Abadlıq ünvanına çevrilən Mingəçevir özünün yeni yüksəliş dövrünü yaşayır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Beynəlxalq miqyasda da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, mövcud olduğu regionun lideri statusunu daşımaqda davam edən, onu hər ötən il qazandığı uğurlarla, nailiyyətlərlə daha da möhkəmləndirən Azərbaycanın qarşıdakı dövr ərzində də inkişaf göstəricilərinə görə dünya biriniciləri sırasında yer alacağı ən müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, araşdırma institutları tərəfindən bəyan edilməkdədir.

Həmçinin o da xüsusi olaraq vurğulanır ki, Azərbaycanın həyata keçirdiyi milli inkişaf strategiyası təkcə bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıyır. Bu səbəbdən ölkə təkcə iqtisadi və sosial həyatada yox, digər sahələrdə də möhtəşəm nailiyyətlərə imza atıb. Hazırda Azərbaycanın seçdiyi və irəlilədiyi inkişaf yolu qazanılmış uğurların davamını təmin etməklə yanaşı, onların miqyasını daha da genişləndirir, yeni nailiyyətlərin əldə olunmasını təmin edir. Bu nailiyyətlərin qazanılmasında isə ölkə regionlarının payı davamlı surətdə artır. Hazırda Azərbaycanın ümumi tərəqqisinə özünəməxsus töhfələr verən, həmçinin özünü sürətli inkişaf dövrünü yaşayan regionlarından biri də Mingəçevir şəhəridir. Bunu ötən ilin yekunları da təsdiq edir.

Ümumiyyətlə, Mingəçevir şəhəri 2012-ci ildə ölkədə qazanılan uğurlara və yüksək nailiyyətlərə öz töhfəsini verməyə çalışıb. Belə ki, ötən il şəhərdə görülmüş iqtisadi və sosial yönümlü tədbirlər nəticəsində ümumi məhsul buraxılışı 344 milyon manat təşkil edərək ötən ilə nisbətən əhəmiyyətli dərəcədə artıb.

Dövlət Proqramına uyğun olaraq şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında mövcud 8 enerji bloku yenidən qurulub, onların hər birinin gücü orta hesabla 70-90 meqovat artıb. İnşa olunan ehtiyat mazut çənlərinin tikintisi başa çatdırılıb və həmin sahədə tamamlama işləri görülüb. Stansiyanın tələbatına uyğun quraşdırılan 2 saylı suötürücü tuneldə işlər davam edir. Müəssisədə 2012-ci ilin yekunu üzrə 8,1 milyard kilovat saat elektrik enerjisi istehsal olunmuş və qabaqkı illə müqasiyədə 1,8 milyard kilovat saat və ya 29 faiz artıb. İl ərzində işçilərin orta aylıq əmək haqqı 458 manat təşkil edib. "Mingəçevir SES silsiləsi” MMC-yə daxil olan Mingəçevir SES-də mövcud 6 hidroaqreqatdan 4-ü yenidən qurulub, birində yenidənqurma işləri aparılır. Varvara SES-də mövcud 3 hidroaqreqatda da yenidənqurma işləri uyğun davam etdirilib. Təkcə keçən il stansiyada 755 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib. Orta aylıq əmək haqqı 333 manat olub. Mingəçevir şəhərinin sənaye müəssisələrində 3007 nəfər işlə təmin olunub. İl ərzində həmin müəssisələrdə 173,8 milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 16,8 milyon manatlığı özəl sektorun payına düşür.

Ümumiyyətlə, regionların inkişafı ilə bağlı qəbul edilmiş ikinci Dövlət Proqramına uyğun olaraq hesabat ilində şəhər ərazisində geniş abadlıq, quruculuq, tikinti və təmir işləri aparılıb. İl ərzində şəhərin 60, 61, 75, 76, 86, 87, 91, 102 və 112-ci məhəllələrin yollarına və səkilərinə 108 min, küçə və prospektlərinə isə 32 min kvadratmetr asfalt örtük salınıb, 8,4 kilometr uzunluğunda yol-səki daşları düzülüb. Hesabat ilində şəhərin "Sahil”parkı əsaslı yenidən qurulub, yeni Bayraq Meydanı inşa edilib, şəhərin girişində yollar genişləndirilib, işıq dirəkləri quraşdırılıb, yeni səkilər salınıb. İl ərzində görülmüş abadlıq işləri nəticəsində 2 ədəd yeni fəvvarə inşa edilib, 36 min kvadratmetr bina fasadı rənglənib, 675 ədəd yeni işıq dirəyi quraşdırılıb, 14 min kvadratmetr şifer və metal kiramit dam örtüyü əsaslı təmir olunub, 14 min kvadratmetr döşəmə daşı düzülüb, 200-dən çox oturacaq və zibil qabı quraşdırılıb, 2 mindən çox xaricdən gətirilmiş dekorativ ağac və gül kolu əkilib. Ümumilikdə ötən il ərzində şəhərdə aparılmış abadlıq və quruculuq işləri 6 milyon vəsait xərclənib.

Dövlət tərəfindən ayrılan vəsait hesabına 6 və 11 nömrəli məktəblərdə əsaslı təmir işləri aparılıb, 3 nömrəli məktəbin əlavə tədris korpusu tikilib, 1 nömrəli uşaq bağçası-körpələr evində isə aparılan əsaslı təmir yekunlaşıb. Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə bağlı şəhərin elektrik verilişi şəbəkələrində təmir və yenidənqurma işləri davam edir. Əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurulması başa çatmaq üzrədir. Şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Mingəçevir şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

Layihəyə əsasən, şəhərə içməli su Mingəçevir su anbarından veriləcəkdir. İstehlakçıların dünya standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli sutəmizləyici qurğu inşa olunacaqdır. Mingəçevir şəhərinə içməli suyun özüaxımlı rejimdə verilməsi üçün hər birinin tutumu 20 min kubmetr olan 2 su anbarı inşa ediləcəkdir. Şəhərin su və kanalizasiya şəbəkələri tamamilə yenidən qurulur. Ümumi uzunluğu 250 kilometr olacaq şəhərdaxili paylayıcı su şəbəkəsinin 75 kilometrlik hissəsi inşa edilib. Bununla paralel olaraq, ümumi uzunluğu 223 kilometr olacaq kanalizasiya şəbəkəsinin 46 kilometrlik hissəsində işlər yekunlaşıb. Çirkab suların təmizlənməsi məqsədi ilə Mingəçevir şəhəri yaxınlığında sutkalıq məhsuldarlığı 25 min kubmetr olan qurğu inşa ediləcəkdir. Layihə üzrə işlərin 2013-cü ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. Bununla da, Mingəçevir şəhərində 100 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır. Mingəçevir Su Kanal idarəsinin xidmətində olan 175.6 kilometr su şəbəkəsinin və 146 kilometr kanalizasiya şəbəkəsinin əsaslı yenidən qurulmasına başlanıb. 2012-ci ildə plastik borularla 60 kilometr uzunluğunda su xətti çəkilib, 12 ədəd su hidrantı, 83 ədəd siyirtmə quraşdırılıb. Bu müddətdə 74 kilometr kanalizasiya xətti çəkilib, 1200 ədəd kanalizasiya nəzarət-baxış quyusu quraşdırılıb.

Şəhər elektrik şəbəkəsi tərəfindən 2012-ci il ərzində 5 ədəd transformator dəyişdirilib, 7 ədəd əsaslı, 15 ədəd transformator cari təmir olunub. Şəhər yarımstansiyalarında 34 ədəd elektrik ayrıcısı, əhali sektorunda 757 ədəd sayğac quraşdırılıb. Mingəçevir Qaz İstismarı Sahəsi tərəfindən 2012-ci ildə 559 abonentin mənzilinə qaz xətti çəkilib və ümumi əhali sektorunda abonentin sayı 23478-ə çatdırılıb. Az İES yaşayış massivində məskunlaşmış 412 köçkün ailəsinin mənzillərinə qaz xətti çəkilib. Əsasən fərdi evlərə 40 kilometrdən yuxarı qaz xətti çəkilmiş və müxtəlif ölçülü siyirtmələr quraşdırılıb.

2012-ci ildə onlarca yeni istehsal sahələri yaradılıb və ya fəaliyyəti bərpa edilib, ticarət və xidmət sahələrinin əhatəsi genişlənib, xidmətin səviyyəsi yüksəlib. Görülən işlərin nəticəsində il ərzində şəhərdə 1038 iş yeri açılıb. 2012-ci ilin təhlili göstərir ki, qabaqkı illərdə olduğu kimi, sahibkarlığın inkişafı ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqaməti olaraq qalmaqdadır. Sahibkarlar sinfinin formalaşması üçün hüquqi bazanın yaradılmasına dövlət hərtərəfli dəstək verir və lazımi köməklik göstərir. Ölkədə 2009-2015-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı Dövlət Proqramı uğurla icra olunur. Hazırda sadələşdirilmiş qeydiyyat prosedurlarından istifadə edən yerli sahibkarların sırası artmaqda davam edir. İl ərzində şəhər sahibkarlarının sırasına 618 fiziki şəxs, 32 hüquqi şəxs qoşulub. Hesabat ilində sənayenin qeyri-dövlət sektorunda çalışan işçilərin sayı 15 faiz artıb, 17 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Keçən il yerli iş adamlarına 24 milyon manat kredit verilib. Bir neçə gün əvvəl də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Mingəçevir şəhərində keçirib. Tədbirdə Mingəçevirdə və ətraf rayonlarda fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib. Tədbir çərçivəsində Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkar 1,3 milyon manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər, əsasən, ərzaq məhsulları, tikinti materialları istehsalı sahələrinə, heyvandarlığın inkişafına yönəldiləcəkdir. 2012-ci il ərzində əhalinin sosial müdafiəsi məsələləri dövlətin iqtisadi siyasətində əsas istiqamətlərdən olub və bu sahədə müntəzəm olaraq məqsədyönlü tədbirlər həyata keçirilib. Mingəçevir şəhəri üzrə hesabat ilində 7375 nəfər üzvu olan 1639 ailəyə ünvanlı sosial yardım verilib, 4709 nəfərə aylıq sosial müavinət ödənilib, 476 tənha, ahıl yaşlı və əlil insana 40 sosial xidmət işçisi tərəfindən evlərdə müvafiq xidmət göstərilib. Təqaüdlərin ödənilməsinə il ərzində 29.5 milyon manat vəsait xərclənib.

Şəhərdə məskunlaşmış 20316 nəfər və ya 5447 köçkün ailəsinin gündəlik problemləri daim şəhər icra hakimiyyətinin diqqət mərkəzində olub. Məcburi köçkünlərin məskunlaşdığı tikililərin dam örtüklərinin və kanalizasiya xətlərinin təmiri, elektrik enerjisi və su təchizatı sahəsində yaranan problemlər dərhal həll edilib. Vaxtaşırı məcburi köçkünlər, təmsil edən rayonların səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilib, onlarla birlikdə köçkünlərin sosial-məişət problemlərinin həlli yolları müzakirə edilmiş və müvafiq tədbirlər görülüb. Dövlət Proqramına uyğun olaraq şəhərin orta məktəblərində və fin qəsəbəsində məskunlaşmış 503 ailənin köçürülməsi üçün 8 hektar torpaq sahəsi ayrılıb və 9 mərtəbəli 10 bina inşa edilib, məktəb, bağça və digər sosial obyektlər tikilib. Həhər həyatının digər sahələri ilə yanaşı təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrinin də inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb.

 

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-17 aprel.-S.10.