"Sevginin ünvanı ürəkdir"

 

Dörd dost, dörd ürək, dörd sirdaşdan bir yarpaq...

 

Zamanının ən çox sevilən yazıçısı və jurnalisti, kitablarını bu gün də sevə-sevə oxuduğum, əzizləyib saxladığım dəyərli yazıçı SALAM QƏDİRZADƏnin xatirə günüdür.

Ehtiramla xatırlayaq.

Salam Qədirzadə: "Başqalarının kədərini, sevincini onlardan da artıq yaşamayan yazıçı sənətkar deyil".

Azərbaycanın görkəmli yazıçı-jurnalisti,  publisisti, Əməkdar incəsənət xadimi, əziz Müəllimim Nurəddin Babayev xatirələrində yazırdı ki, onlar yeniyetmə çağlarında dörd dost olublar: Şıxəli Qurbanov, Bəşir Səfəroğlu, Salam Qədirzadə və Nurəddin Babayev.

Onların ağıllarına da gəlməzdi ki, illər keçəcək, bu dostların hər birinin Azərbaycan ədəbiyyatında, mədəniyyətində, ictimai-siyasi həyatında öz yeri, öz çəkisi olacaq. Şıxəli Qurbanov dövlət xadimi, yazıçı kimi seviləcək. Bəşir Səfəroğlu Azərbaycan səhnəsinin parlaq ulduzuna çevriləcək. Hətta dostu Salam Qədirzadənin tiplərini yaradacaq. Yazıçının povest və romanları minlərlə oxucunun qəlbinə yol tapacaq, seviləcək. Azərbaycanda Jurnalistika fakültəsinin yaradıcısı Nurəddin Babayev uzun illər həmin fakültədə dərs deyəcək, əsərləri ilə bədii publisistikaya yeni nəfəs gətirəcək.

Salam Qədirzadənin kitabları isə əl-ələ gəzəcək, gənclərin ürək dostu, könül sirdaşına çevriləcək. "Qış gecəsi"ndə  "Sarmaşıqlı aynabənd"də dayanıb hər kəsə sevdalı-"Sevdasız aylar"dan, günlərdən danışacaq, "Nar çiçəyi nağılı"nı söyləyəcək, "46 bənövşə"dən söhbət açacaq, "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" deyəcəkdi...

Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaqlıq illərindən ədəbiyyata böyük həvəsi olan Salam Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.

1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam Qədirzadə  könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı.

1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir.

O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, üçüncü kursdan təhsilini Moskvada, M. Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.

1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir.

Moskvada oxuyarkən Salam Qədirzadə ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır.

Gənc yazıçı səkkiz il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir.

1960-cı ildə Salam Qədirzadə “Kirpisatirik jurnalının məsul katibi təyin olunur və 1966-cı ilədək həmin vəzifədə çalışır. 1975-1976-cı illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpisatirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan Yazıçılarının Qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.

Salam Qədirzadə 35-dək kitab müəllifidir. "İlk hekayələr" (1951), "Gənclik" (1953), "Sarmaşıqlı aynəbənd" (1955) adlı ilk kitablarında yazıçı gənc nəslin yaradıcılıq əzmini, sevgi və məhəbbət duyğularını, arzu və istəklərini qələmə alıb.

Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylarkimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu.

Yazdığı "Qış gecəsi", "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" roman, povest və hekayə kitabları gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edir.

Salam Qədirzadənin Böyük Vətən müharibəsi cəbhələrində iştirakı sonralar "Burada insan yaşamışdır" (1963) povestinin yaranmasına səbəb olub. Real və canlı müşahidələrdən doğan bu povest kövrəkliyi və səmimiyyəti ilə müharibə mövzusunda yazılmış əsərlər içərisində seçilir.

Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmışdır. Onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir.

Salam Qədirzadə güclü satirayumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.

Onun  satirik povest və hekayələri, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" kimi məşhur, səhnədən düşməyən komediyaları, "Bir qız bir oğlanındır", "Sevginin ünvanı ürəkdir", "Hər gün ömürdən gedir" kimi kitabları dövründə böyük tirajla çap edilib və bestsellerə çevrilib.

Salam Qədirzadə yaradıcılıq baxımından çox dolğun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi. Yazıçı son kitabını “Hər gün ömürdən gedir” adlandırdı. Amma nə yazıq ki, bu kitabını görmək ona qismət olmadı...

Qızı Leyla Qədirzadə:

 - Canım atam, 33 il sənsiz keçdi... Bu 33 ildə nələr oldu, nələri görmək qismət olmadı sənə... Nələri səninlə bölüşmək mənə nəsib olmadı...

Salam Qədirzadə "Qəhrəman olmaq üçün bir an kifayətdir. Ləyaqətli insan olmaq üçün bəzən bir ömür boyu çalışmaq lazımdır" - demişdi. O da öz dediyi kimi ləyaqətlə yaşadı. Əsil İnsan kimi yaşadı, sevdi, sevildi. Ən önəmlisi odur ki, onu zamanında da sevdilər, indiçox sevirlər...

 

Nurlanə Əliyeva

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Mövqe.- 2020.- 17 noyabr.- S.11.