Vətənpərvərliyi təbliğ edən

reklam çarxları artırılmalıdır

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib.

Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb ərsəyə gətirdiyi ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Bu gün ölkədə gənclərin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir.

Artıq gənclərimiz şüurlu surətdə dərk edir ki, ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edir. Eyni zamanda, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını öz üzərinə götürür. Deməli, ordu təkcə dövlətin ərazisini, müstəqilliyini, suverenliyini yox, həm də bütövlükdə cəmiyyəti qorumaqla dövlətin tərkibində olan ən vacib struktur olduğunu sübuta yetirir. Məhz bu ideologiyaya söykənən Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir. Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclümüasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Azərbaycan ordusunun adı artıq dünyanın ən güclü orduları ilə yanaşı çəkilir. Məhz bu kimi amillər Azərbaycan gənclərində vətənpərvərlik hissinin yüksəlməsi və orduda xidmət istəyinin artmasına səbəb olur.

Birinci Qarabağ müharibəsi veteranı Mehman Kazımov hesab edir ki, hərbi xidmətin gənclərin həyatında oynadığı rol müstəsna dərəcədə əhəmiyyətlidir:

 "Hərbi xidmət təkcə vətənpərvərlik hisslərinin formalaşması ilə məhdudlaşmır. Ümumilikdə hərbi xidmət hər bir vətəndaşın borcudur. O da var ki, bir sıra ölkələrdə qadınlar da hərbi xidmət keçir. Məsələn, İsraildə qadınlar da hərbi xidmətə çağrılır: "Mübaliğəsiz qeyd etmək olar ki, Azərbaycanda da orduda xidmət etmək istəyində olan qadınlar kifayət qədərdir. Bu istək cinsindən asılı olmayaraq Azərbaycan gəncinin vətənpərvərlik hissinin yüksək olmasından irəli gəlir. Artıq qadınların orduya hansı sahədə töhvə verə biləcəkləri barədə məsələsi ətrafında düşünülür". Pedaqoq Zamin Ələsgərov deyir ki, vətənpərvərlik hisslərinin işartıları uşaqlıqdan gənclərə təbliğ olunmalıdır. Həmçinin təbliğat vasitələrində, tədris müəssisələrində də hərbi vətənpərvərlik və hərbi xidmətə çağırış xüsusi diqqət mərkəzində olmalıdı: "Təəssüf ki, şəhərin bir sıra yerlərində yerləşən reklam lövhələrində bu kimi şüarlar görmürük. Əsasən kommersiya xarakterli reklamlara önəm verilir. Halbuki hərbi xidmətin gənclərin həyatında oynadığı rola daha çox diqqət yetirməyə ehtiyac var. Çünki hərbi xidmət keçən gənc əvvəla müstəqil həyata qədəm qoyurbir sıra sınaqlardan çox uğurla çıxır. O üzdən hərbi xidmət elədir ki, orda insanların zəif, güclü cəhətləri, digər keyfiyyətləri məlum olur. Hərbi xidmət gənclərə vətənpərvərlik hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalaşdırır". Ancaq etiraf edilməlidir ki, milli düşüncəyə malik, vətənpərvər gənclərimizlə yanaşı, tamamilə bu hisslərdən uzaq olan gənclər də ox deyil. Pedaqoqun sözlərinə görə, müstəqil Azərbaycan Respublikasının gəncləri daha vətənpərvər olmalıdır ki, ana torpağı layiqincə qoruya bilsin. Yaşlı insanların cavanlardan umacağı çoxdur. Bu da təbii qəbul edilməlidir. Onlar istəyir ki, min illərdən bəri formalaşmış milli keyfiyyətlərimiz itməsin. Gənclər vətənpərvər olsun ki, torpaqlarımız erməni tapdağından azad olsun: "Gənclərin tərbiyəsində xeyli nöqsanlar var. Bu da onunla əlaqədardır ki, onlar cəmiyyətdə daha çox neqativ şeylər görür. Bəzi televiziyalar, çeşidli internet saytları, portalları onların tərbiyəsini korlayan informasiyalar yayımlayır. Gəlin, internet forumlarına nəzər salaq. Milli məsələlərlə bağlı sorğularda, fikir mübadilələrində iştirak edən gənclərin bir çoxunda milli mənlik şüuru inkişaf etməyib. Vətənpərvərlik tərbiyəsinin bünövrəsi ailələrdə qoyulmalıdır, məktəblərdə bu sahədə böyük işlər aparılmalıdır. Burada şairlərin, alimlərin də rolu olmalıdır. Şagirdlər teatrlara getməlidir ki, qəhrəmanlıq mövzusunda tamaşalara baxa bilsin". Hüquqşünas Mirzə Manafov hesab edir ki, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var: "Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgiehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir". Onun sözlərinə görə, artıq inkişaf etmiş ölkəmizdə gənc nəslin milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə qaynayıb qarışsın. "Mən azərbaycanlıyam" demək azdır. Azərbaycana məxsus olduğunu işdə, davranışda isbat etmək lazım gəlir: "İdeya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindən biri məhz milli mənlik şüurunun gənc nəsildə formalaşmasına xidmət etməkdən ibarətdir. Azərbaycanda sosialiqtisadi, siyasi və mənəvi inkişafa əsaslı kömək edən ideyalardan biri milli mədəniyyətimizi sevməkdir. İdeya-siyasi tərbiyə vasitəsilə gənc nəsil çoxcəhətli Azərbaycan mədəniyyəti, onun ayrı-ayrı növləri barədə konkret təsəvvür əldə edir. Bəstəkarların, müğənnilərin, rəssamların, alimlərin, şair və yazıçıların, mədəniyyətin digər sahələrində dünya şöhrəti qazanmış elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılıq yolları gənc nəsil üçün çox gözəl fəaliyyət nümunəsidir. Bu sahələrdə Azərbaycana başucalığı gətirmiş şəxslərin tükənməz yaradıcılıq xəzinələri ilə uşaqları, yeniyetmələri və gəncləri tanış etmək ideya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindəndir. Azərbaycanda milli mənlik şüurunun formalaşdırılması milli mədəniyyətin öyrənilməsinə, tarixi yaddaşımızın qorunub saxlanılmasına və nəhayət, Vətən təəssübkeşliyinə qətiyyən Azərbaycanda ideya-siyasi tərbiyə bəşəri dəyərlərə laqeyd deyildir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 7 dekabr.- S.15.