Vətənə zəfər bəxş edən şəhidlərimiz-əbədi qəhrəman Orxan Avdiyev...

 

Hicran  Avdıyeva: “Orxan müharibənin ilk günündən könüllü olaraq cəbhəyə gedib, qəhrəmanlıqla döyüşərək torpaq, Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini fəth edib”

 

“Mən öz oğlumla fəxr edirəm!”

 

Ağlama acı göz yaşların məzarıma süzülür ana! Ağlama, qəbrim damır, ağlama ruhum üşüyür, ağlama daha ana! Ağlama ki, zəfər gülləri ilə süslənib sakitləşən ruhum dinclik tapsın, cismim məzarımda rahatlığa qovuşsun. İndi rahatam ana, çox rahatam, ruhum şaddır, ruhum azaddır. Mən zəfərlər qazanan müzəffər bir ordunun şəhidliyi ilə ölümə qalib gələn, əbədiyaşarlıq qazanan ölməz bir oğluyam! Biz şəhidlər ölməzik. Biz xalqımıza, dövlətimizə zəfər bəxş edən şəhidlərik...25 yaşı vardı Orxanın, toyu çalınmamışdı, bəy otağı bəzənməmişdi, anası gəlin arzusunda, oğlunun toyunda qol qaldırıb ürəyi sevinə-sevinə oymamaq istəyirdi. Ananın balası ilə bağlı arzuları o qədər çox idi ki, bitib tükənmək bilmirdi. Amma oğlu anasının deyil, ana Vətənin arzularına, səsinə, harayına hay verdi, Vətən torpağının düşmən tapdağından azad olunmasına könül verdi, canını qurban etdi. Vətən hər şeydən öncədir, Vətən sevgisi bütün sevgilərdən öndədir. Orxan belə deyirdi, nakam Orxan, şəhid Orxan, qəhrəman Orxan...Könlünü Vətənə vermişdi Vətən borcunu bütün borclardan, ana-ata haqqından da uca tutan qəhrəmanımız. Çünki şəhidlərimizin qanı ilə Vətənə çevirilən ana torpaq ulularımızın, əcdadlarımızın əmanəti idi. Azərbaycan oğulları bu qutsal əmanətə heç zaman xəyanət etmədilər, son nəfəslərinə qədər Vətəni, yurdu əmanət kimi qorudular.

Bəlkə də borcundan çıxmadım,Vətən,

Ömür bahar deyil bir qayıtsın.

Ölsəm , qoynunda qoy ölüm ki, mən

Çürüyüm bir ovuc torpağın artsın! (Musa Yaqub)

Vətənin ölümsüz qəhrəmanları Vətən uğurunda canlarını fəda etməklə təkcə Vətənin bir parçasına, bir ovuc cənnət torpağına çevirilmədilər, həm əbədi olaraq Vətənin özünə çevirildilər.

Qeyrət qılıncını sıyırıb düşmən üstünə varan igidlərimizdən biri olan Orxan Habil oğlu Avdiyev əslən Qərbi Azərbaycanın Noyenberyan (Barana) rayonun Yuxarı Körpülü kəndindəndir. İgidlər, vurub tutan oğulları, qəhrəmanları ilə şöhrət qazanan Yuxarı Körpülü eli 1988-ci ildə şovinist ermənilər tərəfindən deportasiyaya məruz qalıb, pərən-pərən salınıb. Orxanın da babaları Yuxarı Körpülünün sayılıb seçilən insanlarından olub.

Orxan Avdıyev 1995 ci ilin  2 avqustunda Bakı şəhərində doğulub.  Daha sonra ailəsi ilə birlikdə Ağstafa rayonu Pirili kəndinə baba ocağına köçüblər.  Pirili kəndindəki Məcid Əhmədov adına tam orta məktəbdə birinci sinifə gedib. Nizam-intizamlı şagird olub, Orxanın tərbiyəsi, davranışı həmişə başqa sinif yoldaşlarına nümunə göstərilib. 2013-cü ildə orta məktəbi bitirən Orxan 2015ci ildə həqiqi hərbi xidmət üçün ordu sıralarına çağırılıb. Ordu sıralarında Motoatıcı alayında xidmət edib. Orxanın taleyinə 2016 il Aprel döyüşlərini yazılıb. Düşmənlə dörd günlük müharibədə qəhrəmanlıq göstərən qəhrəmanımız məktəb illərində olduğu kimi ordu sıralarında da öz nizam intizamı ilə seçilib.

Vətən Müharibəsi başlayanda Orxan da digər Vətən oğullarımızdan biri kimi könüllü olaraq cəbhəyə gedib. Vətən uğurunda canını fəda edən Orxan Cəbrayıl Füzuli rayonlarının alınmasında iştirak edib. Orxan Avdıyev 2020-ci il 25 oktyabr tarixində Qubadlı uğrunda  gedən döyüşdə qəhrəmancasına şəhid olub.

40 gündür ki, Orxan şəhid olub. Anası Hicran xanım 40 gündür gözünün ilk ovunu, böyük balasını axtarır. Ananın gözü hər yerdə Orxanını axtarır. Elə bilir ki, oğli əynində hərbi geyim evin qapısını döyüb içəri girəcək, “evə qayıtmışamdeyəcək. Ananın könlü dolub boşalan payız bulududu, göz yaşı heç qurumur ki... Kiçik oğlu Məhəmməd Avdıyev Vətənə Xidmətdədir, hərbiçidir. Avdıyevlər ailəsi cəbhəyə iki oğul yola salıb. Məhəmməd Hərbi Hava Qüvvələrindən Müdafiə Qoşunlarında xidmətini davam etdirir.

Orxanın anası Avdıyeva Hicran Müzəffər qızı bizimlə söhbətində bildirdi ki, oğlunun gənc yaşında şəhid olması bir ana kimi onun qəlbini yandırsa da, ancaq o öz oğlunun qəhrəmanlıqla şəhid olmasından qürur duyur:”Mən öz oğlumla fəxr edirəm, onunla qürur duyuram. Orxan müharibənin ilk günündən könüllü olaraq cəbhəyə gedib, qəhrəmanlıqla döyüşərək torpaq, Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini fəth edib. Orxanım az yaşadı, amma şərəfli yaşadı, ömrü qısa oldu, lakin dolğun mənalı oldu. 25 illik ömrünü Vətənimizin azadlıq, zəfər tarixinə yazıb balam”.

Orxanın nənəsi Xalidə xanım da nəvəsinin qəhrəmanlıqla şəhid olmasından qürur duyduğunu bildirdi:”Mən Orxan Abdıyevin nənəsiyəm, nəvəm Qarabağ savaşında qəhrəmanlıqlar göstərib, canı qanı ilə Vətənimizi müdafiə edib. O Qubadlı uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Orxan son damla qanına qədər torpaqlarımızı düşmən tapdağından azad edilməsi yolunda döyüşüb. Orxan Aprel döyüşlərində iştirak edib. Çox vətənpərvər, yurd, Vətən təəssübü çəkən idi balam. Mən Orxanımla fəxr edirəm. Fəxr edirəm ki, nəvəm bir vətən oğlu kimi öz borcunu böyük ləyaqətlə, qeyrətlə yerinə yetirib, o öz şəhidliyi ilə Vətinin borcundan çıxıb. Orxanın uca şəhidlik adı ilə fəxr edirəm. O bizim başmızı dikəldib, adını əbədi olaraq tarixə yazıb. Torpaqlarımız işğalda olanda hər birimizin qəlbində böyük ağrı nisgil vardı. Amma Orxan da daxil olmaqla Azərbaycan oğulları torpaqlarımızı düşmən tapdağından azad etməklə ürəyimizdəki o ağrıya məlhəm oldular”.

Avdıyevlər ailəsinin yaxını Validə xanım da bacısı nəvəsinin qəhrəmanlıqla şəhid olmasından qürur duyduqlarını deyir:”Bacım nəvəsi Orxan şəhid oldu. Biz onun uca şəhidlik adı ilə fəxr edirik. Orxan onun cəbhə yoldaşları, müzəffər ordumuz Azərbaycanın işğal altında olan torpaqlarını düşmən tapdağından azad etməklə müqəddəs üçrəngli bayrağımızı torpaqlarımızda yüksəldib”.

Orxan, anan da, nənən , başqa qohumların da ürəklərinin yarasına köz basa-basa, yaralarını göz yaşları ilə yuya-yuya, sarıya sarıya sənin uca şəhidlik adınla öyünürlər. Bu gün sənin qəhrəmanlığın haqqında bütün Ağstafa rayonu, pərən-pərən salınan Yuxarı Körpülü eli fəxrlə danışır. Yuxarı Körpülü elinin camaatı deyir ki, Orxan öz qəhrəmanlığı ilə bu obanın, bu elin qəhrəmanlar yurdu olduğunu sübut etdi. Vətənin dar günündə əlində silah Qarabağ cəbhəsində döyüşərək şəhid olan Orxan Avdıyev yüzillər sonra da bizim güvənc, fəxr ünvanlarımızdan biri olaraq yaşayacaq. Nəsillər dəyişə , xalqın, millətin ünvanı dəyişməzdir. Bizim ünvanımız ana torpaq bir adı ilə əbədi öyünəcəyimiz şəhidlərimizdir. Ucalardan ucadır başın ay Vətən,

oğullara yastıq oldu daşın ay Vətən! Şəhidlərin qanından azad çöllərində lalələr gözərəcək, hər lalə bir şəhiddir, hər lalə bir şəhid anasının yanıb kösöv bağlayan köksüdür ay Vətən! Bağrı kösöv olan anaların yarasına özün məlhəm ol, yanğısına özün su çilə. Orxanın anası da bağrı yanıq lalədir, boynunu büküb yolara boylanır...

 

bərə var, ovçu

Ov kimi ovlanma ana.

Saçın kimi dolaşıqdı

Yollara boylanma ana!

Yollara boylanma ana, ürəyin kövrələndə, dərd səni sıxçalayanda Vətənin ən uca zirvəsinə bax-oğlunun qururdan, əzəmətdən yonulan əzəmətli şəhidlik heykəlinə, o uca əbədi zirvəyə. Göylərə bax, göylərə köçən oğlun, Orxanın o ucalıqdadır...

 

İradə SARIYEVA

Mövqe.– 2020.- 8 dekabr. S.10.