Görkəmli maarifçi Eynəli bəy Sultanov

barədə Türkiyədə dərc olunan məqalə tapılıb

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə bu il Eynəli bəy Sultanovun 150 illik yubileyi muxtar respublikada dövlət səviyyəsində qeyd olunur. Ona görədə Eynəli bəy Sultanovun yaradıcılığı, fəaliyyəti araşdırılır, vaxtilə onun haqqında yazılmış məqalələr tapılıb üzə çıxarılır. "Şərq qapısı" qəzeti xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Məmmədov bu yaxınlarda İstanbul Universitetinin kitabxanasından Eynəli bəy Sultanov haqqında yazılmış bir məqaləni üzə çıxarıb. 1971-ci ildə İstanbulda nəşr olunanBöyük Türkiyə” jurnalındakı “Milli kültürçülərimizdən Eynəli Sultan” adlı həmin məqalənin müəllifi həmyerlimiz, dilçi-türkoloq, professor Əhməd Cəfəroğludur. Türkiyə türkcəsiylə nəşr olunan həmin məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxuculara təqdim edirik.

Milli maarifçilərdən Eynəli Sultan

Milli Azərbaycan mədəniyyətinin inkişafı üçün tarix boyunca maarif mübarizəsi aparanların arasında elə dəyərli insanlar vardır ki, bunlar, təəssüf ki, bu gün saysız-hesabsız Azərbaycan şəxsiyyətləri külliyyatı içərisində itib-batmışlar. Unudulmalarının başlıca səbəbi milli maarifin bir sahəsinə bağlanmadan müxtəlif milli vəzifələri yerinə yetirmələri olmuşdur. Həmin insanları bu gün yaddan çıxarmaq çox böyük insafsızlıq olar. Onlar həyatları boyunca milli mədəniyyətin keşiyində dayanmışlar. Azərbaycan maarif hərəkatının belə nümayəndələrindən biri də Eynəli Sultan olmuşdur.

Yaxın dostu və həmyerlisi Cəlil Məmmədquluzadə tərəfindən Eynəli Sultan ləqəbiylə adlandırılan Eynəli bəy Sultanzadə milli Azərbaycan mədəniyyətinin hər sahəsində xidmət göstərmiş, köhnəliyə, cəhalətə, nadanlığa qarşı mübarizə aparmışdır.

 Həyatının ən dəyərli mükafatı Cəlil Məmmədquluzadəni “maarif aləminə daxil eyləməsi” olmuşdur. Cəlil bəyin birbaşa bunu etiraf etməsi Eynəli Sultan lehinə qeyd ediləcək ən böyük məziyyətlərdən biridir. Həyatları boyunca bir-birinə bağlı qalmaları bu iki ayrılmaz dostun Azərbaycan mədəniyyəti tarixinin ən qiymətli üzvləri olduğuna dəlalət etməkdədir.

Çölüoğlu Eynəli bəy Sultanzadənin milli Azərbaycan maarifi savaşı cəbhəsində yer alması ötən əsrin ikinci yarısından sonrakı dövrə təsadüf edir. Əslən və nəslən naxçıvanlıdır. İlk təhsilini bu şəhərin köhnə məhəllə məktəbində aldıqdan sonra dərhal Tiflis Rus Klassik Gimnaziyasına daxil olmuşdur. (Görünür, Əhməd Cəfər­oğlu bu məlumatı o dövrdə yazılan mənbələrdən götürüb. Halbuki Eynəli bəy Sultanov təhsilini Tiflis Rus Klassik Gimnaziyasında yox, İrəvan Kişi Gimnaziyasında davam etdirmişdir – E.M.) 1885-ci ildə o dövr üçün əhəmiyyətli olan bu təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. İlk mədəni səviyyəsini tamamladıqdan sonra dərhal doğulduğu Naxçıvana qayıtmış, yerli maarif aləminə daxil olmuşdur. Aldığı tərbiyə və müasir təhsilin təsiriylə olmalıdır ki, kəndlilərin həyatını yaxşılaşdırmaq üçün səy göstərmiş, özünə və ailəsinə aid torpaqları xalqa paylamışdır. Bu, gözlənilməz hadisə idi. Yerli sosial həyat üçün mədəni məclislər təşkil edərək gənclərlə ədəbi söhbətlər etmiş, onları müasir maarif və mədəniyyət sahəsində yetişdirməyə səy göstərmişdir. Hətta “Huşyar naxçıvanlılar” adlı bir maarif dərnəyi belə, yaratmışdır. Buraya Naxçıvanın tərəqqipərvər gəncləri və ziyalıları daxil olmuşdular. Türk, rusAvropa fikir şəxsiyyətlərinə dair söhbətləri yığıncaqlarının ən vacib mövzularını təşkil etmişdir. Bu zaman sosial və siyasət, Vətən məsələləri də müzakirə edilərək xalqın inkişafı və maariflənməsi üçün çarələr axtarmışdır. Xalqı içində olduğu dərin qəflətdən qurtarmaq üçün böyük səy göstərmişdir. Eynəli bəyin bu dövrdəki yorulmaz fəaliyyətini hörmətlə xatırlayan vəfalı dostu Cəlil Məmmədquluzadə özününyetişdiyi bu mühitə minnət borcunu ödəmək üçün 13 sentyabr 1925-ci ildə Eynəli Sultana yazdığı məktubunda  Şura (Eynəli bəyin oğludur) ilə rubəru oturanda keçmiş günləri yada salırdım, elə bilirdim ki, mənim Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsiylə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt yanıqlı-yanıqlı söhbət edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan-doğruya məni maarif aləminə daxil eylədin” – deməklə ustadının üzərindəki haqqını da tanıma alicənablığını göstərmişdir.

Bununla da, yetinməmiş, Eynəli Sultanın istər özünə, istərsə də millətinə olan böyük xidmətini: “Yəqin bilirsən ki, sən olmasaydın, mən Avropa mədəniyyətini, rus mədəniyyətini öyrənə bilməzdim. Mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxardım” cümləsiylə etiraf etmişdir. Nə qəribədir ki, Cəlil Məmmədquluzadə kimi bir şəxsiyyəti unudulmaqdan qurtaran Eynəli Sultan özü unudulub getmişdir.

    Ustad satirik yazıçının bu qədər pərəstişkarlıqla bəhs etdiyi Eynəli bəyin sosial həyat inqilabı yolunda vücuda gətirdiyi təşkilat ilk Naxçıvan “Cəmiyyəti-xeyriyyə”si olmuşdur. Eynəli bəy bu dəfə ətrafına topladığı gənc qüvvələrlə Naxçıvan teatrının təməlini qoymuşdur. İlk olaraq səhnəyə qoyduğu Mirzə Fətəlinin pyeslərinin xalq arasında doğurduğuçox mənfi” təsirə və hökumətin bir daha bu pyeslərin oynanılmasını qadağan etməsinə baxmayaraq, yenə də qulaq asma­mış, bu milli maarif sahəsinin inkişafından geri çəkilməmişdir.  Bu dəfə də “Xeyir” dərnəyi rəhbərliyi ilə “Kəl döyüşü”, “Üsuli-cədid”, “Tatarka” pyeslərini səhnəyə qoymuş, adətən, bu sənət şöbəsini öz himayəsi altına almışdır. Oynanılan tamaşalardan əldə edilən gəlirin yoxsul tələbələrin təhsilinə sərf edilməsi Eynəli bəyin türk maarifinə xidmətinin bir başlanğıcı olmuşdur. Bir çox məhrumiyyətlər içərisində öz evində göstərdiyi tamaşalarla teatr tamaşalarını ənənə halına gətirmişdir.

    Eynəli Sultanın maarif və mədəniyyət sahəsindəki mübarizəsi bu qədəriylə kifayətlənməmişdir. Birbaşa müəllimlik etməklə maarifçilikdəki fəaliyyətlərinin hüdudlarını genişləndirmişdir. Geniş xalq mühitinin türk övladları, müasir məktəbləri xaricindəki təhsilini dini cəhətdən zərərli hesab edən dövrünün avamruhani cahilləri bütün imkanlarıyla Eynəli Sultana qarşı gələrək onu bu yolda da yox etməyə çalışmışlar. Eynəli bəy isə asanlıqla boyun əyəcək xasiyyətdə bir ziyalı olmadığına görə qorxmadan, çəkinmədən vəzifəsinə davam etmişdir. Çox təəssüf ki, çar hökuməti guya yaxşılıq olsun deyə, Eynəli Sultanı İrəvan şəhəri qəza məhkəməsi katibliyinə köməkçi olaraq təyin etmiş, onu öz ana qucağı olan mədəni ocağından uzaqlaşdırmışdır.

    1905-ci ildə Rusiya daxilindəki iğtişaşlar təkrar Eynəli Sultanı Naxçıvana qayıtmağa məcbur etmişdir. Ruhunda bəslədiyi inqilabçılıq təsiriylə bu qarışıqlıqdan faydalanaraq özünü daim təqib edən rejimə və idarəçiliyə qarşı mübarizə cəbhəsini başlatmışdır. Qələmə aldığı məqalə, hekayə, pyes, satirasair yazılarıyla həm cəhalət, həm də azadlığı boğan bütün rejim və idarəçilik tədbirlərinə qarşı ciddi mübarizə aparmış, milli mədəni azadlığın bayraqdarı olmuşdur.

   

Olaylar.- 2016.- 4 noyabr.- S.10.

 

İki sahil.- 2016.- 4 noyabr.- S.13.