Azərbaycanda kənd yaşıl

turizmi inkişaf etdirilir

 

Ailə-kəndli təsərrüfatları da turizm fəaliyyəti ilə məşğul ola biləcəklər

 

Ölkə parlamenti "Turizm haqqında" yeni qanunu birinci oxunuşda qəbul etdi. Qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir. Maraqlıdır, qanunda turizm sahəsində hansı yeniliklər nəzərdə tutulur?

 

Milli Məclisin soaial siyasət komitəsindən verilən məlumata görə, yeni qanuna əsasən turizm fəaliyyətinə rəvac vermək məqsədlə dövlət büdcəsindən subsidiyalar və eyni zamanda, onlardan turizmin inkişafına xidmət edən məqsədyönlü fondlara maliyyə vəsaitləri ayrıla bilər. Bu vəsaitlər həm müxtəlif səviyyəli proqramlar (dövlət proqramları, bölgə proqramları, yerli proqramlar) çərçivəsində, həm də ayrı-ayrı hüquqi aktlarla ayrıla bilər. Sənəddə həmçinin turizm sahəsində xidmət keyfiyyətinin artırılması üsulları əksini tapıb. Belə ki,  turizm infrastrukturu subyektinin fəaliyyətinin effektivliyini müəyyən etmək üçün sınaq satınalması ("gizli qonaq") üsulundan istifadə edilməsi nəzərdə tutulur. Turizm infrastrukturu subyektinin fəaliyyətinin effektivliyini artırmaq və keyfiyyətini tənzimləmək üçün daxili mexanizmlərin təsis edilməsi hüququ heç bir vəzifəli şəxs və ya orqan tərəfindən məhdudlaşdırıla bilməz. Turizm infrastrukturu subyekti öz fəaliyyətinə və ya təqdim etdiyi turizm məhsuluna dair sertifikat və ya şəhadətnamə almaq üçün müraciət etdikdə, sözügedən turizm təşkilatçısının fəaliyyətinin effektivliyi müəyyən olunmalıdır. Həmin effektivliyin meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Məsələnin daha maraqlı tərəfi ondan ibarətdir ki,  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı fəslində nəzərdə tutulmuş məhsula dair müddəalar turizm sahəsində iş və xidmətlərə şamil edilə bilməz. Əksinə, turizm ehtiyatlarının keyfiyyətinin müəyyən edilməsi nəzarət orqanı və müvafiq icra hakimiyyəti orqanları tərəfindən birlikdə həyata keçirilir. Həmin keyfiyyəti müəyyənetmə qaydaları bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Turizm sahəsində xidmət keyfiyyətinin təmin edə bilməyən turizm suyekti barədə məhdudlaşdırıcı tədbirlərin görülməsi də sənəddə əksini tapıb. Belə ki, barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilmiş turizm infrastrukturu subyekti idarəetmə tələblərinə və standartlara riayət etmədikdə bu şəhadətnamə əsasında verilmiş güzəşt və imtiyazların tətbiqinin dayandırılması; satılmış turizm məhsulunun geri çağırılması və ya onun tərkibində müvafiq turizm infrastrukturu subyektinin hesabına dəyişiklik edilməsi kimi tədbirlər nəzərdə tutulur. Bununla paralel olaraq turizm infrastrukturu subyektinin xidmət keyfiyyətinin aşağı düşdüyü və ya onun fəaliyyətinin idarəetmə tələblərinə uyğun gəlmədiyi müəyyən olunduqda aşağıdakı hüquqi tədbirlər həyata keçirilir. Daha dəqiq, həmin turizm şirkətinin uyğunluq sertifikatının ləğv edilir, turizm infrastrukturu subyekti barəsində məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsindən çıxarılır.

Komitədən onu da bildiriblər ki, turizm nümayiş obyektləri üçün xüsusi mühafizə və qorunma rejimi nəzarət orqanı tərəfindən müəyyən edilir və həmin obyektə turistlərin axınının məhdudlaşdırılmasını nəzərdə tutur. Bu hal nəzarət orqanı tərəfindən müəyyən olunan qoruqlara şamil olunmur. Turizm obyektlərinə dair məhdudiyyətlər nəzərdə tutan rejim müəyyən edilərkən həmin obyektin turizm axınını qəbul etmək imkanları, antropogen (insani) təsirə davamlılıq gücü və nəzarət orqanının rəyi nəzərə alınır. Obyektin turist qəbulu imkanları azaldıqca, habelə mənfi antropogen (insani) təsir və ya bu halların vüsət alacağı barədə ehtimallar artdıqca həmin obyektə dair məhdudiyyətlər də artırılır və obyektin qorunma səviyyəsi yüksəldilir. Bunun təmin edilməsi üçün məhdudiyyət növlərinin və qorunma üsullarının mövsümlər üzrə əvəz edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə nəzarət orqanı tərəfindən üç aydan bir baxılmalıdır.  Nəzarət orqanının mənfi rəyi olduqda turizm obyektlərinin turizm məqsədləri üçün istifadəsinə məhdudiyyətlər müəyyən edilə bilməz. Qanunda xüsusi mülkiyyətdə olan turizm ehtiyatlarının mülkiyyətçisinin də hüquq və vəzifələri müəyyən edilib. Sənədə əsasən,  xüsusi mülkiyyətdə olan turizm ehtiyatlarının mülkiyyətçisi həmin ehtiyatların istismarı üçün icarə haqqı müəyyən edə, habelə həmin ehtiyatlara vurulmuş zərərin aradan qaldırılmasından ötrü tələb olunan vəsaitin (kompensasiyanın) ödənilməsini tələb edə bilər. Bu turizm ehtiyatlarının digər şəxslər tərəfindən istismarı mülki-hüquqi müqavilələr əsasında həyata keçirir və müvafiq icarə haqqının məbləği və ya vurulan zərərin aradan qaldırılması üçün tələb olunan vəsaitin həddi həmin müqavilədə əks etdirilir. Bu maddədə qeyd edilən hüququn məhdudlaşdırılmasına dair əqd və ya digər hüquqi aktlar etibarsız sayılır. Qanunda əksini tapan yeniliklərdən biri də kənd yaşıl turizmi ilə bağlıdır. Yəni, kənd yaşıl turizmi ilə məşğul olmaq və bu qanun əsasında onlara verilən imkanlardan istifadə etmək qərarına gəlmiş ailə-kəndli təsərrüfatı subyektləri Nəzarət orqanına öz qərarı barədə yazılı bildirişlə məlumat verir. Ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq qərarı barədə bildirişi nəzarət orqanına daxil olduqda nəzarət orqanı müvafiq ailə-kəndli təsərrüfatının kənd yaşıl turizmi ilə məşğul olmaq imkanlarını və idarəetmə tələblərinə riayət edilməsini yoxlayır və həmin təsərrüfat barədə məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edir.

 

Zəka

 

Olaylar.- 2017.- 11 may.- S.13.