Nə görürsünüzsə, görünməz olanın kölgəsidir

 

Tanrı hər bir insanı yaradanda onun gələcək taleyini özü müəyyən edir. Alın yazısı - bu tanrı qisməti həyat yollarında hər birimizlə qoşa addımlayır. Bizi gah sınağa çəkir, çətinliyə salır, gah da göylərə ucaldır, bizə dünyanı bəxş edir. Lakin Ulu yaradan bəzi insanlara tale yazarkən onlara öz səxavətini bəxş edir, onları həm gözəllik, həm təmiz qəlb, həm də şərəfli peşə ilə mükafatlandırır. Müsahibimə də tale istedadı, səmimiyyəti, sadəliyi, bir çox gözəl keyfiyyətləri bəxş edib. O, bədihə sənətini layiqincə təmsil edir. Gənc olmasına baxmayaraq, dayanmadan məqsədlərinə doğru gedir. Bədihə sənətini layiqincə təmsil edir. Beləliklə müsahibimiz bədihəçi Elnur Məxfi ilə apardığımız müsahibəni sizə təqdim edirik.

- Elnur, bədihə aləmində bədihəçilərin demək olar ki, əksəriyyəti özünə ləqəb götürür, ləqəbləri ilə tanınırlar. Necə oldu ki, sən özünə məhz Məxfi ləqəbini götürdün?

- Təhsil aldığım təhsil müəssisəsində elm sahəsində göstərdiyim şücaətə görə fizika müəllimi məni gizli xəzinə mənasını verən Gənc məxfi adlandırmışdı. Mən də ona cavabında bu misranı yazmışdım:

 

Deməyin məxfi görünmür gözə, o özgəsidir,

görürsüzsə, görünməz olanın kölgəsidir.

 

O vaxtdan özümə bu ləqəbi götürdüm. Bədihə sahəsində elə bu ləqəblə tanınıram.

- Elnur, necə oldu ki, məhz bədihəçi olmaq qərarına gəldin?

- Hələ kiçik yaşlarımdan bu sahəyə böyük həvəs göstərmişəm. Əmim Namiq Mənanın sənətindən bəhrələnib bu sənətə gəlmişəm. 2000-ci ildən bədihəçi kimi fəaliyyət göstərirəm. 1 diskim, 3 klipim, xeyli sayda şeirlərim var. Bədihə mərkəzi tərəfindən bir çox uğurlarımız olub. Bu uğurlardan biriNamiq Məna tərəfindən meyxanaçılarla bağlı kitabın işıq üzü görməsidir.

- Əminiz Namiq Məna ilk çıxışınıza neçə qiymət verirdi? Və görəsən onun fikrincə indi qiymətiniz neçədir?

- Namiq müəllim nəinki məni, heç tələbələrini də heç vaxt üzünə tərifləmir. O, deyir ki, insanı üzünə tərifləmək onu qətlə yetirməyə bərabərdir. Kənar yerlərdən eşitdiyimə görə mənim sənətimi bəyənir, yüksək qiymətləndirir, dəyərləndirir. Ali təhsilli olduğum üçün çalışmışam ki, sənətdə atdığım addımlarda da bir reallıq, alicənablıq olsun. Bilmirəm buna nə dərəcədə nail olmuşam. Əmimin böyük təkidi, böyük iddiasından sonra gəldiyim sənətə çalışmışam ki, yeniliklər, gözəlliklər gətirim. Həmçinin onun tələbələri də, mən də çalışmışıq ki, real, mədəni formada dövlətçiliyimizin ideologiyasına müvafiq formada atdığımız hər addımı nizamlayaq. Bizim hər yazdığımız, hər çıxışımız, xüsusən böyük ölçüdə yazdığımız hər bir əsəri vətənpərvərlik ruhuna söykənir, vətənpərvərlik hissinə köklənir. Mənə elə gəlir ki, biz düz yoldayıq, düz yolla addımlayırıq.

 

Ulu Şərqin qapısından

Əl eylədim Vətən üçün.

Nəğmə qoşdum, qopuz çaldım,

Söz söylədim vətən üçün.

Zəngəzurum talan oldu.

Qarabağda fəqan oldu,

Ömrüm, günüm viran oldu.

Hey göynədim vətən üçün.

Didilmişəm didim-didim.

Başım alıb hara gedim.

Qəhər uddum, kədər yedim,

Dərd çeynədim vətən üçün.

Vətən mənə qanad verdi,

Arzu verdi, murad verdi.

Ən azından həyat verdi,

Mən neynədim vətən üçün.

 

- Öz yazdığın şeirdir?

- Bəli. Mənim vətənpərvərlik ruhunda yazdığım şeirlərim çoxdur.

- Ali təhsilli olduğunu söylədin. Necə düşünürsən, bədihəçinin ali təhsilli olması vacibdir?

- Ali təhsil nəinki bədihə sənətində, bütün sahələrdə öz müsbət təsirini göstərir. Götürək elə hüquqda, ticarətdə, idmanda, iqtisadiyyatda, siyasətdə, bütün sahələrdə ali təhsilin olması vacibdir, ən əsası da natiqlik sənətində, bədihə sənətində. Ümumiyyətlə biz ünsiyyətdə olarkən çalışırıq ki, hər kəslə öz dili ilə danışaq. Amma cəmiyyət qarşısında gərək savadlı danışasan. Çünki sən bir növ bu xalqın nümayəndəsisən. Xalqın bir az böyüklük çıxmasın, şairi onun elə güzgüsü, nümayəndəsi deməkdir. Ali təhsil mühümdür.

- Sənin fikrincə bədihə sənətinin tarixi hansı vaxtlara gedib çıxır?

- Bu sənətin tarixinə varanda kökləri sufizmə təsadüf edir. Aldığım məlumata görə o vaxt dəvələrin üstündə gedərkən dəvənin addımlarından da ritm tutaraq bədihə söyləyərdilər. Bu sənət xüsusilə Bakı kəndlərində inkişaf tapıb, Bakı kəndlərində təkmilləşib. Ümumiyyətlə isə bütün Azərbaycanımızda sevilir.

- Televiziyalarda, radiolarda meyxana ilə bədihənin fərqi çox mübahisələrə səbəb olur. Bu fikrə münasibətinizi bildirərdiniz.

- Bu fikrə münasibətim çoxsaylıdır. Amma təkmənalıdır mənim münasibətim. Meyxana sözünün lüğəvi tərkibinə baxsaq, bədihə sənətinin leksikoloji mənasını araşdırsaq görərik ki, meyxana mey, şərab, xana məkan bildirən mürəkkəb sözdür. Amma bədihə isə hazırcavablıqla bədahətən deyilən şeir nümunəsidir. Düzdür, bunu təsdiq edirəm ki, bu sənət illərlə meyxana adı altında tanınıb. Bu həmin dövdə tüğyan edən sovet ideologiyasının xalqımızın zəngin mədəniyyətinə vurduğu zərbə idi. Məsələn, Bakıxanov qəsəbəsini küçədə, bayırda soruşsaq, hamı onu Stepan Razin kimi tanıyacaq. Çox az adam biləcək ki, həmin qəsəbə Bakıxanovdur. Çoxu deyəcək ki, elə Razindir. Amma araşdırsaq görərik ki, Razin azərbaycanlıları qətlə yetirən dırnaqarası rus qəhrəmanı olub. Bədihə sənəti xalqın məişət durumu ilə bağlı olduğundan mövcud siyasi rejimə sərf eləmirdi. Amma lap qədimi adını bərpa eləsək, bu sənət elə bədihə adlanır. Biz kəndlərdə olanda yaşlı ağsaqqallardan məlumatlanırıq. Onlar da deyir ki, bu sənətin əsl adı bədihədir.

- Mən bir tamaşaçı kimi sizlər meyxana söyləyərkən çox narahatçılıq keçirirəm. Çünki siz meyxananı bədahətən söyləyirsiniz. Heç elə vaxt olub ki, bədahətən meyxana söyləyərkən fikir dalğınlığınız ola, çaşasınız?

- Çaşmaq ilk addımlarda olur. Danışmaq qədər bədihə söyləyəndə sərbəstlik hiss edirik. Normal insan danışanda da sözün yaxşı mənasında çaşır. Bir görürsən dili topuq vurur, ya bir sözü başqa cür ifadə edir. Elə insan var ki, bu onda mütəmadi olaraq baş verir, eləsi var ki, çalışır o qüsurlara yol verməsin.

- El şənliklərində bu sənət necə qarşılanır?

- Çox gözəl qarşılanır. Nəinki el şənliklərində, mərkəzimiz tərəfindən əsgərlərimiz qarşısında da konsertlər veririk. Xarici dövlətlərdə milli sərvətimiz olan bədihə sənətini, xalqımızı təmsil edirik. Ümumiyyətlə bu sənət hər yerdə yaxşı qarşılanır. Bir görürük dilimizi bilməyən əcnəbinin qarşısında bədihə deyirik, tərcüməçi tərcümə edir, onunçun da maraqlı olur. Milliyətindən asılı olmayaraq bədihə sənəti hər kəsin zövqunu oxşayır.

Bu sənət Azərbaycanımızda çox gözəl qarşılanır.

- Hazırda yaradıcılığınızda kimi yenilikləriniz var? Gələcək planlarınız barədə oxuculara məlumat verərdiniz.

- Bu yaxınlarda Bədihə Mərkəzinin təşəbbüsü ilə Bədihəçilər kitabı çap olunub. Bütün bədihəçilər, o cümlədən Əliağa Vahiddən bəri bir sıra bədihəçilərin sənət nümunələri həmin kitabda öz əksini tapıb. Gənclərə həmin kitabda daha çox yer ayrılıb. Bədihəçilər kitabı insanlar tərəfindən gözəl qarşılanıb. Bunu kitabın satış sayı da göstərir ki, həmin kitab bədihəsevərlər tərəfindən çox müsbət qarşılanır. Bu da bizim bir uğurumuzdur. Digər uğurlarımız, efir məkanlarında layihələrimiz çox olur. Bu yaxınlarda yeni layihələr gözlənilir. Ustadımız, fəxrimiz Namiq müəllim Space kanalında yayımlanan Şişman şounun bir çox tanınmış simalarının arasından qalib seçilərək Ford markalı avtomobil hədiyyə olaraq qazandı. Bu da bizim sənətimizin nümayəndəsi olaraq bütün bədihəçilərin uğurudur. İnşallah bədihə sənəti ilə bağlı efir məkanında daha bir proyektimiz də gözlənilir. Mən sizə, o cümlədən Olaylar qəzetinin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bildiyimə görə bu yaxınlarda ailə həyatı qurmağa hazırlaşırsınız. Sizə xoşbəxtlik arzulayıram. Ürək sözlərimi sizə bədahətən çatdırmaq istəyərdim.

 

OLAYLAR-ın təkcə budur niyyəti,

Hər olaydan hali edir milləti.

Ona görə cəlb eləyir diqqəti,

Oxucunun nəzəri OLAYLARdadır.

Nisə xanım toplayıb hər məlumatı,

Məlumatlandırır bütün camaatı,

Yaxınlarda quracaq ailə həyatı,

İnşallah toy xəbəri OLAYLARdadır.

 

Nisə Rafiqqızı

 

Olaylar.- 2010.- 3 noyabr.- S. 12.