Ekoloji tarazlığın qorunması sosial və iqtisadi perspektivi gücləndirir

 

Azərbaycanda təbiətin qorunması və sağlamlaşdırılması prosesi dövlətin strateji planlarına daxildir

 

Ekoloji vəziyyətin sağlamlaşdırılmasının əhəmiyyəti bizim dövrün ən aktual məsələlərindəndir. Çünki, atmosferin təmizliyi bilavasitə insanın sağlamlıq kodeksinin ümdə məsələsidir. Sağlam bədən, sağlam ruh gündəlik iş ahənginin yüksəlməsi, mənəvi aləmin zənginliyi üçün əsas stimuldur. Azərbaycan dövləti sosial mahiyyətlidir. Əhalinin sağlamlığı hökumətin diqqət mərkəzindədir. Sağlamlığın rəhni isə düzgün qidalanmaqla yanaşı təmiz hava ilə nəfəs almadadır. Ekoloji tarazlıq atmosferin təmizlənməsini və təbii sərvətlərin artmasını təmin edir.

Son 16 ildə Azərbaycan təbiətinin qorunması və inkişaf sahəsində ciddi işçlər görülüb. Xüsusilə, yaşıllığın genişlənməsi üzrə çox böyük miqyaslı layihələr həyata keçirilib. Yaşıl zonalar genişlənib, yeni meşə zolaqları salınıb, suvarma sistemləri qurulmaqla sənye əhəmiyyətli ağacların əkilməsi prosesi sürətləndirilib.

Regionların inkişafına dair dördüncü Dövlət Proqramının yerinə yetirilməsinə həsr olunan konfransda Prezident İlham Əliyev deyib: “Ağacəkmə prosesi davam etdiriləcək. Keçən il Nəsiminin 650 illiyi ilə bağlı bir gündə 650 min ağac əkildi. Son illərdə isə əkilən ağacların sayı bəlkə də 10-20 milyonu ötüb. Bu, çox müsbət haldır. Xüsusilə təbiəti ağacla o qədər də zəngin olmayan bölgələrdə bu proses geniş vüsət alıbdır və almalıdır. Bununla paralel olaraq, çirklənmiş yerlərin təmizlənməsi, torpaqların rekultivasiyası prosesi davam etdirilir. Abşeron yarımadasında bu işlər aparılır, aparılacaqdır. Bizim mövcud göllərin təmizlənməsi prosesi daha geniş vüsət almalıdır. Biz hələlik yalnız Böyükşor gölünün bir hissəsini təmizləmişik. Bu da çox böyük layihədir. İndi digər hissənin və həmçinin digər göllərin təmizlənməsi gündəlikdədir”.

Dövblət başçısının tapşırığı və diqqəti əlaqədar təşkilatları hərəkətə gətirib və daha böyük səyllə ekoloji sağlamlaşdırma işlərini davam etdirirlər.

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev mətbuata açıqlamasında deyib ki, yaşıllaşdırma işlərinin aparılmasında cəmiyyətin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək olmasına, insanların yaşıllaşdırmada fəallıq göstərmələridə çox maraqlıdırlar: “Vətəndaşlar özləri də yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını nazirliyə açıqlaya, yeni ərazilərin yaşıllaşdırılması təşəbbüsü ilə çıxış edə bilərlər”.

Bununla əlaqədar ETSN-nin sosial şəbəkələrdəki səhifələrində rəy sorğuları keçirməyə başlayıb. Sakinlər yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını bu sorğularda açıqlasalar, onda nazirlik  vətəndaşlarla birlikdə həmin ərazilərin yaşıllaşdırılmasını həyata keçirəcəklər. Ancaq təkcə yaşıllaşdırma işlərinin aparılması ilə iş bitmir. Əkilən ağaclarda bitiş faizinin yüksək olması üçün  ağaclar mühafizə edilməli, yaşıllığa qənim kəsilənlərə qarşı ictimaiyyət tərəfindən qınaq olmalıdır. Qazanılmış təcrübə göstərir ki, bu işin mühümlüyünü dərk edən  vətəndaşlar özləri bu məsələdə fəal olmağa çalışırlar.

Təkcə 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 2 milyona yaxın ağac əkilib. Əkilən tinglər ETSN-nin tinglik təsərrüfatlarında yetişdirilib. Bunların sırasında sənaye sahələrinin inkişafına xidmət edən meşə və bağlar da var. Məsələn, baramaçılığın inkişafına yardım göstərmək məqsədilə ötən il təsərrüfatlara 700 min tut tingi paylanılıb. Bu proses hər il davam etdirilir. Ağac emalı sənayesində əhəmiyyətli xammal olan bitkilərdən ibarət meşə zolaqlarının salınması da ekoloji tarazlığın qorunmasına və emal sənayesinin inkişafına kömək edir.

Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan edib. Bununla əlaqədar könüllülərin  dəstəyi ilə ağac əkilməsi genişlənir. Peşəsindən, uşaq və böyük olmasından asılı olmayaraq, hər bir kəsə sağlam ətraf mühit lazımdır. Azərbaycanın seçdiyi yol siyasi və mə\nəvi sağlamlıq amillərinə bağlı olduğu üçün ekoloji sağlam təbiət bu yolun uğurunu təmin edir.

 

 

N.NOVRUZ

Mövqe.- 2020.- 6 fevral. S. 14.