Göyçay inkişafının yeni sürətli mərhələsini yaşayır

 

LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

 

Bu gün dünya miqyasında istənilən ölkənin nüfuzmövqeyini müəyyən edən başlıca parametrlərdən birionun iqtisadi tərəqqisi ilə bilavasitə bağlıdır. Qeyd edilən kontekstdə fərqlənən ölkələr sırasında Azərbaycan da yer alır və ölkəmiz iqtisadi inkişaf templərinə görə dünya liderlərinin cərgəsindədir. Azərbaycanın sürətli iqtisadi tərəqqisində isə regionların payı durmadan artır. Bunu Göyçay rayonunun timsalında da görmək mümkündür.

Ənənəvi olaraq Göyçay rayonunun iqtisadiyyatında kənd təsərrüfatı, emal sənayesi və sənayenin digər sahələri aparıcı rola malik olub. Bununla belə, rayonda telekommunikasiya, tikinti, nəqliyyat, ticarət, iaşə və s. xidmət sahələri də inkişaf etməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, Göyçay rayonu SSRİ dövründə çox güclü sənaye potensialına malik olub. Rayonda əvvəllər fəaliyyət göstərən Toxuculuq Kombinatı, Konserv Zavodu, Yeyinti Məhsulları Kombinatı, Avtomobil Təmiri Zavodu respublikanın iri müəssisələrindən sayılırdı. Sovetlər İttifaqının dağılması ilə digər respublikalarla iqtisadi ələqələrin qırılması rayonun iri sənaye müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması ilə nəticələndi. Lakin yeni müstəqillik illərində həmin müəssisələrin bir çoxunun fəaliyyətinin yeni innovativ texnologiyalar əsasında qurulması istiqamətində əməli addımlar atıldı. Xüsusən də son 10 ildə bu istiqamətdə xeyli işlər görüldü. Hazırda bu istiqamətdə təsərrüfat fəaliyyətinin davam etdirilməsi üçün fəal aparılır. Rayonda yeni istehsal sahələri yaratmaq üçün kifayət qədər yerli xammal ehtiyatları vardır. Belə ki, rayonda hələ keçən əsrin əvvələrində yerli gil xammalından yüksək keyfiyyətli örtük materialı - kirəmit istehsal olunurdu. Daha müasir texnoloji avadanlıqlar tətbiq etməklə şiddətli şaxtalara, doluya, həmçinin radiasiyaya qarşı davamlı dam örtüyü istehsalını bərpa etmək imkanları varbunlardan getdikcə səmərəli istifadə olunur. Rayonun mövcud emal müəssisələrində yeyinti sənayesinin ən müxtəlif sahələrini inkişaf etdirmək üçün əməli addımlar atılır.

Cari ilin ilk rübünün sosial-iqtisadi yekunları da burada dinamik tərəqqidən xəbər verir. Belə ki, ümumi məhsul buraxılışının həcmi artıb, sosialiqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala böyük həcmdə investisiya yönəldilib. Tikinti quraşdırma işləri geniş vüsət almaqdadır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası və ya onların əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlər görülür. Təhsil Nazirliyinin sifarişi ilə rayonun Ulaşlı-Şıxlı kənd məktəbi üçün 220 və Şəkili kənd məktəbi üçün 80 yerlik yeni binanın inşası başa çatdırılıb. Müasir üslubda tikilən təhsil ocaqları qazanxana tipli müasir istilik sistemi ilə təchiz edilib, məktəblərdə fənn kabinetləri, laboratoriya, idman zalı, müasir kitabxana, kompüter otaqları yaradılıb.

Bundan əlavə, hazırda Göyçay şəhər 1 nömrəli uşaq bağçası-körpələr evi üçünyeni bina inşa edilir. Uşaq bağçasında eyni vaxtda 40 körpənin təlim-tərbiyə alması üçün körpələr evi zəruri avadanlıqla təmin olunacaq, orada uşaqların dünyagörüşünün artırılması, sağlamlığının qorunması üçün nümunəvi şərait yaradılacaq. Son illər Göyçay rayonunda orta məktəblər üçün yeni binaların inşası, eləcə də məktəb binalarının əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi geniş vüsət alıb. Xatırladaq ki, 2012-ci ildə Göyçayın Çərəkə və Ləkçiplaq kəndlərində 360 yerlik yeni məktəb binaları tikilib, 70 yerlik Göyçay şəhər 12 nömrəli uşaq bağçasının ikimərtəbəli binası əsaslı təmir olunaraq istifadəyə verilib. Son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göyçayda 9 yeni məktəb binası istifadəyə verilib, 8 təhsil ocağı əsaslı şəkildə yenidən qurulub.

Göyçay Mərkəzi Rayon Xəstəxanasının binası əsaslı təmir edilir. Rayon əhalisinə tibbi xidmət göstərən 170 çarpayılıq xəstəxana binası Səhiyyə Nazirliyinin sifarişi ilə əsaslı şəkildə təmir olunur. Xəstəxananın terapiya, ginekologiya, travmatologiya, doğum, qəbul, reanimasiya, urologiya, fizioterapiya, laboratoriyapoliklinika şöbələrinin yerləşdiyi dördmərtəbəli binada təmir-bərpa işlərinə ötən ilin avqustunda başlanılıb.

Bu günədək xəstəxananın əsas binasının, eləcə də laboratoriya, poliklinikainfeksiya şöbələrinin yerləşdiyi binaların dam örtüyü, qapı və pəncərələri yenisi ilə əvəz edilmiş, santexnika, elektrik, suvaq-rəngsaz işləri görülüb. Əsaslı təmir işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Müasir üslubda təmir ediləcək xəstəxana yeni tibbi avadanlıq və inventarla təmin olunacaqdır. Hazırda səhiyyə ocağında təmir işləri aparıldığı üçün xəstəxananın şöbələri öz fəaliyyətini rayon uşaq xəstəxanasının, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının və dəri zöhrəvi dispanserinin binasında davam etdirirlər.Göyçay rayonunda gənclərin asudə vaxtının səmərəli təşkili üçün Gənclər Evi tikilir. Ümumi sahəsi 1300 kvadratmetr olan Gənclər Evinin ikimərtəbəli binasında konfrans və "dəyirmi masa”ların keçirilməsi üçün zallar, internet klub, stolüstü oyunlar üçün otaqlar, trenajor zalı, kitabxana, xalçaçılıq, rəsm və musiqi dərnəkləri, diskoteka fəaliyyət göstərəcəkdir. Bundan əlavə, gənclərin asudə vaxtının səmərəli təşkili üçün rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində, Olimpiya İdman Kompleksində yüksək səviyyədə şərait yaradılıb.

Son illər Göyçay rayonunda aqrar sahənin inkişafı istiqamətində xeyli işlər görülüb. Bu gün Göyçayda fərdi təsərrüfat sahibləri və fermerlər tərəfindən meyvəçiliyə, xüsusən də narçılığa xüsusi maraq göstərilir. Narçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün hər il rayonda 150 hektardan çox sahədə nar bağı salınır. Bu il nar bağlarının salınması üçün nəzərdə tutulmuş boş torpaq sahələri qış fəslində şumlanıb, əraziyə mineralüzvi gübrələr verilib. İlin əvvəlindən 100 hektar dan çox sahədə yeni nar bağı salınıb. Təkcə son 2 ildə rayonda 1200 hektarda yeni meyvə bağı salınıb. Bunun 850 hektarı nar bağlarının payına düşür. Torpaq mülkiyyətçiləri son 5 ildə nar bağlarının ərazisini genişləndirərək 3600 hektara çatdırıblar. Ötən il rayonda 43 min ton nar tədarük edilib. Ümumilikdə bu gün rayonda 5210 hektar meyvə bağı mövcuddur.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür. Bu ilin martında Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərində əhaliyə təbii qaz verilib. Qeyd edək ki, son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində xeyli işlər görülüb. 21 illik fasilədən sonra Göyçay rayonunun Cəyirli və Qubadlı Şıxlı kəndlərində 20 min 460 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib, ümumilikdə 409 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb. Hazırda isə Bığır, Qarayazı, Məlikkənd Cəyirli kəndlərinin qazlaşdırılması üçün görülən işlər uğurla davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə "mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bundan əlavə, hazırda Göyçayın Potu, Ulaşlı-Şıxlı və Kürd kəndlərində istismara yararsız olan yeraltı polad qaz xətlərinin polietilen borularla əvəz edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda rayonda ümumi abonentlərin 55 faizi təbii qazdan istifadə edirilin sonunadək bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. 2014-cü ilədək rayonun bütün kəndlərinin qazlaşdırılacağı bildirilir. Göyçay şəhərində əhalinin su təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidən qurulması işlərinin ikinci mərhələsi uğurla davam etdirilir.

"Azərsu” ASC-nin sifarişi ilə şəhərin şimalında 2 min kubmetr tutumu olan iki su anbarı tikintisi başa çatdırılıb. Bundan əlavə, su anbarından şəhərə 530 millimetrlik daşıyıcı boru xətti, şəhərdən Şəhadət kəndinə 800 millimetrlik kanalizasiya boru xətti çəkilməsi istiqamətində mühüm addımlar atılıb. Şəhərin şimalında daha bir 2 min tonluq su anbarının inşası, Potu kəndində 500 kubmetrlik yeni su anbarının tikilməsi və bir artezian quyusunun qazılması su təchizatında mühüm yeniliklərə yol açacaq. Xatırladaq ki, həyata keçirilən müvafiq layihənin birinci mərhələsi çərçivəsində rayonun Potu kəndində 4 artezian quyusu qazılıb, 5,8 kilometr uzunluğunda daşıyıcı su kəməri, nasos stansiyası və 500 kubmetrlik ötürücü su anbarı tikilib, transformator quraşdırılıb. Həmçinin suyun keyfiyyətinin öyrənilməsi üçün laboratoriya binası və xlorator məntəqəsi tikilib. Bundan əlavə, Göyçay şəhərində rayonun su-kanal idarəsi üçün ikimərtəbəli yeni inzibati bina inşa olunub, avtomobillərin və texniki qurğuların təmiri və bərpası üçün istehsalat bazası tikilib, şəhərdəki çoxmərtəbəli yaşayış binalarında daxili su-kanalizasiya sistemi yenidən qurulub.

Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir. Bunlar turizmin inkişafı üçün əlverişli zəmin yaradır. Digər sahələrdə də sürətli tərəqqi qeydə alınır.

 

Elşən BAYRAMOV

 

Mövqe.-2013.-6 iyun.-S.10.