Sağlığında abidəsi qoyulan ilk azərbaycanlı

 

Zeynalabdin Tağıyev yerli iqtisadiyyatın müstəmləkə xarakterini sındıran ilk sənayeçidir

 

Ankarada “Tarixdaş – Millətlər və Cəmiyyətlər” Dərnəyinin təşkilatçılığı ilə “Hacı Zeynalabdin Tağıyev və Qafqaz İslam Ordusunun qəhrəmanları” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycanın səfiri Faiq Bağırov, hər iki ölkədən deputatlar, elm və mədəniyyət xadimləri, Z.Tağıyevin qohumları iştirak ediblər. Azərbaycan sahibkarlığının görkəmli nümayəndəsi, xeyriyyəçi, maarifpərvər və ictimai xadim Z.Tağıyev barəsində millət vəkili, AMEA-nın müxbir üzvi, AMEA Tarix İnstitutunun direktoru professor Yaqub Mahmudovun konfransda etdiyi çıxışı əsasında hazırlanmış müsahibəni sizə təqdim edirik.

 

- Yaqub müəllim, deyirlər ki, Zeynalabdin Tağıyev xalqımızın yaddaşında özünə əbədi heykəl ucaltmış “millət atası” idi. Bir tarixçi kimi, sizdə Z.Tağıyev barəsində məlumat daha çoxdur...

- Nəriman Nərimanov “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və camaata xidmətləri” adlı kitabçasında bu əvəzolunmaz şəxsiyyətə belə qiymət vermişdi: “Müsəlmanlardan bu qeyrətdə olanlarını görməmişiksə də adlarını tarixdə oxuyuruqdüşünürük ki, millət yolunda can qoyanlar bizlərdə var imiş. Bu Zati- möhtərəmlər hər əsrdə olub, indivar, gələcəkdə də olacaqdır. Ümum xeyirdən ötrü bu əsri-hazırda insafımız rəva görməyir ki, cənab Hacı Zeynalabdin Tağıyevi nəzərimizdən keçirməyək, ya gələcəkdə millətin balaları bu cənabın, millətə qeyrətini, vətənə məhəbbətini, insana himmətini və həmiyyətini tarixdə oxuyub gözləri rövşən və qəlbləri şad olsun. Həqiqət hal! Bu Zat-möhtərəm bir qeyri-zatdır, ruzidir Allah bizlərə bəxşiş edibdir. Bu zat millət böyüyü, ruzigarın əvəzsiz böyüyü olub. Adını tarixə salmaya bilərikmi?” Z. Tağıyev ehtiyac içərisində yaşayan ailəsinə kömək məqsədilə kiçik yaşlarından fəhləlik etmiş, 15 yaşından bənnalığa başlamışdır. 1872-ci ildə Z.Tağıyev torpaq sahəsi icarəyə götürərək, quyu qazdırmış, quyu gözlənilmədən fontan vurduğundan Zeynalabdin milyonçuya çevrilmiş, elə həmin il yaranan 12 ilk neftçıxarma müəssisəsindən biri də “H.Z.Tağıyev” neft sənayesi firması olmuşdur. Z. Tağıyev iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlubir qızı olmuşdu. İkinci həyat yoldaşı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Z. Tağıyevin oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi. Sona xanımdan Z.Tağıyevin üç qızı və iki oğlu (Məhəmməd və İlyas) olmuşdur. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən rus puleti oynarkən ölmüş, İlyas isə xəstəliyə tutularaq ölmüşdür. Sovet hakimiyyəti qurulduqdan sonra Z. Tağıyevin bütün müəssisələri milliləşdirildi. Ona Mərdəkandakı bağında yaşamağa icazə verildi. N. Nərimanov Azərbaycan sovet hökümətinə rəhbərlik etdiyi dövrdə və sonra Moskvada fəaliyyət göstərən zaman Z.Tağıyevə xeyirxah münasibət bəsləmiş, onu bolşevik hakimiyyətinin təhqiramiz tədbirlərindən qorumuşdur. Z. Tağıyevin vəfatı münasibəti ilə “Kommunist” qəzetində nekroloq verilmişdi. Z.Tağıyev Mərdəkandakı bağından 200-300 metr məsafədə yerləşən, tikintisi onu adı ilə bağlı olan Axund Əbuturab məqbərəsində dəfn edilmişdi. Tağıyevin vəfatından sonra ailəsinin məşəqqətli günləri başlamış, onun adı qatı sinfi düşmənçilik mövqeyindən hallanmışdır. Tağıyevin qızı Sara xanım bu münasibətlə barışmayaraq, “H.Z. Tağıyevin maarifçi fəaliyyəti”, “H.Z. Tağıyevin Azərbaycan xalqının mənəvi mədəniyyətinin inkişafında mütərəqqi rolu” mövzularında araşdırma aparmış, lakin rəsmi etirafa nail ola bilməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra Tağıyevin adına qəsəbə, küçə, məktəb və müəssisələr təsis edilmiş, “Hacı Zeynalabdin Tağıyev xatirə mərkəzi”, “İnsanlığa xeyirxahlıq və fəzilət nümunəsi, sərvət və səxavət sahibi Hacı Zeynalabdin Tağıyev” media diplomu təsis edilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilmiş və vaxtilə hacının şəxsi malikanəsi olmuş Milli Azərbaycan Tarixi Muzeyinin tərkibində “Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi” də yaradılıb.

- Yaqub müəllim, Z.Tağıyevin sərmayəçi fəaliyyəti barəsində nə deyə bilərsiniz?

- O böyük sərmayəçi olub, 1873-cü ildə neftçıxarma işinə sərmayə qoymuş, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1877-ci ildə 2-ci gildiya tacir rütbəsi almış, 1878-ci ilin əvvəlində Tağıyevin mədənində neft fontanının vurması onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir. 70-ci illərin sonunda Tağıyev artıq 3 neft zavodunun sahibi idi. 1882-ci ildə 1-ci gildiya tacir rütbəsi almış, 1886-cı ildə “H.Z.Tağıyev” şəxsi ticarət evini təşkil edib. 1896-cı ildə Tağıyev firmasının neft hasilatı ən yüksək göstərici ilə (32 milyon pud) ən iri – “Nobel qardaşları” şirkətini geridə qoymuşdu. Tağıyev neft məhsullarının Xəzər dənizi və Qafqaz dəmir yolu ilə nəqli üzrə firmalar qrupunun iştirakçısı olmuşdur. XIX əsrin 90-cı illərində məhz Tağıyev ilk dəfə Şuşa-Yevlax dəmir yolu çəkilişi lahiyəsini təklif etmişdir. XX əsrin əvvələrində təsisçisi olduğu “Kür-Xəzər gəmiçilik cəmiyyəti” Xəzər dənizində “QafqazMerkuri” və “Şərq” şirkətlərinə qarşı dura biləcək yeganə qüvvəyə çevrildi. Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçi olmuşdur. Başqa sənaye sahələrinə kapital qoymaq üçün 1897-ci ildə özünün neft mədənlərini, müəssisələrlə birlikdə Britaniyanın ən iri sahibkar şirkətinə 5 milyon rubla satan Tağıyev toxuculuq sənayesinə, gəmiçiliyə, tikintiyə, kənd təsərrüfatına və balıqçılığa xeyli kapital qoymuş, “Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti”, toxuculuq fabriki, “Xəzər manufaktura cəmiyyəti”, “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti” yaratmışdı. Bakıda toxuculuq fabriki tikilməsi təkcə Azərbaycanda qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahələrinin yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrikin ambulatoriyası və məktəbi də var idi. Bir sıra xırda neft sənayesi şirkətləri ilə əməkdaşlıq edən Tağıyev “Şərqi-Qafqaz neft sənayesi və ticarət səhmdar cəmiyyəti”nin təsisində iştirak etmiş, həmin cəmiyyətin idarə heyətinin sədri seçilmiş, beləliklə, XX əsrin əvvəllərində neft sənayeçiləri arasında nüfuzunu müəyyən dərəcədə bərpa etmişdir. Tağıyev 1914-cü ilin yayında pambıq parça sənayesi sahəsində “H.Z. Tağıyevin fabrikləri birliyi kontorunu təşkil etmişdir. Fabriklərini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax yaxınlığında torpaq sahəsi almış, 1909-cu ildə isə Cavad qəzasında pambıqtəmizləmə zavodu tikdirmişdi. 1899-cu ildə yaradılan “Elektriçeskaya sila” səhmdar cəmiyyətinin sədr müavini seçilən Tağıyevi idarə heyətinin 6 direktoru arasında yeganə azərbaycanlı idi. Tağıyevin metal emalı və gəmi təmiri sahələrində də müəssisələri vardı. 1903-cü ildə gəmi sahibləri onun təşəbbüsü ilə “Yanacaqdoldurma şxunları ittifaqı” adlı sindikat yaratmışdı. Tağıyev yeyinti sənayesinin inkişafına da diqqət yetirmiş, dəyirman tikdirmiş, Quba qəzasında üzüm bağları saldırmış, 43,7 ha sahəlik üzümçülük təsərrüfatını şərikli satın almışdı. 1909-cu ildə balıq sənayesinə 1 milyon rubla yaxın sərmayə qoymuş, 1910-cu ildən ən iri vətəgələrdən olan “Bankə” vətəgəsinin sahibi olmuşdur. Balıq məhsullarını saxlamaq üçün Dağıstanın Petrovsk-Port (indiki Mahaçqala) şəhərində soyuducu zavod, buz istehsal edən və çəllək zavodları tikdirmişdi. 1904-1913-cü illərdə xüsusi kredit müəssisələri şəbəkəsinə “H.Z. Tağıyev” banklar kontoru da daxil olmuşdur. Tağıyev 1914-cü ildə yerli sahibkarlarla birlikdə Bakı ticarət bankını təsis etmişdir. 1916-cı ildə balıq sənayesi sahəsində yaradılan “Kaspi-Tağıyev” səhmdar cəmiyyətinin əsas kapitalının üçdə iki payı Tağıyevə məxsus idi. Tağıyevin fəaliyyət sahələrindən biri də rabitə ilə bağlı idi. Telefon xətlərinin çəkilişində də öncüllərdən biri Tağıyev olmuşdur. O, torpaq sahələrinin, mülklərin və başqa daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlar ilə də məşğul olmuşdur. 1917-ci ilin sonlarında Tağıyevin kapitalı 30 milyon rubla çatırdı.

- O şəxs özündən sonra çoxlu binalar qoyub gedib...

- Bəli, Tağıyev böyük qurucu olub, Bakı Şəhər Dumasının üzvü kimi şəhərsalma məsələsinə xüsusi diqqət yetirmişdir. Bakının mərkəzində ticarət passajı (köhnə Bakı univermağı), bank binası, üçmərtəbəli yaşayış mülkü (Azərbaycan Tarixi muzeyinin binası), Abşeronda ilk dəfə xüsusi olaraq fəhlələr üçün Ziğ kəndində salınmış qəsəbə və s. buna misaldır. 1879-cu ildən Bakı şəhər Dumasının üzvü olan Tağıyevin Bakıya su kəmərinin çəkilməsində xüsusi xidməti olmuşdur. Onun təşəbbüsü ilə ingilis mühəndisi V.Lindley 1904-cü ildə Şollar-Bakı su kəmərinin çəkilməsinə başlamışdı. Tağıyevin 1899-cu ildə Mərdəkanda tikdirdiyi elektiklə işləyən dəyirman ətraf kəndlərin camaatını Birinci Dünya müharibəsi illərində aclıqdan xilas etmişdi. 1902-ci ildə Şamaxı zəlzələsi zamanı Tağıyev şəhər əhalisinə böyük kömək göstərmişdir. Tağıyevin vəsaiti hesabına Petrovsk-Portda tikiş fabriki, Peterburqda məscid, Moskvada yaşayış evi və ticarət müəssisələri tikilmişdir. Bundan başqa İranda, İstanbulda, Hindistanda, Misirdə və başqa Şərq ölkələrində xəstəxanalara, məktəblərə, xeyriyyə cəmiyyyətlərinə, məscid və mədrəsələrin inşasına böyük ianələr ayırmış, təkcə Azərbaycanın deyil, Rusiyanın çoxmilyonlu müsəlman əhalisinə köməyini əsirgəməmişdi. Peterburq müsəlman xeyriyyə cəmiyyətinə 11 min manat bağışlamış və bu cəmiyyətin ömürlük üzvü seçilmişdir.

- Tağıyevin maarif sahəsində gördiyi işləri unutmaq olmaz...

- O kişi həm də böyük maarifçi olub. Tağıyev maarif və mədəniyyətin tərəqqisi üçünmisilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına şeyxülislam Əbdüssəlam Axundzadənin “Tarixi-müqəddəs”, Sultanməcid Qənizadənin kitabları, “Əşari-Seyid Əzim Şirvani” kitabı, Nəriman Nərimanovun “Nadir şah” dramı və bir çox başqa kitablar çap olunmuşdur. O, Mahaçqala, Tiflis, Krım, Sibir, Moskva, Odessa, Vladiqafqaz, Həştərxan, Kutaisi, Peterburq, Volqaboyu, Xarkovs. yerlərdə ana dilində məktəblərin açılmasına xeyli vəsait sərf etmişdi.

 

Ardı var...

 

Olaylar.- 2015.- 6 mart.- S.11.