Bir gün açılacaq o ümid qapıları...

 

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlıhəyata keçirilən tədbirlərin  işıqlandırılması

 

Dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır”

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizindən çoxu əldən gedib, 1 milyondan çox soydaşımız illərdir yurd-yuvalarından, doğma torpaqlarından didərgin düşüb, ata-baba ocaqlarına həsrət qalıblar. Beləcə, yurdsuzluq həsrətini çiyinlərində çəkən soydaşlarımız çox ciddi problemlərlə üz-üzə qaldılar, evsizlik kimi ağır bir dərdlə sınağa çəkildilər, çadır  şəhərciklərində çıxılmaz durumda yaşamağa məhkum oldular

Şükürlər olsun ki, indi artıq çadır şəhərciklərini yeni, hər cür şəraiti olan, geniş mənzillər əvəz edir, lakin nə yazıq ki, ortada acı gerçək yaşayır: doğulduğun,  böyüyüb boya-başa çatdığın və illərdir  tərk etməyə məcbur olduğun, heç nə ilə əvəz olunmayan torpaq itkisi, yurd yanğısı...

İnanırıq, inanırıq ki, inşallah, bir gün bu yanğı, bu göynərti sona yetəcək, bizi həsrətlə gözlədiyimiz yurdumuza qovuşduracaq ümid qapıları açılacaq, sonra yenə hər şey axar-baxarına düşəcək,  həyat davam edəcək...

 

Dünyada ən çox qaçqın-köçkün

olan ölkə Azərbaycandır

 

Ulu öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu  dövrdə  qaçqınlara   xüsusi  qayğı  göstərmiş, soydaşlarımızın  problemləri ilə maraqlanmış və onların həlli üçün  çox işlər görmüş, qətiyyətli addımlar atmışdır. Ümummilli liderimizin bu humanist fəaliyyətini bu gün onun layiqli varisi, Azərbaycanı  dünya ölkələri arasında uğurla təmsil edən hörmətli prezidentimiz cənab İlham Əliyev davam etdirir.

Bəli, məhz İlham Əliyev cənablarının diqqəti sayəsində qaçqın soydaşlarımız dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundular. Prezidentimizin sərəncamı ilə Bakının, eləcə də, respublikamızın rayonlarında onların yaşayışı üçün çoxmərtəbəli yaşayış binaları ucaldıldı, yeni-yeni yaşayış kompleksləri salındı; müxtəlif  bölgələrdə müasir tipli   qəsəbələr inşa  olundu.

İşinin çox olmasına baxmayaraq, dövlətimizin başçısı hər zaman qaçqınlarımız üçün salınmış qəsəbələrin  açılışında iştirak edir, məcburi köçkünlərin problemləri ilə yaxından maraqlanır və müvafiq qurumlara bu problemlərin qısa zamanda həlli üçün tapşırıqlarını verir. O, Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində çıxış edərək demişdir: “Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu, böyük bir işdir, elə bil ki, yeni böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır”.

 

Həyata keçirilən tədbirlər

 

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məcburi  köçkünlərin  həyat şəraitinin  yaxşılaşdırılmasına yönəldilən mühüm əhəmiyyətli sənəddir.

Sözügedən sənədin qəbulu bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə edilməsinə səbəb oldu. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə proqrama edilən əlavələr bu kateqoriyadan olan insanların yeni mənzillərlə təminatında xüsusi mövqeyi ilə seçildi. Bu sahədə mövcud problemlərin həllini sürətləndirmək məqsədilə Prezident İlham Əliyevin fevralın 21-də məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında strateji əhəmiyyəti ilə diqqəti çəkir.

Sənəddə deyilir ki, Azərbaycan Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr uğurla icra olunmuşdur. Bu Proqrama  uyğun olaraq ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb. Sərəncamların icrası səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən  2011-ci ildə də  “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr edilib. Həmin əlavələrin icrası nəticəsində 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraiti, sosial vəziyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.   Goranboyda beşmərtəbəli 9 yaşayış binası, Şəkidə 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir.

Bütün bu sadalananlar onu deməyə əsas verir ki, qaçqın və məcburi köçkünlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması, onların maddi rifah halının yüksəldilməsi üçün dövlətiizin həyata keçirdiyi tədbirlər, gördüyü işlər göz önündədir.

 

Yeni yaşayış komplekslərində son işlər

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov mütəmadi olaraq tikinti işlərinin gedişi ilə maraqlanır və köçkünlər üçün yeni salınan yaşayış komplekləriə tez-tez baş çəkir, real vəziyyətlə tanış olur. Komitə sədrinin noyabrın 12-13-də QazaxZaqatala rayonlarında məcburi köçkünlər üçün yeni salınan yaşayış komplekslərinə gələrək tikintidə aparılan son işlərlə tanış olması, Zaqatalada müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 135 ailəlik 3 ədəd beşmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksində aparılan tikinti işlərinin gedişatı ilə maraqlanması dediklərimizə sübutdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Zaqatala rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə yaşayış kompleksinin tikintisi başa çatmaq üzrədir. Layihəyə uyğun olaraq, ərazidə 10 ədəd birotaqlı, 65 ədəd ikiotaqlı, 50 ədəd üçotaqlı, 10 ədəd isə dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina tikilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemielektrik ilə tam təchiz olunacaq.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin tikinti işləri başa çatmaq üzrədir. Layihəyə uyğun olaraq ərazidə 44 ədəd birotaqlı, 198 ədəd ikiotaqlı, 176 ədəd üçotaqlı, 22 ədəd isə dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası və inzibati bina da tikilib. Qəsəbə qaz, suelektrik ilə tam təchiz olunacaq.

 

Əlillərin tibbi-sosial reabilitasiyası

üçün  mühüm addımlar atılır

 

Dekabrın 3-də Beynəlxalq Əlillər günü münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində, eləcə də, respublikamızın şəhər və rayonlarında silsilə tədbirlər  keçirilməsi onu deməyə əsas verir ki,  əlilliyi olan vətəndaşlarımız daim diqqət mərkəzindədir.  Bu mənada ölkə Prezidenti cənab İlham Əliyev əlill insanlara həmişə qayğı və həssaslıqla yanaşır. Elə bunun nəticəsidir ki, əlillərin tibbi-sosial reabilitasiyası məqsədilə aparılan işlər getdikcə genişlənir, sosial müavinətlərin, pensiyalarının məbləği artırılır; müharibə əlillərinin mənzilə təmin olunması,  sosial şəraitinin daima yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Təkcə onu demək kifayətdir ki,  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illər həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 29 iyul 1999-cu il tarixli 169 nömrəli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nda (1999-2002-ci illər üzrə) Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan şəxslərin mənzillə təmin olunması da tədbirlərdən biri kimi əksini tapıb və bu tədbirin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

 

Nahid Canbaxışlı

 

Vətəninfo.az İnformasiya Agentliyinin Baş redaktoru

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün verilir.

 

Olaylar.- 2015.- 11 dekabr.- S.12.