Bakıda "Teatr sənətinin multikulturalizm

-universal dəyərlər sistemində yeri" mövzusunda

III Bakı Beynəlxalq Teatr Konfransı keçirilir

Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı start götürüb.

Konfransın rəsmi açılış mərasimində Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbulfəs Qarayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdula, təhsil naziri Mikayıl Cabbarov və başqa rəsmi şəxslər də iştirak edib. Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, xarici qonaqların iştirak etdikləri konfransda əvvəlcə birinciikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən videomaterial nümayiş olundu. Beynəlxalq teatr konfransını açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının inkişaf yolundan danışıb. Nazir bildirib ki, Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycanın mədəni həyatında önəmli hadisədir və ictimaiyyət tərəfindən maraqla izlənir. Nazir belə tədbirlərin Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə əyani sübut olduğunu söyləyib. Konfransda dünyanın 45 ölkəsindən teatr nümayəndələrinin iştirak etdiyini deyən nazir bildirib ki, əsas məqsəd yaradıcı, qarşılıqlı anlaşma çərçivəsində çağdaş teatrın problemlərinə yardımçı olmaqdır. Nazir bildirib ki, tarixin bütün inkişaf dönəmlərində teatrın can atdığı əsas məsələ ünsiyyət problemidir. Bildirib ki, o teatr ki, öz tamaşaçısı ilə dil tapır, təmas qura bilir, həmin teatr rəqabətə tab gətirməyə, yaşamağa qadirdir: Azərbaycanda teatr sənətinin çox qədim və zəngin tarixi vardır. Dahi mütəfəkkir M.Fətəli Axundzadə tərəfindən dram əsərlərinin yaradılması xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Hazırda ölkəmizdə 26 dövlət teatrı, Bələdiyyə və özəl teatr fəaliyyət göstərir. Ə.Qarayev son illər ölkəmizdə yeni teatr təsisatlarının yaradılmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb və bu istiqamətdə "ÜNS" Yaradıcılıq Səhnəsinin fəaliyyətini xüsusi vurğulayıb.

Qeyd edib ki, teatr Azərbaycanda bir çox estetik və mənəvi missiyaları daşıyan, geniş kütlələrin rəğbət bəslədiyi ən önəmli incəsənət sahələrindən biridir: Təcrübə göstərir ki, canlı təmasda yaradıcılıq ünsiyyət, davamalı dialoq mədəni həmrəyliyin inkişafına təsir göstərən etibarlı vasitələrdən biridir. Nazir dövlət tərəfindən teatrın inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin teatr sənətinə böyük diqqət göstərdiyini deyən nazir milli mədəniyyətimizin inkişaf yolunun bilavasitə onun adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, hazırda Ulu Öndərin müvafiq strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə teatrın inkişafına dair müxtəlif sənədlər qəbul olunub. Azərbaycan teatrı hər zaman xalqımızın milli-mədəni dəyərlərinin qorunması, təbliği, mütərəqqi ideyaların aşılanması işinə xidmət edib: Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq edib. Bu proqram Azərbaycan teatrının zəngin bədii irsinin qorunması, ümumbəşəri və milli dəyərlərin təbliği, teatr sahəsində islahatların aparılması, teatr sənətinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi, milli teatr sənətinin inkişafı, yeniləşməsi və beynəlxalq teatr məkanında layiqli yer tutması məqsədlərinə xidmət edir. Son illər dövlət sifarişi ilə hazırlanan tamaşalara quruluş vermək üçün dünyanın müxəlif ölkələrindən yalnız bir ildə 28 nəfər əcnəbi rejissor, baletmeystr, teatr rəssamı və digər mütəxəssislər cəlb olunduğunu deyən nazir Ermənistanının işğalçılıq siyasətinin verdiyi acı nəticələrə də toxunub: 1988-ci ilin fevral ayından başlayaraq respublikamıza Ermənistan tərəfindən təcavüz həyata keçirilir. Ermənistan respublikasının hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında beynəlxalq konvensiyaların müddəalarını kobud surətdə pozduğunu və Azərbaycanın mədəni nümunələrini taladıqlarını bildirib: Hərbi münaqişə zamanı xalqımızın mədəni irsinə aid olan tarixi və mədəniyyət abidələri qəsdlə dağıdılmışdır. 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə dağıdılmışdır. Talan edilən muzeylərdən 40 mindən artıq qiymətli əşya oğurlanmışıdr. Bu dağıdıcı proseslər Azərbaycan teatr sənətindən də yan keçməyib. Ermənistanın zorakılıq siyasəti və hərbi təcavüzü nəticəsində Şuşa Musiqili Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Teatrı, İrəvan Azərbaycan Dövlət Teatrı qaçqın düşüb. Teatrların yerləşdiyi binalar dağıdılıb, yandırılıb, əmlakı talan edilib. Bütün çətinliklərə baxmayaraq bu teatrların bu gün də fəaliyyəti davam etdirilir. Ölkə başçısının sərəncamı ilə yeni binalar tikildi. Şuşa teatrının bərpasına başlayırıq. Biz inanırıq ki, torpaqlar qayıdacaq və teatrlarımız orada öz tamaşaçılarına dəyərli səhnələri təqdim edəcəklər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev çıxışında bu teatr konfransının multikultral dəyərlər mövzusunda keçirilməsini son dərəcə əhəmiyyətli və qanunauyğun hal olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti multikultural dəyərlərə sadiq şəkildə yaşayır və inkişaf edir. Qeyd edib ki, bu gün Azərbaycan hər bir ləyaqətli dünya vətəndaşı üçün multikultural vətənə çevrilib. Azərbaycanın öz multikulturalizm təhlükəsizliyini yaratdığını deyən K.Abdullayev: Bu gün Azərbaycanın ən ucqar nöqtəsində belə multikulturalizmə nail olunubsa, bu, xalqımızın uzun əsrlərdən gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir deyə vurğulayıb. Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) baş katibi Jan Trüdo bu konfransın müvafiq sahədə əməkdaşlığa böyük imkan yaratdığını, çağdaş teatrımızda hamımız üçün faydalı olacağını söyləyib. Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) prezidenti xanım İvet Hardi konfransa müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcəyini bildirib.

Qeyd edək ki, bu il artıq üçüncü dəfədir ki, Bakıda müasir dövrün teatr problemlərinə həsr olunan beynəlxalq konfrans keçirilir. "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda konfransda 50-dək dövləti 150-dən artıq mütəxəssis təmsil edir. Rusiyadan, Türkiyədən, İtaliyadan, Hollandiyadan, Litvadan, İspaniyadan, Ukraynadan, İrlandiyadan, Mərakeşdən, Suriyadan, ABŞ-dan, Böyük Britaniyadan, Almaniyadan, Makedoniyadan, Macarıstandan, Birləşmiş Ərəb Əmirliklərindən, Belarusdan, Bolqarıstandan, Gürcüstandan, İsraildən, Yunanıstandan, Estoniyadan, Avstriyadan, Fransadan, İsveçdən, Hindistandan, Rumıniyadan, Cənubi Afrika Respublikasından, Avstraliyadan təşrif buyurmuş qonaqlar teatr sənətinin bu günü və sabahı haqqında fikir mübadiləsi aparacaqlar. Beynəlxalq konfrans öz işini noyabrın 6-da yekunlaşdıracaq.

 

Aygün

 

Olaylar.- 2014.- 6 noyabr.- S.3.