Kiçik və orta
sahibkarlığın inkişafında yeni
mərhələ
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.
"Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes-inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən "Kiçik və orta sahibkarlıq evi" yaradılacaq və onların fəaliyyəti "ASAN xidmət" mərkəzləri, "ASAN xidmət" mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək. Qurumda agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.
Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir.
Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.
Belə bir qurumun yaradılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndən irəli gələn vəzifələrin reallaşdırılmasına xidmət edir. Xatırladaq ki, sözügedən sənədə görə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması üzrə işlərin davam etdirilməsi; sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin yaradılması; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və s. işlər həyata keçirilib.
Azərbaycanda biznes mühiti daha da yaxşılaşdırılıb və ölkə Dünya Bankının “Doing Business 2017” hesabatında bəzi göstəriciləri üzrə (məsələn, biznesə başlama, 9 əmlakın qeydiyyatı) yüksək nəticə əldə edib. Beynəlxalq təcrübəyə uyğun elektron hökumət portalının yaradılması ilə dövlət xidmətləri daha da genişləndirilib. Ölkədə KOS subyektlərinin inkişafına birbaşa təsir edəcək islahatların ünvanlılığının təmin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 5 iyun tarixli 215 nömrəli "İri, orta və kiçik sahibkar meyarları"nın təsdiq edilməsi haqqında” qərarı ilə KOS subyektlərinin meyarları müəyyənləşdirilib.
Strateji Yol Xəritəsinə əsasən, bu prioritet çərçivəsində Azərbaycan dövləti biznes mühitinin institusional əsaslarını gücləndirəcək. Xüsusilə, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamət kimi götürüləcək. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarət olacaq. Dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirəcək.
Sənəddə qeyd olunur ki, maliyyə sektoru və real sektor arasında tarazlıq nöqtəsinin müəyyən edilməsi probleminin həlli Azərbaycanda rəqabət mühitinin daha da təkmilləşdirilməsi yolu ilə mümkündür: "Yalnız tam rəqabət şəraitində iqtisadiyyata stimul verməklə yerli məhsul və xidmətlərin rəqabətqabiliyyətliliyini artırmaq olar. Rəqabət mühitinin təkmilləşdirilməsi sağlam və tam təkmil rəqabət qanunvericiliyinin olmasını, bu qanunvericiliyin effektiv və müstəqil fəaliyyət göstərən rəqabət qurumu tərəfindən tətbiqini və ümumilikdə rəqabət prinsiplərinə əməl edən, rəqabətin inkişafındakı əngəlləri aradan qaldıran və inhisarçılığa yol verməyən iqtisadi siyasətin gerçəkləşdirilməsini tələb edir. Rəqabət qanunvericiliyinin pozulması hallarının ilkin araşdırılması və aşkar edilmiş qanun pozuntuları ilə bağlı qərarların qəbul edilməsi iki fərqli fəaliyyət istiqaməti olduğundan onların müvafiq ixtisaslaşması tələb olunur. Bu baxımdan, qabaqcıl xarici (ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və s.) təcrübəyə uyğun olaraq Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək və beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsi qəbul ediləcəkdir".
Sənədə əsasən, qabaqcıl beynəlxalq standartlara uyğunluq və dünyanın aparıcı ölkələrində tətbiq olunan vergi xidmətlərinin əksəriyyətinin göstərilməsi qarşıya məqsəd qoyulub. Bu məqsədlə özəl sektorun inkişafını və sahibkarlıq subyektlərinin rəsmiləşdirilməsini təşviq edən, real vergi tarifləri olan, səmərəli və ədalətli vergi və icra sisteminin təqdim edilməsi istiqamətində islahatlar davam etdirilir. Vergi sistemi və onun idarə olunması əlverişli biznes mühitinin əhəmiyyətli bir hissəsi olduğundan, Azərbaycanda sahibkarlıq subyektləri tərəfindən vergi ödənişlərinin həyata keçirilməsini asanlaşdıran islahatlar aparılıb: "Şəffaflığı artıraraq, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı inamı gücləndirmək, eləcə də davamlı iqtisadi inkişafın təşviqində vergi potensialını müəyyən etmək üçün vergi sistemi və inzibatçılığının təkmilləşdirilməsi sahəsində islahatlar davam etdiriləcək. Bu istiqamətdə irəliləmək məqsədilə, digər ölkələrdə şirkətlərin vergi yükü və bütün əməliyyatlar üçün dəyər zənciri boyunca vergilər nəzərə alınaraq, ədalətli vergi səviyyəsi qiymətləndiriləcək. Sahibkarlıq subyektlərinə lazım olan maliyyə öhdəliyinin proqnozlaşdırılması üçün ölkənin vergi öhdəliklərinin aydın müəyyənləşdirilməsi və proqnozlaşdırılması sahəsində mümkün islahatlar təhlil ediləcək və qiymətləndiriləcək. Bu islahatlar çərçivəsində sahibkarlıq subyektlərinin rəsmi qeydiyyatını təşviq etmək və vergi bazasını genişləndirmək məqsədilə vergi əməletməsi xərclərinin azaldılması təşəbbüsləri nəzərdən keçiriləcək. İcra olunan islahatlarla yanaşı, iqtisadi fəaliyyətin stimullaşdırılması, prioritet sektorlarda inkişafın təşviqi və xarici investisiyanın cəlb edilməsi üzrə fərqlənən vergi qaydalarının təsiri davamlı olaraq qiymətləndiriləcək".
Samir Mustafayev
Mövqe.- 2018.-25 avqust.- S.14.