Aqrar islahatlar regionlarda məcmu istehsal həcminin
artmasının möhkəm bazisini
yaradıb
LAYİHƏNİN İSTİQAMƏTİ:
“Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi”
Azərbaycanın
yeni müstəqillik tarixinin təhlili göstərir ki, bu
müddətdə həyata keçirilən aqrar islahatlar bu
gün ölkə regionlarının sürətli
inkişafını şərtləndirən əsas amillərdən
biridir. Bu islahatların həyata keçirilməsi kənd təsərrüfatının
inkişafını daha dinamik hala gətirərək ərzaq
təhlükəsizliyin təminatında da mühüm rol
oynayır.
Yeri
gəlmişkən qeyd edək ki, aqrar sferada islahatlara xidmət
edən və təkiml xarakterə malik hüquqi baza qismində
vacib qanunvericilik aktından biri kimi 1996-cı il iyulun 16-da təsdiq
olunan «Torpaq islahatı haqqında» Qanun çıxış
edirdi. Qanun ölkədə torpaq islahatının
aparılmasının hüquqi əsaslarını və
qaydalarını müəyyən edirdi.
Onun məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarət idi. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etmək idi. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondu idi ki, islahat zamanı bu fondda dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilirdi. Qanuna əsasən, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilirdi. Qeyd olundur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilməli idi: ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması; torpaqlardan təyinatı üzrə istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təyin edilməsi; torpaq islahatının yer quruluşu layihələri əsasında aparılması.
Burada göstərilirdi dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.Qanuna görə, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara bunlar daxil olunur: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə
torpaqlarının özəlləşdirilməsi,
torpaqların alqı-satqısı, vərəsəliyə
keçməsi, bağışlanması, dəyişdirilməsi
və torpaqla bağlı digər əqdlərin
bağlanması, habelə torpaqların hüquqi
şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində
fiziki və hüquqi
şəxslərin xüsusi mülkiyyət
hüququ yaranmış torpaq
sahələri aid olunur.
Qanunda o da bildirilirdi
ki, vətəndaşların qanuni istifadəsindəki fərdi
yaşayış evlərinin, həyətyanı sahələrin,
fərdi, kollektiv və kooperativ
bağların, dövlət bağçılıq təsərrüfatının
idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə
müəyyən olunmuş qaydada əvəzsiz olaraq
onların mülkiyyətinə verilir. Bundan başqa vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi
qaydası, sovxoz və kolxozların özəlləşdirilən
torpaqları, sovxoz və kolxozların
torpaqlarından pay almaq
hüququ olan subyektlər,
sovxoz və kolxozların
torpaqlarının özəlləşdirilməsi qaydası,
özəlləşdirilən torpaqlarda təsərrüfat
formalarının yaradılması, torpaq
mülkiyyətçilərinin hüquqlarının tənzimlənməsi
kimi mühüm məsələlər
də qanunda öz əksini
tapdı.
Bundan
başqa torpaq islahatlarının aparılması istiqamətində
«Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və
yer quruluşu haqqında» Azərbaycan Respublikasının 22
dekabr 1998-ci il tarixli Qanunu, «Torpaq icarəsi haqqında» Azərbaycan
Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan
Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası Torpaq Məcəlləsi»,
«Torpaq bazarı haqqında» Azərbaycan Respublikasının 7
may 1999-cu il tarixli Qanunu aqrar sektorda islahatların
aparılması baxımından mühüm rol oynadı.
Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə
ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi
akt qəbul olundu.
«Aqrar islahatların həyata
keçirilməsini təmin edən bəzi normativ-hüquqi
aktların təsdiq edilməsi barədə» Azərbaycan
Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından
sonra islahatların sürətlə həyata keçirilməsi
prosesi başladı. «Aqrar sahədə islahatların surətləndirilməsinə
dair əlavə tədbirlər haqqında» Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 22 mart tarixli Fərmanından
sonra torpaq-istehsal münasibətlərinin formalaşmasında
və daha da dərinləşməsində köklü irəliləyişlərə
nail olundu. Bu Fərmanla kənd təsərrüfatı məhsulu
istehsalçıları, o cümlədən mülkiyyətə
əvəzsiz pay torpağı almış Azərbaycan
Respublikasının vətəndaşları Vergi Məcəlləsi
ilə tənzimlənən bir sıra vergilərdən azad
olundu və kolxoz və sovxozların milyardlarla
ölçülən qarşılıqlı borcları
silindi. Eyni zamanda kənd təsərrüfatı məhsulu
istehsalçılarına kənd təsərrüfatı
texnikası üçün yanacaq və sürtgü
materialları güzəştli qiymətlərlə
satılmağa başlandı.
Aqrar
islahatların sürətlə getməsi və uğurlu nəticələrə
gətirib çıxarmasını şərtləndirən
mühüm amillərdən biri isə Heydər Əliyevin hələ
SSRİ dönəmində Azərbaycana rəhbərlik etdiyi
vaxt aqrar sahənin inkişafı üçün
gördüyü işlər idi. Bunlar o vaxt Azərbaycanın
SSRİ məkanında kənd təsərrüfatının
inkişaf səviyyəsinə görə birincilər cərgəsinə
çıxmasını təmin etməklə yanaşı,
müstəqillik illərində ulu öndərin rəhbərliyi
ilə həyata keçirilən aqrar islahatlar
üçün müvafiq bazanın olması
baxımından da böyük əhəmiyyət
daşıyırdı. Təsadüfi deyildi ki, həyata
keçirilən torpaq islahatları 1969-1982-ci illərdə kənd
təsərrüfatı sektorunda
formalaşdırılmış zəmin, təməl üzərində
aparılırdı.
Beləliklə,
Heydər Əliyevin təşəbbüsü ilə
1990-cı illərin ortalarından başlanan aqrar islahatlar kənd
təsərrüfatının inkişafında əsas təkanverici
amillərdən birinə çevrildi. O da xüsusi olaraq qeyd
edilməlidir ki, ulu öndərin rəhbərliyi altında
başlanan bu islahtalar bir çox mühüm xüsusiyyətlərinə
görə, digər postsovet blkələrində həyata
keçirilən analoji islahtlardan əsaslı surətdə fərqlənirdi.
Belə ki, islahatlar çərçivəsində ulu öndər
ilk olaraq Azərbaycan vətəndaşının
mövqeyini, maddi durumunu nəzərə alır və
onların bu islahatlardan maksimum dərəcədə faydalana
bilməsini təmin etmək üçün konkret
addımlar atırdı. Belə addımlardan biri məhz Heydər
Əliyevin təşəbbüsü ilə torpaqların
pulsuz və ya digər şəkildə əvəz ödənilmədən
vətəndaşlara paylanması idi. Elə bu da torpaq
islahatlarından hər bir vətəndaşın eyni dərəcədə
və bərabər hüquq əsasında faydalana bilməsini
təmin edən ən əsas amillərdən birini təşkil
edirdi. Heydər Əliyevin bu uzaqgörənliyi sayəsində
həyata keçirilən torpaq islahatları nəticəsində
3 milyon 500 minə qədər insan torpaq mülkiyyətçisinə
çevrildi ki, bu da Azərbaycanda mülkiyyətçilər
sinfinin yaranmasının əsasını təşkil etdi.
Mülkiyyət sahibi olanlar isə torpaqdan səmərəli və
məhsuldar istifadəetməyə can atmaqla yanaşı, ona
artıq xüsusi qayğı göstərməyə
başladı və beləliklə, kənd təsərrüfatında
istehsal göstəriciləri 1990-cı illərin əvvəlləri
ilə müqayisədə əhəmiyyətli dərəcədə
artmağa doğru getdi.
(ardı var)
Elşən BAYRAMOV
Mövqe.-2013.-26 yanvar.-S.-10.