Naxçıvan "Əshabi - Kəhf"i

Pedaqoji uşaq mətbuatın tarixinə aid silsilə yazılar hazırlayarkən "Maarif" jurnalının 1921-ci ilə aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim.Müəllifi Kərim İsmayılzadə idi.

Kərim İsmayılzadə Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il məzunlarındandır. (Nəriman Nərimanov da Qori seminariyasını 1890-cı ildə qurtarmışdır).

"Kəşkül" qəzetinin 29.08.1890-cı il tarixli 109 -cu nömrəsində verilən xəbərə görə həmin il seminariyanı qurtaranların cərgəsində Nəsənzadə, Qiyasbəyzadə, Qaibzadə,salyanlı Axundov da olmuşdur.Seminariyada onların ana dili şəriət müəllimi Salyanlı Axund Əbdüssəlam Axundzadə (1843-1907) olmuşdur. Bu, o Ədüssəlam Axundzadədir ki, 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi.Ə.Axundzadə 1894-cü ildən ömrünün sonunadək Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri, Zaqafqaziya şeyxülislamı olmuşdur. N.Nərimanov sonralar yazırdı ki."Qori Seminariyasında elmini tamam edib, indi qələm tutan 5-3 nəfər varsa , axund Əbdüssəlamın tərbiyəsinə bağlıdır.

Kərim İsmayılzadə haqqında məlumatlar olduqca azdır. Sovetlər dağılandan sonra biz XIX əsrin maarifçilik tarixinin əsas mənbələrindən uzaq düşmüş, adda-budda mənbələrdən faydalanaraq bəzi tarixləri ictimai-siyasi həyatımızın əks olunduğu, ilişib qaldığı təsadüfi məxəzlərdən öyrənməli olmuşuq.

Kərim İsmayılzadə seminariyanı bitirəndən sonra bir müddət Vedidə müəllim işləmişdir.Qafqaz Təhsil Dairə rəhbərliyinin əmri ilə o, 15 sentyabr 1892-ci ildə Hehrəm kənd məktəbinə müəllim təyin olunmuşdur. Kərim müəllim burada cəmi 2 il müəllim işləyir. Kərim müəəllim Hehrəmdə işləyərkən bu kəndin tarixi keşmişi, etnoqrafiyası haqqında iri həcmlı əsər yazır. K.İsmayılzadənin "Maarif" jurnalında çıxan "Ölən şəhər" yazısı da bu əsərdəndir. Bu əsər çap olunanda K.İsmayılzadə Bakı məktəblərində çalışırdı.O, pedaqojiuşaq mətbuatında hesab fənninə , o vaxtlar dəbdə olan elm və təbiət tarixinə aid aid maraqlı yazıları ilə gənc oxucuların və müəllimlərin bədii, elmi riyazi təfəkkürünü zənginləşdirirdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, XIX əsrin əvvəllərində Azərbaycanın maarifçilik həyatında məktəb müəllimləri əhəmiyyətli yer tuturdular. Mustafa Mahmudov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyob,Ağa bəy İsrafilbəyli, Cəmo bəy Cəbrayılbəyli, Abdulla Şaiq, Fərhad Ağazadə, Nəriman Nərimanov, Əliisgəndər Cəfərzadə , Mahmud bəy Mahmudbəyov və başqaları zəngin və rəngarəng ziyalılıq mədəniyyəti ilə nümunəvi vətəndaş kimi tanınırdılar.Təsadüfi deyil ki, onların çoxu sonralar Xalq Maarif Komissarlığına dərslik və nəşriyyat şöbəsinə işləməyə dəvət olunmuşdular. Mətbuat tariximizdə özünə şərəfli yer tutan "Maarif" , Qırmızı günıəş, "Rəhbər", Məktəb məcmuəsi " kimi uşaqpedaqoji mətbuat nümunələri sinifdənxaric oxu kitabları kimi nəzərdə tutulmuşdu. Bu məcmuə və jurnalların əsas məqsədlərindən biri sözü simvol rəmzlərlə söyləməyə xidmət edirdi. Mənə elə gəlir ki, "Ölən şəhər"də diqqət bu məqsədə yönəldilmişdir.

...Bu mövzunu çoxdan işləmək istəyirdim: ölçürdüm, biçirdim, forma axtarışlarına çıxırdım. Dillərini bilsəm də, bilməsəm də dünya "GOOGLE"lərinə üz tuturdum. Yaxşı mənada bir ilişiklik axtarırdım.

Nə isə... Sirlərlə, rəmzlərlə, söz içində söz deməyin yüz yolunu göstərən bu yazını oxucuların diqqətinə çatdırıram.

***

 

Kərim İsmayılzadənin 1921-ci ildə "Maarif" jurnalında çap olunan "Ölən şəhər" adlı əsəri dünyanın bir sıra ölkələrində gəzib dolaşan "Əshabi-kəhf" (buna "hekayə" də, rəvayət də deyirlər) adı ilə tanınan əsərin nəzirəsidir. Əsərdə zalım və allahlıq iddiasımda olan ölkə başçısının əlindən dağlardakı mağarada özlərinə sığınacaq tapmış yeddi nəfərin taleyindən söz açılır.

"Ölən şəhər" əsərinin ərəb yazıçısı İmat əl-Şafenin "Əshabi-Kəhf" hekayəsi əsasında yazıldığı güman edilir.

"Əshabi-Kəhf"in müxtəlif variantları var.

****

Ölən şəhər ( Naxçıvanın "Əshabi-Kəhf"İ -N.N. )

 

Naxçıvan şəhərinin 12 verstliyində Hehrəm kəndinin yanında bir böyük düzən vaqedir. Bu düzəndə keçmişdə böyük məmur (tikintili-N.N.)şəhər olmağı ənqazindən (xaraba,tör-töküntü-N.N.) aşkardır: xaraba divarların altından dəfaətlə gümüş mis pul, mis qab tapılır. Xərabələr qazıldıqda yer altından parçaçı dükanları çıqıyur. Hehrəmlilər xarabaları qazub bişmiş kərpiçləri öz tikintilərinə işlədirlər Bu kərpiç öylə əla kərpiçdir ki, əsrimizdə misli yoqdur. Topraq altından çıqan parçaçı dükanlarında ğəribə ipək yun qumaş görünyor. Lakin bu qumaşlara əl vurduqda çürüyüb topraq olmağı aşkar oluyor. Ətraf əhali bu xərabələrə "Ölən şəhər" deyirlər böylə bir əsatir nəql edərlər.

Həzrət İsanın təvəllüdündən neçə qərinə qabaq burada böyük gözəl bir şəhər var imiş. Bu şəhərin padşahının adı DAĞYANUS imiş. Dağyanus zalım məğrur təkəbbürlü bir padşah imiş. Özü üçün kərpiçin biri qızıldan, biri gümüşdən bir saray yapdırmış adını da behişt ( cənnət-N.N.) qoymuş. Kibr (lovğalıq-N.N.) ğüruru bir payəyə (burada: mərtəbəyə-N.N.) yetmiş ki, özünü məbud (Allah-N.N.) sanub təəbəsini çəbrən özünə səcdə etdirərmiş. Sübh gün çıxanda axşam gün batan zamanı gözəl, cavan qız oğlanlar nəğmələr ilə Dağyanusun üluhiyyətini (allahlılığını-N.N.) vəsf edərlərmiş.Kəndisi libası saqqalı cəvahrat ilə məəzzin olduğu halda, müğənnilərin önündə durarmış. Çıxan ya batan günəşin şüası düşdükdə bu bu şah əksandaz olub cəbrən səcdə üçün toplanmış əhalinin gözlərini qamaşdırarmış. Bunu hiss edən əhali səcdəyə düşüb, deyərlərmiş:

" Həqqa , sən bizim tanrımızsan".

Dağyanus Aras çayının kənarında bir makina inşad etdirmişdi ki, istədigi vəqt bu makina vasitəsilə yağış yağdıra bilərdi. Quraqlıq keçən illərdə əhalinin ricası üzrə ətrafə yağış yağdırıb bu yol ilə əvamlar qəlbində üluhiyyətini möhkəmləşdirərdi.

Üluhiyyətini inkar edən, asi düşən adamları cürbəcür aqibətlər ilə cəzalandırardı. Bununla belə üsyançıların sanı gün-günən artmaqda idi. Axırda əhali bunun zülmündən, ğururindən təngə gəlib üsyan qaldırdı,inqilab törətdi.Süləhadan(ixtiyarı olanlardan-N.N.) yeddi nəfər xalqın arasında Dağyanusun məxluq zülm məğərru bir hakim olmasını söyləyürdü. Dağyanus inqilabçıları olmazım əzablar ilə cəzalandırıb inqilabı yatırtdı.

Yeddi nəfər süləha bir tövr ilə xilas olub yaxında olan bir mağarada gizləndilər. Örümçəklər bu mağaranın tor çəkib orada gizlənən süləhanı xəlqin gözündən gizlətdilər. Bu yeddi kişi mağarada yatıyor. Bu minval ilə iki yüz ilə yuqlayır. Yuquya vardıqdan bir az keçməmiş Dağyanusun zülmilə bina olunmuş höküməti, şəhəri,qəsri düşmən alanda müzməhill (alt-üst-N.N.) oluyor.

İndi yüz yıldan sonra məğarada yatan yeddi kişi yuxudan ayılur.

Biri:"Bahçox yatmışıq" deyüb Allaha ibadət etməyi Dağyanusun zülmündən xilas olmağın şükrini (minnətdarlığı-N.N.) yerinə yetirməgi təklif ediyor. İbadətdən sonra bunlar aclıqlarını hiss ediyorlar. Ciblərində olan qara puldan bir qədər yoldaşların birinə verüb Naxçıvana çörək almaq üçün göndərürlər.

Bu adam Naxçıvana gəlüb çörəkçidən çörək alur və cibindəki pulu çörəkçiyə veriyor. Çörəkçi diqqət ilə pula baxdıqda görüyor sikkə Dağyanus sikkəsidir . A kişi,-deyir,-bu Dağyanus sikkəsidir, yəqin sən Dağyanusun sikkəsini tapmısan . İki yüz yıl var ki, bu pul ortalıqdan çıxmış".

Bunların bu danışığına adamlar toplanur. Hakimə xəbər gediyor ki, bir kişi Dağyanusun xəzinəsini tapmış, pulları da bazarda xərc ediyor. Hakim bu adamı dutmaq üçün fərraşlar göndəriyor. Nə isə bir tövr ilə bu adam qaçub mağaraya yoldaşlarının yanına gəlür və əhvalatı söyləyür.Bunlar qorquya düşüb Allah təaladan istiğaşə (yardım-N.N.) ediyorlar ki, bunları bu yeni düşməndən xilas etsün. Bu yeddi nəfər gözdən gözdən ğayib oluyor. O vəqtdən bəri bu kişilərə "ƏSHABİ KƏHF", mağaraya "Əshabi-Kəhf mağarası" deyürlər. Hər il ətraf əhali bəlafərq ( fərq qoymadan-N.N.) məzhəb bu mağaraya ziyarətə gediyorlər.

Kərim İsmayılzadə

 

Nazim Nəsrəddinov

 

Olaylar.- 2013.- 26 dekabr.- S.13.