“Yunus Oğuz tarixi yazmır,

o həm də tarixi yaşayır”

 

Yunus Oğuz tariximizin 40-cı otağındakı həqiqətləri gerçək həyat kimi göstərə bilən yazıçıdır

 

İyulun 14-də yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun kitablarının təqdimat mərasimi keçirilib. “Pyeslər”, “Sultan Arp Arslan”, “ Attila”, “ Jena Şaxa i Koldun”, “Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” adlı kitabların təqdimat mərasimi Atatürk Mərkəzində baş tutub.

 Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva qeyd edib ki, kimliyini bilməyən şəxs gələcəyə parlaq addımlarla gedə bilməz. Çünki tarix elə bir yaddaşdır ki, o insanların gələcək taleyində böyük rol oynayır. Ona görə də bizim tariximizin müxtəlif səhifələrinə işıq salan əsərlərin ərsəyə gəlməsinə ehtiyac var. Yunus bəyin işi də tariximizi romanlar şəklində insanlara təqdim etməkdən ibarətdir. Tariximizi daha çox gənclərə oxutmanın yolu kimi romanların çapı vacib şərtdir. Bu zaman gənclərimizin daha çox kütləvi şəkildə tariximizi oxumasına nail olmaq mümkündür. Yunuz bəyin isə bu istiqamətdə işləri çox böyükdür. Bu günə qədər yazdığı çox dəyərli romanları var ki, həmin əsərlər türk dünyasının tarixinə həsr edilib. Türk dünyasının tarixi içərisində Azərbaycan türklərinin, bizim yaşadığımız çoğrafi məkanda keçdiyimiz yol, böyük sultanlarla bağlı yazdığı faktlar çox önəmlidir: “Mən gənclərlə görüşdə onlara “Nadir şah” kitabını çox həvəslə hədiyyə edirəm. Nəzərə alaq ki, mənim də ailəmin bir tərəfi Nadir şahın ailəsidir. Sovet dönəmində Nadir şah öyrənilməyən, öyrənilməsinə icazə verilməyən şəxslərdən idi. Yunus bəy isə bu ziddiyyəti aradan götürə bildi. Təkcə Nadir şah deyil, digər sərkərdələrlə bağlı əsərlər ərsəyə gətirdi”. Onun sözlərinə görə, Yunus bəyin yazdığı kitablar təkcə Azərbaycan türkcəsində qalmır. Tez bir zamanda türk, rus və digər dillərə tərcümə edilir. Bu isə tariximizin təbliği baxımından olduqca önəmli məsələdir: “Cənab prezidentin də üzərində dayandığı məsələlərdən biri ondan ibarətdir ki, gənclərimiz tariximizi yaxşı bilməlidir. Buna nail olmaqdan ötrü belə əsərlərə ehtiyac var ki, gənclərimizi tariximizi geniş mənada öyrənməyə yönəldə bilək”.

Tədbirdə çıxış edən xalq şairi Zəlimxan Yaqub qeyd edib ki, son illərdə Azərbaycanın tarixi Yunus Oğuzun əsərləri timsalında geniş şəkildə təbliğ olunur. Təkcə Azərbaycanda deyil, bütün türk dünyasında-Altaydan Anadoluya qədər yol gələn böyük bir dünyada onun əsərləri yayılıb. Yunus Oğuzun təqdimatında o əsərlər təbliğ olunur ki, orada Attila, Şah İsmayıl Xətai, Nadir şah, Şah Abbas kimi sərkərdələrin obrazı yaradılıb. Hansı ki, bu tarixi şəxsiyyətlərin öyrənilməsi Sovet dönəmində qadağan olunmuşdu. İndi müstəqillik dövrümüzdə bir zamanlar adlarının çəkilməsi qadağan olunan şəxsiyyətlərimiz öyrənilir və təzə ruhla, təzə düşüncə ilə oxuculara təqdim edilir: “Bizim bu gün Yunus Oğuzun şəxsində oxuduğumuz kitabların əksəriyyəti qadağan olunmuş tarixi şəxsiyyətlərlə bağlıdır. Yunus Oğuz məhsuldar, ədəbiyyatımıza bir-birindən gözəl əsərlər təqdim edən müəlliflərimizdən biridir. Onun fəaliyyəti artıq ədəbiyyat aləmi ilə bağlıdır. Onun toxunduğu mövzular nə qədər yurdsevərlər varsa onlarla bağlıdır. Böyük şəxsiyyətlərdən yaza-yaza adam böyüyür. Kiçiklərdən yaza-yaza isə kiçilir. Mən arzu edirəm ki, Yunus Oğuz bundan sonra da ədəbiyyatımıza, oxucularımıza bir-birindən gözəl əsərlər versin”.

Millət vəkili Musa Qasımlı qeyd edib ki, Yunus Oğuz öz romanlarında  tarixi olduğu kimi verə bilib: “Mən Yunus Oğuzu otuz ildən çoxdur tanıyıram. Yunus Oğuz deyəndə mənim yaddaşıma ilk dəfə qəzetçi-jurnalist, sonrakı illərdə isə tarixi roman yazarı gəlir. Yunus müəllimin tarixi romanlarının oxucusuyam. Cəsarətlə deyirəm ki, yazıçı tarixdən, tarixi hadisələrdən roman yazanda mütləq ona sadiq olmalıdır. Əgər ona sadiq olmasa oxucuların tarixi təfəkkürünü yanlış istiqamətə yönləndirə bilər. Məsələn, Ağaməhəmməd Şah Qacarla bağlı əvvəlki dövrlərdə yazılan əsərlərdə və digərlərində olduğu kimi. Ona görə də yazıçının bütün improvizasiyası, yaradıcılığı ilə yanaşı tarixi şəxsiyyətlər, tarixi hadisələr və proseslər haqqında yazanda həmin prinsiplər gözlənilməlidir. Bu baxımdan Yunus müəllimə təşəkkür edirəm ki, bütün əsərlərində özünün yaradıcılığı ilə bərabər tarixi şəxsiyyətlər haqqında gerçək tarix qorunub saxlanılıb: “Oxuduğum və tamaşasını izlədyim Hadir şah haqqında deyə bilərəm ki, adətən biz onun barəsində Nəriman Nərimanovun “Dağılan tifaq”ından bilirdik. Yunus bəy də onun barəsində gözəl bir əsər yazdı. Hesab edirəm ki, Nadir şahla bağlı çox gözəl bir tamaşa hazırlanıb. Təkcə biz yaşda olan insanların deyil, eləcə də gənclərimizin həmin tamaşaya baxmaları çox faydalı olardı. Hesab edirəm ki, bu təqdimat Yunus müəllimə yeni imkanlar verəcək. Mən bir neçə dəfə Yunus müəllimin yanında olmuşam. Onun böyük bir kitab rəfi var. Orada əsərlərinin əl ilə yazılmış variantları var. Çox maraqlıdır ki, Yunus müəllim əsərlərini kompüterdə deyil, əl ilə yazır. Bütün halda hesab edirəm ki, belə əsərlərin olması Azərbaycan ədəbiyyatı, xüsusən tarixi roman janrı üçün çox faydalıdır”. M.Qasımlı bildirib ki, görkəmli yazar Sabir Bəşirov Yunus Oğuz haqqında bir kitab yazıb. İmzası bir çoxlarına tanış olan Sabir müəllim Yardımlının ən ucqar dağ kəndində müəllim işləyir. Çox gözəl qələm sahibidir, fəlsəfə üzrə elmlər doktorudur.

Millət vəkili Nizami Cəfərov bildirib ki, Yunus Oğuz haqqında nə ağılsız, nə də ürəksiz danışmaq mümkün deyil. Onun yazdıqları demək olar ki, şəxsiyyəti ilə eynilik təşkil edir. Əsərlərinin hər bir obrazına elə təsvir verir ki, sanki təkcə əsər deyil, həm də özünü yaradır. Onun tarixi romanları əsasən böyük şəxsiyyətlərə həsr edilib. Bu əsərlər digərlərindən fərqli olaraq kifayət qədər orijinaldır. Əsərlərində tarixi faktlara həddindən artıq sədaqətlik nümayiş etdirib, tarixçi səviyyəsində sıralayıb. Əsərlərin əsas obrazlarının yaradılmasında fundamentallıq müşahidə olunur. Çalışır ki, obrazı bir tarixi abidə kimi yaratsın. Yunus Oğuzun tarixi romanları daha çox modelizm düşüncəsi ilə ərsəyə gəlib. Yəni, o, əsərlərində obrazı çox dərin təhlillərlə yox, ştrixlərlə təqdim etməyə üstünlük verir: “O, bizim tarixi roman yazanlar içərisində yeganədir ki, bu qədər çoxlu mövzulara müraciət edib. Maraqlıdır ki, birdən-birə niyə Azərbaycanda Nadir şah haqqında əsərlər yazılmağa başladı, niyə əvvəllər bu mövzuya müraciət edilmirdi? Həmişə 17-18-ci əsrlər diqqətdən kənarda qalıb. Lakin Azərbaycan xalqı millət kimi məhz o dövrdə formalaşıb. Məhz bu dövrü Yunus Oğuz araşdırmağa başlayıb. Onun əsərlərində bu dövrün çoxlu tayfalarının adları çəkilir, onların qarşılıqlı münasibətləri araşdırılır. Yəni, etnososial proseslərin dərinliklərinə gedə bilib”. N.Cəfərov əlavə edib ki, Y.Oğuzun əsərlərinin həm üslub, həm dil, həm sujet, həm də obrazlarının dərin mistik təsir imkanları var. Bunun üçün böyük intellektualla yanaşı, dərin hissiyyat da lazımdır. Çünki, Yunus Oğuz geniş ürəkli türkçüdür, amma türk dünyasının alimləri ilə söhbət edəndə dönüb olur azərbaycanlı. Yunus Oğuz o yazıçılardandaır ki, millət, cəmiyyət, xalq onun fəaliyyəti ilə özünü dərk edir.

Türkoloq alim Firudin Cəlilov diqqətə çatdırıb ki, Yunus Oğuz bir etnoqraf, tarixçi, xalqın etnogenesindən yazan alim kimi çox işlər görüb: “Bu sahədə yazan insanları barmaqla saymaq olar. Mən də həmin mövzuda xırda-xırda yazırdım. Biz araşdırmalarımızda Azərbaycan və Anadolunu götürürdük. On il əvvəl Yunus bəyin bir kitabı çıxdı və həmin kitabda Troya və Avropada türk izlərini yazdı. Mən hər dəfə Türkiyəyə gedəndə azı 5 ədəd o kitabdan aparırdım, çünki orada istəyirdilər. Deməli, hər hansı yazarın kitabına tələbat varsa, deməli o, ortalığa nə isə qoyub. İki cür kitab var. Biri kitabxanada qoymaq üşün, digəri stolüstü kitab. Kitabın qiyməti ondadır ki, stolun üstündə olsun. Yunus bəyin tarixi romanlar yazmağı təsadüfi deyil. O tariximizi bilir, əsərlərinin əhəmiyyəti də tarixi şəxsiyyətləri olduğu kimi canlandırmaqdadır. 20-30 il əvvəl bizə yetim bir xalq kimi baxırdılar. Yəni, dövləti, mədəniyyəti olmayan, kiçik sayda xalq kimi. Ancaq Yunus bəy ortalığa kitablar qoydu ki, bu xalqın imperatorları olub. Bununla da diletant oxucuların təsəvvüründə bu məsələlər yeniləndi. Bu baxımdan Yunuz bəyin həm dramatik, həm də tarixi əsərləri çox əhəmiyyətlidir. Gələcək nəslə öz kimliyini tanımaq üçün bir vasitədir”.

Professor, filologiya elmləri doktoru Şamil Vəliyev bildirib ki, Yunus Oğuz tarixi bilən və onu cəmiyyətə öyrətmək iddiasında olan yazardır. O tarixə siyasət gözü ilə baxan sovet tarixçilərinin eyiblərini hələ gənc yaşlarından göstərirdi. Bizim tariximizə “yetim xalq” kimi baxanların əleyhinə olaraq siyasi metodoloji məngənədən qurtulmaq istəyənlərin ilkləri sırasındadır. O, təkcə qədim dövrə deyil, eyni zamanda orta və yeni dövrə çox diqqətlə, müasir vətəndaşlıq mövqeyindən baxan bir yazardır. Yunus Oğuz tariximizin 40-cı otağındakı həqiqətləri, bizim nağıl kimi düşündüyümüz həqiqətləri gerçək həyat kimi göstərə bilən yazıçıdır. Torbası tarix informasiyası ilə dolu olsa da istedadlı bədii söz ustasıdır. O, əsərləri yazarkən sadəcə təhlil eləmir, həm də həmin tarixi yenidən yaşayır. Yaşananlar isə dilə gələndə çox gözəl olur: “Yunus Oğuz bütün tənqid və təhdidlərə, tarixə yad münasibətlərə baxmayaraq özünün duyğu və düşüncələrini ifadə etdiyinə görə çoxlarından fərqləndi. Öz tarixini, milli keçmişini romanlarında verə bildi. Bununla tarixə müasir metodologiya ilə, yəni azərbaycançılıq mövqeyindən yanaşdığından türklük və Azərbaycançılıq ifadəsini eyniyyatda götürərək yeni metodologiyanın formalaşmasına xidmət göstərdi. Onun türk və İslam tarixinə müasir yozum verməsi ən böyük elmi və bədii uğurudur. Elmi və bədii təfəkkürün vəhdəddə verilməsi yeni tarix mənzərələrinin ortaya çıxmasına səbəb oldu. Üstəlik türk tarixinə də şüarlarla yanaşmadı, yaşanan tarixin həqiqətlərini göstərə bildi”.

Sənətşünaslıq namizədi, “Azad Azərbaycan” telekanalının Bədii Şurasını sədri Etibar Babayev bildirib ki, Yunus Oğuzun 5 kitab ərsəyə gətirməsi təkcə onun həyatında yox, həm də Azərbaycan ictimaiyyətində çox böyük hadisədir: “Yunus müəllim Allahın sevimli bəndələrindəndir ki, tarixi baxımdan zamanında doğulub. O, xəyalən çox uzaqlara gedərək tarixin dərinliyinə baş vurub. Bununla əsərlərinə həm də o dövrün əhval-ruhiyyəsini gətirib. İndi tarixi baxış yeniləşib. Yunus Oğuzun qələmindən çıxan əsərlər ona görə maraqlıdır ki, həmin əsərlər sırf tarixçi işi deyil, tarixi araşdırma ilə məşğul olan yazıçı təxəyyülünün bəhrəsidir. O, gənc olmasına baxmayaraq təcrübəsi və biliyindən istifadə edərək tarixi faktlar üzərində çox gözəl gəzişmələr edib”.

Jurnalist-yazar, “Teleqraf-Holdinq”in rəhbəri Aynur Camalqızı deyib ki, Azərbaycanın keçmişi, onun zəngin tarixi barədə məlumatların cəmiyyətə çatdırılmasında Yunus Oğuzun böyük xidmətləri var: “Biz bütün vasitələrdən istifadə etməliyik ki, tarixi mövzularda yazılan kitablar populyar olsun. Çünki bu günkü oxucu üçün tarix, tarixi gerçəkliklər o qədər də aktual deyil. Amma belə kitabların təbliği insanların tarixə olan marağını artıra bilər”. A.Camalqızı qeyd edib ki, ərsəyə gətirilmiş bu kitabların geniş oxucu kütləsinə çatdırılması üçün onların ssenariləşdirilməsinə ehtiyac var.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, Yunuz Oğuz zamanın və xalqın tələbini öz qələmi ilə canlandıran bir yazıçıdır: “Azərbaycanda siyasi proseslərin ən qaynar dövrlərində Yunus Oğuzun siyasi fəaliyyətin əsasları ilə bağlı bir kitabı əlimə keçdi. Cəmiyyət buna çox böyük aclıq hiss edirdi. O zaman Yunus Oğuz siyasi fəaliyyətin nəzəri əsasları ilə bağlı bir kitab ortaya qoydu. Bu gün də o, çox gözəl anladı ki, Azərbaycan cəmiyyətinin türk və Azərbaycan tarixinin yeni bir baxışına ehtiyacı var. Artıq o, bu istiqamətdə bir neçə roman yazıb. Həmin romanların hər biri indiyə qədər Azərbaycan və türk tarixlərində mövcud olmuş konsepsiyalarla daban-dabana ziddir, eyni zamanda mütərəqqi bir konsepsiyadır. Əminəm ki, gələcəkdə türk dünyasının tarixi ilə bağlı tam bitkin bir ideologiya ortaya qoymaq istəyən adamlar mütləq ilkin mənbə kimi Yunus Oğuzun kitablarına müraciət edəcəklər”. Onun sözlərinə görə, Yunus Oğuz əsərləri ilə cəmiyyətdə böyük oxucu kütləsi qazanıb. Çünki bu mövzularla bağlı Azərbaycan cəmiyyətində bir aclıq var.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Yunus Oğuz onun anasının ən çox sevdiyi yazıçıdır: “Anam həmişə soruşur ki, Yunus Oğuzun təzə kitabı varmı? Həmişə avtoqrafla kitabları ona verirəm. Elə bilirəm ki, bu 5 kitabın işıq üzü görməsinin rəmzi bir mənası var. Çünki bir həftədən sonra onun 55 yaşı tamam olur. Doğrudan da son illərdə Yunus Oğuz məhsuldar ədəbi yaradıcılıqla məşğuldur. Onun “Nadir şah” tamaşası da möhtəşəm səhnə əsərinə çevrilib. Şübhə etmirəm ki, digər əsərləri də səhnəyə qoyulacaq, filmlər çəkiləcək”.

“Şərq qəzeti”nin baş redaktori Akif Aşırlının sözlərinə görə, Yunus Oğuz Azərbaycanda ilk dəfə konfliktologoya ilə bağlı yazılan kitabın müəllifidir: “Yunus Oğuzun keçdiyi həyat yolu tarixi romanlar yazmağa imkan yaradıb. O, Azərbaycan tarixinə cəmiyyətdə maraq oyatmaq baxımından həm elmi, həm də bədii təfəkkürün imkan verdiyi səviyyədə əsərlər yazdı. Azərbaycan tarixinin populyarlaşmasında Yunus Oğuzun fəaliyyəti danılmazdır. Çünki, tarixi şəxsiyyətləri bədiiləşdirərək cəmiyyətə çatdırmaq tarixi populyarlaşdırmaqdır”. Onun sözlərinə görə, Milli Teleradio Şurasının telekanallara serialların çəkilişi məqsədilə ayırdığı vəsait hesabına yaxşı tarixi filmlər çəkmək olar: “Ümid edirəm ki, Yunus Oğuz 20-ci əsrin tarixi proseslərinə də diqqət yönəldəcək. O proseslərdə həm türk dünyasının birliyi ideyası, həm də az öyrənilən tarixi məqamlarla bağlı əsərlər yazacaq”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, Yunus Oğuzun tarixi romanları o zaman ərsəyə gəlməyə başladı ki, onda Azərbaycanda milli düşüncə, tariximizə yeni baxış dəbdə deyildi. Bu məsələlərə fərqli düşüncə, fərqli baxışlar ortada idi. Belə bir məqamda həmin boşluğu dolduracaq bir yaradıcı insana ehtiyac var idi. Məhz Yunus Oğuz bu boşluğu uğurla doldurmağı bacardı: “Tarixin bədii əsərlər vasitəsilə təqdim olunması dünyada üstünlük verilən yanaşma tərzidir. Çünki politologiya kiçik yaşlı uşaqlar, gənclər üçün maraqlı deyil.Onlar əsasən tarixi bədii əsərlərdən öyrənməyə üstünlük verirlər. Xüsusən, belə əsərlərin ekran həllinin tapılması nəticəsində insanlar öz tarixlərinə daha bağlılıq əldə edirlər. Təəssüflər olsun ki, bizim tariximizə həmişə daşlaşmış bir baxış olub. Biz həmişə tariximizə özgələrin gözü ilə baxmağı xoşlamışıq. Yunuz Oğuzun fərqi ondan ibarətdir ki, o, tariximizə Azərbaycanın milli maraqlar müstəvisində, azərbaycanlı kimi baxır”.

Sabiq millət vəkili Cahangir Hüseynov qeyd edib ki, Yunus Oğuzun türk tarixi ilə bağlı yazdığı əsərlərin əhəmiyyəti böyükdür. Bu əsərlər bir tarixi mənbə rolunu oynayır: “Mən tarixi əsər yazmaq qərarına gələndə hansı sahədə, hansı dildə mənbə axtardımsa, Yunus Oğuzun əsərlərinə rast gəldim. Hətta Türkiyədə səfərdə olduqda onun əsərləri barədə məlumatlar eşitdim. Sevindim ki, heç olmasa Türkiyədə Azərbaycan yazarının əsərlərinə belə maraq var”. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər potensial var ki, tarixi əsərlər səhnələşdirilsin. Gələcəkdə bu məsələyə də baxılmalıdır ki, Yunus Oğuzun əsərləri səhnələşdirilsin və ekranlaşdırılsın ki, geniş kütlənin Azərbaycan tarixinə marağı artsın. Nəzərə almaq lazımdır ki, bu gün kitab oxuyanların sayı həddindən artıq azdır. Ancaq belə kitabları ərsəyə gətirmək elə də asan məsələ deyil.

“Ekspres” qəzetinin baş redaktoru Qəzənfər Bayramov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra tariximizi yenidən qiymətləndirməyə start verilib. Bu işdə əməyi olanları, o cümlədən Yunus Oğuzu alqışlamaq lazımdır. Azərbaycanda tarixi-bədii əsərlər təxminən yüz ildir ki, yazılır. Lakin əvvəllər yazarlar tarixə ədəbiyyatçı kimi baxırdılar. Yunus Oğuz isə tamamilə fərqlənərək həmin dövrlərə tarixçi kimi yanaşıb. Yunus Oğuzun əsərlərinin fərqi ondadır ki, bu əsərlər həm də cəmiyyəti maarifləndirir. Bu istiqamətdə oxucuya tarixi aspektdən nə isə verir. Hesab edirəm ki, millətin belə əsərlərə ehtiyacı var”.

Tədbirdə çıxış edən rejissor Məhərrəm Bədirzadə məlumat verib ki, Yunus Oğuzun əsərlərindən ibarət bir serialın televiziyada hazırlanması nəzərdə tutulur: “Nadir şah” tamaşası çox gözəl hazırlanmışdı. Aktyorlar da çox gözəl oynayırdılar. Amma etiraf edilməlidir ki, tamaşaçını teatra müəllif gətirdi. Tamaşaçılar daha çox o əsəri izləmək, onu dərindən öyrənmək istəyirdilər”.

“Nadir Şah” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər qeyd edib ki, tariximizi cəmiyyətə təqdim etmək, gəncləri bu istiqamətə yönəltmək baxımından bu tamaşanın əhəmiyyəti danılmazdır: “Hesab edirəm ki, bu tamaşa gələcəkdə tariximiz, mədəniyyətimiz, teatr sənətimizin inkişaf etdirilməsi üçün yaxşı bir test oldu. Əlbəttə, belə əsərlərin baxımlı olması üçün bədii estetik informasiya öndə olmalıdır. Çünki tamaşaçını maraqlandıran bu məsələdir. Eyni zamanda, tamaşa bir məna, məzmun üzərində formalaşmırsa çox pis nəticə verə bilər. Bu baxımdan, Yunus bəyin yaradıcılığı millət üçün bir missiyadır. Bunu millət üçün bir xidmət kimi qavrayıram, düşünürəm ki, Yunus bəyin əsərləri ilə bədii sahələrdə məşğul ola biləcək insanlar da ən azından məsələlərə bu prizmadan yanaşmalıdır”.

Yazıçı publisist Ramiz Əkbər bildirib ki, Yunus Oğuzun özəlliyi ondan ibarətdir ki, o türkoloqdur. Türkoloq isə türk ədəbiyyatı, etnoqrafiyası, tarixi haqqında geniş bilgiyə malik insandır: “Ona görə də Yunus Oğuzun əsərləri gözəldir. Yunus Oğuz türk dünyasının haradan başlanıb harada bitməsini cəmiyyətə çatdırdı. O, o qədər böyük bir iş görüb ki, onu nə Yazıçılar Birliyi, nə də tarix institutları edə bilərdi”. Onun sözlərinə görə, hazırda Azərbaycan tarixini təbliğ edən yazılara ehtiyac var. Sovet dövründə tarixi şəxsiyyətlərimizlə bağlı yalnız kiçik epizodlar var idi. Yunus Oğuz isə bir çox tarixi şəxsiyyətlərimizi olduğu kimi cəmiyyətə tanıda bildi. İndi bi əsərlərin çoxlu sayda xarici dillərə tərcümə edib yayılmasına ehtiyac var.

Sonda yazıçı publisist, təqdim olunan kitabların müəllifi Yunus Oğuz qonaqlara təşəkkür edib bildirdi ki, əsərlərində türk xalqlarının qurduqları dövlətlər və bütövlükdə dünya siyasətinə aid olan başqa dövlətlərə münasibətlər əksini tapıb. Azərbaycan və türk dünyasının tarixinə yeni baxış Amerika və Avropada böyük marağa səbəb olub. Bu maraq ondan ibarətdir ki, hər kəs öz tarixini bilmək, ona yenidən baxmaq istəyir. Çünki bu zaman yeni çalarlar ortalığa çıxır, bu çalarlarda isə yeni münasibətlər formalaşmağa başlayır: “Artıq bir sıra xarici ölkələrdə kitablarım çapdan çıxıb. Hesab edirəm ki, bu tarixi davamlı yazmaq lazımdır. Çünki bu tarix bizimdir, ona görə də buna sahib olmalıyıq. Eyni zamanda başqalarına da göstərməliyik ki, fəxr edəcək tariximiz var”.

 

Alim Hüseynli

 

Olaylar.- 2015.- 16 iyul.- S.8-9.