Tariximizin şanlı səhifəsi-aprel döyüşləri

 

Müdafiə naziri: "Düşmənin növbəti təxribatına cavab daha sarsıdıcı olacaqdır"

 

Azərbaycan dövləti, xüsusən ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirir. Əksər çıxışlarında olduğu kimi, dövlət başçısı Nazirlər Kabinetinin yekun iclasında da ölkəmiz üçün ən ağrılı məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər də səsləndirib. Aprelin əvvəllərində Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini bildirən Ali Baş Komandan bunu tariximizin şanlı səhifəsi adlandırıb:

"Həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişikbu gün düşmənin istənilən hədəfini məhv edə bilərik". Prezidentin sözlərinə görə, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. "Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsinbu istiqamətdə ardıcıl siyasətimizi aparırıq". Məhz bu kimi amillər nəzərə alınaraq ölkənin Müdafiə Nazirliyi hərbçilərin döyüş hazırlığını təmin etmək məqsədilə mütəmadi təlimlər keçirir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar. Raketartilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar. Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib. Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin cəbhə bölgəsində olaraq ön xətdə xidmət edən şəxsi heyətlə görüşüb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib: "Azərbaycanın səylərinə baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır. Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır. Cəbhə xəttində düşmənin təxribatları davam edirdaim artmaqdadır. Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcəkdir. Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq. Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir. Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyildir. Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcəkdir".

Qeyd edək ki, dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətləri də ordunun döyüş ruhunu artırmaq, gənc nəslin vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə müxtəlif tədbirlər keçrilər. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi ilə birgə Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği" adlı layihənin icrası çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun heykəlinin açılışına həsr olunmuş "Qəhrəmanlar ölməz - Vətən bölünməz!" adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılmışdır.Tədbirdə Azərbaycan Respublikası Prezidentinin QHT-na Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği" adlı layihənin icrası çərçivəsində hazırlanmış Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun heykəlinin açılışı olmuşdur.Tədbiri layihənin rəhbəri, Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, Əfqanistan və Qarabağ müharibələrinin iştirakçısı, "Qırmızı ulduz" ordenli e.o.polkovnik Əzizağa Qəni-zadəyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun həyatı və hərbi fəaliyyəti" adlı məruzə ilə çıxış edərək ətraflı məlumat vermişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filalogiya elmləri namizədi Elmira xanım Axundova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Veteranlar təşkilatının sədri İlham Əliyev, Dəmiryolları Veteranlarının sədri Mehdi Hacıyev, Bakı şəhər Müharibə Əlilləri və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev və digər ictimaiyyət nümayəndələri iştirak etmişdir. Digər bir tədbir Laçın rayonu uğrunda şəhid olan, Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsi ilə bağlı olub. Adı və qəhrəmanlığı dillərdə dastan olan igid döyüşçü yaşasaydı gələn ilin dekabrında 60 illik yubileyini qeyd edəcəkdik. Lakin o, doğmalarının, dostlarının və silah yoldaşlarının hafizəsində 34 yaşlı bir zabit kimi yaşayır və bundan sonra da yaşayacaqdır. Qəhrəmanlıq qəhrəmanla ölmür, qəhrəmanın ömrü uzun, qəhrəmanlıq isə əbədidir.

Cəbhə bölgəsində Milli Qəhrəmanın portreti ətrafına toplaşan döyüşçülər unudulmaz tabor komandirini bir daha ehtiramla yada salıb, hesabat verərək aprel döyüşlərində qazandıqları uğur və qələbələrlə onun ruhunu şad ediblər. Xatirə gecəsində şəhidin 34 illik ömür yolu xatırlanıb. Qeyd olunub ki, Əliyar Yusif oğlu 1957-ci ilin dekabr ayında Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Bir müddət müəllim işləyib. Hərbi xidmətini başa vurduqdan sonra isə Qubadlı rayonunda "Məhsul" kənd könüllü idman cəmiyyətində, Bədən tərbiyəsi və İdman Şurasında çalışıb. Klassik güləş üzrə respublika, ittifaq və beynəlxalq yarışlarda müvəffəqiyyətlər qazanıb. Neçə-neçə idmançının yetişməsində xüsusi xidmətləri olub. Pəhləvan kimi tanınan Əliyar Əliyev ötən əsrin 80-cı illərinin sonlarından başlayan xalq hərəkatının öncüllərindən, Qarabağ uğrunda döyüşlərin ilk könüllü əsgərlərindən biri kimi tanınıb. Onun Qubadlı könüllülərindən ibarət təşkil etdiyi "Pəhləvan döyüşçülər dəstəsi" torpaqlarımıza göz dikən mənfur düşmənlərə qarşı mərdliklə vuruşub. Milli Ordumuz yarandıqdan sonra Ə. Əliyevin yaratdığı könüllülər dəstəsi də bu orduya daxil olaraq Vətənimizin qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazıb.

Laçın rayonunun neçə-neçə kəndinin, strateji yüksəkliklərin düşməndən azad edilməsində, Suriyada xüsusi təlim keçmiş qaniçən Karlenin quldur dəstəsinin zərərsizləşdirilməsində Əliyar Yusif oğlunun xüsusi xidmətləri var. O, şəhid olsa da dövlətimiz və xalqımız qəhrəmanın xidmətlərini yüksək qiymətləndirib. İndi Əliyar Əliyevin adı Azərbaycanın Milli Qəhrəmanları sırasında fəxrlə çəkilir. Müdafiə Nazirliyinin zabitləri Abdulla Qurbanı və Nazim Əhmədov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində "Qəhrəmanların izi ilə" hərbi vətənpərvərlik aksiyası çərçivəsində silsilə tədbirlər keçirildiyini və Əliyar Əliyevin xatirə gecəsinin də bu tədbirlərdən biri olduğunu qeyd ediblər. Onlar şəhid qəhrəman haqqında xatirələr söyləyiblər.

Vaxtilə Əliyar Əliyevin xidmət etdiyi hərbi hissədə tabor komandiri kimi döyüşlərdə iştirak etmiş polkovnik Elçin Kərimov və mayor Namiq Cavadov Füzuli rayonunun kəndlərinin erməni quldurlarından azad edilməsində və aprel döyüşlərində qəhrəman Əliyar Əliyevin davamçılarının şücaətlərindən danışıblar.Tabor komandiri mayor Təvəkkül Fərəcov Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmrini səbirsizliklə gözlədiklərini və hər bir döyüşçünün Əliyar Əliyevin qəhrəmanlıqlarını təkrarlamağa hazır olduğunu bildirib. Şəhid Milli Qəhrəmanın oğlu mayor Emin Əliyev atasının yolunu cəbhə bölgəsində davam etdirməsindən böyük qürur duyduğunu vurğulayıb. Atasının, ümumiyyətlə, bütün şəhidlərimizin xatirəsinin əziz tutulmasına, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib. Döyüşçülər torpaqlarımızın müdrik və qətiyyətli Prezidentimizin rəhbərliyi altında mübariz Azərbaycan əsgərinin zəfər yürüşü ilə tezliklə düşməndən azad olunacağına böyük əminliklə döyüş növbəsinə yollanıblar.

 

Olaylar.- 2016.- 12 oktyabr.- S.15.