"Azərbaycan – multikulturalizm məkanı:

BMT Sivilizasiyalar Alyansının

VII Qlobal Forumu ölkəmizə nə vəd edir?”

 

Azərbaycan və multikulturalizm … Əsrlərdir bir-birinə paralel söylənilən  və tarixin müxtəlif mərhələlərində öz sözünü demiş, bu gün də dünyaya söyləməkdə davam edən bu sözlər tolerant mövqeyi ilə özünü təsdiq etmiş xalqımızın böyük nailiyyətidir.  Bunun təsdiqi kimi, Azərbaycanın multikulturalizm modeli bu gün dünyanın bir çox ölkələrində nümnə kimi göstərilir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun ölkəmizdə keçirilməsi isə ölkəmizin bu sahədəki uğurlarının təzahürü olacaq.

 

Son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayının artması da ölkəmizin dünya mədəniyyətində mühüm rol oynadıgının bariz nümunəsidir. Sivilizasiyalar arasında dialoq və bütün dünyada sülhün və tərəqqinin möhkəmlənməsinə daha bir töhfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanda “Multikulturalizm ili” elan edildi və Tədbirlər Planı təsdiq edildi.

25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq çox yüksək səviyyədədir. Bu uğurla Azərbaycan daha bir ilkə imza atır ki, bu da ölkəmizin dünya mədəniyyətinə, həmçinin multikulturalizmə bəxş etdiyi bir töhfədir.

Tədbirlər Planının genişliyi və əhatəsi sübut edir ki, multikulturalizm Azərbaycan dövlətinin daxili siyasətinin əsasını təşkil edir. Tədbirlər Planında göstərilmiş vəzifələrin həyata  keçirilməsinə məsul dövlət orqanlarının siyahısı bir daha göstərir ki, multikulturalizm dövlətin siyasi, ictimai təməl prinsiplərindın biridir. Bu mühüm sənəddə Azərbaycan dövlət orqanlarının keçirəcəkləri tədbirlər həyatın bütün sahələrini –təhsil, mədəniyyət, vicdan azadlığı, gənclər siyasəti və idman sahələrini əhatə edir. Bu da bir daha sübut edir ki, bu çətin və şərəfli işdə Mədəniyyət və Turizm Nazirliyinə və onun rəhbəri Əbülfəs Qarayevin üzərinə böyük məsuliyyət düşür.

Qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Bu meyillər bəzən sivil bəşər cəmiyyətinin minilliklər boyu mənimsədiyi fenomen dəyərə qarşı yönəlir. Söhbət milli-mənəvi, mədəni dəyərlərin “yad təsirlərdən qorunması” adı altında tolerantlıq prinsipinə qarşı yönəlmiş təhlükədən gedir. Hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur.

   Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə də, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdir.

Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafi məkanda müxtəlif etnoslar birgə yaşamış, uzun sürən mənasız qarşıdurma və müharibələrdən, toqquşmalardan sonra dinc və qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Eyni zamanda, Azərbaycan tarixən müxtəlif dövlətlərin işğalına, hücumlarına məruz qalmış, bu dağıdıcı proseslər nəticəsində fərqli mədəniyyətlərin təsiri istər-istəməz ictimai şüurda müəyyən izlər buraxmışdır. Yəni bu ərazidə yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi getdikcə inkişaf etmişdir.

Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Azərbaycan iqtisadi potensiala malik ölkə və sabitlik adası kimi Qərbin, ümumiyyətlə, dünyanın diqqət mərkəzindədir və etibarlı tərəfdaş kimi regionla yanaşı, dünya iqtisadiyyatına da böyük töhfələr verir. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir. Aşkar görünür ki, ölkəmiz sülh və əməkdaşlıq mərkəzi kimi tanınmağa başlayıb. Bu baxımdan Azərbaycan Respublikası ilə UNESCO arasında uğurlu əməkdaşlıq modeli də təqdir edilə bilər.

UNESCO yarandığı 70 il ərzində mədəni irsin qorunmasında, təhsilin, elmin inkişafında, qlobal problemlərin həllində mühüm rol oynayıb. Azərbaycan-UNESCO əlaqələri də ölkəmizin bu təşkilata üzv qəbul edilməsindən ötən müddət ərzində uğurla inkişaf edib. Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib. UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı mühüm layihələr həyata keçirməsi və ölkəmizlə bu sahədə əməkdaşlığı diqqəti cəlb edir. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu milli mədəniyyətimizin dünya miqyasında təbliği sahəsində uğurlu fəaliyyət göstərir.  

      Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü genişmiqyaslı işləri xüsusi qeyd etmək lazımdır. Müasir dövrdə sivilizasiyalarası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya texnologiyalarının inkişafı prosesi bəzi hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli “Mən”inin, mənəvi dəyərlərinin qorunması məsələsi də vacib və aktual problem kimi önə çıxır. Ötən 12 ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileyinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun “Dünya irs siyahısı”na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətimizin tanıdılması sahəsindəki fəaliyyətinin əyani göstəricisidir. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində də böyük işlər görülmüşdür. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun bu sahədə həyata keçirdiyi ən uğurlu layihələrdən biri də “Qarabağ xanəndələri” albomunun hazırlanması olmuşdur. UNESCO-nun xətti ilə hazırlanmış alboma “Qarabağ xanəndələri” adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağa məxsus nadir sənət nümunəsi olduğu nümayiş etdirilmişdir. Azərbaycanın qədim xalçaçılıq sənəti artıq UNESCO-nun Ümumbəşəri Mədəni İrs Siyahısına daxil edilib və bizim xalçalar dünyanın ən məşhur muzeylərində nümayiş olunur.

      Ölkəmizin dünyada bəşəri dəyərlərin təbliğinin, həmçinin, sülhün və sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyi bir şəraitdə Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları bu gün də Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər. ASALA terror təşkilatı, eləcə də NOR-ASALA terror təşkilatı (“Yeni Asala”) azərbaycanlılara qarşı hədələr, terror qorxusu və vandal üsulların tətbiq olunacağı ilə bağlı məktublar yayırlar. Erməni terror təşkilatlarının dünyanın gözü qarşısında bu cür aqressiv bəyanatlar səsləndirmələri terrorun ideoloji mərkəzi olan Ermənistanın açıq-aşkar terrorizmə rəvac verdiyini göstərir.

     Dağlıq Qarabağ müharibəsində dinc əhaliyə qarşı bu amansız terrordan istifadə edilmiş və həmin terrorçulara Serj Sarkisyan rəhbərlik etmişdir. Bunun Ermənistan prezidenti tərəfindən də etiraf edilməsi terrorun məhz adıçəkilən dövlətdə dəstəkləndiyini göstərir. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün amansız terrordan istifadə ediblər. Bu gün də həmin ssenari davam edir. Avropa bu gün bəşəriyyət üçün böyük bəlaya çevrilən terrorun artıq acı nəticələrini hiss etməkdədir. Beynəlxalq terrorizmin qarşısının vaxtında alınmaması və terrordan əziyyət çəkən ölkələrə biganə yanaşmanın hansı dəhşətli fəsadlar verdiyi göz önündədir. Bunun sübutu kimi, də Azərbaycan torpaqlarının 20%-nin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğunu göstərmək olar.

     Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu müsbət meyillər  hazırda da davam edir. Ölkəmizdə heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma baş verməyib. Multikulturalizmlə bağlı meyillərini gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfin¬dən də təqdir olunmaqdadır.

 

Xəyalə Süleymanqızı

 

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

Olaylar.- 2016.- 17 mart.- S.12.