“Əsəblərim tab gətirmədi, indi-indi özümə gəlirəm” 

 

Məşhur aktrisa Türkiyənin “SHOW TV” kanalından altıaylıq aparıcılıq təklifini qəbul etməməsinin, "Facebook"u sevməməsinin səbəblərinibaşqa sirlərini açıqladı. Xalq artisti Firəngiz Mütəllimova Milli.Az xəbər portalına teatrdakı sarsıntıları, polislə "toqquşma"ları və sevgisi haqqında danışdı. Belə insanlar haqqında deyirlər ki, Tanrı onu ovqatının xoş vaxtında yaradıb. Onun zahiri görünüşünün doğurduğu xoş təəssürat ünsiyyət zamanı nə azalır, nə də artır - yalnız harmonik bir bütövlük qazanır. Səhnəmizin, ekranımızın Günəş bənizli, qaynar gözlü aktrisası olan Firəngiz Mütəllimova bəxti gətirən sənətkarlardandı.

 

Teatr və kino tarixində onlarla misal var ki, zahirən cəlbedici olan aktrisaların istedad və bacarıqdan da xali olmadıqlarının fərqinə varan heç tapılmayıb, ya da bu, belə hal yalnız bir dəfə baş verib. Nə yaxşı ki, Firəngiz xanımla birgə sənətsevərlərin də bəxti gətirib - yaradıcılığının ilk dövrlərində teatr və televiziya tamaşalarında canlandırdığı obrazların parlaq silsiləsi bu günədək davam edir. Onunla “Qanlı Nigar” (müəllif Sadıq Şəndil, quruluşçu rejissor Namiq Ağayev) tamaşasının məşqindən yarım saat əvvəl görüşdük.

- Firəngiz xanım, “Azdrama”da baş verən dəyişikliklər teatrın indiki aktyor və keçmiş rejissor heyətinin açıqlamalarında o qədər də təqdir olunmur. Bəs siz baş verənləri necə qarşıladınız?

- Hər bir sahədə islahatlar aparılmalıdı. Amma bizim teatrda bir müddət elə vəziyyət yarandı ki, mənim əsəblərim tab gətirmədi - üç ay müalicə olundum, indi-indi özümə gəlirəm. (Təbəssümlə əlavə edir) Evdəkilər demişkən, baxışlarım düzəlib.

- Yaranmış vəziyyət konkret olaraq sizə hansı dərəcədə aid idi ki?

- Elə ən kəskin dərəcədə həm konkret mənə aid idi, həm də həmkarlarıma. İslahatlar axı, ən pis şəkildə rejissorlara aid oldu. Amma gərək bizim rejissorlar qalaydılar. Otuz üç ildi bu teatrdayam, birinci dəfə idi özümə qarşı o cür münasibət görürdüm. Yenə də deyirəm, islahat yaxşı şeydi. Təbii ki, yeni aktyor, rejissor nəslinin yetişməsinə şərait yaratmaq lazımdı. Amma ömrünün bir neçə onilliyini bu səhnəyə bağlamış, istedadı, bacarığı artıq etiraf olunmuş insanlar elə münasibətə layiq deyillər. Heç kim demir ki, cavanlara yol açılmasın, amma onların yolu əvvəlki nəslin zəhmətinin üstündən xətt çəkmək hesabına açılmamalıdı. Şəxsən mənim gənclərə münasibətim çox yaxşıdı. Hər kəsin öz yeri var, hər birimizin sənəti, zəhməti tərəziyə qoyulmalıdı. Bax, bunu unutmaq lazım deyil. “Azdrama”nın səhnəsində özünü rahat hiss etmək üçün gərək bu teatrda doğulasan. Nə isə, daha bu barədə danışmaq istəmirəm. İndi hətta fikirləşirəm ki, çox nahaq yerə o cür əsəbiləşmişdim...

- Yeni repertuarın hazırlanmasına cəlb olunmusunuz, baş rolun ifası sizə həvalə edilib. Əsas rolun yeganə ifaçısısınız, yoxsa dubyorunuz da var?

 - Bəli. Əsas ifaçı olduğum üçün razılığımı alandan sonra dublyor verdilər.

- Dünya teatr təcrübəsində dublyor amilinə münasibət birmənalı deyil. Bəzi teatrların rəhbərləri bu üsulla işləməyin qəti əleyhdarları olsalar da, dublyorlardan imtina etməyənlər də az deyil. Sizcə, dublyor sistemi rolun ifaçısının müəlliflik imzasını solğunlaşdırmır ki?

- Yox, qətiyyən! Əslində, dublyorla tamaşa hazırlamaq iki heyətlə işləmək deməkdi. Bu, hər cəhətdən teatr üçün o qədər də rahat deyil. Amma aktyorlar üçün təbii ki, çox rahatdı. Başqa işlərimizi planlaşdırmağa da vaxtımız qalır. Yaradıcılıq baxımından da heç bir mənfi cəhəti yoxdu. Əksinə, rəqabət hissi güclənir. Bir-birimizin məşqlərində iştirak edirik. Dublyor çalışır ki, əsas ifaçının elədiklərini təkrarlamasın. "Hər dəfə səhnə arxasına keçəndə paltarları tər içində olurdu"

- “Qanlı Nigar”ın əvvəlki quruluşunda da iştirak etmisiniz. İndiki quruluş o vaxtkından fərqlənir?

- Təbii ki ayrı-ayrı rejissorlar olduğu üçün quruluşlar da fərqli olmalıdı. O vaxt bu əsərə Vaqif İbrahimoğlu quruluş vermişdi. Super bir tamaşa alınmışdı.

- Təsəvvür eləyirəm...

- Hə, Nigarı Amalya xanım oynayırdı. Mən isə onun qızını. İndiyə qədər yadımdadı - Amalya xanımla Yaşar Nuri elə coşqu ilə oynayırdılar ki, hər dəfə səhnə arxasına keçəndə paltarları tər içində olurdu. Bu dəfə də maraqlı tamaşa alınmalıdı - musiqili, nəğməli. Personajlarımız həm danışacaqlar, həm də oxuyub-oynayacaqlar.

- Sənətdə olduğunuz bu illər ərzində məşq prosesində obraza əlavələriniz olub, yoxsa həmişə müəllifin yazdığını, rejissorun dediyini edirsiniz?

- Yox, dəyişikliksiz, improvizəsiz mümkün deyil. Aktyorun roluna özünün baxışı olmalıdı. Məsələn, mən personajın uzun-uzadı danışmağını sevmirəm, bilirəm ki, belə şeylər tamaşaçını yorur. Obrazın hansısa hərəkətini qəbul etməyəndə isə onu başqa cür təqdim etməyə çalışıram.

- Sizi vaxtaşırı seriallarda görürük. Nə verir aktyora serialda çəkilmək?

- Cəmi iki serialda çəkilmişəm - “Bəyaz həyat”, bir də “Bacanaqlar”. Bu yaxınlarda bir serial çəkilişindən imtina elədim. Çünki çəkilişlər yay ərzində başa çatmalıdı ki, serial sentyabrda efirə çıxsın. Mən isə bu yay yalnız istirahət etmək istəyirəm. Serialda çəkilmək aktyora heç nə vermir. Bizdə elə yüksək qonorar da yoxdu. Amma boş qalmaqdansa, bu da bir növ məşqdir də. Həm də populyarlığı artırır.

- Bəs böyük kinoda işləriniz nə yerdədi?

- Sonuncu dəfə Şamil Nəcəfzadənin “Qala” filmində çəkilmişəm.

"Facbeook"u, tanışlıq saytlarını sevməyən aktrisa internetdə nə arayır?

- Firəngiz xanım, bizdə dünya, ya da heç olmasa MDB miqyasında tanınmağa layiq aktyorlar az deyil. Buna nail olmaqdan ötrü hansısa təşəbbüslər, cəhdlər etməmisiniz ki? Ya bəlkə əlinizə hansısa fürsətlər düşüb?

- Təşəbbüs, cəhd eləmək üçün maddi vəsait lazımdı. Fürsətlər isə, bəli, düşüb. Məsələn, Türkiyənin “SHOW TV” telekanalından altıaylıq aparıcılıq təklifi almışdım. Amma bu təklifi qəbul etsəydim, gərək burdakı işlərimi yarımçıq qoyaydım.

- Bəs yerli telekanallarda yenidən aparıcılıq etməyi düşünmürsüz?

- Yox, yox.

- Pedaqoji fəaliyyətdən, teatrdakı məşqlərdən, dəvət olunduğunuz verilişlərin çəkilişlərdən nəfəsinizi dərəndə vaxtınızı necə keçirirsiniz?

- Vaxtım olanda tikiş tikirəm, daha doğrusu, paltarlarıma bəzək əlavələri edirəm. Ev işləri ilə məşğul oluram, dibçəklərdə çoxlu güllərim var, onlara qulluq edirəm. Klassik ədəbiyyatı, teatr nəzəriyyəçilərinin əsərlərini yenidən oxuyuram. Evdə trenajorum var, özümü formada saxlamaq üçün hər gün iki saat idmanla məşğul oluram, piyada gəzməyi sevirəm, bu da yaxşı idmandı. (gülərək) “QAİ”-lər imkan versələr. Tez-tez saxlayıb soruşurlar ki, Firəngiz xanım, niyə piyada gedirsiz, maşın lazımdısa, təşkil eləyək. Mən də deyirəm ki, çox sağ olun, vaxtaşırı piyada da gəzmək lazımdı. Bir müddət idi ki internetə baş çəkmirdim. İndi yenə məlumatlanmağa başlayacam.

- Deməli, internetdən yalnız bu məqsədlə istifadə edirsiz. Bəs "Facebook"la, ya da başqa tanışlıq, ünsiyyət saytları ilə maraqlanmırsız? Məsələn, Lyudmila Duxovnaya maraqlanır.

- Mən Duxovnayanı çox istəyirəm. Bir dəfə mənə demişdi ki, cavan qalmaq istəyirsənsə, çalış daha çox komik rollarda çıxış elə. Elə belə də alınıb - komik rollarım da var, lirik də, dramatik də. Amma mənim nədənsə "Facebook"a, başqa tanışlıq, ünsiyyət saytlarına marağım yoxdu. İnternetdən yalnız maariflənmək məqsədilə istifadə edirəm. Dünya teatr prosesindəki yeniliklərdən xəbər tutmağa, ya da hansısa dərman, müalicə üsulu haqqında məlumat almağa çalışıram.

 

"İndi də böyük sevgi yaşayıram"

 

- Son zamanlar internetlə tanış olub evlənənlərin sayı artıb. Münasibətiniz necədi belə tanışlıq formasına?

- Elədi, mən belə cütlüklər haqqında eşidirəm. Hətta ola bilər ki, o evliliklər uzunömürlü ailələrə çevrilsinlər. Amma türklər demişkən, kişi ilə qadın arasında gərək elektriklənmə baş versin. Yazışmada necə elektriklənmə baş verə bilər? Məncə adi tanışlıq forması daha yaxşıdı. Baxışmaq lazımdı, yazışmaq yox.

- Siz yaşından, cinsindən asılı olmayaraq, demək olar ki, hamının sevimlisisiniz. Əks cinsin bu boyda rəğbətini qazanıb, onu qoruyub-saxlamaq təbiətinizdən gələn, izaha sığmayan cəhətdi. Amma hansısa qaydalar da yəqin ki yox deyil...

- Elədi, uşaqdan-böyüyə kimi mən sevənlər çox olduğunu həmişə görmüşəm. Buna görə hər kəsə hədsiz minnətdəram. O ki qaldı əks cinsin rəğbətini qazanmağa, kişilər deyingən, bir ağıllı olduğunu nümayiş etdirən qadınları xoşlamırlar. Qadın sənət adamının, xüsusən aktrisanın tam mənada xoşbəxt olması isə bir az çətin başa gəlir. Bunun üçün gərək axı sırf qadın xoşbəxtliyi yaşayasan. Xoşbəxtlik isə sevgidi. Sevgi gözün işığıdı. Fərqi yoxdu, qarşılıqlı sevgi olsun, ya qarşılıqsız, əsas odur ki, sevməyi bacarasan. Niyə aktrisalar çətinliklə ailə qururlar? Çünki aydınlaşdırmaq çətindi - evlənmək təklifi edən adam bir qadın kimi sənə vurulub, yoxsa sənin sənətinə...

- Həyatınızda böyük sevgi olub, ya da varmı?

- Bəli olub var. İndi böyük sevgi yaşamaqdayam.

 

 

Olaylar.- 2011.- 17 may.- S.12.