Milli mənlik şüurunun inkişafı vətənpərvərliyin

formalaşmasında böyük rol oynayır

 

Müasir dünyada gəncləri Vətəni sevməyə, onları milli kimliyini dərk etməyə yönəltmək vətənpərvərliyin atributlarından hesab olunur. Çünki, hazırda dünyada elə proseslər cərəyan edir ki, Vətəni sevməyən, vətəpərvərlikdən uzağ olan gənclər istər-istəməz yad təsirlərin altına düşmək məcburiyyətində qalır. Xarici təsirlər çərçivəsində isə din amilindən tutmuş ideoloji məsələlərə qədər bütün nüanslar var. Ona görə də hər bir gənclə fərdi qaydada iş aparılması həm onları yad təsirlərdən xilas edər, həm də vətənpərvər kimi formalaşmasına təkan vermiş olar.

 

Hüquqşünas Mirzə Manafov hesab edir ki, gənclərin vətənpərvərlik ruhda tərbiyyə olunmasında milli şüurun inkişaf etdirilməsi vacib məsəldir. Bu isə olduqca mürəkkəb bir prosesdir: Qətiyyətlə demək olar ki, hazırda ölkədə bu istiqamətdə iş sistemli şəkildə aparılır. Lakin bu məsələdə müasir texnologoyalardan da istifadəyə ehtiyac yaranır. Məlum olduğu kimi bu günkü gənc olduqca informasiyalı və məlumatlıdır. Belə bir şəraitdə təbliğat və maarifləndirmə işi elə aparımalıdır ki, hər bir gənc dərk etsin ki, bu məsələlər onun həm özünə, həm cəmiyətə, həm ailəsinə, həm də dövlətə xeyirlidir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 20 faizdən artığı düşmən tapdağında olduğu bir məqamda gənclərə Vətni sevdirmək, bu sevgini inkişaf etdirməyə ehtiyac duyulur. Əgər gənclərimiz Vətənin hər qarışını əziz və doğma bilərsə, deməli biz xoşbəxt millətik. Yəni, gənclərin vətənpərvər ruhda böyüməsi üçün biz bir millət kimi formalaşmalıyıq: Millət insanların özündə ictimai inkişafın xüsusi formasını əks etdirən, iqtisadi və siyasi həyatın ümumiliyi,vahid dövlət, ərazi, dil, mədəniyyət, psixologiya, məişət, milli şüur və milli xarakter zəminində təşəkkül tapan sabit birliyidir. Mütəfəkkir dühalar qeyd edib ki, "Birləşməyi bacarmayan cəmiyyət millət ola bilməz, olsa-olsa qaraçı yığını olar. Millət odur ki, ən çətin anda birləşir və özünü təsdiq edir. Bu isə o anlama gəlir ki, milli mənlik şüuruna dəyər verən, öz keçmişini unutmayan, gələcəyinə nikbin baxan, mədəniyyətlərinə sahib çıxan millət böyükdür və yaşamağa layiqdir. Ümumilikdə gənclərimiz dərk etməlidir ki, millətə etnik-siyasi birlik forması kimi yanaşıldıqda milli dövlətçilik və milli şüur milli varlığın zəruri ünsürü kimi müəyyən edilir. Mütəxəssislərin fikrincə, millətlərin varlığını siyasi (dövlətçilik), sinfi, elmi-texniki, ictimai quruluş və s. amillərlə deyil, məhz etnik amillərlə (mənəvi dəyərlərlə) müəyyən etmək daha düzgündür. O, qeyd edib ki, milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr - sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur: Bunun ən bariz nümunəsi kimi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanları göstərmək olar. Bu, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın - hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətlərini qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlar bağlı olan bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qəlbinə hakim kəsilməlidir. Hüquqşünas hesab edir ki, milli düşüncə tərzi milli mənəvi dəyərlərdən milli özündərkə bir keçiddir. Belə ki, bir xalqda milli mənəvi dəyərlər o vaxt milli öznəməxsusluq səviyyəsində meydana çıxır ki, həmin xalqda milli oyanışa, milli özündərkə ehtiyac yaranır. Milli düşüncənin yüksəlməsi ilə milli özünüdərk prosesi başlayır. Lakin hər bir anlayış milli özünüdərk səviyyəsinə yüksəlib, milli düşüncəyə çevrilə bilməz. Yalnız milli oyanış, milli özündərk və bu kimi digər anlayışlar, milli mənəviyyat səviyyəsinə, daha sonra milli düşüncəyə qədər yüksələ bilər. Yetər ki, onun ciddi elmi, fəlsəfi, iqtisadi, siyasi və s. əsasları olsun. Çünki milli düşüncədən fərqli olaraq milli özünüdərk hər hansı bir etnik kütlənin başqalarından fərqini dərk edib, özünü bir millət kimi təsdiq etməsidir: Gənclərə bu ideya aşılanmalıdır ki, milli mənəvi dəyər də, milli ideya da xalqın soykökü, dili, dini və başqa vacib əlamətlərini əks etdirir. Hər bir xalq özünün milli xüsusiyyətlərini qoruyub saxlamaq üçün bir çox sərvətlərini - dilini, müstəqilliyini, dini-fəlsəfi dünyagörüşünü, mədəniyyətini və s. milli mənəvi dəyərlər, yaxud da milli düşüncə kimi yaddaşlarda yaşadır və nəsillərdən-nəsillərə ötürür. Heç şübhəsz ki, bu ideyanın daşıyıcısı olan gəncin vətənpərvərliyinə şübhə ilə yanaşmaq düzgün olmazdı.

Sosiolaq Nailə Mahmudova qeyd edib ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, insana xas olan şüurun daxilində, özü də yüksək səviyyədə təzahür edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun obyekti kimi çıxış edir: Milli mənlik şüuru gənclərin, eləcə də ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilizasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı istiqamətində əhəmiyyətli rol oynadığını göstərir. Gənclərdə olan vətənpərvərlik hissi onları birləşdirir, mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir edir. Bu, eyni zamanda elmin, texniki tərəqqinin inkişafına yol açır. Uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlılıq vətənin, xalqın tarixini dərindən bilmək, soykökünə hörmət göstərmək kimi meyarları özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə gənclərin müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür. N.Mahmudova əlavə edib ki, elmi tədqiqatların nəticəsinə görə, uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması ən vacib amildir. Mütəxəssislər burada əsas diqqətin onların bir-biri ilə qarşılıqlı münasibətlərinə, əxlaqi və mənəvi dəyərlərinin formalaşmasına yönəldiyini deyirlər. Vətəndaşlıq mövqeyinin formalaşması, eyni zamanda, milli mədəniyyətə, adət-ənənələrə, ana dilinin qorunmasına, doğma yurda məhəbbətə, vətən qarşısında öz borcunu yerinə yetirməyə, sağlam həyat tərzinə böyük diqqət artırılmasını tələb edir. Onun sözlərinə görə, gənclərin vətənpərvər ruhda böyüməsində valideyinlər də birbaşa məsuliyyət daşıyır: Bu gün hamımız övladlarımızın taleyi üçün məsuliyyət daşıyırıq. Ona görə məsuliyyət daşıyırıq ki, bu gün qayğısız böyüyən övladlarımız sabah vətənin, dövlətin müqəddəratı üçün laqeyd olmasınlar. Hər birimiz bilməliyik ki, vətən məhz onlara əmanətdir. Əlimizdən gələni etməliyik ki, övladlarımız babalarımızdan yadigar qalan torpağın, vətəndaşı olduqları ölkənin mənafeyini layiqincə müdafiə etməyi bacarsınlar. Bir sözlə, gənclərimizin sağlamlığı, onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi hamımızdan asılıdır.

Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir. Yəni insan öz hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bu cür şüura malik olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir göstərir və cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir. Mütəxəssislərin qənaətincə, gənclərin vətənpərvərlik ruhunun inkişafında milli-mənəvi dəyərlərə sadiqlik də xüsusi rol oynayır. Belə ki, milli-mənəvi dəyər dedikdə, hər bir xalqa məxsus olan sərvətlərin, adət-ənənələrin, mədəni irsin, dini-fəlsəfi baxışların formalaşması nəzərdə tutulur. Burada irəli sürülən müddəa Azərbaycanda milli ideologiya təşəkkül tapana qədər Azərbaycan xalqı arasında hər hansı bir ideyanın və yaxud ideyaların olmaması anlamına gəlmir. Əksinə, həmin dövrə qədər mövcud olan mədəni irsin, dini-fəlsəfi təsəvvürlərin, milli xüsusiyyətlərin vahid ideya anlamına salınması kimi başa düşülür. Milli mənəvi dəyərlər millətin varlığını ortaya qoyan əsas faktorlardan biri olan mənəviyyatla sıx bağlıdır. İdeoloqlar hesab edir ki, milli mənəvi dəyərlərin yaradıcısı millətin ayrı-ayrı üzvləri olsa da, həmin üzvlərin mənəvi-ideoloji, əxlaqi ideyaları sonralar bütövlükdə cəmiyyətin ümumi sərvətinə çevrilir. Azərbaycan xalqı da milli dilini, düşüncəsini, xarakterini, inancını, dinini, adət-ənənələrini və s. məhz milli-mənəvi dəyərlər şəklində qoruyub saxlamaqdadır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 15 oktyabr.- S.15.