Mədəniyyətlərarası dialoq dünyanın

gələcəyini xilas etmək üçün yeganə yoldur

 

Bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək zərurəti yaranıb

 

Qlobal beynəlxalq münaqişələrin müzakirə edildiyi məkana çevrilən Azərbaycanın paytaxtı Bakı şəhəri IV dəfə  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Dünyanın  123 ölkəsinin təmsil olunduğu Foruma qatılan 1500 iştirakçının 800 nəfəri məhz əcnəbi idi. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa, panel iclaslar təşkil edilib. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir araya gələrək  müzakirələr aparıblar.

Maraqlıdır, ölkəmizdə belə bir möhtəşəm tədbirin keçirilməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir, onun regional və beynəlxalq imicinə nə kimi təsir göstərə bildi? İlkin olaraq ondan başlayaq ki, Forumda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, mədəniyyətlərarası dialoqun hazırda dünyada ən vacib məsələlərdən biridir. Forumun xalqımızın mədəni müxtəlifliyini və qədim tarixini nümayiş etdirdiyini diqqətə çatdıran dövlətimizin başçısı onu da bildirib ki, ölkəmiz qədim dini ibadət ocaqları ilə zəngindir və onların hamısı dövlət tərəfindən qorunur. "Multikulturalizm Azərbaycanda dövlət siyasəti və bizim həyat tərzimizdir", - deyən Prezident İlham Əliyev 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan olunduğunu bildirib. Son illərdə bəzi siyasətçilərin multikulturalizmin gələcəyinin olmaması ilə bağlı səsləndirdiyi fikirlərin əksinə olaraq Prezident İlham Əliyev bəyan edib ki, bu, dünyanın gələcəyini xilas etmək üçün yeganə yoldur və bu mənada Azərbaycanın təcrübəsinin maraqlı olduğunu diqqətə çatdırıb. 2008-ci ildən başlayaraq həyata keçirilən "Bakı prosesi"nin əhəmiyyətindən və bu çərçivədə həyata keçirilən tədbirlərdən danışan dövlətimizin başçısı 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirildiyini, bu il isə paytaxtımızın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirdi və bunun da bir daha ölkəmizin sivilizasiyalar arasındakı rolunu təsdiqlədiyini diqqətə çatdırıb. Birinci vitse-prezident Mehriban Əliyeva Formda çıxışı zamanı  qeyd edib ki, Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdən biridir. Azərbaycanın paytaxtı Bakı Şərq ilə Qərbin, eləcə də müasir və tarixi dövrlərin harmonik birləşməsidir.Öz tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub: "Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm İslam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir. Azərbaycanda yaşayan müxtəlif xalqların ölkəmizin ictimai və siyasi həyatında oynadıqları mühüm rol ilə bərabər, biz onlar tərəfindən öz etnik dəyələrini, dinlərini və ənənələrini tam şəkildə necə qoruyub saxladıqlarını aydın şəkildə görürük. Azərbaycanda etnik və dini tolerantlıqla yanaşı, milli və mədəni müxtəliflik ab-havası ölkəmizi bir çox millətlərin və dinlərin olduğu məkana, o cümlədən qlobal səviyyədə mədəniyyətlərarası dialoq platformasına çevirib". Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müşahidələr göstərir ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi-siyasi xarakterli məsələlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir: "Humanizm, tolerantlıq, hüququn aliliyi və ümumbəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inklüziv dialoqa dünya ictimaiyyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır. Son 25 ilin təcrübəsi göstərir ki, "soyuq müharibə" başa çatdıqdan sonra yeni dünya nizamının tərkib hissəsi kimi meydana gələn qloballaşmanın müsbət cəhətləri ilə yanaşı, sülhün və sabitliyin təmin olunması məsələsinə münasibətdə onun müəyyən çatışmazlıqları da vardır. Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və sivilizasiyalararası qarşıdurmaların meydana gəlməsi üçün sanki münbit şərait yaradır. Sözsüz ki, burada mənfi meyillərin qarşısını almağın ən səmərəli yolu dövlətlərarası siyasi, sosial-iqtisadi, elmi və texnoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməklə bərabər, inklüziv cəmiyyətin inkişafına nail olmaqdan ibarədir".

Azərbaycanda reallaşan IV  Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. UNESCO-nun baş direktoru İrina Bokova söyləyib ki, Ümumdünya Mədəniyyətlərarası  Dialoq Forumu çərçivəsində indiyədək aparılan müzakirələr artıq bəhrəsini verməkdədir: "Forum başlanandan indiyədək  onun coğrafiyası çox genişlənib.  Forum çərçivəsində Azərbaycanın böyük dəstəyi ilə iki tədbir keçirildi.. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirib və təşkilatdan 25 nəfər burada iştirak edib.  Belə bir tədbirin  bu gözəl ölkədə, Şərqlə Qərbin qovuşuğunda keçirmək maraqlıdır. Bu, Azərbaycanın uğurudur. Mən Forumdan çox nikbinliklə ayrılıram və gələcəyə inamla baxıram". ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentinə, Azərbaycan xalqına təşəkkür edib: "Forum əslində bir başlanğıcdır. Biz ISESCO olaraq tərəfdaşlığı davam etdirməliyik. Forumda hər kəs fəal iştirak etdi. Bakı prosesi mühüm platformadır. Azərbaycanda mövcud olan tolerantlıq, müasirlik dünya ölkələri üçün bir modeldir. Biz Azərbaycanın bu təşəbbüsünü dəstəkləyirik". Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq ənənəyə çevrilib: " Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq. Azərbaycanın müstəqil dövlət kimi gənc olsa da eyni zamanda, müasir ölkədir. Bakıda təşkil edilən Forumda iştirak etməyimizdən qürur duyuruq". ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman bildirib ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə  keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum  dünyada mədəniyyətlər arasında dialoqun qurulması və inkişafı olduqca vacib amildir: "Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var və bu təcrübəsi ilə dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bu istiqamətdə atılan mühüm addımdır".

Ekspertlər hesab edirlər ki, Azərbaycanda artıq ənənə halını alan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi dünya ictimaiyyətinin diqqətini yetərincə cəlb edib. Fakt isə ondan ibarətdir ki, Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir. Çünki, triximizdə heç zaman dini və milli zəmində qarşıdurma olmayıb. Azərbaycan cəmiyyəti fərqli mədəniyyətlərə, fərqli dinlərin nümayəndələrinə həmişə hörmətlə yanaşıb. Məhz bunun nəticəsidir ki, Azərbaycanda multikultural vəziyyət beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətini çox ciddi şəkildə cəlb edir. Tarix sübut edib ki, mədəniyyətlər, sivilizasiyalar harmoniya şəklində mövcudluğunu davam etdirəndə cəmiyyətdə sülh, əminamanlıq və inkişafa aparan faktorlar çox güclü olur.

 

Alim

 

Olaylar.- 2017.- 9-10 may.- S.8.