Azərbaycan dilinin tarixi inkişafına aid möhtəşəm dilçilik əsəri və yaxud 16 il bundan əvvəl imzalanmış Fərmanın gur işıqları

 

XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici rol başqa elm sahələri kimi, dilçiliyin də inkişafına zəmin yaratmışdır. XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar.

Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov,

Seyid ( Seyid” adını  “Səid” kimi oxuyun-N.N.)  Ünsizadə,

Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.

Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır.

(Fərqləndirmə mənimdir-N.N.)

Rusca-azərbaycanca və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur. Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn tezisləri xüsusilə diqqəti cəlb edir. Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast gəlirik. Mətbuat dilibu əsrin məhsuludur.

“Əkinçi”dən başlayaraq yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır.

XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur. Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış, müntəxəbatlar tərtib olunmuşdur.

Azərbaycan dilinin səs quruluşunaqrammatik sisteminə dair kitablar yazılmışdır. Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak edirdilər. Xalq dili xəzinəsinin qapıları “Molla Nəsrəddin” vasitəsilə ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini vermişdir. Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar.

Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. Bir qədər sonra isə yeni əlifbaya keçildi.

1926- cı ildə Bakıda birinci beynəlxalq türkoloji qurultay çağırıldı. Bu, türk dünyası üçün böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini 20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına verilən qiymət kimi səciyyələndirmək olar. Təəssüflə qeyd etmək lazımdır ki, sonralar qurultayın qərarlarının yerinə yetirilməsi yolunda süni maneələr yaradıldı, türkdilli xalqların mədəni inteqrasiyasına yönəldilmiş bu nəcib siyasi məqsədlərə qurban verildi. Azərbaycanın dilçi alimlərinin böyük əksəriyyəti isə totalitar rejimin repressiyalarına məruz qaldı.

1939-cu ildə latın qrafikalı əlifbadan kiril qrafikası əsasında yaradılmış yeni Azərbaycan yazısına qəti və məcburi keçmək haqqında qərar verildi. Beləliklə, 1924-cü ildən 1939-cu ilə qədər keçən on beş il ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki ağır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu nümayiş etdirmişdir.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaranması dilçiliyimizin bir elm kimi inkişafına da təkan verdi. Dilçilik elmimiz XX əsrdə sürətli inkişaf dövrü yaşamışdır. Həmin dövrdə ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov, Əlövsət Abdullayev, Fərhad Zeynalovbaşqa dilçi alimlərimizin böyük ordusu yaranmışdır.

Dərin qürur və fərəh hissi ilə demək olar ki, Azərbaycan dilçiliyinin gərgin əməyi sayəsində dilçiliyin bütün sahələrində səmərəli işlər görülmüş, dil tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində dəyərli tədqiqatlar aparılmışdır. Keçmiş sovet məkanında, eləcə də beynəlxalq miqyasda Azərbaycan türkoloji araşdırmaların önəmli mərkəzlərindən biri olmuşdur.

Beləliklə, XX əsr bütünlükdə Azərbaycan dilinin yazı mədəniyyətinin əsl inkişaf yoluna qədəm qoyduğu bir dövrdür. Məhz bu dövrdə dilimizin funksional imkanları genişlənmiş, üslubları zənginləşmiş, dilin daxili inkişaf meylləri əsasında yazı qaydaları cilalanmışdır.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə

Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da, milli dövlətçiliyin itirilməsi nəticəsində həmin ənənə uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk Konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır.

SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın 1937-ci ildə qəbul edilmiş Konstitusiyasında belə bir maddə yox idi. Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi vəziyyəti lazımınca qiymətləndirə bilməyərək, hadisələri sürətləndirmək cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi.

Nəhayət, mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində, xalqın iradəsinə zidd olaraq, dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi.

Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion Qanun qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi. Halbuki dövlət dili haqqında müddəa Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali Qanunvericilik orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi Qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul edilmişdir.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinə baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu.

Nəhayət, xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi.

Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır.

Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin. Bununla yanaşı, Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi göstərir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur.

 

Nazim Nəsrəddinov,

Türkoloq

 

Olaylar.- 2017.-21 iyun.- S.12.