Evlənək... boşanarıq

Öncəki illərlə müqayisədə boşanmaların sayı artıb. Digər dünya ölkələrinin rəsmi statistikasına nəzər yetirdikdə də bu rəqəmin ildən-ilə artdığını görə bilərik. Müsəlman ölkələrində boşanmaların sayı xüsusilə yüksəkdi. Boşanmalar adətən hər iki tərəfin razılığı ilə əldə edilən bir qərardı. Əksər hallarda zorakılıq qurbanı olduğu üçün müraciətlər qadınlar tərəfindən daxil olur. 2002-ci ildə boşanma ilə nəticələnən yeni nikahların sayına görə birinci yerdə İsveçrə qərarlaşmışdı. Sonrakı yerlərdə Belarus və Finlandiya, 12-ci pillədə Rusiya, Azərbaycan 38, Ermənistan 41, Türkiyə 42, 46-cı pillədə isə Hindistan dayanmışdı. 2010-cu ildə boşanmaların sayına görə siyahıya Rusiya, Belarusiya və və Ukrayna rəhbərlik edib. İlk onluqda ölkəmizin adı qeyd olunmayıb. Ötən il dünyada boşanmalar daha çox 45-49 yaş arasında olan cütlüklər arasında qeydə alınıb. Sonrakı pillədə 50-54, 55-59 yaş hədlərində olan cütlüklər qərarlaşıb. 40 yaşdan aşağı olanlar arasında isə bu faktlar daha az qeydə alınıb. 2013-cü ildə açıqlanan hesabata görə, boşanan kişilərin say üstünlüyünə görə Dominikan Respublikası siyahıya liderlik edir. Daha sonrakı yerdə Latviya və Çexiya qərarlaşır. Boşanan qadınların say üstünlüyünə görə Latviya, Litva və Çexiya ön pillədədi. Boşanma faktlarının say üstünlüyünə görə şəhər və kənd tipli ərazilərdə də mövcud durum fərqlidi. Bir çox dünya ölkələrində, məsələn Kuba, Kipr, Meksika, Hollandiya, İsveçrədə kənd yerləri ilə müqayisədə şəhərdə yaşayan cütlüklər arasında boşanma faktları daha çox qeydə alınıb. Azərbaycanda da qadına qarşı zorakılıq faktları qeydə alınır. Çox təəssüflər olsun ki, hər il bu rəqəm artmaqdadı. Bu haqda rəsmi statistikaya sahib olmasaq da, düşünürəm ki, digər dünya ölkələri kimi Azərbaycanda da boşanma faktları ən çox şəhərlərdə qeydə alınır. Bəlkə də maariflənmə bu məsələdə faizlər arasında fərqlər yaradır. Bir çox hallarda evdar xanımlar boşanmaq üçün müraciət etmir, bacardığı qədər gördüyü təzyiqlərə sinə gərməyə çalışır. Maddi asılılıq, qadının təhsilsizliyi də bu cür çarəsiz durumda onu sakit mövqedə dayanmağa vadar edir. Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova boşanmaya aparan səbəblərin müxtəlif olduğunu deyir. O, deyir ki, bəzən kənar müdaxilələr, bəzən də psixoloji durum belə addım atmağa səbəb olur: Boşanmaların artmasında müxtəlif səbəblərin rolu var. Səbəbləri ümumiləşdirmək mümkün deyil. Psixoloji durum, qaynana-qaynata müdaxiləsi boşanmaların sayının artmasında xüsusi çəkiyə sahibdi. Boşanmaların artmasına səbəb olan əsas problem isə zorakılıq faktlarıdı. Öncələr psixoloji problemlərin, sonra zorakılığın boşanmaya aparan yol olduğunu deyirdik. Amma son illərdə ailədaxili münaqişələr cinayətlərin sayının artmasında da əhəmiyyətli təsirə malik olub. Vaxtında müəyyən tədbirin görülməməsi nəticəsində boşanmalarla yanaşı cinayət hadisələrinin də çəkisi artıb. Mətanət Əzizova deyir ki, kənar müdaxilələr boşanmalar üçün sadəcə olaraq təkan rolunu oynayır. Səbəb kimi isə ekspert başqa amilləri də sadalayır: Qaynana-qaynata, baldız və digər yaxın qohumların müdaxilələri qeydə alınır. Amma onların müdaxiləsi boşanmaya sadəcə olaraq təkan verir. Səbəb kimi aparıcı rol oynamır. Əgər ailədə hər şey qaydasındadırsa, hörmət, sevgi varsa belə ailəni dağıtmaq çətin olur. Müəyyən problem yarandıqdan sonra ailələr arasında müharibə başlayır. Həm qızın, həm də oğlanın ailəsi ailəyə müdaxilə edir. M.Əzizova ötən illərin təcrübəsinə nəzər salaraq keçmişdə ailədaxili problemlərin həlli üsullarından danışır: Keçmişdə ailədaxili problem yarandıqda ağsaqqallar işə qarışıb problemləri həll etməyə çalışır, hər iki tərəfin vəzifəsini onlara başa salırdı. Hər iki tərəf vəzifəsini bildikdə artıq problemlər həll olunurdu. Onlar bir-birlərinin dəyərini daha yaxşı başa düşürdülər. Sovet dövründə isə digər işlərlə yanaşı ailə məsələləri də müzakirəyə çıxarıldı. Ailədə hər hansı problem olduqda onlar partiyanın ünvanına məktub yazaraq şikayətlərini bildirirdilər. Bu səbədən kişidə bir qorxu hissi vardı. İndi nə ağsaqqallar institutu, nə də ki şikayət edə biləcəyimiz yer yoxdu. Boşanmalara görə qınağın olmaması da mənfi haldı. M.Əzizova qeyd edir ki, ailədaxili problemlər olsa da heç bir tərəf problemin həlli yolunu axtarmır, əksinə, çıxış yolunu boşanmada görür: Ailədə problem var, amma heç kəs onu həll etməyə çalışmır. Ər-arvad aralarında konflikt olduqları üçün münaqişəni həll etmək qabiliyyətində deyillər. Avropa ölkələrində xüsusi ailə psixoloqları var ki, onlar tərəfləri dinlədikdən sonra psixoloji baxımdan yardım edirlər. Bir tərəfdən ağsaqqallar institutu, digər tərəfdən belə ailə psixoloqlarının, müəyyən problemlərlə bağlı şikayət edəcək qurumun olmaması boşanmaların qarşısınıın alınmasına səd çəkir. Beləliklə tərəflər boşanmaq qərarına gəlirlər. Bu səbəbdən də boşanmaların sayı artır. QHT-lərin sayı artırılsa, psixoloqlardan pulsuz yardım alınsa, qanunvericilik bazası möhkəmləndirilsə nisbətən də olsa rəqəmi aşağı sala bilərik. Təmiz Dünya Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova bu gün Azərbaycanda boşanmaq üçün məhkəməyə müraciət edən qadınların həyat yoldaşları tərəfindən ləkələndiyini deyir. Mətanət Əzizovanın fikirləri ilə razılaşaraq kənar müdaxilələrin də boşanma faktlarında xüsusi çəkiyə malik olduğunu söyləyir: Bəzi kişilər həyat yoldaşlarını ləkələyir. Bundan başqa qeyd edə bilərərm ki, maddi problemlər, kənar müdaxilələrin də boşanmaların artmasında xüsusi çəkisi var. Elə olur ki, qaynana-qaynata gəlini, ya da ki, gətirdiyi cehizləri bəyənmir. Hüquqşünas, ekspert Məlahət Nəbiyeva boşanmaların artmasında daha çox kişilərin günahkar olduğunu söyləyir: Boşanmalarda əsas günahkar tərəf kişilər olur ki, bu da bir çox hallarda qısqanclıqdan yaranır. Son zamanlar kişilərin içkiyə qurşanması da boşanmalara səbəb olan amillərdəndi. İçkili halda evə gələn kişi arvadını döyür, ona işgəncə verir. Hüquqşünas qeyd edir ki, bir çox hallarda qadınlar ərləri tərəfindən hədələnir, boşandıqları halda övladlarını analarından ayıracaqlarını deyir: Boşandıqları halda övladlarını həyat yoldaşlarından alacaqlar. Bu yolla qadını boşanmadan çəkindirməyə çalışırlar. Ekspert kənar müdaxilələr nəticəsində qeydə alınan boşanmaların təxminən 50 faiz olduğunu açıqlayır: Boşanmalarda kənar müdaxilələrin də rolu danılmazdı. Təxminən 50 faiz boşanmalar məhz bu səbəbdən qeydə alınır. Kənar müdaxilə edən tərəflər uşaqları da öz tərəflərinə çəkməyə çalışırlar. Boşanarkən də tərəflər sivil yolla ayrılmağı üstün tutmurlar. Kişi qadına şər ataraq onu ləkələməyə çalışır. Bu səbəbdən daha çox qadınlar müxtəlif şikayətlərlə məhkəməyə müraciət edərək vəziyyətdən bu cür çıxış yolu tapırlar. Ötən hər illə müqayisədə boşanmaların sayının azalmadığını, əksinə daha da artdığını deyən hüquqşünas ərazi baxımdan Xaçmaz və Qusarda belə arzuolunmaz halların daha çox yaşandığını deyir: Boşanmaların sayı azalmır, əksinə, bu say günü-gündən artır. Ərazi baxımından qeyd edə bilərəm ki, Xaçmaz və Qusarda boşanma, zorakılıq faktları daha çox qeydə alınır. Ər-arvad arasında sanki bir düşmənçilik var. Başqa bölgələrlə müqayisədə bu ərazilərdə işgəncələr daha dəhşətli hal alır. Bu bəlkə də genetik və psixoloji amillərlə bağlıdı. Çıxış yollarından biri kimi ekspert qeyd edir ki, yaxşı olardı ki, qadın məsləhətxanaalrı ilə yanaşı kişilər üçün də belə qurumlar fəaliyyət göstərsin. Bəlkə də bu yolla artan faktların qarşısına səd çəkə bilərik: Bu gün müxtəlif qadın məsləhətxanaları var. Çox yaxşı olardı ki, kişilər üçün də belə qurumlar yaradılsın. Kişilərin də maariflənməsinə ehtiyac var. Onlara düzgün istiqamət verərək, bu cür qəddar addımlardan yayındırmaq lazımdı. Belə düşünürəm ki, kişilərin müəyyən qisminin maariflənməyə ehtiyacı var. Belə olduğu halda düşünürəm ki, boşanmaların sayı azalar.

Tərəflərin bir-birini başa düşməməsi, xırda bir məsələyə görə geniş müzakirələr təşkil etməsi, qadın hüquqlarının tapdalanması, xəyanət və s. bu kimi amillərin son nəticəsi boşanma ilə sonuclanır. Tərəflər əksər hallarda boşanmaqla hər şeyi həll edə biləcəklərini düşünürlər. Lakin boşandıqdan sonra yarana biləcək çətinliklər qərar qəbul edərkən bəzi hallarda arxa planda qalmalı olur. Boşanmalar azyaşlılara da təsirsiz ötüşmür. Ata-anası boşanan azyaşlının həyat səviyyəsi, düşüncələri yaşıdlarından fərqlənir. Boşanmaların yarada biləcəyi gərginliklər, uşaqlara təsiri, sosial və psixoloji tərəfləri haqda müzakirə təşkil etmək üçün psixoloqla əlaqə saxladıq. Psixoloq Dəyanət Rzayev seksual münasibətlərin də boşanmalara səbəb olan mühüm faktorlardan biri olduğunu deyir. Psixoloqun sözlərinə görə, məsələyə Azərbaycan reallığı ilə yanaşsaq ər, ya arvadın məhz bu səbəbə görə boşandığını etiraf etməkdən imtina etdiyini görə bilərik: Boşanmaların səbəblərini araşdırmaq lazımdır. Ümumdünya statistikasına nəzər saldıqda boşanmaların 50 faizindən çoxuna səbəb olan amil kimi seksual münasibətlərin mühüm rol oynadığını deyə bilərik. Azərbaycanda boşanan tərəflər heç vaxt bunu etiraf etmir. Buna səbəb də sovet psixologiyasında seks deyə bir anlayış olmaması, heç kəsin bu haqda danışmamasıdır. Azərbaycan ailəsində nə ər, nə də arvad həyat yoldaşından ayrılmasına səbəb kimi qarşı tərəfin onu yataqda yaxına buraxmadığını deyə bilir. Bu cür cütlüklərlə tez-tez söhbət aparıram. Nəticə etibarı ilə körpə dünyaya gəldikdən sonra tərəflər arasında seksual münasibətlərdə soyuma yaranır. Bu Azərbaycan reallığıdır. Təxminən 50 faizdən çox cütlüklərdə bu anoloji hal müşahidə edilir. Cütlükərin şüuraltı düşüncələrində artıq nəsli davam etdirən var deyə fikrin formalaşması tərəflər arasında soyuma yaradır.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi saytından əldə etdiymiz məlumata görə, 2009-cu ildə boşanmaların sayı 7784, 2010-cu ildə 9061, 2011-ci ildə isə 10747 olub. Ən çox boşanma halları 30-34 yaşlarda olan cütlüklər arasında müşahidə edilib. 2011-ci ilin göstəricilərinə görə bu yaş həddində olan tərəflər arasında boşanmalar 2472 dəfə qeydə alınıb. 24-29 yaş həddində olan şəxslər arasında boşanma halı isə 2092 dəfə qeydə alınıb. 10 il öncə Azərbaycanda boşanmaların sayı indikindən iki dəfə az olub. Rəsmi statistika da boşanmaların sayının il-ildən artdığını deyir. Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2013-cü ildə 12 minə yaxın ailə dağılıb. Statistikadan belə məlum olur ki, ötən il hər yeni qurulan 8 ailədən 1-i dağılıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən il ərzində 86 mindən çox insan nikah bağlayıb. Bununla müqayisədə ötən il 11,7 min ailə yollarını ayırıb. 2012-ci ildə isə bu rəqəm 11 min olub. Ümid edirik ki, bu il rəqəmlər üzrə artım qeydə alınmaz.

 

Nigar Məhərrəm

 

Olaylar.- 2014.- 28 yanvar.- S.12.