Hacıqabul
rayonu abadlıq və quruculuq
yolundadır
Aran bölgəsinin inzibati ərazi vahidlərindən
olan Hacıqabul rayonunun Azərbaycanın müstəqillik
tarixinə bərabər yaşı var. 1991-ci ildə
yaradılan rayonun sürətli inkişaf və tərəqqisi
isə əsasən, son illərə təsadüf edir.
Regionların sosial-iqtisadi inkişafı məqsədilə
imzalanmış dövlət proqramları 2004-cü ildən
Hacıqabul rayonunun sosial-iqtisadi tərəqqisində keyfiyyətcə
yeni mərhələnin əsasını qoyub. Son illər
sistemli və ardıcıl şəkildə həyata
keçirilən abadlıq-quruculuq tədbirləri nəticəsində
rayonun görkəmi əsaslı şəkildə dəyişib,
infrastruktur baxımından müasirləşib.
Məlumat üçün bildirək ki, ərazisi
1632,5 kv.km olan Hacıqabul rayonu Bakıdan 113 kilometr məsafədə
yerləşir. Böyük İpək yolu üzərində
qərar tutan Hacıqabul müxtəlif dövrlərdə
müxtəlif adlarla mövcud olub. Sasanilər dövründə
Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi
Güstasib adlandırılıb. Hülakilər
dövründə Mahmudabad, sonrakı dövrlərdə Həcc
ziyarəti ilə əlaqədar Hacıqabul adını
daşımağa başlayıb. Deyilənlərə görə,
Həcc ziyarətinə yola düşən zəvvarlar
Hacıqabul gölünün Şərq sahilində olan
karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan
sonra qarşılanma mərasimində "Həccin qəbul"
deyə mübarəkdarlıq edərlərmiş. Elə bu
da Hacıqabul toponiminin formalaşmasında mühüm rol
oynayıb. Ərazi müxtəlif əsrlərdə Ərəb
xilafətinin, Səlcuqların, Sacilər, Hülakilər,
Şirvanşahlar, Səfəvilər dövlətinin,
xanlıqlara parçalanma dövründə isə
Şamaxı (Şirvan) xanlığının tərkibində
olub.
Şimali Azərbaycan Çar Rusiyası tərkibinə
daxil olduqdan sonra Hacıqabul 1830-cu ildə yaranan, mərkəzi
Şamaxı olan Xəzər vilayətinin Şamaxı qəzasının
tərkibinə daxil edilib. 1859-cu il dəhşətli
Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi
Bakıya köçürülüb. 1860-cı ildən
Hacıqabul Bakı quberniyasına Şamaxı qəzasının
tərkibində daxil olub. 1918-ci ildə Hacıqabul ərazisində
baş verən soyqırımı zamanı tərtib edilən
aktlarda Bakı quberniyası, Şamaxı qəzasının
navahı, Abdulyan nahiyyələrinin tərkibində olan kəndlərdə
baş verən erməni vəhşilikləri öz əksini
tapıb. 8 avqust 1930-cu il tarixdə dairələr ləğv
edilib, Yeni Qarasu rayonu yaradılıb. 29 noyabr 1938-ci il tarixdə
isə Hacıqabul qəsəbəsinə şəhər
statusu verilib. 24 oktyabr 1939-cu ildə isə Hacıqabulun
adı dəyişilərək əslən
Dağıstanlı olan inqilabçı Qazı-Məmməd
Ağasiyevin adı verilərək rayon yaradılıb.
4 dekabr 1959-cu ildə Qazı-Məmməd rayonu ləğv
edilib. Hacıqabul və Muğan qəsəbəsi Əli
Bayramlı şəhərinin tabeliyinə keçib, kəndləri
isə Şamaxı, Salyan və Sabirabad rayonları
arasında bölüşdürülüb. Müstəqillik
illərində - 1991-ci ildə Hacıqabul rayonu yenidən təşkil
edilərək öz adını qaytarıb. Son dərəcə
əlverişli strateji-coğrafi mövqeyinə, eləcə
də əhəmiyyətli şirin su mənbələrinə,
münbit torpaqlarına görə Hacıqabul
yaşayış məntəqəsi və dayanacaq yeri olaraq qədim
zamanlardan günümüzə qədər böyük dəyər
daşıyır. Böyük Qafqaz dağlarının Cənub-Şərq
qurtaracağında yerləşməsi ilə əlaqədar
ölkənin əsas karvan yolları, eləcə də
Böyük İpək yolu bu torpaqlardan keçib.
Ərazidəki XI əsrə aid ölkə əhəmiyyətli
abidə olan Pir-Hüseyn Xənangahı, Udullu kəndi ərazisindəki
tunc dövrünə aid "Güngörmə" müdafiə
istehkamları, antik qəbirstanlıqlar, eramızdan əvvəlki
II minilliklərə aid siklopik tikililər, küp qəbirlər,
orta əsrlərə aid müxtəlif kurqanlar, çoxlu
sayda pirlər, müxtəlif dövrlərə aid qəbiristanlıqlar,
karvansaraylar, körpülər, ovdanlar və digər tarixi
abidələr bu ərazidə yaşayışın
çox qədim zamanlardan mövcud olduğundan xəbər
verir.
Qafqazın ən böyük çayı olan
Kürün bu ərazidən keçməsi Azərbaycanın
ən uzun çayının - Pirsaatın bu torpaqdan
adlaması, eləcə də ölkənin ən iri
gölünün - Hacıqabulun burda yerləşməsi yerli
sakinlərin və qonaqların şirin su ilə təminatına
şərait yaradıb. Digər tərəfdən də həmin
su mənbələrinin yaxınlığındakı
torpaqların əkin-biçin və otlaq üçün son
dərəcə əlverişliliyi burada həm əkinçiliyin,
həm maldarlığın, həm də dolayısı ilə
sənətkarlığın inkişafına təkan verib.
Bu səbəbdən də oturaq əkinçi və sənətkar
əhali ilə bərabər, buradan qışlaq kimi istifadə
etmiş Xilə, Kolanı, Cəyirli, padar kimi
yarımköçəri maldar tayfalarda ərazidə məskən
salıblar.
Min illər boyu Şərq yaşayış məntəqəsi
olmuş Hacıqabul XIX əsrin son rübündə dəmir
yolunun bu yerlərə gəlişi ilə yavaş-yavaş Qərbə
xas cizgilər alsa da, yollar qovşağındakı məntəqə
kimi əhəmiyyətini itirməyib. Əvvəlcə dəmiryol,
ardınca avtomobil, hətta hava yolları kəsişməsində
yerləşməsi səbəbilə daha da qiymətli
mövqe qazanıb.
2011-ci ilin əvvəlinə Hacıqabul rayonunun
ümumi əhalisi 67,3 min nəfər təşkil edib. Ərazidə
orta əhali sıxlığı hər kvadratkilometrə 41 nəfərdir.
Əhalinin 51,3 faizi şəhər yerlərində, 48,7 faizi
kənd yerlərində yaşayır. Ümumilikdə əhalinin
49,2 faizini kişilər, 50,8 faizini qadınlar təşkil
edir. Əhalinin milli tərkibində əsas yeri azərbaycanlılar,
türklər, ruslar təşkil edir. Son illərdə
Hacıqabul rayonunda əhalinin orta illik təbii artımı
0,8-0,9 min nəfər olub.
Hacıqabul rayonu ərazisinə görə
respublikanın Kürdəmir, Sabirabad, Salyan, Ağsu,
Şamaxı, Qobustan, Abşeron rayonları, Bakı şəhərinin
Qaradağ rayonu və Şirvan şəhəri ilə həmsərhəddir.
Rayonda inzibati ərazi bölgüsü baxımından 1
şəhər, 5 qəsəbə, 25 kənd
yaşayış məntəqəsi vardır. Mərkəzi
Hacıqabul şəhəridir. Hacıqabul rayonunda 18 inzibati ərazi
dairəsi, 15 bələdiyyəsi fəaliyyət göstərir.
Hacıqabul rayonu Kür-Araz düzənliyinin Cənub-Şərqində,
Şirvan ovalığı kimi tanınmış ərazidə
yerləşir. Rayon ərazisinin böyük bir hissəsi dəniz
səviyyəsindən aşağıdır. Dağlıq ərazilərdə
çoxlu sayda palçıq vulkanlarına rast gəlmək
olar. Burada quru, isti yarımsəhra və quru çöl subtropik
iqlimi hökm sürür. Ərazidə orta illik temperatur 14-15
dərəcədir. Atmosfer yağıntıları əsasən
yağış formasında düşür və miqdarı
ildə 200 millimetrdən çox olmur.
Bir vaxtlar diqqətdən kənarda qalan, unudulmuş
kimi görünən rayon son illərdə əsaslı şəkildə
dəyişib, əhalini narahat edən bir sıra problemlər
uğurlu həllini tapıb. 2004-2008-ci illəri əhatə
edən "Azərbaycan Respublikası Regionlarının
sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na
müvafiq olaraq Hacıqabulda kompleks tədbirlər həyata
keçirilib. Proqramda rayonun sosial-iqtisadi inkişafını
sürətləndirən, infrastrukturunun yeniləşməsini
təmin edən, aqrar, sektora, sahibkarlığa təkan verən
bir sıra məsələlərin həllini tapması vətəndaşların
sosial rifah halının yaxşılaşmasına da əsaslı
təsirini göstərib.
Dövlət Proqramı çərçivəsində
Hacıqabulda abadlıq-quruculuq işləri, o cümlədən
kommunal problemlərinin həlli diqqət mərkəzində
olub. 2004-2008-ci illərdə rayonda Kür çayı boyunca
Abdulyan, Meyniman, Talış kəndlərində sahil bərkitmə
işləri görülüb. Hacıqabul-Kürdəmir
avtomobil yolunun yenidən qurulması işi başa
çatdırılıb. Ümumilikdə, 4 il ərzində
rayonda yerli əhəmiyyətli, o cümlədən şəhərdaxili
yolların 28,2 km hissəsi asfaltlaşdırılıb.
Respublika əhəmiyyətli avtomobil yolunun 87 km hissəsi əsaslı
təmir olunub.
Proqram çərçivəsində
"Aqrolizinq" ASC tərəfindən Hacıqabul rayonunda
aqroserviz xidmət şəbəkəsi yaradılıb. Həmin
mərkəz hazırda Navahı kəndində fəaliyyət
göstərməkdədir. 1 ədəd kənd təsərrüfatı
texnikası işə cəlb olunub, fermerlər dərman vasitələri
ilə təmin ediliblər.
Proqram çərçivəsində Rəncbər kənd
əhalisinin qaz təchizatını
yaxşılaşdırmaq məqsədi ilə 159 mm-lik qaz kəmərinin
250 pm hissəsi yenidən təmir olunub, 150 pm hissəsi
korroziyaya uğradığı üçün dəyişdirilib.
Bundan başqa, Pirsaat qəsəbəsinə gedən 100 mm-lik
qaz kəmərinin 900 pm hissəsi əsaslı təmir olunub,
300 pm hissəsi yenisi ilə əvəz edilib. M.Əsədov
küçəsi ilə gedən 159 mm-lik
daşıyıcı qaz kəmərinin təxminən 600 pm
hissəsi yol kənarından daş hasarın arxasına
keçirilib. Qış mövsümünün sərt
keçməsi ilə əlaqədar bir sıra qaz kəmərləri
dartılma nəticəsində sıradan çıxıb.
Atbulaq kəndində 150 pm, Qızılburun kəndində 110
pm, Navahı qəsəbəsində 125 pm, Qarasu və
Muğan qəsəbəsində 300 pm-ə yaxın boru təmir
olunub.
Şəhərin Nəsimi, Almazov, M.S.Ordubadi,
Talıbov, Nərimanov küçələrində 50 mm-lik
borular əhalinin qış mövsümündə qaz təchizatını
yaxşılaşdırmaq məqsədi ilə əsaslı
təmir olunub. İ.Qayıbov küçəsindən
keçən 159 mm-lik qaz kəməri rayonun perspektiv
planına düşdüyü üçün yol kənarından
çıxarılaraq küçənin kənarı ilə
çəkilib. Axundov küçəsində 700 rezin birləşmələr
idarənin vəsaiti hesabına 350 pm 73 mm-lik boru ilə əvəz
olunub. Rəncbər AQPS-dən Rəncbər, Pirsaat, Navahı
və stansiya Navahıya gedən orta təzyiqli 159 mm-lik 800 pm
boru Pirsaat çayının daşması nəticəsində
sel sularının altında qalaraq yararsız hala
düşüb. Həmin sahədə güclü təmir
işlərinin görülməsi nəticəsində Rəncbər,
Pirsaat, Navahı və st. Navahıya gedən borular yararlı
vəziyyətə gətirilib, abonentlərin qaz təminatı
bərpa olunub. Navahı kəndinə gedən 159 mm-lik borunun
600 pm hissəsi sel sularının altında qaldığı
üçün yararsız hala düşüb və yenisi ilə
əvəz olunub. Həmidov küçəsində 980 pm
korroziyaya uğramış hissəsi dəyişdirilib və əsaslı
təmir olunub. Axundov küçəsində 2300 pm-lik
yeraltı qaz kəməri sıradan
çıxdığı üçün ləğv edilib,
həmin yaşayış sahəsinə yeni qaz xətti
çəkilib. Bundan başqa, Hacı Zeynalabdin
Tağıyev, H.Həmidov küçələrində 980 pm
korroziyaya uğramış hissələr dəyişdirilib və
əsaslı təmir olunub.
(ardı var)
Tərlan
Nəsirli,
Bakı-Hacıqabul-Bakı
Mövqe.-
2012.- 19 yanvar.- S. 10.