Heydər Əliyev və

sahibkarlığın inkişafı

 

1990-cı illərin əvvəllərində Azərbaycan tarixində ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə siyasi inkişafla yanaşı, iqtisadiyyatın, azad sahibkarlığın inkişafı da başlıca prioritetlərdən idi. Ancaq etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik edən iqtidarların dövlətçilik və ölkəni idarəçilik bacarıqlarının kifayə qədər zəif olması respublikada nəinki iqtisadi inkişafa zəmin yaradır, əksinə mövcud vəziyyəti daha da ağırlaşdırırdı. Nəticə etibarilə ölkə əhalisi ciddi sosial problemlər qarşısında qalırdı.

Müstəqilliyin ilk illərində ölkədə siyasi və iqtisadi vəziyyətin getdikcə pisləşməsi, bütünlükdə hər bir sahədə müşahidə edilən durğunluq Azərbaycanda sosial partlayışı qaçılmaz edirdi. Nəticə etibarilə 1993-cü ilin əvvəllərindən Azərbaycan demək olar ki, tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Respublikanı bürüyən xaos, anarxiya, ciddi sosial problemlər xalqı yeni lider axtarışına çıxarmışdı. Əslində isə xalq öz liderini artıq müəyyən etmişdi və cəmiyyət həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsini icra edən Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etməsini istəyirdi. Beləliklə, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Heydər Əliyev Bakıya gələrək ölkədə yaranmış çətin bir vəziyyətdə yenidən öz çiyinlərini ağır bir yükün altına verdi. Zəngin idarəçilik təcrübəsi və zamanında doğru-düzgün qərarlar qəbul etmək bacarığı olan Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda mövcud olan hərc-mərcliyə son qoydu, ölkədə siyasi sabitliyi bərqərar etdi. Siyasi sabitliyin bərpasından sonrakı mərhələdə isə ölkənin iqtisadi sahədə inkişafına nail olmaq başlıca vəzifə olaraq qarşıda dayanırdı. Bunun üçünsə bir sıra vacib addımların atılması qaçılmaz idi. Azərbaycanın iqtisadi inkişafını təmin etməyin bir yolunun da ölkədə sahibkarlıq mühitinin yaradılmasından keçdiyini bilən ümummilli lider Heydər Əliyev bu baxımdan milli və azad sahibkar təbəqəsinin yaradılmasını vacib hesab edirdi. Təsadüfi deyil ki, Azərbaycanda müasir milli sahibkarlığın inkişafı bilavasitə müstəqilliyimizin əldə olunmasından sonrakı dövrə, xüsusən də 1993-cü ildən sonrakı illərə təsadüf edir. Hakimiyyətə gəldiyinin ilk illərindən ümümmilli lider Heydər Əliyev bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın yeni dövr üçün prioritetlərini müəyyənləşdirdi və ölkənin iqtisadi siyasətinin təməlini qoydu. Bu dövrdə digər taleyüklü məsələlərlə yanaşı respublikanın sosial-iqtisadi inkişafı, xalqın maddi rifah halının yaxşılaşması azad sahibkarlığın inkişafından həlledici şəkildə asılı idi. Bu reallığı əsas götürən ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş sosial-iqtisadi islahatların ana xəttini də məhz sahibkarlığın inkişafı kimi həyati əhəmiyyətli məsələ təşkil edirdi. Bu dövr ərzində həyata keçirilən iqtisadi islahatların rəsmiləşdirilməsi 1993-cü ildə təsdiq edilmiş ''Azərbaycanda Sahibkarlığın İnkişafı (1993-1995)'' adlı Dövlət Proqramı ilə təsdiqini tapdı. 1993-cü ilə qədər ölkədə sahibkarlıq sektoru istiqamətində ciddi islahatların həyata keçirilməməsinin ardınca belə bir proqramın qəbul edilməsi və onun həyata keçirilməsinə başlanması bu sahədə nisbi uğurların əldə edilməsinə imkan yaratdı. Nəticədə ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayı çoxaldı, onların iqtisadi fəaliyyəti genişləndi. Ümumiyyətlə, müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illər, ikincisi, 1996-cı ildən başlayaraq davam edən sonrakı dövr. Təqdirəlayiq haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox irimiqyaslı sənədlər, konsepsiya, strategiya və proqramlar qəbul olundu. Qəbul edilən sənədlər əsas etibarilə Azərbaycan Respublikasında azad sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına xidmət edirdi. Onların arasında Azərbaycan Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli 463 nömrəli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli 69 nömrəli fərmanları, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 610 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)" xüsusi yer tutur. Heydər Əliyev davamlı olaraq ölkədə azad sahibkarlığın inkişaf etdirilməsi istiqamətində çalışır, bu sahə ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirirdi. Bu baxımdan Heydər Əliyevin "2002-2005-ci illər Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyırdı. Sonrakı dövrdə isə ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə” və ”Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları”nın təsdiq edilməsi özəl bölmənin inkişafı və sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin təmin edilməsi sahəsində atılmış mühüm addım oldu. Bütün bunlar Azərbaycanda özəl sektorun inkişafına zəmin yaratdı, iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmış oldu. Heydər Əliyev daim sahibkarları diqqətdə saxlayır, onların üzləşdiyi problemlərin həlli istiqamətində əməli addımlar atırdı. İş adamlarına edilən müdaxilələri onların öz dilindən eşitmək üçün ümummilli lider sahibkarlarla mütəmadi görüşlər keçirir, mövcud problemləri onlarla birgə müzakirə edirdi. Ümummilli lider ölkə sahibkarları ilə keçirdiyi tarixi görüşlərində təəssüf hissi ilə qeyd edirdi ki, sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmayıb.: “Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra mərkəzi, şəhər və rayon icra hakimiyyəti orqanlarının işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları, o cümlədən vergi, gömrük, hüquq-mühafizə və sanitar-epidemioloji xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur, onların sahibkarlıq təşəbbüsünün reallaşmasına və daxili potensialdan daha dolğun istifadə edilməsinə imkan vermir”.

Ümummilli lider Heydər Əliyevin başlamış olduğu həmin siyasət bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçısı da ümummilli lider kimi ölkədə azad sahibkarlığın inkişaf etdirilməsinə maraq göstərir, bu istiqamətdə zəruri addımlar atır, bu məqsədlə fərman və sərəncamlar imzalayır. Məhz bu gün dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub, azad sahibkarlığın inkişafına diqqət daha da artırılıb. Ötən müddət ərzində iş adamlarının fəaliyyətinə yersiz mudaxilələrin qarşısının alinması, bu sahədə inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Regionlarda mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, anti-inhisar fəaliyyətinin gücləndirilməsi, infilyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsini buna misal göstərmək olar. Dövlət başçısının ötən ilin sonlarında imzaladığı sənədlər, irəli sürdüyü təşəbbüslər isə bu sahədə radikal dəyişikliklər kimi yadda qaldı. Belə ki, keçən ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərildi. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırıldı. Bundan başqa oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzaladı.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkədə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə iş adamlarına, biznes strukturlarına dövlət tərəfindən yaradılan şərait bu gün özünün yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ isə təkcə iş adamlarının deyil, ümumilikdə dövlətin, onun iqtisadiyyatının inkişafına hesablanıb.

 

Süleyman İsmayılbəyli

 

“İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir”

 

 Olaylar.- 2016.- 26 aprel.- S.11.