Qubada səhiyyə sistemi müasirləşdirilir

 

Səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsinə çevrilib. Bu istiqamətdə ardıcıl və sistemli olaraq reallaşdırılan islahatların məntiqi nəticəsi kimi son illərdə ölkədə səhiyyə sisteminin maddi-texniki bazası və infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara göstərilən xidmətin səviyyəsinin əhəmiyyətli dərəcə yüksəlməsini təmin edir.

Konkret olaraq regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları yerlərdə səhiyyə infrastrukturunun müasirləşməsinə əsaslı təkan verib. Bunu konkret olaraq Şimal bölgəsinin inzibati mərkəzi sayılan Quba rayonunun timsalında aydın görmək mümkündür. 2009-cu ilin sentyabrında ölkə başçısı İlham Əliyevin Qubaya səfəri zamanı burada ən müasir tələblərə cavab verən Müalicə-Diaqnostika Mərkəzinin təntənəli açılış mərasimi keçirilib. Təməli 2006-cı ilin martında qoyulan və ümumi sahəsi 1,3 hektar olan Quba Müalicə-Diaqnostika Mərkəzi Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilib. Quba ilə yanaşı, qonşu rayonların da əhalisinə xidmət göstərən mərkəzdə 150 həkim və orta tibb işçiləri işlə təmin olunub.

Dörd mərtəbədən ibarət mərkəzin əsas binasının sahəsi 7 min 220 kvadratmetr, yardımçı binaların sahəsi isə 805 kvadratmetrdir. Əsas binanın birinci mərtəbəsində konsultativ diaqnostika poliklinikası, qəbul otağı, laboratoriya və şüa diaqnostikası şöbələri yerləşir. Poliklinika oftalmologiya, LOR, ultrasəs müayinə, ginekologiya otaqlarından ibarətdir. Şüa diaqnostikası şöbəsində biokimyəvi laboratoriya, qastroskopiya və kolonoskopiya otaqları fəaliyyət göstərir. İkinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri işləri əks etdirən fotoguşə yaradılıb. Bu mərtəbədə 20 çarpayılıq cərrahiyyə və 10 çarpayılıq hemodializ şöbələri yerləşir. Dörd bölmədən ibarət əməliyyat bloku, reanimasiya və anesteziologiya şöbələri üçüncü mərtəbədədir. Burada sterilləşdirmə bloku da fəaliyyət göstərir.

Ümumilikdə, belə bir mərkəzin tikilib istifadəyə verilməsi rayon sakinlərinin sağlamlığının daha etibarlı şəkildə qorunmasına imkan yaradıb. Son illər Quba rayonunda vətəndaşlara göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldiyini son illərin yekunlarına nəzərən də aydın görmək olur. Səhiyyə Nazirliyi tərəfindən Quba Rayon Mərkəzi Xəstəxanasının struktur bölmələri olan konsultativ poliklinika və vərəm şöbələrinin əsaslı təmir olunaraq yeni avadanlıq, aparatura, tibbi texnika ilə təmin olunması və xalqımızın istifadəsinə verilməsi dövlətin səhiyyəyə qayğısının bariz nümunəsidir.

Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir olunmuş Doğum Evi, Konsultativ Poliklinika və Vərəm Şöbələri 2010-cu ilin mart ayından istifadəyə verilib. Səhiyyəmizin maddi-texniki bazası 2 dəfədən çox gücləndirilib, müasir avadanlıq, tibbi avadanlıq və cihazların alınmasına 1 milyondan artıq vəsait xərclənib. Mərkəzi Rayon Xəstəxanasında 15 ildən çox fəaliyyətsiz olan xəstəxananın çamaşırxanası əsaslı təmir olunub, Beko firmasının paltaryuyan maşınları ilə təchiz edilib. Yoluxucu xəstəliklər şöbəsinin dam örtüyü tamamilə dəyişdirilib, yaşıl dəmirlə əvəzlənib. İsitmə sistemi təmir olunaraq yeniləri ilə əvəzlənib. Təssərrüfat bölməsi tamamilə dağıldılaraq yenidən tikilib, dam örtüyü yaşıl dəmirlə örtülüb.

Xəstəxananın ön və yan divarlarında beton plitələr sökülərək yeni daş hasarla əvəzlənib, suvaqlanaraq rənglənib. Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir aparılan struktur bölmələrində mərkəzləşdirilmiş isitmə sistemi yaradılıb, müasir dövrün tələbinə uyğun təsərrüfat bölməsi, yanğından mühafizə sistemi qurulub. 2010-cu il ərzində xəstəxananın mətbəxində və aptek bölməsində əsaslı təmir aparılıb, yeni avadanlıqlarla təmin edilib.

Rayonlararası Psixonevroloji Reablitasiya Mərkəzində də büdcə vəsaiti hesabına abadlıq işləri həyata keçirilib. Çamaşırxanası əsaslı təmir olunub, 1 ədəd Beko firmasının paltaryuyan maşını ilə təmin olunub. 2010-cu ildə xəstələr yatan korpusda hər iki mərtəbənin elektrik xətti sistemi tamamilə təzələnib, yeni kabel və mis naqillərlə əvəzlənib.

Periferiyada yerləşən və kənd əhalisinə tibbi xidmət göstərən 21 həkim məntəqəsi və 91 tibb məntəqəsi mövcuddur. Son 1 il ərzində bütün tibb məntəqələrində cari təmir işləri aparılıb. 3 tibb məntəqəsi - Gənclər, Ərməki və Çağacuq tibb mərkəzləri tikilərək istifadəyə verilib. Şəkərli diabetli xəstələrin dərman təminatı tam ödənilib. 700 ədəd qlukomer aparatı, 1600 ədəd şəkər ölçmə çöpləri alınaraq xəstələrə təmənnasız paylanılıb.

Cərrahi profilli xəstələrin müayinəsi və müalicəsində elmin nəaliyyətləri yeni müayinə və müalicə üsulları tətbiq edilir. 2010-cu ildən etibarən Almaniyanın "Karl Storz" firmasının istehsalı olan videoendolaporoskopik dayaq sisteminin tətbiqilə əlaqədar laparoskopik xolosistektomiya və laparoskopik hernioplastika kimi əməliyyatlar məhz Quba rayonunda müvəffəqiyyətlə tətbiq olunur.

Səhiyyənin ən prioritet sahəsi olan "Ana və uşaqların sağlamlığının qorunması" Dövlət Proqramının yerinə yetirilməsi sahəsində də uğurları var. Evdə və şəraiti olmayan tibb müəssisələrində doğuşların qarşısını almaq məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində seminarlar keçirilib. Doğuşların yeni təmir olunmuş, hər cür şəraiti olan Quba Doğum Evində aparılması üçün tədbirlər görülüb. Uşaqların vaksinasiyası, müayinəsi və müalicəsi ciddi nəzarət altında olub, dəqiqliklə həyata keçirilib. Kadrları olmayan periferiyalara həkim briqadaları göndərilmiş, əhalinin kütləvi müayinəsi təşkil edilib. Tüləkəran, Xınalıq, Alpan həkim məntəqəsi və ətraf kəndlərinə briqadalar göndərilib.

Quba rayonunda 2011-ci ilin 9 ayı ərzində də səhiyyə sahəsində xeyli iş görülüb. Hər il olduğu kimi, rayonun səhiyyə müəssisələrində abadlıq və quruculuq işləri davam etdirilib. Büdcə hesabına Alpan, Rustov həkim məntəqələrində 2010-cu ildən qalan işlər tamamlanıb. Digah həkim məntəqəsində təmir işləri aparılıb, tibb obyekti ailə həkimi ilə təmin olunub. Rayon Mərkəzi Xəstəxanasının Psixosomatika, Ginekologiya şöbələri əsaslı təmir olunub. Cərrahiyyə şöbəsində təmir işləri başa çatdırılaraq kombi sistemi ilə təmin edilib.

Rayonlararası Psixonevroloji Reablitasiya Mərkəzində 50-dən artıq ümumi sahəsi 200 kvadratmetr köhnə pəncərələr plastik pəncərələrlə əvəz olunub. II Nügədi həkim məntəqəsinin texniki şərt alınmaqla qazlaşdırılması həyata keçirilib. Rayon səhiyyəsində qış mövsümünə hazırlıq işləri başa çatdırılıb, bütün müəssisələr yanacaqla təmin olunub.

Xəstəxananın maddi-texniki bazasının gücləndirilməsi sahəsində də tədbirlər davam etdirilib. Almaniyanın "Weinhoun" firmasının "Oxymat" - oksigen konsintratoru alınaraq RPM-ə verilib, yeni texnologiyalı 2 ədəd stomatoloji kreslosu alınaraq KPŞ-də yerləşdirilib. Bunlar da əhalinin stomatoloji problemlərinin həllinə xidmət edir. Həmçinin İtaliya istehsalı olan 1 ədəd asma işıqlandırıcı MRX-nın əməliyyat blokuna və 1 ədəd İsveçrə istehsalı olan ümumi qan dializatoru laboratoriyaya verilib.

2 ədəd elektrokardioqraf alınaraq Qonaqkənd Qəsəbə sahə xəstəxanasına və KPŞ-nə verilib. Səhiyyə sahəsində qəbul edilən dövlət proqramlarının yerinə yetirilməsi sahəsində görülən işlər də təqdirəlayiqdir. Səhiyyənin prioritet sahəsi olan "Ana və uşaqların sağlamlığının qorunması" üzrə Dövlət proqramının yerinə yetirilməsi sahəsində 2011-ci ilin fevral ayında şimal bölgəsində yerləşən 6 rayona xidmət göstərən Quba Regional Perinatal Mərkəzi fəaliyyət göstərir. Rayon mərkəzində olan səhiyyə müəssisələri kompüterləşdirilibb və sürətli internetə qoşulub.

Vərəm xəstəliklərinin profilaktikası və müalicəsi üçün sistemləşdirilmiş proqram hazırlanıb. Proqramın yerinə yetirilməsi sayəsində vərəm xəstələrinin vaxtında aşkarlanması, dispanser müşahidəyə götürülməsi yerinə yetirilib. 43.000 uşağa 2011-ci il üçün mantu sınaqlarının aparılması üçün 60.000 doza, tuberkulin sınağı və inyeksiya vasitələri alınıb. Təxminən 25.000 yaxın uşağa sınaqlar aparılıb və nəticələri ciddi nəzarət altında olub. Yuxarı sinif şagirdləri isə fluoroqrafiya müayinəsindən keçiriliblər. Böyrək çatmamazlığından əziyyət çəkən xəstələr Avropa standartlarına cavab verən Regional-Müalicə diaqnostika Mərkəzində hemodializ müalicəsi qəbul edirlər.

Bölgədə qan xidmətini yaxşılaşdırmaq məqsədilə 6 rayona xidmət göstərən Mərkəzi Qan Bankının Quba bölməsi yaradılıb, yeni avadanlıqlar, tibbi avadanlıq və cihazlarla təmin olunub. Bu gün rayon səhiyyəsinin qan və qan əvəzedici preparatlarla təminatı qənaətbəxşdir.

Əldə olunan uğurlarla yanaşı, Quba səhiyyəsinin müəyyən çətinlikləri, problemləri də mövcuddur. 1960-cı ildə tikilmiş Quba Mərkəzi Rayon Xəstəxanasının hazırda əsaslı yenidənqurulmasına ehtiyac var. Rayon xəstəxanasında, xüsusən də periferiyalarda və ucqar dağ kəndlərində kadr çatmamazlığı problemi də narahatlıq doğurur. Nəqliyyat problemi qlobal problemlərdən biridir. Şimal bölgəsi və dağlıq ərazi olması ilə əlaqədar UAZ tipli sanitar maşınlarına çox ehtiyac vardır. Qubanın tibb işçiləri bu problemlərin 2012-ci ildə əsaslı şəkildə həllini tapacağına böyük ümidlər bəsləyirlər.

 

 

Tərlan Nəsirli

 

Bakı-Quba-Bakı

 

Mövqe.- 2012.- 18 yanvar.-S.10.