Azərbaycan turizm

mövsümünə necə hazırlaşır?

 

Ölkəyə turistlərin marağının artması üçün yeni infrastruktur layihələri həyata keçirilir

 

Bir neçə aydan sonra Azərbaycanda növbəti turizm mövsümünə, yay turizminə rəsmən start veriləcək. Hazırda bu istiqamətdə aparılan işlər, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif ölkələrdə Azərbaycanın turizm imkanlarını tanıdan təqdimat mərasimlərinin keçirilməsi, eləcə də Bakıda yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan bir sıra beynəlxalq əhəmiyyətli toplantılar, mədəni-kütləvi tədbirlər onu deməyə əsas verir ki, cari ildə Azərbaycana təşrif buyuracaq xarici turistlərin sayında əvvəlki illərə nisbətən xeyli dərəcədə artım olacaq. Bu sırada rusiyalı turistlərin daha çox üstünlük təşkil edəcəyi istisna edilmir. Türkiyə ilə keçən ilin dekabrından korlanan münasibətlərin hələ normallaşmaması onu deməyə əsas verir ki, əvvəlki illərdə yay tətilini Türkiyədə keçirməyi nəzərdə tutan əksər rusiyalı turistlər bu il Bakıya və ölkəmizin digər isirahət mərkəzlərinə üstünıük verəcəklər. Bəs görəsən mövcud imkanlar xarici turistləri qəbul etməyə yetərlidirmi?

Mədəniyyət və Turizm Nazirliyi hesab edir ki, zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Əl dəyməmiş təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan – naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin, işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik və hətta qastronomik turizmin inkişafı üçün şərait yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindədir. Ölkəmizin iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycana ekoloji turların təşkili də çox geniş yayılıb. Bu sıraya təbii qoruqlara gedilməsi, trekkinq və alpinist marşrutları daxildir. Bir sözlə Azərbaycanda turizm sahəsi günü-gündən inkişaf edir və tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcək.

Məlumat üçün qeyd edək ki, turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı», habelə «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» böyük əhəmiyyət kəsb edir. Məhz bu proqramların həyata keçirilməsi zəngin infrastrukturun qurulması və ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təmələinin qoyulması üçün şərait yaratdı. O dövrdə əldə edilmiş sosial-iqtisadi təcrübə turizm sahəsinin hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı. Bakının daxili şəhəri olan «İçəri şəhər», Şirvanşahlar Sarayı, Qız qalası və habelə qayaüstü rəsmlər muzeyi «Qobustan» YUNESKO-nun dünya mədəni irsi siyahısına salındı. Digər bənzərsiz tarixi və arxeoloji raritetlər də öz növbəsini gözləyir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin Turizm İli elan etməsi və «Eurovision -2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə

axışması üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. Məsələn, “Turizm İli” çərçivəsində turist rayonlarında bir çox yeni mehmanxanalar açıldı, tarixi və mədəni qoruqlar, xüsusi təyinatlı abidələrə gedən yollar təmir edildi, turist yol nişanları qoyuldu, «Şahdağ» turizm mərkəzinin tikintisi işləri sürətləndirildi, Şabran və Lahıc mədəni-tarixi qoruqlarında turist infrastrukturunun yaradılması işləri aparıldı. Bundan başqa, özündə turist zonaları, abidələr və ölkənin digər istiqamətlərini ehtiva edən GoMap naviqasiya sistemi layihəsi həyata keçirildi. Dövlətin gördüyü tədbirlər nəticəsində ölkədə müasir mehmanxana-servis infrastrukturu yaradıldı, turist sənayesi üçün kadrlar hazırlandı, çoxşaxəli tur agentləri şəbəkəsi formalaşdırıldı Bu gün 200-dən çox turist firmaları, informasiya-reklam strukturları uğurla fəaliyyət göstərir Azərbaycan üzrə ən mənzərəli və firavan regionlardan keçən çoxlu turist marşrutları yaradılıb və sınaqdan keçirilib.

Bütün bunların nəticəsidir ki, ölkəyə turist axını ildən-ilə artır. Odur ki, paytaxtda və digər turist zonalarında çoxlu miqdarda yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilib. Hazırda onların sayı artıq 550-ni ötüb. Şəhərin ən məşhur brend şəbəkəli mehmanxanalarından Four Seasons Hotel Baku, Hyatt Regency, JW Marriott Absheron Baku Hotel, Jumeirah Bilgah Beach Hotel, Bulvar Hotel, Hilton Baku, Kempinski Hotel Badamdar, Intourist, Fairmont və s. göstərmək olar.

Azərbaycanın regionlarında da mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bunlara misal olaraq, Qafqaz mehmanxanalar şəbəkəsini, Qəbələ şəhərindəki Gabaland attraksionlar parkını, «Tufandağ» qış turizm kompleksini, Qusar rayonundakı möhtəşəm «Şahdağ» turizm mərkəzini, həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastruktura malik 15-dən çox Olimpiya idman kompleksini və digərlərini göstərmək olar. Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün vəzifələrindən birinə çevrildiyinə və qarşıda ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir. Ümumilikdə hazırda Bakı-Abşeronda 149, Xızıda 1, Quba-Xaçmazda 50, Şəki-Zaqatalada 35, Dağlıq Şirvanda 16, Aran zonasında 18, Masallı-Lənkəranda 33, Gəncə-Qazax 29, Naxçıvan Muxtar Respublikasında isə 6 belə turizm istirahət mərkəzi fəaliyyət göstərir.

 

Süleyman

 

Olaylar.- 2016.- 15 aprel.- S.12.