 kəndində 500 başlıq iribuynuzlu, 215 başlıq xırdabuynuzlu mal-qarası olan heyvandarlıq təsərrüfatı yaradılıb. Xınalıq kəndində süd emalı sexi yaradılaraq fəaliyyətə başlayıb.

Konservləşdirilmiş meyvə-tərəvəz məhsulları istehsalının inkişafına dair tədbirlərin görülməsi ilə bağlı II Nügədi kəndinin ərazisində tara istehsalı sexi yaradılıb. Quba "SAF" MMC-də məhsuldarlığı saatda 3600 ədəd "TBA-3" və saatda 1200 olan "TBA-9" meyvə-tərəvəz şirələri qablaşdıran "Tetrapak" xətti quraşdırılıb. Həmçinin istehsal proseslərində "Buxer Engineering", "White CAP", "Edinstvo", "İndeks", "Kompleks" şirkətlərinin texnoloji avadanlıqlarından istifadə olunur.

Dövlət Proqramına müvafiq olaraq, rayonda süfrə suları istehsalı və qablaşdırılması tədbirləri də diqqət mərkəzində olub. 1 L və 0,5 L qablarda "Aqua-SAF" qazlı və qazsız süfrə sularının istehsalına başlanılıb.

Bundan başqa, arıçılığın inkişaf etdirilməsi ilə əlaqədar rayonun Dərk kəndində 55 arı ailəsindən ibarət arıçılıq təsərrüfatı yaradılıb. Haput kəndində 45 arı və "Əli" MMC-nin nəzdində bir olmaqla, ümumilikdə rayonda 4 arıçılıq təsərrüfatı yaradılıb. Dağlıq və yüksək dağlıq ərazilərdə kənd təsərrüfatının inkişafı bəndinin icrası ilə əlaqədar 19 fərdi təsərrüfata 3350 ədəd meyvə tingləri (alma, armud, gilas, gavalı) qrant şəkilində verilib, cəmi 10 hektar meyvə bağları salınıb. II Nügədi kəndində özəl kartof toxumçuluq yaradılaraq istifadəyə verilib. Yemçiliyin inkişafı ilə əlaqədar yonca toxumları təsərrüfat başçılarına verilmiş 16 hektar sahədə sınaq nümayiş sahələri salınıb. Tərəvəzçiliyin inkişafı ilə əlaqədar 10 hektar sahədə kartof əkilərək sınaq nümayiş sahələri yaradılıb.

Ətraf mühitin yaxşılaşdırılması və torpaqların eroziyadan qorunması məqsədilə vətəndaşlar tərəfindən icarəyə götürülmüş bələdiyyə torpaqlarında 3 hektar sahədə fındıq və 3 hektar sahədə qoz tinglərinin əkilməsi təmin olunub. Eyni zamanda, qoyunçuluqda cins tərkibinin yaxşılaşdırılması ilə əlaqədar proqram ərazilərində təcrübəli təsərrüfat başçılarına 30 baş yüksək məhsuldarlığa malik qoçlar paylanılıb. Qubada arıçılığın inkişafı ilə bağlı kəndlərdə bu sahə ilə məşğul olan 5 şəxsi təsərrüfatın hər birinə 50 ədəd olmaqla, cəmi 250 arı ailəsi, habelə 669 nəfərə 203,3 min mikrokredit verilib.

Proqram çərçivəsində əhalini narahat edən kommunal problemlərin həlli də xüsusi diqqət mərkəzində olub. Şəhərdə su xəttinin çəkilişi ilə əlaqədar Qəçrəş kəndi ərazisindəki Qudyal çayında olan su anbarına suyun süzülməsini gücləndirmək üçün işlər görülüb, su anbarı lildən təmizlənib. Vətəndaşların su təchizatının yaxşılaşdırılması üçün Heydər Əliyev prospektində, Ərdəbil, M.Əcəmi küçəsində, 32-33-cü kvartalda subartezian quyuları qazılıb. Vaqif küçəsi və "SMU-30" yaşayış massivində 1000 metr, M.Rəsulzadə küçəsində 730 metr, Bakı küçəsində 700 metr, SMU 12 yaşayış məntəqəsində 1000 metr uzunluğunda su xətti çəkilib.

Quba şəhərinin "Vaqif" küçəsində 100 mm diametrində polad borularla 30 metr uzunluğunda magistral su xətti çəkilib, Ə.Nərimanov, Fətəlixan, M.Rəsulzadə, Vaqif, Bakı, C.Cabbarlı və Əzizbəyov küçələrində magistral su xətlərində təmir işləri aparılıb. Şəhər əhalisinə göstərilən su xidməti işlərinin səmərəliliyini daha da yaxşılaşdırmaq məqsədilə Ümumdünya İnkişaf Bankının vəsaiti hesabına Quba şəhəri üçün "Qudyal çayı" hövzəsində 426 mm diametrində metal borularla 1000 metr kapitaj (horizontal su mənbəyi) salınması, 426 mm diametrində metal borularla magistral su xəttinin çəkilişi, Quba şəhərinin 32-33-cü məhəlləsində (yeni yaşayış massivi) 1 ədəd yeni subartezian quyusunun qazılması təmin edilib. Şəhərin yeni yaşayış massivləri olan "Qəçrəş yolu" massivində 2000 metr, "Dəvədabanı" massivində 1000 metr və 32-33-cü məhəlləsində 1000 metr uzunluğunda magistral su xətti çəkilib.

Quba şəhər ərazisindəki magistral xətlərin tənzimləyici siyirtmələrini, subartezian quyularında istifadə olunan və horizontal su mənbəyindən "Qəçrəş yolu" su anbarını birləşdirən magistral xəttin siyrtmələrini yeniləri ilə əvəzlənməsi məqsədilə 8 ədəd 50 mm diametrində, 6 əd 100 mm diametrində və 6 əd 150-300 mm diametrində yeni siyirtmələr alınıb, həmin siyrtmələrin xətlərinə quraşdırılıb.

Dövlət Proqramı çərçivəsində yeni sosial-mədəni obyektlərin tikintisi də diqqət mərkəzində olub. Şəhərdə dövlət vəsaiti hesabına əlil və şəhid ailələri üçün 16 və 30 mənzilli yaşayış binaları istifadəyə verilib. Suvarma-drenaj şəbəkələrinin bərpası ilə əlaqədar suvarma kanallarda 148 min kubmetr lildən təmizləmə işləri görülüb, 70 hidrotexniki qurğu təmir edilib, daşqın və selə qarşı mübarizə üçün 348 min kubmetr həcmində sahil qoruyucu daş çınqıl, 1450 kubmetr daş-beton bənd qurulub.

Bundan başqa, 2004-2008-ci illərdə Qudyalçay üzərində 300 min AZN dəyərində 3 ədəd dəmir-beton bənd inşa edilib. Samur-Abşeron kanalının rayonun Hacıhüseynli ərazi vahidindən keçən hissəsində 4 ədəd əsas suburaxıcı qapılar və onların suvarma kanalları təmir olunub. Rayon üzrə 1500 hektardan artıq torpaq sahələrinin suya olan tələbatı ödənilib. "Şəfəq" dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin və bir sıra digər ərazilərin 500 hektardan artıq torpaq sahələrinin su təminatı yaxşılaşdırılıb.

Vəlvələçayın sağ sahilində yerləşən Vəlvələ kəndi ərazilərinin və kəndlərası yolların sel sularından yuyulmasının qarşısının alınmasından ötrü 200 p/metr dəmir-beton divar inşa edilib. Suvarma drenaj şəbəkələrinin bərpası ilə əlaqədar Quba rayonunun "Zərdabi" adına SİB-nin xidmət göstərdiyi 2009 hektar suvarılan torpaq sahələrində olan daxili suvarma şəbəkələrinin açıq torpaq kanallarının beton üzlüklə təmir olunması təmin edilib. Qudyalçayın sol sahilində yerləşən Susay-Palasa kəndinin nəqliyyat yolunun və kənd ərazilərinin qorunması üzrə 270 p/m uzunluğunda beton bəndin inşası üzrə işlər görülüb.

Qudyalçaydan su götürən "Qırmızı qəsəbə" adlı kanalın çaydan su götürən baş hissəsi su tullayıcı qurğuları və kəndin 800 p/metr uzunluğunda təzyiqli boru kəməri dəmir beton boruları ilə əvəz olunaraq istismara verilib. Bundan başqa, həmin kanal vasitəsilə Küpçal, Qələdüz, Dağlı, Digah və Əlibəyqışlaq kəndlərinin 2000 hektara yaxın sualtı torpaq sahələri kifayət qədər daimi suvarma suyu ilə təmin olunub. Su kanallarında 42 min kub metr lildən təmizləmə işləri görülüb, 36 hidrotexniki qurğu təmir edilib, daşqın və selə qarşı mübarizə üçün 250 min kub metr həcmində sahilqoruyucu daş-çınqıl bənd qurulub.

Quba Regional Aqrar Elm mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsinin əsas hissəsi təmin edilib. RAEM-də informasiya mərkəzi yenidən qurulub, qış calağı vurulması üçün emalatxana tikilərək istifadəyə verilib, toxum materiallarının saxlanılması üçün anbar və calaqçılar evinin tikintisi başa çatdırılıb. Mərkəzin həyətində abadlıq işləri başa çatdırılıb.

Quba layihə və axtarış- kimyalaşdırma laboratoriyası dünya standartları səviyyəsində təmir olunaraq Türkiyə Respublikasının TİKA təşkilatının köməkliyi ilə laboratoriyaya cihaz və avadanlıqlarla gətirilərək quraşdırılıb. Bu laboratoriyada 200 hektara yaxın torpaq sahəsinin qida maddələri ilə təmin olunma dərəcəsi təyin edilərək fermer və sahibkarlara məlumat verilib. Tinglik təsərrüfatlarını inkişafı məqsədilə Fransadan 20 min ədəd vegetativ calaqaltılar gətirilib və calaqaltı ağaclıq salınıb. Yeni məhsuldar alma sortları yetişdirilib, 20 min ədəd introduksiya olunmuş alma sortlarından calaq vurulub.

Bundan başqa, proqram əsasında turizm, informasiya və regional əl sənətkarlığı nümunələrinin nümayişi və satış mərkəzi yaradılıb, Quba şəhərinin mərkəzində yerləşən Yardımçı Təcrübə Təsərrüfatının balansında olmuş mədəniyyət evi rayonun Gənclər və İdman İdarəsinin balansına verilib. "Gümbəzli hamam"ın təmizlənmiş fasad hissəsində abadlıq işləri görülməklə abidə hasara alınıb.

2004-2008-ci illərdə rayonun Səbətlər kəndində 192 yerlik, Mirzəməmmədkənd kəndində 100 yerlik məktəb binaları, Xınalıq kəndində 50 yerlik yataqxana binası, Alekseyevka kəndində 100 yerlik, Baxçaəli kəndində 100, Aşağı Atuc kəndində 100, Qələdüz kəndində 100 yerlik yeni sinif otaqları tikilərək istifadəyə verilib.

 

 (ardı var)

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.

 

Tərlan Nəsirli Bakı-Quba-Bakı

Mövqe.- 2012.- 10 yanvar.- S. 10.