"Mən kinosuz yaşaya bilmirəm"

 

O, kinostudiyanın ən qocaman işçilərindən biri kimi milli kinomuza töhfələrini verənlərdəndir. Ömrünün 50 ilini kinoya həsr edib. İnzibati işlərdən tutmuş aktyorluğa qədər hər yükü daşıyıb. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Ancaq təqaüddə olmasına baxmayaraq, hələ işləmək həvəsindən əl çəkməyib. Kinosuz yaşaya bilməməsi təbiidir. 80 yaşlı Nəriman Axundov bunu həm sənətə olan böyük sevgisi ilə əlaqələndirir:

- Bakıda anadan olsam da, şəkili olmağımla fəxr edirəm. Orada bizim ailəmizi, nəsil-nəcabətimizi hamı tanıyır. Atam "bolşevik Qulam" adı ilə məşhur idi. İndi onun adına Şəkidə küçə var. Atam "Nuxa fəhləsi" qəzetinin yaradıcısı ilk redaktoru olub. Xalq artisti, Şərqin ilk opera yazan qadını, tanınmış bəstəkar Şəfiqə xanım da mənim bacımdır. Orta məktəbi bitirib 17 yaşımda - Böyük Vətən müharibəsinin sonlarında hərbi xidmətə getmişəm. Bir vətənpərvər kimi müharibəyə könüllü yollanmışam. Hərbi xidmətim Kiyev şəhərinin Vasilkov əyalətində olub. 4-5 ay qulluq etdikdən sonra sənədlərimi yoxladıqda məlum oldu ki, yaşım hərbi xidmətə çatmır. Ona görə məni yenidən hərbi komissarlığa göndərdilər. 6-7 ay hərbi komissarlığın sərəncamında olduqdan sonra məni Moskva ətrafındakı, Serpuxov şəhərində 2 saylı Aviasiya məktəbinə göndərdilər. Bu məktəbi bitirdikdən sonra məni aviatexnik kimi Çita şəhərinə yolladılar orada hərbi xidmətdə oldum. Oradan Saratova, sonra isə Bakıya gəldim. Bakıda xidmətim keçmiş Bağırov körpüsü yaxınlığında keçdi. Buradakı təyyarələr ağır bombardmançı təyyarələr idi. Mən aviatexnik kimi qulluq edirdim. Bir neçə aydan sonra Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxıldım. 1951-ci il idi, bir qədər aviatexniki klubda işlədim. Sonra Rostov şəhərində mədəni-maarif məktəbini bitirib SSRİ-nin müxtəlif şəhərlərində mədəniyyət sarayları evlərinin direktoru vəzifəsində çalışdım. Ancaq Azərbaycanla əlaqəmi kəsmirdim.

Unudulmaz bəstəkarımız Tofiq Quliyevlə tez-tez məktublaşırdım. O, mənə öz mahnılarını göndərirdi. Mən özfəaliyyət kollektivlərinin üzvləri ilə məşq edir Azərbaycan mahnılarını, o cümlədən Tofiq Quliyevin mahnılarını da orada təbliğ edirdim.

1957-ci ildə qohumlarımın təkidi ilə Azərbaycana qayıtdım. Həmin ildə "Azərbaycanfilm"də adminstrator kimi işə başladım. Bununla yanaşı, universitetin filologiya fakültəsinə qiyabi qəbul olundum. Bir neçə aydan sonra kinostudiyanın direktor müavini, bir-iki aydan sonra isə kinofilmlərdə direktor kimi fəaliyyət göstərdim. Çoxları işimə qısqanclıqla yanaşırdı. Cavan bir oğlanın belə bir vəzifədə işləməsi ilə yaşlı film direktorları barışmaq istəmirdi. Amma mən işimlə özümü doğruldurdum. 20-yə qədər bədii filmin direktoru olmuşam.

- Kinostudiyaya gəldiyiniz dövrü necə xatırlayırsınız?

- Kinostudiyanın ən qaynar çağları idi. İldə bir neçə film çəkilirdi. Görkəmli rejissorların hamısı sağ idi. Həsən Seydbəyli, Şamil Mahmudbəyov, Tofiq Tağızadə başqa rejissorlar çalışırdı. Demək olar ki, kinostudiyanın əksər rejissorları ilə işləmişəm. Kinoda ilk işim "Kölgələr sürünür" filmində oldu. Daha sonra "Koroğlu" filmində çalışdım. Rejissorların hamısı xətrimi çox istəyirdi. Bircə onu demək kifayət edər ki, Rüstəm İbrahimbəyov kimi sənətkar mənim haqqımda "Çalışqan adam" filmini çəkib. Bu, film direktorları haqqında çəkilən yeganə filmdir. Çəkilişlərin əksəriyyəti gizli kamera ilə aparılıb. Mənim üçün fəxrdir ki, film Amerikada dünyanın bir çox ölkələrində nümayiş etdirilib. "Çalışqan adam" filminə görə Avrasiya teleforumunda "Qran pri" mükafatına layiq görülmüşəm. Moskvada isə həmin filmə görə "Dom Xonjonkova" tərəfindən qramota almışam.

- Deyəsən, həmçinin filmlərdə aktyor kimi çəkilmisiniz?

- "Çalışqan adam", "Etimad telefonu", "Dostluq muzeyi", Elxan Qasımovun "Biz qayıdacağıq" filmlərində, bir neçə özbək filmində "Mozalan"da çəkilmişəm. Rüstəm İbrahimbəyov "Çalışqan adam"ı çəkəndə xəbərim yox idi. Ona görə film çox təbii alınıb.

- Film direktorunun missiyasını müasir kinoda prodüserlərin əvəz etməsinə necə baxırsınız?

- İndi hər adam "mən filmin direktoru olmaq istəyirəm" iddiası ilə çıxış edir. Amma bu, xüsusi məsuliyyət tələb edən işdir. Yəni filmin bütün rəhbərliyi, o cümlədən maliyyə xərcləri onun əlində cəmləşir. O, filmin smeta xərclərini müəyyənləşdirir. Filmin direktoru çəkiliş qrupunun rəhbəri kimi çalışır. Amma filmə quruluşçu rejissor cavabdehdir. Bizim işimiz çox çətindir. Müasir kinoda bu işi icraçı prodüserlər yerinə yetirir. Prodüser isə filmə sponsorluq edir, onun prokatını təşkil edir s.

- İndiyə qədər neçə filmdə işləmisiniz?

- 20-yə yaxın bədii 90-a yaxın sənədli filmin direktoru olmuşam. 8 il Moskvada kino istehsalı üzrə təşkilatçı kimi Azərbaycanı təmsil etmişəm. O zaman "Qoskino"nun (Azərbaycan Dövlət Kinematoqrafiya İttifaqı üzrə) kino ilə bağlı işlərini yerinə yetirirdim. Keçmiş sovetlər ölkəsində keçirilən festivallarda bir çox Azərbaycan filmləri göstərilirdi. Bir sıra filmlərimiz bu festivalların mükafatlarına layiq görülüb. Elə bu festivalların çoxunda da təşkilatçı kimi fəaliyyətim olub.

1963-cü ildə "Azərbaycanfilm" "Özbəkfilm"in birgə istehsalı olan "Təyyarə enməyib" filmində direktor vəzifəsində çalışmışam. 1971-ci ildə "Özbəkfilm" kinostudiyasının rəhbərliyi tərəfindən ikiseriyalı "Şirəli Aybarçin" musiqili filmində çəkiliş qrupunun müdiri vəzifəsinə dəvət olundum. Bu film üç respublika - Azərbaycan, Özbəkistan Tacikistan respublikalarının birgə istehsalı idi. 1979-cu ildə Moskvada keçirilən - "Sovet kinosunun 60 illiyi" sərgisinə respublikamız tərəfindən direktor vəzifəsinə təyin edildim. O zaman sərginin keçirilməsi bəzi səbəblərə görə baş tutmaya bilərdi. Kinostudiyanın müdiriyyəti məni təcili surətdə Moskvaya ezam etdi. Böyük çətinliklə üzləşdikdən onları dəf etdikdən sonra sərginin baş tutmasına nail oldum. SSRİ respublikaları arasında bu sərgi ən yaxşılardan biri kimi qeyd edildi. Bakı şəhər partiya komitəsi mənə təşəkkür elan etdi. Sərgi o qədər valehedici idi ki, özbəklər, litvalılar başqa millətlər bizim sərgini kino lentlərinə həkk edirdilər. Mənim fəaliyyətimə o zaman ümummilli liderimiz Heydər Əliyev böyük qiymət verdi mən indi onun sərəncamı ilə verilən mənzildə yaşayıram.

- 80 illik yubileyiniz qeyd olundumu?

- Təəssüf ki, uzun illər can qoyduğum kinostudiya, kinoittifaq yubileyimi qeyd eləmədi. Nazirlik məni pulla mükafatlandırdı. Amma mən materialist yox, moralistəm. Artıq 80-i haqlasam da, özümü bir çox cavanlardan gümrah hiss edirəm. İndi bir çoxları işdə onlara kömək etməyimi xahiş edirlər mən öz köməyimi əsirgəmirəm. Yenə işləmək istəyirəm. Amma kinostudiyada mənə uyğun bir tapılmır ki, tapılmır. Mən kinosuz yaşaya bilmirəm.

 

 

Təranə

 

Mövqe.- 2009.- 2-4 may.- S. 13.