Azərbaycandan bütün İslam dünyasına vəhdət mesajı

Elman Məmmədov: “Azərbaycanda sünni və şiə təriqətləri arasında olan bu xoşməramlı münasibət həqiqətən də bütün müsəlman dünyasına nümunədir, onlara mesajdır”

Məlumat verildiyi kimi ötən cümə günü İslam dünyasının böyük məzhəblərinin nümayəndələri növbəti dəfə Heydər məscidi kompleksində vəhdət namazı qıldılar. Bu namazın mahiyyəti və əhəmiyyəti, ümumiyyətlə, təkcə İslam aləminə deyil, bütün dünyaya bir mesaj olduğu birmənalı həqiqətdir.

Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb. Müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-Təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Bu isə dini zəmində ixtilafların baş verdiyi müasir dövrdə xüsusilə aktualdır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım atdı.

Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, Azərbaycan təkcə indi deyil, həmişə, əsrlər boyu dini tolerantlıq baxımından bütün sivilizasiyalara, o cümlədən İslam dünyasına da bir nümunə olub: "Xeyli yaşım var. Bu yaşıma qədər Azərbaycanda sünni və şiə təriqətləri arasında hansısa bir ziddiyyət, problem, qarşıdurma, ciddi münaqişənin olduğunun şahidi olmamışam. Bu gün də ölkəmiz belə ziddiyyətlərdən, qarşıdurmalardan uzaqdır. Cənab Prezident 2016-cı ili «Multikulturalizm ili» elan etdi. Yəni, ölkəmizdə insanlar arasında dini tolerantlıq, dini barışığın olması, dinlərin bir-birini müsbət mənada qəbul etməsi, birgəyaşayış, insanların əməkdaşlıq etmələri, bir-birinə hörmətlə yanaşmaları dünyaya bir nümunədir. Bu, bir Azərbaycan standartıdır. İstər xristianlar, istər yəhudilər, istər müsəlmanlar, istərsə də digərləri olur-olsun, öz inkişaflarını istəyən ölkələr bu nümunəni Azərbaycandan götürüb öz ölkələrinə də tətbiq etməlidirlər.

Azərbaycanda sünni və şiə təriqətləri arasında olan bu xoşməramlı münasibət həqiqətən də bütün müsəlman dünyasına nümunədir, onlara mesajdır. Ona görə də bizim bu təcrübə müsəlman dünyasının xoşbəxtliyi naminə öyrənilməlidir. Məzhəb qarşıdurması min ildən çox bir müddətdir ki, ortaya atılıb. Sonradan da müsəlman düşmənləri, qeyri-dindən olanlar İslamı zəiflətmək, parçalamaq, təriqətlər arasında qarşıdurma yaratmaq üçün bu məzhəb fərqləri amilindən həmişə istifadə ediblər. Bu yolla da İslam dünyasında bir düşmənçilik, münaqişə ocaqları yaradıblar. Azərbaycanda isə belə çirkin əməllərə heç zaman yol verilməyib. Ona görə də ölkəmizin təcrübəsi bir nümunədir. Bütün müsəlman qardaşlarımız bu Azərbaycan nümunəsindən istifadə etməli, birgəyaşayışı, bir-birini qəbul etməyi öyrənməlidirlər. Müsəlman olaraq hər birimizin bir Allahı, bir Peyğəmbəri, bir müqəddəs kitabımız var. Təriqətlər, məzhəblər fərqli ola bilər. Bu hal bütün dinlərə xasdır. Ancaq belə kiçik nüanslardan istifadə edib müsəlman dünyasında qarışıqlıq salmaq, bu birliyi zəiflətmək, eyni dövlətdə yaşayan qruplar arasına ziddiyyət salıb münaqişələr yaratmağa gərəkdir ki, yol verməyək, bunlara getməyək. Buna nail olmaq üçün də müsəlman qardaşlarımız Azərbaycan nümunəsindən bəhrələnməlidirlər.

Azərbaycanda dini tolerantlıq, məzhəblərarası vəhdətin olması istiqamətində konkret işlər görülüb və görülməkdədir. Bu istiqamətdə digər müsəlman ölkələrinə də örnək olacaq maarifləndirmə işləri daima aparılır. Ölkəmizdə bu istiqamətdə beynəlxalq səviyyəli tədbirlər də keçirilib. Azərbaycan bu sahədə olan təcrübəsini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, cənab şeyximiz başda olmaqla Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları digər müsəlman ölkələrinə səfərləri, o ölkələrdən bizə gələnlərin olduğu zamanı haqında danışdığımız məsələlərlə bağlı onları ətraflı məlumatlandırır, izah edir, lazımı ədabiyyatları təqdim edirlər. Bu istiqamətdə hərtərəfli səviyyədə söhbətlər aparır, həyati təcrübəmizi onlara nümunə olaraq göstəririk. Bir müsəlman olaraq arzu edirəm ki, özümüzdəki bu yaxşı nümunədən qardaşlarımız da bəhrələnsin və müəyyən məsələlərə görə aralarında olan düşmənçiliyə, münaqişəyə son qoysunlar. Azərbaycan nümunəsi bu istiqamətdə problemin həlli yolunda müsbət mənada ən effektiv nümunədir. Ona görə də qardaşlarımız bundan bəhrələnməlidirlər. Bəhrələnsələr, bundan ancaqancaq xeyir görəcəklər”.

Mövqe.- 2016.- 19 yanvar.- S.5