Məşhur xanəndədən ermənilərə:

Onu oğurlamağa ürək lazımdır”

Təyyar Bayramov: “Ən azından onlar bizim musiqimizi oxumağa cəhd edirlər, bunu alqışlamaq lazımdır”

Müsahibimiz xanəndə, respublikanın əməkdar artisti Təyyar Bayramovdur. 39 yaşında olan T.Bayramov Ağdamda doğulub. Muğama uşaq vaxtlarından maraq göstərib. Asəf Zeynallı adına musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. OperaBalet Teatrında ilk olaraqLeyli və Məcnun” tamaşasında İbn Sənan obrazını canlandırıb. Teatrdakı səhnə fəaliyyətinə həmin tamaşadan başlayıb.

Daha sonra gənc xanəndə 2006-cı ildə  Müslüm Maqomayevin “Şah İsmayıl” operasında baş rolu oynayıb. Həmçinin “O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə rolunu ifa edib. Çox gənc yaşlarında əməkdar artist adına layiq görülüb. 2009-cu il martın 24-də Azərbaycan Dövlət Kukla Teatrında üç gün davam edən Beynəlxalq muğam müsabiqəsində Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı – “Qran- pri”yə layiq görülüb. Muğama həddən artıq bağlılığının olduğunu deyən T.Bayramov yeni nəsil ifaçıların yetişdiyinə sevindiyini deyir. Sənətdə uğur qazanmasında iştirak etdiyi müsabiqələrin böyük rol oynadığı qənaətindədir: “Mən və mənim kimi bir çox sənət dostlarım var ki, eyni müsabiqənin iştirakçıları olmuşuq. Biz 20 nəfər idik. Həmin 20 nəfərin demək olar ki, hazırda 5-6-sı fəaliyyətdədir. Sonrakı müsabiqədən isə 3-4 nəfər səhnədədir. Ustadlarımız bu nəticəni qənaətbəxş hesab edirlər. Müsabiqələrdə iştirak edənlərdən hamısının mükəmməl ifaçı olmasını gözləmək mümkün deyil. Muğamın ağırlığına dözənlər, bacarıqlılar sənətdə qalırlar. Üzərində işləməyənlərin özlərinə yer tapmaması təbiidir, onlar yavaş-yavaş sıradan çıxırlar”.

- Bəs, müsabiqə olmasaydı, indi harada idiniz?

-  Fəaliyyətimi davam etdirərdim. Müsabiqədən əvvəl bu sahədə fəaliyyətim olub. Buna qədər Bakı Humanitar Kollecində muğamdan dərs deyirdim. Sonrakı müsabiqələrdə artıq mənim tələbələrim iştirak edirdilər. Təbii ki, müsabiqələr tanınmaq baxımından məni 10-15 il sonraya apardı.

- Fikrinizcə, belə müsabiqələr muğamın inkişafına əngəl deyil? Yəni ki, səhnəyə çıxdıqdan sonra müəyyən məşhurluq qazananlar daha çox fərdi şəkildə fəaliyyətə üstünlük verirlər. Bu da muğamın ifası üçün nəzərdə tutulmuş qaydaları pozmaq riskini yüksəldir.

- Müsabiqələrdə iştirak edənlərin əksəriyyəti hansısa ustadların tələbələridir. Az hallarda ustad görməmiş iştirakçılar müsabiqəyə qatılırlar. Muğamı sevmək vətəni sevməkdir. Kim olursa olsun, onu qorumaq lazımdır.

- Pop, rok, klassik, estrada janrlarının daha məşhur olduğu vaxt muğam ifaçısı olmaq sizi narazı salmır?

- Narazı deyiləm. Mənsum müəllim deyir ki, muğamı yetkin beyin qəbul edir. Bu insanın müxtəlif yaş dövrlərində tədricən qavranılan musiqi janrıdır. Muğam fəlsəfədir. Mühitdən çox şey asılıdır. Məsələn, Qarabağ, Şirvan bölgələrində uşaq gözünü açıb muğam eşidir. Qazax, Tovuzda uşaq tarın səsiylə böyüyür. Yəni insanlar düşdükləri mühitə uyğun formalaşırlar.

- Lakin etiraf etmək lazımdır ki, digər musiqi janrları ilə müqayisədə muğamda yenilik yoxdur.

- Muğamın özü yenilikdir. Digərlərində hansı yeniliklər var? Hansısa bir mahnını başqa-başqa ifaçılar öz tərzlərində oxuyurlar. Muğam isə, əsrlərdən gəlib bizə çatmış dəyərdir. Onun yenisini yaratmaq asan deyil. Muğamı fərqli səslərlə təqdim edən ifaçılarımız da kifayət qədər çoxdur. Özüm tez-tez itib-batmış mahnılara müraciət edirəm. Yaxud muğamı mahnıların müəyyən məqamlarında istifadə edirəm. Muğamın öz ağırlığı var. Popu, roku muğamla eyni tərəzidə çəkmək olmaz. Lakin muğamı hər janrla sintez etmək olar. Amma bu savadlı olmalıdır.

- Siz belə deyirsiz, amma Alim Qasımovun muğamı David Vendettanın bəstəsiylə sintez etməsi narazılıqla qarşılanmışdı.

- Bu fikirlə razı deyiləm. Alim Qasımov bizim böyük sənətkarımızdır. Həmişə onun sintezləri maraqlı olub. Hər şey düşünülmüş, savadlı şəkildə olanda müsbət qarşılanır. Xalq artisti Səyavuş Kərimlinin “Salam-Holaadlı layihəsi Amerika Azərbaycan musiqiçiləriylə birgə keçirildi. Çox maraqla qarşılandı. Bu çərçivədə bizim çoxlu konsertlərimiz oldu, möhtəşəm idi.

- Sevda Ələkbərzadə nümunəsi var. “Sarı gəlin”i fərqli boğazda ifa etdi qəbul edilmədi.

- Bu onun yaradıcılığıdır. Lakin xalqSarı gəli”nin necə oxunmasını bilir. Belə mahnıların ifasında yad nəfəslər olanda normal qarşılanmır. Amma Sevda Ələkbərzadə istedadlı xanımdır. Onun ifasındaSarı gəlin”i eşitməmişəm. Bu haqda bir söz deyə bilmərəm. Yəqin, ürəyindən elə gəlib elə ifa edib.

- Estrada digər janr ifaçıları ara-sıra muğam oxuyurlar. Çoxlarının səsi isə buna imkan vermir.

- Muğam bizimdi, niyə ifa etməsin? Qoy, ifa etsinlər.

- Bacarmırlar axı!

- Bacarmırlar, çünki onlar dəstgah şəklində ifa etmirlər. Estrada mahnıları ilə sintez etsinlər, qoy onlar öz tərəfdarlarına muğamı sevdirsinlər. Əgər onlar muğam oxumaq istəyirlərsə, peşəkarlara müraciət etsinlər. Kiçik beyt olsa da mütləq peşəkar məsləhəti lazımdır.

- Muğamı sevdirsinlər deyirsiz. Amma bundan əvvəl muğamın milli sərvətimiz olduğunu qeyd etmişdiz. Məsələn, Sevda Ələkbərzadə xoş olmayan ifasıyla bu dəyərlərin üzərindən xətt çəkir axı.

- Muğam bizimdir, o da oxuya bilər. Oxumaq ürəyindən gəlir. Ən azından onlar bizim musiqimizi oxumağa cəhd edirlər, bunu alqışlamaq lazımdır. Yaxşı ifa etdi, pis oxudu, bu sonranın müzakirə məsələsidir. Əgər ifanı davamlı edəcəksə, peşəkarlara müraciət etməlidir.

- Tələbələrinizdən razısınız?

- Bəzilərindən , bəzilərindən yox. Ümidverici tələbələr var. Bir görürsən, deyirlər ki, filankəsin uşağının çox gözəl səsi var. Əsas səs deyil, məsuliyyətdir, üzərində işləyib o səsi qorumaqdır. Bu yolda getmək istəyən digər tələbələrimizin üzərində işləyirik. Yaxın gələcəkdə xalqımız, muğam sevərlər onları yaxından tanıyacaqlar.

- Bu sahədə gənc sayılırsız. Köhnə sənətkarların sizə münasibəti necədir?

- Münasibətləri çox yaxşıdır, problemimiz yoxdur. Yaxşı ifamız olanda ustadlarımızdan xoş sözlər eşidirik. Onlardan məsləhət almağı xoşlayıram. Hansısa bir mahının oxunması zamanı ustadlarımıza zəng edirəm. Arif Babayevin mahnısını ifa etmək istəyəndə ona yaxınlaşıram, həmçinin Əlibaba müəllimə. Ustadım Mənsum müəllim məsləhət verir, özüm alıram. Onlar bizə dayaqdır. Hansısa bir peşəkar mənə göstəriş versə, qəbulumdur.

- Xanəndəlik məktəbi hansı vəziyyətdədir?

- Yaxşıdır. Üzeyir Hacıbəyovun tərtib etdiyi proqram əsasında hazırlanan peşəkar xanəndələrimiz yetişir. Fəaliyyətimizi həmin tədris proqramına uyğun qurmuşuq. İstər Asəf Zeynallı adına Musiqi Kolleci, istər Milli Konservatoriyada bu proqram uğurla tətbiq olunur. Yetişən yeni nəsil xanəndələr biz tam qaneə edir. Hesab edirəm ki, tələbələrimiz onlara keçirilən dərslərdən məmnundurlar.

- Maraqlıdır ki, ermənilər bu günədək bir çox xalq mahnılarımızı özününküləşdirməyə cəhd etsələr muğama toxunmurlar.

- Onu oğurlmağa ürək lazımdır. Muğamı oxumaq ruhda olmalıdır, ermənilərdə belə bur incə ruh yoxdur.

- Gələcək planlarınız barədə deyərdiz?

- Yeni mahnılar, dəstgahlar lentə alınır. Yaxınlarda qiraət ustası, Əməkdar artist Azad Şükürovla yeni diskimiz çıxacaq. Bu, sayca beşinci diskimdir. Tələbələrimi hazırlaşdırıram. Qarşıdan muğam müsabiqəsi gəlir, iki tələbəm orada iştirak edəcək.

- Son olaraq, Mənsum İbrahimov Təyyar Bayramovun sənətində hansı yeri tutur?

- Qısaca, onu deyə bilərəm ki, bu sənətə gəlməyim birbaşa Mənsum İbrahimovun adıyla bağlıdır.

Təyyar Bayramov haqda onun müəllimi, Xalq artisti Mənsum İbrahimovun fikirlərini öyrəndik. T.Bayramovun gənc yaşlarında böyük uğurlara imza atdığını deyən M.İbrahimovun sözlərinə görə, həmin illərdə o, əməkdar artist adına layiq görülüb, iki dəfə iştirak etdiyi muğam müsabiqlərinin qalibi olub Şah İsmayıl” opera-tamaşasında baş rolu ifa edib: “Dünyanın bir sıra ölkələrində Azərbaycan muğamını uğurla təmsil edir. Peşəkar xanəndə kimi səhnədə öz sözünü deyir. Təyyar Bayramov əxlaqlı, zəhmətsevər, çalışqandır. Müəllimi kimi ondan çox razıyam. Bu günədək verdiyim tapşırıqların hamısını artıqlaması ilə yerinə yetirib. Bu gün kənardan izləyəndə görürəm ki, o, insanlara göstəriləcək ən yaxşı nümunədir. Tələbələrimə Təyyar Bayramovu həmişə ən yaxşı nümunə kimi göstərirəm. Əsl azərbaycanlı ifaçısıdır”.

Mənsur Rəğbətoğlu

 Olaylar.- 2015.- 11 fevral.- S.13.