“Vətəndən kənarda ilk Azərbaycan

icmaları məhz şərq ölkələrində yaranıb”

 

Zəminə Əsgərova: “Əfşarlar və qızılbaşlar Əfqanıstana XVIII əsrdə

Nadir şah Əfşar tərəfindən köçürülən türkdilli xalqlardır”

 

Vətəndən kənarda ilk Azərbaycan icmaları məhz şərq ölkələrində yaranıb. AMEA Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin elmi işçisi Zəminə Əsgərova şərq ölkələrində yaşayıb yaradan həmvətənlərimizin həyatı ilə bağlı tədqiqatlar aparıb.

Onun sözlərinə görə, bir sıra tarixi mənbələrdəki faktlara əsaslanaraq söyləmək olar ki, Azərbaycanda islam dininin bərqərar olması ilə yaxın şərq regionu ilə Azərbaycan arasında dini- mənəvi əlaqələr qurulub, illər keçdikcə isə mədəni inteqrasiya prosesi başlanıb. VII əsrin sonu – VIII əsrin əvvəllərindən başlayaraq islam dininin qəbulu ilə əlaqədar Azərbaycanda ərəbdilli elm və mədəniyyət inkişaf etməyə başlayıb, bununla bağlı olaraq onlarla azərbaycanlı şair, alim və mütəfəkkir islamın mərkəzi Məkkə və digər ərəb şəhərlərinə mühacirət ediblər...

 

Füzuli yaradıcılığına qol-qanad verənlər...

 

Z.Əsgərova yazır ki, Füzuli yaradıcılığına qol-qanad verən, onu azərbaycanca ölməz əsərlər yazmağa sövq edən, ona söz sənətinin şəffaf çeşməsindən su içirən Füzulini dahi edən bir elatın zəngin folkloru vardır:Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» əsərində bu məsələnin üzərində dayanır. O, yazır: «Abbasi xəlifələri hər hansı bir ərəb sülaləsinin, yaxud ərəb qəbiləsinin qaldıra biləcəyi üsyandan mühafizə olunmaq məqsədilə Azərbaycanın müxtəlif yerlərindən, xüsusən şimal əyalətlərindən bir çox qəbilələri Ərəşdən buraya köçürtdülər.

Tədqiqatçılar göstərirlər ki, Azərbaycanın İraqla, xüsusən vaxtilə Teymurləngin işğalları zamanı Qarabağ və Ərəşdən köçən azərbaycanlılarla əla-qələri Səfəvivilər dövründə canlanmışdı. 1508-ci ildə Şah İsmayılın vahid Azərbaycan yaratmaq məqsədilə Bağdadı tutması Osmanlı sultanlığını çox narahat edirdi. Türk sultanlığı böyük qüvvə toplayıb Səfəvilərə qarşı tarixdə məşhup olan Çaldıran vuruşmasından müvəffəqiyyətlə çıxır. Bu məğlubiyyət Azərbaycan xalqını böyük itkilər vermək məcburiyyətində qoyur. Çaldıran vuruşmasından sonra türklər Bağdadı tuturlar. Bundan sonra Azərbaycanın İraqla əlaqəsi kəsilmək dərəcəsinə qədər gəlib çatır. Məhz buna görə də, Azərbaycan hakimləri İraqda məskən salmış azərbaycanlı qəbilələrini geri çağır-mağa təşəbbüs göstərirlər. Mirzə Camal Cavanşir «Qarabağ tarixi» kitabında yazır: «1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənah xan yanında olan 174 adamlarla birlikdə Qarabağ camaatını qarşılamaq üçün İraq və Azərbaycan sərhədlərinə qədər getdi, onların bu səfəri bir nəticə vermədi». Mirzə Camal öz kitabında bir faktı da qeyd edir ki, 1797-ci ildə Məhəmməd Şah Qacar Şuşa qalasında öldürüldükdən sonra Sadiq xan Səqqaqi Azərbaycanı başsız görüb Tehranı almaqgirov aparılmış ailələri geri qaytarmaq əzmi ilə İraqa tərəf hərəkət etdi. Lakin Fətəli şah Sadiq xanın qarşısına çıxdı, onu məğlub etdi (4, 235). Beləliklə, Qarabağ camaatı İraqdan qayıda bilmədi. Həsrət çəkən, yol gözləyən, kəsilən yollardan şikayətlənən xalq sızıltısını, dərd-ələmini bayatılara çevirdi. İraqın Kərkük vilayətində Qarabağ el məhəlləsi yarandı.

Yuxarıda göstərilən tədqiqatlara əsaslanaraq qeyd etmək lazımdır ki, Şərqin elm və mədəniyyət mərkəzi kimi tanınan Bağdadda ən əski çağlardan Azərbaycan icması formalaşmağa başlayıb. İraqda dünyaya gələn, orada boya-başa çatan, Kərbəlada əbədi yuxuya gedən dahi Azərbaycan şairi Füzuli yada düşür. Füzuli kimi böyük sənətkar ərəb-fars dillərini gözəl billə-bilə, bu dillərdə klassik şeir nümunələri, elmi əsərlər yarada-yarada, türkcə-azərbaycanca nə üçün, kimin üçün yazıb?

Füzuli, onun şəxsiyyəti, yaradıcılığı, bu yaradıcılığa qida verən mühit, onun istiqamət və xarakterini müəyyən edən amillər hansılardır? Necə olub ki, vətənindən, doğma mühitindən ayrı düşüb şair ölməz «Leyli və Məcnun»un təkrarolunmaz gözəllik və mənaya malik qəzəllərini yazıb, kimin üçün yazıb? Azərbaycanın mərhum xalq şairi vaxtilə İraqda olarkən Füzuli yara-dıcılığına öz münasibətini bildirib: «Mən inandım ki, Füzulinin yaşayıb-yaratdığı yerlərdə onun azərbaycanca əsərlərini oxuyan, onun poeziyasına qiymət və qüvvət verən minlər, yüzminlər varmış! Füzuli dili dilindən, dərdi dərdindən, sevinci, arzusu, həsrəti onunla bir olan doğma xalq əhatəsində yaşamışdır. O, indi Kərbəlada zəngin və əzəmətli görkəmi ilə diqqəti cəlb edən İmam Hüseyn məqbərəsinin qarşısında dayanıb, bəzəksiz, təntənəsiz, həzin, kədərli:

 

“Nə yanar kimsə mənə atəşi-dildən özgə

 

Nə açar kimsə qapım badi-səbadan qeyri”-sətirlərini xatırladan, son mənzili şair türbəsi kimi yox, bütün iztirab və məhrumiyyətlərinə baxmayaraq, hər gün doğma xalqının səsini eşidən, onun nəfəsini duyan bir övlad kimi öz həmdilliləri ilə bir torpaqda yaşayıb. Təsadüfi deyil ki, bu gün şimali İraqda Kərkük, Ərbil, Mosul dolaylarında, xalq arasında məşhur bəzi xoyratların-bayatıların Füzuliyə aid olduğunu söyləyirlər». Tarixi faktlar göstərir ki, müxtəlif dövrlərdə azərbaycanlılar dövrün ictimai-siyasi hadisələri ilə bağlı doğma vətənlərindən çox-çox uzaqlarda məskunlaşmaq məcburiyyətində qalmışlar. XVIII əsrin 30-cu illərində Nadir şah Əfşar tərəfindən Qarabağdan minlərlə ailə Xorasana, habelə Əfqanıstanın bir sıra bölgələrinə köçürülüb. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı əksər tarixçilərin əsərlərində qeydlərə rast gəlinir. Qürbət ellərdə yaşamaq məcburiyyətində qalan həmin soydaşlarımız haqqında Mustafa Çəmənli «Xallı gürzə» tarixi romanında məlumat verir: «235 illik bir dövrdə Qarabağ bəylərbəyliyinə tabe olan» Cavanşir, Otuziki Kəbirli ellərini də şah yerindən-yurdundan elədi, Sərəxsə köçürdü. 1737-ci ildə Əfqanistana hücum elədi. Ölkənin paytaxtı Qəndəharı tutdu. Sonra Qəndəhardan bir az aralı özünün şərəfinə yeni Nadirabad şəhərini saldı. Nadir şah Əfqanıstanda hökmünün qüvvətlənməsi üçün yeni Cavanşir elindən neçə-neçə ailəni aparıb orada yerləşdirdi». Nadir şahın ölümündən sonra (1747) sürgün edilənlərin bir hissəsi vətənə qayıtsa da, xeyli adam taleyini həmişəlik qürbətə bağlamalı oldu. Onlar orada əfşarlar və qızılbaşlar adı ilə indi də yaşamaqdadırlar. C.Məmmədov və H. Sultanova «İranın və Əfqanistanın coğrafiyası» kitabında yazırlar: «Əfşarlar və qızılbaşlar Əfqanıstana XVIII əsrdə Nadir şah Əfşar tərəfindən köçürülən türkdilli xalqlardır. Əfşarlar Kabil və Qəndəhar şəhərinin ətrafında, qızılbaşlar isə Qəndəhar şəhərində yaşayırdılar. Ümumi xüsusiyyətlərinin oxşar olmasına baxmayaraq, onlar bir-birindən fərqlənir».

Məhz bu proseslər nəticəsində Şərq ölkələrində Azərbaycan icmaları təşəkkül tapmağa başlayır, tarix Azərbaycan dühasının ərəb elm və mədəniyyətinə misilsiz yardımının şahidi olur. XI əsr Yaxın və Orta Şərq üçün daha yüksək inkişaf dövrü olub”. Z.Əsgərovanın sözlərinə görə, türk əsilli qəznəvilərin, sonra isə Səlcuq hökmdarlarının himayəsi ilə çiçəklənmə dövrü keçirən ərəb ölkələrinin həyatında Azərbaycandan getmiş müxtəlif sənət sahibləri, o cümlədən ziyalılar böyük rol oynayıblar. Təkcə bunu göstərmək kifayətdir ki, Xətib Bağdadi «Nəzmiyyə» mədrəsəsinin ilk rəisi – rektoru olmuş Əbu-İsaq Şirazininilk müəllimləri azəri olublar: “Belə ustad alimlərdən biri, geniş şöhrət qazanmış «Bağdad tarixi» əsərlərində məhəbbətlə xatırlanan Hüseyn ibn Fərəc ibn Məhəmməd Əbu Abdullah ibn Səlmasidir. «Nizamiyyə» mədrəsəsində və ondan xeyli qabaq onlarca alimin yetişməsində, elmin inkişafında böyük rol oynamış Xətib Bağdadiyə müəllimlik etmiş Hüseyn Səlmasi Abbasilər xilafətinin paytaxtında vətəni Azərbaycanı təkcə zəngin elmi ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə şöhrətlənib.

Araşdırmalara əsasən Azərbaycan diasporunun qədim dövrünə, azacıq da olsa, nəzər saldıq. Lakin şübhə yoxdur ki, bu tarix orta əsrlərdə daha geniş və zəngin şəkildə davam edib. Millətimizin nümayəndələrinin tək-tək, kiçik qruplarla, bəzən də kütləvi halda yaşadığı Yaxın və Orta Şərq ölkələrində, onların əmək fəaliyyəti, yaradıcılıqları yerli xalqın həyatının, tarixinin, mədəniyyətinin, incəsənətinin ayrılmaz hissəsinə çevrilib, həmin ölkələrdə Azərbaycanın adına, şöhrətinə səbəb olub”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2014.- 20 noyabr.- S.3.