Cəfər Cabbarlı haqqında xatirələr

 

XIX əsrin son ilində dünyaya göz açan və 1934-cü ilin son ayının son günündə dünyasını dəyişən yazıçı, dramaturq, şair Cəfər Cabbarlı özündən sonra çox qiymətli bir irs qoymuşdur. Kiçik yaşlarından yazmağa başladığı  şeirlər, hekayələr, dram əsərləri onu qısa zamanda tanınmış bir ədəbi simaya çevirdi. Şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor kimi bir çox sahələrin daşıyıcısı olan C.Cabbarlının Azərbaycan kinosunun, teatrının inkişafında müstəsna xidmətləri olmuşdur.  Hərtərəfli düşünmə areasına malik və zəngin mütaliə görmüş ədib sonrakı illərdə də, elə bugünün özündə də əsərləri sevilə-sevilə oxunur və oxunacaq. Təkcə “Ana” şeirinin adını çəkməklə ədibin nə qədər istedadlı və poetik usta olduğunu müəyyən  etmək mümkündür. “Ana” şeiri ilə ədib Azərbaycan anasının bütün dövrlər üçün ölməz obrazını yaratmışdır.

 

Cəfər Cabbarlı haqqında çox deyilib, onun əsərlərindən dəfələrlə dissertasiyalar müdafiə olunub, kitablar yazılıb. Biz də çalışdıq ki, bu yazımızda oxucular üçün maraqlı bir reportaj hazırlayaq və Cəfər Cabbarlı haqqında oxucuların hələ eşidib bilmədiklərini onlara çatdıraq. Qeyd edək ki, C.Cabbarlını həyatda şəxsən görən, onunla bir yerdə çalışıb işləyən insanlar demək olar ki, bu gün həyatda yoxdur. Lakin C.Cabbarlı haqqında özündən yaşda böyüklərdən eşitdiklərini güclü hafizəsində qoruyub saxlayan yaxın qohumu Əjdər Cabbarlının sorağını alan kimi onunla görüşüb Cəfər Cabbarlı haqqında atasından, əmilərindən və ədibin oğlu Aydından eşitdiyi xatirələrini aldıq. C.Cabbarlının böyük istedadından pay düşən Əjdər Cabbarlı məmuniyyətlə bu xatirələri bizim üçün danışmağa razı oldu.

“Təbii ki, mən Cəfəri əmini görməmişəm və şəxsən onunla bağlı xatirələrim yoxdur. Amma Cəfər əmi haqqında özümdən böyüklərdən çoxlu xatirələr bilirəm. Mən Cəfər Cabbarlının qardaşının böyük nəvəsiyəm. Onun Əjdər adlı qardaşı olub və onun adı mənə verilib. Cəfər Cabbarlı hər zaman hamının sevimlisi olub. Özünəməxsus qabiliyyəti, dünyagörüşü, baxışları olan bu insan hər zaman diqqət mərkəzində olub. Ulu öndərimiz Heydər Əliyev də Cəfər Cabbarlını çox sevirdi, onun yaradıcılığını yüksək qiymətləndirirdi. Dəmir yolu vağzalın qarşısında qoyulan qranit daşı Heydər Əliyevin təşəbbüsü ilə, daha doğrusu  onun böyük bir zəhmətilə Ukraynadan məxsusi gətilirilib. (C.Cabbarlının Vağzalın qarşısındakı heykəli Mirəli Mirqasımov tərəfindən qurulub – Y.C.) Bunları mənə Cəfər əmimin yubileyində Heydər Əliyevin özü söyləyib. Yubileyə Naxçıvandan gələn rəhbər adəti üzrə yubiley tədbirindən sonra səhnə arxasına keçib Cəfər əminin qohumları ilə bir xeyli söhbət etdi.  Bizimlə xatirə şəkli çəkdirdi. Söhbət əsnasında  mən Heydər müəllimə dedim ki, “Biz çox xoşbəxt adamıq ki, sizinlə şəkil çəkdiririk”. O,  isə əvəzində “sən düz danışmırsan, xoşbəxt adam mənəm ki, Cəfər Cabbarlı kimi bir şəxsiyyətin qohumları ilə şəkil çəkdirirəm. Mən o yazıçını, dramaturqu ən çox sevən adamlardan biriyəm”.  Yeri gəlmişkən qeyd edim ki, bu tarixi hadisədən çox illər keçsə də Cəfər əmimin oğlu Aydın, qızı Gülarə, digər qohumlarımız  bu günün özündə də  bu hadisəni sevə-sevə xatırlayırlar.

Bütün hakimiyyəti dövründə C.Cabbarlının Ev Muzeyi həmişə Heydər Əliyevin diqqət mərkəzində olub. O, dəfələrlə Cəfər Cabbarlının ev muzeyini təmir etdirdi, sonra Xızıda dörd yol ayrıcında Cəfər əmim üçün böyük bir heykəl qoydurdu, yaxşı bir bağ saldırdı. Bu qayğı bu gün də o böyük prezidentin layiqli davamçısı olan İlham Əliyev tərəfindən davam etdirilir. C.Cabbarlı haqqında mənə Respublikanın çox hörmətli aktyoru  mərhum Məhəmməd Əlili də çox söhbətlər edirdi. O Cəfər əminin ən yaxın dostlarından biri idi, Sona xanım rəhmətə gedəndə mən bu yaşlı insanın necə əzab çəkdiyinin şəxsən şahidi olmuşam. M.Əlilinin təkidi ilə Sona xanımın sonuncu arzusuna əməl olundu. Sona xanım vəsiyyət etmişdi ki,  mən öləndə Habil Əliyev mənim başımın üstündə kamança çalsın.

Hansı tamaşanınsa premyerasında  (təəssüf ki, indi tamaşanın adını xatırlaya bilmirəm) Məhəmməd Əlili və teatrda çalışan bir çoxları  Cəfər əmimə deyirlər  ki,“Cəfər sən bu gün öz  lojanda oturma, qoçular sözü bir yerə qoyub səni vurarlar”. “Sevil”də çadranın atılması xüsusilə söz-söhbətə səbəb olduğundan o dövr üçün Cəfər Cabbarlının açıq-aydın gəzməsi həqiqətən də böyük cəsarət idi. Cəfər Cabbarlısa cavabında “əsər mənimdi, mən burda olmalıyam, əgər ölməliyəmsə ona da hazıram”-deyir. Oturur öz lojasında, eşitdiklərimə görə çox güclü qarşılanır bu tamaşa, hamı ayaq üstə Cəfər əmini alqışlayır. O illərdə Azərbaycan qadının örpək atmasını qabaqcıl adamlar çox yaxşı qarşılayırlar. Bir də eşitdiyimə görə o Moskvada Ümumittifaq Yazıçılar konfransında  böyük çıxışı olub. Çıxışında müstəmləkəçiliklə bağlı məqamlara toxunduğu üçün yuxarı dairələrin xoşuna gəlməyib.  Sona xanım danışırdı ki, Moskvadan qayıdandan bir ay sonra Cəfər vəfat etdi.

Cəfər Cabbarlı yaşayır, bir yazıçı, qələm adamı üçün ən böyük mükafat onun əsərlərinin dönə-dönə araşdırılması, xalq tərəfindən sevilməsidir. İstər sağlığında olsun, istərsə ölümündən sonra bu ali məqama çox az adam nail olub. Cəfər Cabbarlı o yazıçılardan, şairlərdəndir ki, onun yeri daim özünməxsus olub, hər zaman da öz aktuallığını saxlayacaq.

 

Yeqzar Cəfərli

 

Olaylar.- 2015.- 15 aprel.- S.12.