Teymurun
özü, Kərbəlayinin səsi, kədərli Novruz hədiyyəsi...
Görkəmli
aktyorumuz Yusif Vəliyevin həyat hekayəti
... O, çoxlarının sevimlisiydi. Həm
sənətinə, aktyorluğuna, həm də xasiyyətinə
görə. Sənətinə kiminsə irad tutmağa
haqqı çatmazdı. Çünki o, çoxdan öz
sözünü demişdi. Azərbaycanda “nəhəng aktyor”
adını qazanan azsaylı sənətkarlardan birinə
çevrilmişdi. Xasiyyətinə görə də onu
sevirdilər. Amma yalnız özü kimilər... Bir də o,
xüsusilə qadınların sevimlisiydi.
Yaraşığına, mavi gözlərinə, cazibəsinə
və əzəmət dolu səsinə görə...
... Onu çoxları həm də
sevmirdi. Tək aktyorluğuna yox, elə xasiyyətinə
görə də. Fitri istedadı, bənzərsiz oyunu bəzi
istedadsızların üzə çıxmasına mane olurdu.
Bəziləri də onu sadəcə özünə rəqib
bilirdi. Elə buna görə də bilərəkdən yolunu
kəsir, irəli getməyə, layiq olduğu zirvəyə
yüksəlməyə imkan vermirdilər.
Bəlkə
doğrudan da dedikləri kimi acıdil idi. Ancaq bu da onun
düzlüyündən irəli gəlirdi. Həqiqəti
sevirdi və onu acı da olsa, bir başa üzə deyirdi.
Heç nədən və heç kimdən çəkinmədən,
qorxmadan. Yaltaq, ikiüzlü ola bilmirdi. Bu da
çoxlarının xoşuna gəlmirdi. Amma həmin sərt,
sözü çəkinmədən birbaşa üzə deyən,
bəziləri üçün hətta kobud olan o insanın
daxilində çoxlarının görə bilmədiyi
başqa biri gizlənirdi - səmimi, əli açıq,
ürəyi yumşaq, əl tutan, haqq tərəfdarı.
Haqsızlığı, ədalətsizliyi qətiyyən qəbul
etmirdi. Qarşılaşanda isə onu unutmaq üçün
içirdi, sərxoş olmaq istəyirdi... Qəribəsi də
odur ki, bu nəhəng aktyor bütün həyatı boyu elə
haqsızlığa düçar oldu. Ömrünün əvvəllərindən
son gününə qədər... Ancaq heç nə onu dəyişə
bilmədi... sınmadı, əqidəsindən dönmədi,
əvvəldən necə tanınırdısa, elə o
cür də dünyadan köçdü - əsl kişi, əyilməz
insan, nəhəng aktyor Yusif Vəliyev kimi...
Həyatın ilk zərbəsi – yetimlik...
1917-ci il
martın 22-də Dərbənddə Abdulla kişinin və
Minaxanımın ailəsində daha bir oğlan
uşağı dünyaya gəlir. Bu uşaq o qədər
gözəl olur ki, hamı onu yaraşıqda Yusifə bənzədir.
Elə ona görə də körpəyə Yusif peyğəmbərin
adını qoyurlar. Yusif ailənin sağ qalan ikinci
oğluydu. Tanrı bu ailəyə bir neçə uşaq
payı göndərmişdi. Amma onların çoxu nədənsə
sağ qalmırdı. Sonda tale onların üzünə
gülür. Ailədə üç oğul - Hüseyn, Yusif
və Niftulla böyüməyə başlayır. Ancaq
çox keçmir ki, həyat özünün ilk amansız
zərbəsini vurur. Bir vaxtlar körpə
qığıltısına həsrət qalan bu ailəni bu dəfə
ata üzünə, ata qayğısına həsrət qoyur.
Və bu üç oğlan uşağı çox erkən
yaşda atasız böyümək məcburiyyətində
qalır. Həmin illər ailə həqiqətən də
böyük çətinliklər yaşayır. Bir tərəfdən
də ananın xəstəliyi çəkdikləri
zülmü birə beş artırır. Hətta anaları o
qədər xəstə olurdu ki, çox vaxt yemək belə
bişirə bilmirdi. Odur ki, yeməyi uşaqlar özləri
bişirirdilər...
Teatrdan cəbhəyə, Şəkidən
Bakıya...
Qardaşlarından
fərqli olaraq Yusif uşaqlıqdan teatra, kinoya maraq göstərir.
Elə bu maraq da onu Dərbənddən Bakıya, Teatr
Texnikumuna gətirib çıxarır. Texnikumu bitirəndən
sonra kurs rəhbəri Həsən Əliyev onları yenicə
açılan Mirzə Ələkbər Sabir adına Nuxa
(indiki Şəki) Dövlət Dram Teatrına aparır. Beləcə,
Yusif Vəliyev aktyor kimi peşəkar səhnəyə ilk dəfə
burada çıxır. Çox keçmir ki, uğur
qazanmağa başlayır, ona böyük rollar həvalə
olunur. Lakin bir neçə ildən sonra o, aktyorluq fəaliyyətinə
ara verir. Könüllü cəbhəyə yollanan aktyor teatr
səhnəsini döyüş meydanına dəyişir.
Ancaq müharibədə az iştirak edir. Yoxluğu teatrda dərhal
hiss olunan aktyoru tezliklə geri çağırırlar... Və
daha bir neçə il burada işləyir. Ta ki teatr
bağlanana qədər. 1948-ci ildə teatr bağlananda Yusif Vəliyev
ailəsini də götürüb Bakıya köçür
və bütün ömrünü,
yaradıcılığını Gənc
Tamaşaçılar Teatrı ilə bağlayır. Bu
teatrın səhnəsində Vaqif (“Vaqif”), Ovod (“Ovod”),
Rüstəm (“Rüstəm və Söhrab”), M.Ə.Sabir
(“Sirli şəhər”), “Hacı Qəmbər” (“Hacı Qəmbər”)
və digər maraqlı, mürəkkəb, unudulmaz obrazlar
yaradır.
“Aktyor Yusif Vəliyev rolu direktor Adil
İsgəndərovdan daha yaxşı səsləndirir”
Yusif Vəliyev
teatrla yanaşı kinoda da silinməz izlər qoyur. Çəkildiyi
filmlərin sayı o qədər də çox deyil,
oynadığı rolları da əsas saymaq olmaz. Amma bu
obrazların hər biri elə böyük ustalıqla
yaradılıb ki, bu gün də tamaşaçıların
yaddaşından silinməyib. Fərəməz (“Zirvə”),
Balıqçı (“Sən nə üçün
yaşayırsan), Şirməmməd (“Sən niyə
susursan?”), Kəndli (“Quzu”), Prorab (“Uşaqlığın son
gecəsi”), Səfərəli (“Bir cənub şəhərində”),
Fəttah (“Arxadan vurulan zərbə”), Halvaçı
(“Qatır Məmməd”), Teymurləng (“Nəsimi”),
Qılınc Qurban (“Tütək səsi”)… bunlar Yusif Vəliyevin
kino qəhrəmanlarıdır. Bir də “Axırıncı
aşırım”da Kərbəlayi İsmayıl. Bu obrazın
adını çəkməmək böyük günah
olardı. Adil İsgəndərovun ifa etdiyi bu rolu Yusif Vəliyev
səsləndirib. Özü də məhz Adil İsgəndərovun
şəxsi istəyi ilə. Heç kim də inkar etməz
ki, kino tariximizin ölməz simalarından biri olan Kərbəlayi
obrazının bu qədər uğur qazanmasının
yarı faizi məhz bu səsin payına düşür. Maraqlısı
da orasındadır ki, bu iki böyük sənətkarın
şəxsi münasibəti soyuq olsa da, Adil İsgəndərov
bütün oynadığı rolları Yusif Vəliyevin səsləndirməsini
istəyirmiş: “Aktyor Yusif Vəliyev rolu direktor Adil İsgəndərovdan
daha yaxşı səsləndirir”. Hətta Topal Teymur roluna da əvvəl
Adil İsgəndərov çəkilməli idi. Amma onun təkidi
ilə bu obrazı Yusif Vəliyev yaradır. Təbii ki, Adil
İsgəndərov Yusif Vəliyevin aktyorluq imkanlarına
çox yaxşı bələd idi. Ancaq nədənsə
“Azdrama”ya rəhbərlik etdiyi müddətdə Yusif Vəliyevin
o teatrda işləməsinə həmişə etiraz edib...
Özündən 12 yaş böyük
xanımla ailə qurur
Yuxarıda
da qeyd etdiyimiz kimi, Yusif Vəliyev peşəkar aktyor fəaliyyətinə
Şəki teatrında başlayır. Amma bu teatr tək onun
yaradıcılığında yox, elə şəxsi həyatında
da bir dönüş nöqtəsinə çevrilir. Yenicə
işləməyə başladığı vaxtlarda teatrda
geyim ustası işləyən Rəbiyyə xanımla
tanış olur. Tezliklə bu tanışlıq dostluğa,
ardınca məhəbbətə çevrilir. Nəhayət,
cütlük birlikdə yaşamağa qərar verir.
Aralarındakı yaş fərqinə baxmayaraq. Daha dəqiqi,
Rəbiyyə xanım Yusifdən düz 12 yaş böyük
idi. Yusifinsə heç 20 yaşı tamam
olmamışdı. Ancaq bu yaş fərqinə rəğmən
onların arasında böyük sevgi vardı. Yəqin elə
bu sevgiyə görə də onlar rəsmi nikaha girməyə
belə ehtiyac duymurlar. Münasibətləri rəsmiyyətə
çevirmədən Şəkidə ər-arvad kimi bir evdə
şad-xürrəm yaşayırlar. Hətta Yusif Vəliyev
1948-ci ildə ailəsi ilə birlikdə Şəkidən
Bakıya köçəndə onun artıq 10 və 12
yaşında iki qızı vardı – Naira və Natəvan...
Cəmi bir il sürən ikinci ailə həyatı
Bakı
mühiti aktyorun fəaliyyətində xeyli müsbət irəliləyişlər
yaradır. Tezliklə Yusif daha çox tanınmağa, sevilməyə
başlayır. Yaratdığı obrazların, onu sevən və
sevməyənlərin sayı artır. Bu arada həyat ona daha
bir zərbəsini endirir. Çox sevdiyi Rəbiyyə
xanımın beyninə qan sızır... və o,
ömrünün sonuna qədər bu xəstəliyin fəsadları
ilə yaşayır. Elə bu səbəbdən Yusif Vəliyev
ikinci dəfə ailə qurmaq məcburiyyətində
qalır. Bu dəfə də xanımı işlədiyi
teatrdan seçir. Həmkarı, Gənc
Tamaşaçılar Teatrının aktrisası Sona
Pirverdiyeva ilə ailə qurur. Amma hansısa səbəbdən
bu ailənin ömrü çox az olur – cəmi bir il...
Üçüncü, əbədi məhəbbət...
1965-ci ildə
isə 48 yaşlı Yusif Vəliyev yeni, böyük və bu
dəfə əbədi olacaq bir məhəbbətlə
qarşılaşır. Teatrda yenicə işə
başlamış özündən 22 yaş kiçik olan gənc
aktrisa Zemfira Sadıqovaya aşiq olur və onların
arasında böyük bir sevgi macərası başlayır.
O vaxta qədər Zemfira xanım artıq bir dəfə ailə
qurmuşdu. 18 yaşı olanda sevdiyi qonşusuna ərə
getmişdi. Lakin ixtisasca mühəndis olan həyat
yoldaşı çox erkən vəfat edir və bu izdivacdan
onun oğlu Pərviz yadigar qalır. Əməkdar artist Zemfira
Sadıqova Yusif Vəliyevlə tanış olduqları ilk
vaxtları belə xatırlayır: “Mən 1965-ci ildə Mədəniyyət
İnstitutunu qurtarıb Gənc Tamaşaçılar
Teatrında işləməyə gəldim. Təxminən
bir-iki aydan sonra biz artıq görüşməyə
başladıq. O, ilk gündən mənə deyirdi ki, “gəl,
münasibətlərimizi rəsmiləşdirək”.
Doğrusu, mən qorxurdum. Çünki xeyli yaş fərqimiz
vardı. Mən onun kiçik qızı ilə yaşıd
idim, məndən 22 yaş böyük idi. Ancaq mən onunla
görüşəndə birinci həyat yoldaşının
sağ olduğunu bilmirdim. Teatrda isə Yusifdən çox
çəkinirdilər deyə, bu barədə mənə
heç nə deməmişdilər. Mən eşidəndi ki,
Rəbiyyə xanım xəstə də olsa, sağdı,
çox pis vəziyyətə düşdüm, stress
keçirdim. Və Yusifdən ayrılmaq qərarına gəldim.
Həmin il də məni Yerevan teatrına dəvət
etmişdilər. Bu təklif Yusifdən ayrılmaq
üçün mənə bir bəhanə oldu.
Razılığımı verdim, anamı və oğlum Pərvizi
götürüb Yerevana getdim. Amma orda da mənə o qədər
zənglər edirdi, necə məktublar yazırdı... Biz
bir-birimizi çox sevirdik. Hər dəfə onunla
danışanda, məktubunu alanda ağlayırdım. Ürəyim
onu istəyirdi, amma ağlımla başa
düşürdüm ki, olmaz, onun birinci xanımı
sağdı. Yusif özü də məni dəfələrlə
başa salırdı ki, “bəs mən niyə ikinci dəfə
evləndim? Rəbiyyə xanım xəstədi, vəziyyəti
ağırdı”. Amma mən elə hesab edirdim ki, o qadına
bunu etməyə ixtiyarım yoxdu. Təsadüfdənmi, ya zərurətdənmi
o aralar məni “Torpaq, dəniz, od, səma” filmində çəkilməyə
çağırdılar. Onda Bakıya gəldim. Yusif məni
tapdı, dedi “daha səni heç yerə buraxmayacam”. Mənim
də ayrılığa dözümüm
qalmamışdı. Odur ki, biz nəhayət birlikdə olmaq qərarına
gəldik. Yusif bacımın, ana-atamın yanına gəldi,
münasibətlərimizdən danışdı. Bacım
etiraz etdi ki, “səndən çox böyükdü”. Anam dedi
“eybi yoxdu, qocaya gedən quyruq yeyər, cavana gedən yumruq””.
İki ildən sonra rəsmi nikaha girirlər
Beləcə,
fikir ayrılığına baxmayaraq, ailəsi onların
birlikdəliyinə razılıq verir. Və bu cütlük həyatlarını,
sevgilərini, evlərini paylaşmağa başlayır. Rəsmi
nikah kağızı olmadan... “Mən özüm onunla zaksa
getmirdim. Fikirləşirdim ki, axı nə mənası var,
sevgi belə şeylərə baxmır”, - deyir Zemfira
xanım. Amma bir müddət sonra
çalışdığı radioda ona deyilən söz
fikrini dəyişdirməyə yetərli olur. O sözdən
sonra Zemfira Sadıqova və Yusif Vəliyev rəsmi nikah
bağlayır: “Mən radioda işləyəndə Yusif
özü hər dəfə mənim dalımca gəlirdi,
qeydimə qalırdı, paltomu geyindirirdi və biz birlikdə
evə gəlirdik. Ancaq çoxları buna pis yanaşdı.
Bir qız isə mənə çox iyrənc sözlər
dedi, indi o sözləri dilə gətirməyə belə
utanıram. Bundan sonra mən fikrimi dəyişdim. Yusif dedi
“axı mən sənə demişdim belə olmaz. Təmiz
adam elə bilir hamı təmizdi, çirkli elə bilir
hamı çirklidi. Gəl rəsmiləşdirək, sən
də rahat ol”. Məhz bu cür söz-söhbətlərə
son qoymaq məqsədilə biz düz iki ildən sonra nikah kəsdirdik.
1967-ci ildə. Uşağımız isə 5 ildən sonra
dünyaya gəldi. O vaxta qədər mən uşaq istəmirdim.
Çünki Rəbiyyə xanım sağ idi. Həmişə
fikirləşirdim ki, o eşitsə, mənim övladım
olub, ona çox pis təsir edər. Onsuz da xəstədir.
Bilsə ki, Yusifin evləndiyi qadından uşağı var,
bu, ona daha böyük mənəvi zərbə ola bilər.
Buna görə 5 il bizim uşağımız olmadı.
Yalnız Rəbiyyə xanım rəhmətə gedəndən
sonra bizim Bahar dünyaya gəldi. Yusif övladının
olmasını çox istəyirdi. Özü də oğlan
arzusundaydı. Bir gün Yusifə dedim bilirsən nə var, əgər
Allahın yanında sənin hörmətin varsa, qoy sənə
oğul versin, mənim hörmətim varsa, qoy Allah mənə
qız versin. Ya qismət... Amma mən onu çox sevirdim.
Dünyada heç vaxt heç kimi Yusif qədər sevməmişəm.
Məndən 22 yaş böyük olsa da, mən bu yaş fərqini
heç vaxt hiss etməmişəm. Sevgi həqiqətən də
yaşa baxmırmış. 30 ildən çoxdur vəfat
edib. Amma yoxluğunu hələ də hiss edirəm. O, mənə
tək ər olmayıb. Dost, yoldaş, yol göstərən
olub, yolda necə yerimək lazımdı, onu da deyib. Mən
ona ərə gedəndə yemək bişirməyi bilmirdim.
Bir borş, bir də kotlet bişirirdim. O, mənə hətta
yemək bişirməyi də öyrətmişdi”.
“Yusif “Azdrama”ya getsəydi, orada rəqabət
çox güclü olacaqdı”
Həyat
yoldaşı deyir ki, Yusif Vəliyev çox qeyri-adi bir insan
idi. Ağa ağ, qaraya qara deyərdi. Cavanları çox
sevirdi. Hamı onunla işləmək istəyirdi.
Çünki ondan öyrənəcəkləri çox
şey vardı. Həm də o, başqaları kimi, cavanlara
qarşı qısqanclıqla yanaşmırdı. Səhnədə
çox tələbkar, məsuliyyətli idi. Vaxtlı
vaxtında işində olardı mütləq, gecikməzdi.
Onun aktyorluğuna kiminsə şübhə etməyə
ixtiyarı belə çatmırdı. Çünki hər
şey göz qabağındaydı. Hamı da bilirdi ki, onun
potensialı Akademik Dram Teatrı üçün idi, o, məhz
akademik səhnəyə çıxmağa layiq idi. Ancaq burda
da haqsızlığa düçar olur. Onu “Azdrama”ya getməyə
qoymurlar. Hətta Tofiq Kazımov şəxsən onu teatra dəvət
etmişdi. Özü də orada işləməyi çox
istəyirdi. Amma Gənc Tamaşaçılar Teatrının
baş rejissoru Zəfər Nemətov getməyə icazə
vermir, deyir, “sən burdan getsən, gərək bütün
teatr bağlana”. Əslində “Azdrama”nın kişi
aktyorları da bunu cani dildən istəmirdilər: “Mən deyərdim
ki, o aktyorların paxıllığı buna imkan vermədi.
Çünki onlara çox güclü rəqib gəlirdi.
Yusif “Azdrama”ya getsəydi, orada rəqabət çox
güclü olacaqdı. Çünki Yusif çox
istedadlı aktyor idi. Ümumiyyətlə, ona qarşı
çox böyük ədalətsizliklər oldu. Daim
haqsızlıqlarla qarşılaşdı. Amma heç vaxt
heç kimə ağız açmadı, qapı döymədi,
yalvarmadı, əyilmədi”.
Mədəniyyət naziri aktyoru
tanımayıb...
Yusif Vəliyev
ömründə bircə dəfə xahiş
üçün mədəniyyət nazirinin yanına getdi. O
da evlə bağlı problemini həll etmək məqsədilə.
İllər sonra aktyora, nəhayət, mənzil vermişdilər.
O da lifti olmayan binanın 9-cu mərtəbəsində. “Ürəyi
xəstə adamam, çıxıb düşə bilmirəm”,
- deyir aktyor. Və dişi bağırsağını kəssə
də, qürurunu bir kənara qoyub nazirin qəbuluna gedir. “Bəlkə
evimi aşağı mərtəbədəki mənzillərdən
birinə dəyişərlər” ümidi ilə... Aktyorun
nazirdən etdiyi ilk və son xahişi yerinə yetmir. Hətta
deyilənlərə görə, bütün xalqın
tanıdığı o böyük aktyoru nazir heç
tanımayıbmış...
“Yusif öləndən sonra başıma
oyun açdılar...”
Xalqın
artisti olan Yusif Vəliyevə “Xalq artisti” fəxri adı da
çox gec verildi. Ölümündən bir il qabaq. Onda aktyor
bu adı aldığına heç sevinməmişdi də.
“Nəyimə lazımdı, ondansa maaşımı
artırardılar”, - demişdi. Əslində o, daxilən
çox incimişdi. Layiq olduğu qiyməti vaxtında ona
vermədiklərinə görə. Müxtəlif zamanlarda ona
haqsızlıqlar etdiklərinə görə. Artıq bu o
zamanlardı ki, Yusif Vəliyev səhnəyə demək olar
ki çıxmırdı. Daha doğrusu, imkan vermirdilər,
şərait yaratmırdılar. Oynadığı
tamaşaları repertuardan çıxartmışdılar:
“Ağakişi Kazımov teatra baş rejissor gələndən
sonra onun bütün tamaşalarını repertuardan
çıxardı, bir yeni rol vermədi. Sənəti, səhnəni
dəlicəsinə sevən bir aktyor belə halda necə
yaşaya bilərdi?! Onu yaşadan səhnə,
oynadığı tamaşalar idi. Ancaq Ağakişi
Kazımov Yusifin necə sənətkar olduğunu bilə-bilə
onu tamaşalardan uzaqlaşdırdı, səhnədən məhrum
etdi. Yusif öləndə demişdim ki, Ağakişi onun qəbrinin
üstündə danışmasın. Amma o,
danışdı. Hələ bu azmış kimi, Yusif öləndən
sonra da mənim başıma oyun açdılar. Onlar bizdən
aşağı mərtəbədə yaşayırdılar.
Yoldaşı, cuhud qızı hər dəfə mənə
rast gələndə ağzına gələn
söyüşləri söyürdü, təhqir edirdi.
Özü də məndən 10 yaş kiçik idi. Səbəbini
də bilmirəm ki, niyə belə eləyirdilər. Mən də
iki uşaqla, bir də anamla yaşayırdım. Axırda
qonşular yığışıb polisə şikayət ərizəsi
yazdılar. Getdik polisə. Əvvəl Ağakişi girdi
içəri. Yəqin ki, pis şeylər danışdı.
Sonra mən girdim. Mənimlə söhbət edəndən
sonra kimin kim olduğunu başa düşdülər. Polis
onları içəri çağırıb dedi: “Ayıb
olsun sizə. Bu danışıqlar kişiyə yaraşmaz.
Görmürsüz necə ziyalı qadındır”. Dedi və
onları otaqdan qovdu”.
“Məni qucaqlayıb çoxlu
öpdü, sonra da hönkürüb ağlamağa
başladı”
Təbii ki,
bütün bu ədalətsizliklər, ona vurulan zərbələr
təsirsiz ötüşə bilməzdi. Bu da mənfi təsirini
səhhətində göstərdi. Ürəyi dözə
bilmədi və xəstəlik tapdı. Sağalmaq əvəzinə,
ildən-ilə irəlilədi və axırda... Son vaxtlar isə
ürəyi heç sözünə baxmırdı, onu yaman
incidirdi. Hətta vəziyyət o yerə gəlib
çatdı ki, aktyoru xəstəxanaya yerləşdirməyə
məcbur oldular. Düz iki ay xəstəxanada yatdı.
Qış qurtardı, bahar gəldi və çox sevdiyi
bayrama az qaldı - Novruz bayramına: “Martın 17-si yenə xəstəxanaya,
yanına getdim. Amma həmin gecə qəribə bir yuxu
gördüm. Yusif qara kostyumda içəri girdi. Əlində
də sellofan var, içi dolu dərmanla. Dərmanların
arasında “Aspirin” sözünü oxudum. Dedi “indi bayrama gəlmişəm,
ayın 20-də gedəcəyəm”. Çox pis vəziyyətdə
ayıldım yuxudan. Həmin bayram da Yusif xəstə
olduğu üçün heç nə bişirmək istəmirdim.
Amma Yusif qoymadı, məcbur etdi ki, bişir. Çünki biz
hər il mütləq Novruz şirniyyatı bişirirdik.
Özü də Novruz bayramını çox sevirdi. 17-si
bişirdiyim bayram şirniyyatlarından yığıb Baharla
yanına getdik. Söhbətləşdik... Yuxumu da ona
danışdım. Məni möhkəm qucaqlayıb,
çoxlu-çoxlu öpdü, sonra da hönkürüb
ağlamağa başladı. Birinci dəfəydi onu
ağlayan görürdüm. Dedim “Yusif, narahat olma, bir az da
döz, az qalıb. Sabah konsilium olacaq, görək nə deyirlər
axı”. Gəldik evə. Sabah saat 2-də yenə getməliydim.
Xəstəxanaya gələn kimi dedilər baş həkimin
müavini sizi çağırır. Getdim yanına.
Başqa-başqa mövzulardan danışmağa
başladı. Birdən xəstəxananın işçilərindən
biri içəri girib soruşdu ki, mərhumun pasportunu gətirdiz?
Onda başa düşdüm ki, Yusif artıq yoxdu...
Ağlamadım, ağlaya bilmədim. Elə yerimdəcə
donub qaldım ki, axı necə ola bilər? Demə, səhər
durub çayını içib, çörəyini yeyib,
siqaretini çəkib, elə oturduğu yerdəcə rəhmətə
gedib”.
Beləcə,
Yusif Vəliyev 1980-ci ildə 63 yaşına 5 gün, çox
sevdiyi Novruz bayramına 2 gün qalmış, bu əziz
günü qeyd edə bilmədən həyatla
vidalaşdı. Vida mərasimi isə evində oldu. Teatrda
keçirilməsinə Zemfira xanım özü icazə vermədi.
Deyir, “xalq artisti olsa da, heç ikinci Fəxri Xiyabanda da dəfn
etmədilər. Mənə çatan xəbərə görə
deyiblər ki, o, buna layiq deyil. Dedim əgər layiq deyilsə,
onda qoy cənazə də öz evindən getsin, teatrdan yox”. Cənazəsi
isə 3 gün evdə saxlanıldı. Böyük
qızı xaricdən gəlib atası ilə
vidalaşsın deyə. Və yuxu çin
çıxdı... Yusif Vəliyev martın 20-də Novruz
bayramı günü torpağa tapşırıldı. “Qurd
qapısı” qəbiristanlığında...
Olaylar.- 2011.- 14 oktyabr.- S.10.