"Əsrin müqaviləsi" Azərbaycanı bütün dünyaya tanıtdı

 

İkinci yazı

 

Sentyabrın 15-də "Buta" sarayında "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da mərasimdə iştirak ediblər.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirmişdir ki, 15 il bundan əvvəl müstəqil Azərbaycanın həyatında çox əlamətdar və son dərəcə həlledici hadisə baş vermişdir. Müstəqilliyin ilk illərinin Azərbaycan üçün çox ağır keçdiyini xatırladan dövlətimizin başçısı, "Əsrin müqaviləsi"nin imzalanmasının ölkəmizin qarşısında yeni imkanlar açdığını diqqətə çatdırmışdır. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vəziyyət sabitləşməyə başlamış, xoşagəlməz halların qarşısı alınmış və ölkəmiz uğurlu inkişaf yoluna qədəm qoymuşdur. "Əsrin müqaviləsi" ölkəmizin uzunmüddətli inkişafını sürətləndirmişdir. İlk dəfə böyük transmilli konsorsiumun yaradıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, konsorsiuma daxil olan dünyanın nüfuzlu şirkətləri, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) uğurlu işbirliyinə başlamış, Xəzər dənizi beynəlxalq əməkdaşlığa açılmışdır. Bundan başqa, müqavilə ilk dəfə Xəzərin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına imkan vermişdir. Sənədin çox böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan dövlətimizin başçısı demişdir ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycana böyük investisiya axını başlamışdır. Bu investisiyalar Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafına imkan yaratmışdır.

"Əsrin müqaviləsi" imzalanarkən Azərbaycanın milli maraqlarının tam təmin olunduğunu vurğulayan prezident İlham Əliyev demişdir ki, ölkəmiz bu müqavilənin həyata keçirilməsi ilə uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın müstəqil ölkə kimi dünya birliyinə inteqrasiyası böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Müqavilənin çox sürətlə həyata keçirildiyini xatırladan prezident İlham Əliyev demişdir ki, dünya bazarlarına birbaşa çıxışı olmayan Azərbaycan neft-qaz kəmərlərinin tikintisini də uğurla həyata keçirmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi ikinci tarixi hadisə olmuşdur. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Hazırda bu kəmərin əhəmiyyəti daha da artmış, Azərbaycan tranzit ölkəyə çevrilmişdir. Azərbaycanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirmişdir ki, ölkəmizin enerji resursları dünya bazarına çoxşaxəli yollarla nəql edilir. Bu il Azərbaycanda neft hasilatının 45 milyon tondan çox, qaz hasilatının 30 milyard kubmetrə yaxın olacağını diqqətə çatdıran prezident İlham Əliyev demişdir ki, gələcəkdə bu rəqəmlər artacaqdır. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxmış, qlobal müstəviyə daxil olmuşdur. Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli olmuşdur. Biz enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan hazırda sürətli inkişaf dövrünü yaşayır. Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş ildə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmış, 2003-2008-ci illərdə ümumi daxili məhsul (ÜDM) 2,6 dəfə çoxalmış, 800 minə yaxın yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə enmişdir.

Azərbaycanda şəffaflığın təmin olunduğunu qeyd edən prezident İlham Əliyev diqqətə çatdırmışdır ki, 1999-cu ildə yaradılan Dövlət Neft Fondu BMT-nin şəffaflıq mükafatına layiq görülmüşdür. Ölkəmizdə aparılan islahatların beynəlxalq qurumların hesabatlarında əksini tapdığını xatırladan dövlətimizin başçısı bildirmişdir ki, Dünya Bankı 2008-ci ildə Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir. Bizim məqsədimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Buna nail olmaq üçün islahatlar davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyəyə, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına sərf olunur, yeni, müasir infrastruktur yaradılır. Dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artmışdır. Azərbaycan müasir, sabit, güclü iqtisadiyyata malik ölkədir. Çıxışının sonunda prezident İlham Əliyev vurğulamışdır ki, qədim neft ölkəsi olan Azərbaycanda neftçilərin peşə bayramı da məhz "Əsrin müqaviləsi"nin imzalandığı gün - sentyabrın 20-də qeyd olunur. Bu, dövlət tərəfindən "Əsrin müqaviləsi"nə verilən qiymətdir.

"Əsrin müqaviləsi"nin Azərbaycan neft-qaz sektorunun inkişafına verdiyi töhfələrdən danışan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, məhz bu hadisədən sonra Azərbaycanda neft hasilatı artmış, ölkəmiz nəhəng neft-qaz kəmərlərinin çəkilməsini reallığa çevirmişdir. "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir böyük siyasi və iqtisadi əhəmiyyətə malik "Əsrin müqaviləsi"nin ölkəmizin müstəqilliyinin möhkəmlənməsindəki əhəmiyyətindən bəhs etmişdir. ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Daniel Ştayn Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun təbrik məktubunu oxumuşdur. Daniel Ştayn demişdir ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və nəql marşrutlarının həyata keçirilməsi ilə bağlı ideyaları dəstəkləyir. "Əsrin müqaviləsi"nin Azərbaycan üçün yeni imkanlar açdığını diqqətə çatdıran Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs bildirmişdir ki, Heydər Əliyevin uzaqgörənliyi Azərbaycanın iqtisadi inkişafını təmin etmişdir.

 

 

 A.Mənsumə

 

Mövqe.- 2009.- 24-25 sentyabr.- S. 4.