Firəngiz Mütəllimova etiraf edir: “Hərbi hazırlıq müəllimimi sevirdim...”

 

“Bu yaşa çatmışdım, bir kişi qarşıma çıxıb cəsarətlə mənə evlənmə təklif etməmişdi”

 

Lent.az-ın qonağı Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovadır.

 

- Firəngiz Mütəllimovanın həyatındakı vacib şeylər sırasında sevgi hansı yerdədir?

- Əlbəttə, hər qadının həyatında sevginin məxsusi yeri var. Eləcə də mənim. Sevgisiz insan yaşaya bilməz. Sevgi olmayanda insanın gözünün işığı sönür sanki. İnsanın işləməyə həvəsi olmur, geyinmək, bəzənmək, özünə baxmaq istəmir. Amma sevəndə bütün sədləri aşmaq istəyirsən. Ən çirkin insan gözünə qəşəng görünür. O insan xoşbəxtdir ki, Allah ona bir dəfə də olsun sevgi hissinin nə olduğunu yaşadıb. Lap qarşılıqsız olsa da. Amma o hissi ki yaşayırsan... Sevgi gözəl şeydir! İnsan var yaşayır, ölür, amma heç bilmir sevgi nədir.

- Siz sevginin nə olduğunu nə zaman dərk etmisiz?

- Sevginin nə olduğunu bilmək olmur. Heç indi də mən bunu başa düşmürəm. Mənim üçün sevgi birinci növbədə qarşılıqlı hörmətdir. Hər şey hörmətdən başlayır. Sevgi o qədər hörmətsiz olar ki, sonra nifrətə çevrilə bilər. Amma sevgi müqəddəs hissdir!

- Əsl məhəbbətlə qarşılaşmısız?

- Qarşılaşmışam... Mənim üçün ən şirin, müqəddəs sevgi platonik sevgidir. Yəni, əlçatmayan, qovuşmayan sevgi. İlyas Əfəndiyevin bütün əsərlərindəki kimi. Ya bəlkə uşaqlıqdan bu cür romanları çox oxuduğuma görə belə düşünürəm. Məsələn, “Dodaqdan qəlbə” əsərini bəlkə yüz dəfə oxumuşdum.

- Həyatınızda o dediyiniz platonik, qarşılıqsız məhəbbət olub heç?

- Platonik yox. Amma mən şantaj qarşısında qalıb əzab çəkmişəm. İnstituta təzə girən vaxtlarım idi. Məni bir oğlan sevirdi. Deyirdi, “məni sevməsən, görüşməsən, səni şantaj edəcəm”. Qorxurdum, inanırdım ki, birdən məni qaçırdarlar, ya başqa nəsə edərlər. Amma evdə deyəndən sonra atam tədbir gördü. Ona görə də mən sevgidə şantajdan, böhtandan qorxmuşam həmişə. Bir də çalışmışam heç kimin ailəsini dağıtmayım, evli insanla münasibətim olmasın. Lap sevsəm də, dərdindən ölsəm də, hər şey çərçivəli olmalıdır. Kiminsə evində oturan qadının günahı yoxdur axı.

- Məktəb illərində kimisə sevmisiz?

- Sevgi olub, əlbəttə. Amma təbii ki, uşaqlıq sevgiləri. Əvvəla, mən də əksər qızlar kimi xəyalpərəst olmuşam. Mən də Novruz bayramında duzlu kökə bişirib yemişəm ki, görüm yuxuda kim mənə su verəcək? Amma su verən tapa bilməmişəm (gülürük). Məsələn, ilk sevgi məktubunu yeddinci sinifdə almışam. Həmin oğlan başqa məktəbdə rus bölməsində oxuyurdu. Özü də indiki kimi yadımdadır, məktubda belə yazmışdı - “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm Firəngizdən etmə cüda məni”. O məktubu xəlvətə çəkilib dəfələrlə oxuyurdum. Hər dəfə oxuyanda da gülürdüm. Sonra görəndə ki, daha gülməyim gəlmir, məktubu cırıb atdım. Bu, həyatımın ilk sevgi məktubu idi deyə, qəribə hisslər keçirirdim, həyəcanlanırdım. Hətta ona görə yolumu dəyişirdim ki, məni görməsin. Onu görəndə əsirdim, qızarırdım. Ad çəkməyəcəm, amma qarşılıq vermədiyimə görə, o oğlan sonradan Rusiyaya köçdü. Ümumiyyətlə, məni məktəb illərində çox oğlanlar sevirdi. Mən 8-ci sinifdə oxuyanda bilirdim ki, 10-cu sinif şagirdlərindən bir neçəsi məni istəyir. Məktəb sevgisi maraqlı olur axı. Tənəffüsdə dəhlizdə kitab oxuyanda oğlanlar sənə baxır. Ya hansısa kabinetə girəndə sənə baxan oğlana göz süzürsən. Onlar çox təmiz hisslərdi. Və çox şirin xatirələrdir. Mən məktəbdə oxuyanda gündəlik yazırdım. Məsələn, bu gün filan otaqdan çıxanda filan oğlan mənə belə baxdı. Amma sonra onların hamısını cırdım atdım. Nəsə mənə gülməli görünürdü.

- Bəs siz o oğlanlardan hansını sevmisiz?

- Oğlan sevməmişəm. Amma hərbi hazırlıq müəllimimi sevirdim. Heç kimə də demirdim. Özlüyümdə sevirdim onu. Onda 9-cu sinifdə oxuyurdum. Müəllim şəhərdən gəlmişdi. Cavan idi, bəlkə də evliydi, amma biz bilmirdik. Bəlkə də Bakıdan gəldiyinə görə maraqlı idi bizə... Ən gözəl, maraqlı, möcüzəli məhəbbətlər isə yayda başlayırdı. Şuşa istirahət mərkəziydi. Hər yay ora istirahətə imkanlı adamlar gəlirdi. Biz də əvvəldən həmin ailələrlə, onların oğulları ilə maraqlanırdıq. O oğlanlara baxırdıq, skamyada oturub özümüzü onlara göstərirdik (gülür). Bu məhəbbət o biri yaya qədər artıq qurtarırdı. Növbəti yay yeni məhəbbətlər başlayırdı. Uşaqlıq illərində olan şeylərdi də. Amma institutun birinci kursunda oxuyanda üçüncü kursda oxuyan bir oğlana dəhşətli dərəcədə vurulmuşdum. Qarşılıqsız olaraq öz-özümə sevirdim onu. Hardasa iki il çəkdi. O, institutu qurtarıb gedəndən sonra o məhəbbət də ötüb keçdi... Amma illər keçir, sən öz sevgini tapanda anlayırsan ki, onun varlığı belə sənin üçün böyük bir şeydir.

- Bəs niyə gec ailə qurduz?

- Çünki şöhrət məni qəfildən elə yaxaladı ki, elə bildim hamı Gülnarı sevir, Firəngizi yox. Məni hamı Gülnar deyə çağırırdı. Teatra mənə yeşiklərlə sevgi məktubu gəlirdi. Çaş-baş qalmışdım lap. O şöhrət məni elə bil insanlardan uzaqlaşdırdı, sevgiyə inamım itdi. Yay tətillərində Şuşaya gedəndə qapımıza elçilər gəlirdi. Ağdamdan, Gəncədən, daha çox da Şuşanın özündən. Amma mənim ailə qurmaq fikrim yox idi, ona görə də elçilər evimizdən kor-peşman geri qayıdırdı. Həm o vaxt belə deyildi. Sərasər tamaşa oynayırdıq. O qədər işlə məşğul idik ki, heç mənimlə birgə teatra gələn aktrisalar ailə qura bilmədi. Vaxt olmadı, başım sənətə elə qarışdı ki. Ailə quranda da gec oldu. 33 yaşım vardı artıq. Onunla hüzr yerində tanış olduq. Xarici vətəndaş idi. Əslən Cənubi Azərbaycandan olsa da, İngiltərədə yaşayırdı. Qardaşım qadınlar oturan otağa yaxınlaşıb dedi ki, “xarici qonaq var, soyuqlayıb. Ona isti kəkotulu çay verin, bir az özünə gəlsin. Sabah yola düşür, bizdən narazı getməsin”. Qonaq üçün çay, dərman apardım. O da ağzını, başını dəsmalla bağlayıb heç üzümə də baxmadı, yanındakı adamla fars dilində nəsə danışırdı. Demə, ondan soruşub ki, “qulağıma o qızın səsi gəldi, bax gör, otağa girən odu?” Yanındakı başı ilə təsdiqləyəndən sonra Təbriz ləhcəsi ilə mənə dedi ki, “xanım, biz iki günə Londona gedəcəyik, əgər mümkünsə, o tamaşanın kasetini hədiyyə edərsiniz”. Səhəri gün “Səni axtarıram” tamaşasının kasetini tapıb gətirdim. Sonra bildim ki, “Yad qızı”nı istəyirmişlər. Çox qəribədi, Azərbaycanda məni Gülnarla, İranda Nazanla tanıyırdılar. “Yad qızı”nın kasetini gətirdim qonaqlar üçün. Kaseti ona uzadanda, düz gözlərimin içinə baxıb hamının - atamın, anamın, qohumlarımın yanında dedi ki, “mən kaseti yox, sənin canını istəyirəm”. Məndən bir yaş böyük idi. Özü də bir dəfə evli olub ayrılmışdı, uşaqları vardı. Amma mən də razılaşdım. O da necə oldu? Deyim ki, mən ona vuruldum, sevdim, yox. Şuşa işğal olunmuşdu, bütün qohumlarımız köçkün düşmüşdü, hər yerdə durğunluq idi. Elə bil hər şeydən qaçmaq istəyirdim... Sonra da insan bir-birinə doğmalaşır, elə bilirsən o da sənin qohumundu.

- Çətin deyildi bəs? Həm sevmədiyiniz adam, həm də qərib ölkə.

- İndi elə ona məəttəl qalıram ki, bunu necə bacardım. Bilirsiz, onun cəsarəti mənim çox xoşuma gəlmişdi. Bu yaşa çatmışdım, bir kişi qarşıma çıxıb cəsarətlə mənə evlənmə təklif etməmişdi. O cəsarət mənə xoş gəldi. Mən də getdim. Amma yaxşı ki getdim. Niyə? Çünki bir nağıllar aləmi yaşadım. Ölkələr gəzdim, həyatımdakı sıxıntılar bir anda yox oldu getdi. İşi ilə əlaqədar olaraq İngiltərədə, bir də Birləşmiş Ərəb Əmirliklərində qalırdıq. O, İngiltərədən gələndə şkafı açıb görürdüm ki, ilahi, mənə bəlkə 80 dəst kostyum alıb, hər şey alırdı, özümə, bacılarıma. Bu insan mənə sürprizlər etmək üçün ölürdü. Bilirdi ki, ən çox sevdiyim şey saatdır. Mənə ən gözəl saatları hədiyyə edirdi. Özü də ürəyi durmurdu, bir həftədən sonra birini də bağışlayırdı. Yəni, görmədiyim şeyləri yaşadım, gəzmədiyim ölkələri gəzdim. O, elə bil mənim beynimi dincəltdi. Üç il ailəli oldum. Atam son günlərində dedi, “bala, ya üz, ya da düz”. Yollarda qalmışdım. Tez-tez bura gəlirdim. Narahat olurdular ki, birdən təyyarədə nəsə olar. Bir tərəfdən də uşaq olmadı. Ona görə qayıdıb gəldim. Mən onunla düşmənçiliklə ayrılmamışam. O Azərbaycanda yaşamaq istəmədi, mən də orada. Yaxşı ki, qayıtdım.

- Atanızın vəsiyyəti olmasaydı, ayrılmazdınız?

- Yox, onsuz da biz ayrılmaq həddinə gəlmişdik artıq. Çünki atam xəstə olduğuna görə, mən demək olar ki, elə Azərbaycanda idim. Həftədə bir dəfə bura gəlirdim. Elə də olmaz axı. Kim olsa, narazı olardı da. Mənim üçün ailəm hər şeydən birinci gəlir. O özü də deyirdi ki, sən necə ailənə bağlısan. Bir tərəfdən də uşağımız olmadı. Çox qəribədir, heç bir problem də yox idi. Allah vermədi. Deməli olmamalı idi. Qismət beləymiş.

- Ayrılmağa asanlıqla razılaşdı?

- Əlbəttə, mübahisələrimiz oldu. Mən ora vəkillə getdim. İki dəfə getdim, ayrılmırdı. Gah deyirdi özümü aşağı atacam, gah yalvarırdı. Amma qərarımı vermişdim. Və ayrıldım. 10 ildən sonra mənim mobil nömrəmi tapıb zəng vurdu. Heç gözləmirdim də. Dedim daha xeyri yoxdu. O zəng mənim üçün heç bir əhəmiyyət kəsb etmədi, içimi tərpətmədi. İndiyə qədər də bağlı nömrədən zəng gələndə götürmürəm.

- Niyə, elə bilirsiz o olar?

- Deyirəm birdən olar da. Ümumiyyətlə, səsini eşitmək istəmirəm. İstəmirəm boş-boş onu da avara edim, özümü də. Onsuz da heç nə alınası deyil, hər şey qurtardı getdi. Oldu və bitdi.

- Niyə ikinci dəfə ailə qurmadız? Layiqli namizəd olmadı, yoxsa...?

- Yox, olmadı. Nəsə bu barədə heç dərinə getmədim. Başım da sənətə qarışdı.

- Firəngiz xanım, televiziya tamaşaları efirə çıxan vaxtdan indiyədək hələ də Yaşar Nuri ilə aranızda sevgi macərasının olduğu deyilir. Tamaşadakı məhəbbət həqiqətən həyatda da olub?

- Yox. Biz bir-birimizi doğrudan da çox istəyirik. Sözün yaxşı mənasında Yaşar mənim arxamdır, dayağımdır, sağ əlimdir. Yaşarın mənim üzərimdəki əziyyətlərini heç vaxt silə bilmərəm. Onun mənə həyatda çox köməyi dəyib, istər mənəvi, istər maddi. Və çox qəribədir ki, Yaşarın yoldaşı onu bəlkə də məndən başqa hamıya qısqanır. Çünki bilir ki, mən Yaşarı bir dost, qardaş, bir tərəf müqabili kimi çox istəyirəm.

- Firəngiz Mütəllimova özü ilə tək qalanda ürəyində kiməsə ünvanlayaraq deyirmi “səni axtarıram, səndən xəbərsiz”?

- Yox, demir. Çünki axtardığım insan ürəyim istəyəndə yanımda olur. Əlbəttə, həyatımda ürək dostum, sevdiyim insan var. Sənətlə əlaqəsi olmayan biridir. Demirəm bir evdə yaşayırıq, yox. Nə mənim vaxtım var, nə də onun. Yəni mənə lazım olanda, yaxud mən ona lazım olanda bir yerdə oluruq, görüşürük. Uzun müddətdir bir yerdəyik.

- Evlidir?

- Yox, evli deyil.

- Onda niyə münasibətlərinizi rəsmiləşdirmirsiniz?

- İstəmirəm. İşlərim çox olur. Ailəyə ayırmağa vaxt lazımdır. Elə hesab edirəm ki, ailə qursam, sənətim məhdudlaşacaq. İncəsənət qurban tələb edir də. Həm də belə daha yaxşıdır. Uzaqdan-uzağa. Onda sevgi daha da güclü olur.

- Həyatda axtardığınız əsl məhəbbət odur?

- Hər şeydir demək olar ki. Ən əsası odur ki, onunla sakit, rahat həyatım var. Bəzən məsləhətləşirik, bəzən ürək sözlərimizi deyirik.

- Onu əsl sevginiz hesab edirsiniz, ya yox?

- Edirəm, bəli. Əgər onun başı ağrıyanda, zəngi gəlməyəndə narahat oluramsa, onu görməyəndə darıxıramsa, deməli həyatımda olan vacib insandır.

- Özünüzü xoşbəxt sayırsınız?

- Xoşbəxtliyi mən sevgidə yox, birinci növbədə can sağlığında hiss edirəm.

- Bəs qadın olaraq?

- Qadın olaraq əlbəttə xoşbəxtəm, niyə də olmayım? Gül kimi ailəm var. Ağıllı bacılarım, qardaşım, balaları, nəvəsi var.

- Amma öz övladınız yoxdur. Heç övladlığa uşaq götürmək istəməmisiniz?

- Yox, istəməmişəm. Çox qəribədir. Bu da Allahın işidir. Öz bacımın balaları var da. Bir bayramı tək qalmıram. Həmişə hər yerdə yanımdadırlar. Yəni, övlad yoxluğunu hiss etmirəm. Tələbələrim də var, onları da çox istəyirəm. Yenə deyirəm, mən ümumiyyətlə xəyalpərvər olmuşam. İkinci dünyamda elə xəyallar qurmuşam ki... O xəyallarımın hardasa 70 faizi gerçək olub. Elə məhəbbətdə də. Tam xoşbəxt olan insan yoxdu axı. Mən rahatamsa, xəyanət etmirəmsə, xəyanət görmürəmsə, o baxımdan özümü xoşbəxt sayıram.

- Bilsəniz ki, sevdiyiniz kişi sizə xəyanət edib, bağışlayarsınız?

- Yox, bağışlamaram. Xəyanəti heç vaxt bağışlamaram. Mənim həyatda ən nifrət etdiyim şey xəyanət və şərdir. İndiyə qədər xəyanətlə qarşılaşmamışam. Bəlkə də olub, hər halda bilməmişəm. Və ümid edirəm bundan sonra da xəyanətlə heç vaxt qarşılaşmaram.

 

 

Olaylar.- 2011.- 23 iyun.- S.13.