Xalq Cümhuriyyətinin süqutu

və pərdəarxası oyunlar

 

Lenin niyə Bakının fəthini zəruri sayırdı?

 

Sovet tarixşünaslığında 28 aprel hadisəsi, ideoloji çərçivədə ilkin mərhələdə çevriliş, sonradan inqilab kimi qələmə verilib. Coğrafi-strateji mövqeyi, zəngin təbii ehtiyatı ilə fərqlənən Bakı geniş inqilabi məkanın 4-5 iri mərkəzindən biri sayılırdı. Neft sənayesində kapital axını Bakını "proletar şəhəri" etmişdisə də, milli inqilabçılıq yox dərəcəsində idi. Sovet rejiminin qurulmasında mühüm rol oynamış partiya liderlərinin (əsasən qeyri-azərbaycanlı) əksəriyyəti Bakı mühitindən qaynaqlanmışdı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəz statusunda idi. Lenin deyirdi: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin".

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova qeyd edib ki, 1919-cu ilin fevralında "bakılıların əhval-ruhiyyəsindən sürətli və həlledici hərəkət üçün istifadə" göstərişini alan Xəzər-Qafqaz cəbhəsinin hərbi inqilab şurası məqsədyönlü tədbirlər görürdü. Azərbaycan Cümhuriyyətinin dirçəliş mərhələsində milli dövlətçiliyin təməlini sarsıdan əks-kəşfiyyat maşını fasiləsiz işləyirdi. Respublika mayın 28-də varlığının ikinci ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə bolşeviklərin "Müstəqil Sovet Azərbaycanı" şüarı faktiki baxımdan çox əhəmiyyətli manevr oldu. Həmin ideya siyasi idealların, baxışların həyata keçirilməsi yolunda siyasi vasitədən qeyri məqsəd güdmürdü. Bu mənada Stalin fikrini açıq ifadə etmişdi: "Gələcək müstəqillik (Bakı tutulandan sonra) haqqındakı söhbətlər yoldaş Orcenikedzenin konstruksiyasında yəqin ki, Bakını tutmaq faktını Azərbaycanın müstəqilliyi haqqında notalarla əlaqələndirmək cəhdidir. Mənə elə gəlir ki, gələcək (güman edilən) müstəqillik ciddi əməli əhəmiyyəti olmayan bir bəyannamədir". Əməli əhəmiyyəti şəksiz olan məsələ isə Bakının tutulmasıdır. Lakin beynəlxalq vəziyyəti nəzərə alan xarici işlər komissarı G.Çiçerin 1920-ci ilin martında Bakının fəthini zəruri sayan Leninə yazmışdı: "Azərbaycana qarşı zorakılıq aktı beynəlxalq münasibətlərdə dostlarımızı bizə qarşı qoyar... Bizi imperialist hesab etmələrinə yol verməməliyik". Beləliklə, xarici müdaxilə daxili üsyan xəttilə pərdələndirildi. Milli hökuməti devirmək uğrunda silahlı üsyana hazırlıq başlandı. Lakin üsyanın uğurla nəticələnəcəyinə bolşevik liderləri şübhə ilə yanaşırdılar. Stalin yazırdı: "Bu üsyanın heç bir şansı yoxdur. Buna görə də Azərbaycanın hüdudlarını keçmək lazım gələcəkdir". Bakı bolşevikləri 1919-cü ilin yazından partiya təşkilati işini genişləndirib, hətta ingilis əsgərləri arasında təbliğat aparıb, onların vətənə dönməyi tələb etmələrinə nail olsalar da, Azərbaycan ordu və donanmasını "inqilabiləşdirmək" yönündə səy göstərsələr də, 1920-ci ildə daha intensiv hərbi sursatla təchiz edilib fəhlələrdən hərbi drujinalar yaratsalar da, "kütləvi fəhlə təşkilatlarını ümumi məqsədə səfərbər" etsələr də, ideoloji təbliğat, ölkədaxili qiyamın Qarabağda təşkili (hələ 1919-cu ildə N.Yusifbəyliyə məktubunda Nərimanov yazırdı ki, Ermənistan öz agentlərini Moskvaya göndərərək, sovet oriyentasiyasından bəhs edirlər. 1920-ci ilin əvvəllərində erməni sosial-demokratlar Pirumov və Zaxaryan Moskvada "ərazi güzəştləri müqabilində Azərbaycan Cümhuriyyəti hökumətini devirmək işində öz hökumətlərinin təklifini bildirdilər"), hökumət böhranına zəmin yaratmaq və hətta Türkiyənin "mənafeyi" naminə "canıyananlıq" silahlı üsyana ümid üçün əminlik vermirdi.

İstiqlaliyyətin de-fakto tanındığı Azərbaycan xaricdən gözlənilən yeganə ciddi təhlükəni bolşevik təcavüzündə hiss edirdi. Antantanın bu istiqamətdə gənc respublikaya yardım tədbiri "deklorativ vədlərdən" kənara çıxmırdı. Rus diplomatiyası isə müddətli notalar mübadiləsindəki "prinsipial" mövqeyində hiyləgər manevr etdi, aprelin 17-də Azərbaycanla ticarət-iqtisadi əlaqələr yaratmağa razılıq məzmunlu teleqram göndərdi. Bütün köməkçi vasitələrdən istifadə olunsa da, məqsədin əsas təminatçısı XI ordunun yürüş planı idi: "XI ordunun son vəzifəsi Bakı quberniyasını tutmaq deyil, Azərbaycanın bütün ərazisinin tutulması hesab edilsin". XI ordunun nəinki gününə, hətta saatınadək Bakı üzərinə hazırladığı hücum planı - 52 nömrəli əmr heç bir əlavə şərh olmadan açıq hərbi müdaxilə aktından, yerli əhalinin öz müqəddəratını hansı "sərbəstliklə" həll etmə imkanından xəbər verir: "...aprelin 27-i saat 4-də hücuma keçmək və əsas qüvvələrlə Qusar, Quba, aprelin 28-də Qızılburun, aprelin 29-da Astraxanka və Şamaxı, Ağsunu tutmaq...". Ordu komandanı Levandovski və digər hərbçilər hərəkətlərində tam qətiyyətli idilər: "Mən aprelin 27-dək Dərbənddə, 27-də Xudatda, aprelin 28-də Dəvəçidə, aprelin 30-da Yaşmada, mayın 1-də Biləcəri-Bakıda olacağam". Əməliyyatın son dərəcə məxfiliyi, A.Mikoyanın rəhbərliyi altında türk dilini, məişətini, yerli şəraiti bilən qrupun (Q.Musabəyov, H.Cəbiyev və b.) bələdçi-yardımçı funksiyası, Azərbaycan hökumətinin əsas hərbi qüvvələrinin qərb sərhədində cəmləşməsi nəticəsində Yalama-Bakı rayonunda yerləşmiş cüzi qüvvənin qeyri-sayıq davranışı aprelin 27-nə keçən gecə Azərbaycan Cümhuriyyətinin dövlət sərhədlərinin pozulmasını və ərazisinin işğalını təmin etdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə bitdi: "Onlar üçə yaxın artilleriya divizionunu itirdi, 600-700 nəfərədək əsir düşdü". Rus ordusu isə otuz nəfərədək itki verdi. "Üçüncü İnternasional" zirehli qatarı Biləcəri stansiyasına çatanda Azərbaycan hökuməti qoşunlarının məğlubiyyətindən xəbər tutdu. Azərbaycan parlamenti fakt qarşısında qalaraq reallıqla barışmağa məcbur oldu.

Azərbaycan hökuməti müttəfiq dövlətlərin Tiflisdəki nümayəndələrinə aprelin 27-də müraciət edib, ərazisinin bolşevik işğalı ilə əlaqədar, yenidən hücum etməmələri üçün Ermənistan hökumətinə təsir göstərməyi xahiş etmişdi. İşğaldan xəbər tutan Azərbaycan nümayəndəliyi aprelin 28-də San-Remo konfransına nota təqdim etmişdi. Lakin nə bu, nə də sonrakı müraciətlərin əməli əhəmiyyəti olmadı. Azərbaycan parlamentinə hakimiyyəti təslim etmək haqqında AK (b)P Bakı bürosu, Mərkəzi Fəhlə konfransı adından H.Sultanov ultimatum verdi: "Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm. Mən çox yaxşı başa düşürdüm ki, arxamızda MK-dan olan hörmətli yoldaşlar deyil, Yalamada yerləşən qırmızı süngülər dayanır... MK-ya ümid etmirdim ki, o işi ləngidə bilərdi". XI ordu əksinə, "əgər sutkada 25 kilometr irəliləyirdisə, Azərbaycanda bu sürət sutkada 50 kilometr oldu". Sovet Respublikası elan edilməmiş, mövcud beynəlxalq hüquq normalarına məhəl qoyulmadan rus ordusu nəinki sərhədi keçmiş, gəlib Bakıda hökumət üzvlərini, xarici missiyaları həbs edərək qazamata göndərmişdir və İnqilabi Hərbi Şuraya təntənə ilə bildirmişdir: "25 aprel tarixli 52 nömrəli əmrdə qoyduğunuz vəzifə yerinə yetirilmişdir". Qələbədən ruhlanan orduya "bir qədər məhdudiyyətlə" yeni əmr verilir: "XI ordu qoşunları Azərbaycanın, keçmiş rus imperiyası hüdudlarında bütün ərazisinə yiyələnsin. Əsla İranın sərhədlərini keçməmək". "Xüsusi dünya siyasəti" icad edənlər üçün rəva görülən hər hərəkətin xüsusi də əsası olurdu. Azərbaycanın müstəqil siyasi vahid kimi Rusiya tərəfindən tanınacağı təqdirdə belə Bakı (neft) iddiasından əl çəkməyən bolşevik rəhbərlər "medalı" digər üzünə çevirməklə əcaib vasitələr seçirdilər: "Bakını xətərsizliklə tutmaq məqsədilə fəhlələrin daxildən çıxışını yüngülləşdirmək üçün Azərbaycana rəsmi müharibə elan etməyə bizim xüsusi dünya siyasətimiz yol verirmi?" Belə cəfəngiyyata vaxt sərf etmədən məsələ daha cəld, asan həll edildi: nə Azərbaycanın müstəqilliyi tanındı, nə də ona qarşı müharibə elan edildi. Birbaşa və qəti həmlə aylarla uzanan intizara son qoydu: Bakı nefti Rusiyanın ixtiyarına keçdi. Azərbaycanda aprel çevrilişinin rus ordusu tərəfindən həyata keçirildiyini və baş tutduğunu bütün tarixi sənədlər açıq, birbaşa əks etdirir və təsdiqləyir: "Əgər inqilab qansız keçibsə, Müsavat hökuməti devrilib, bu o demək deyildir ki, bizim partiyamız güclü idi. Bu ona görə belə oldu ki, XI Qızıl ordu güclü idi". 1920-ci ilin aprelində müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti birbaşa hərbi təcavüz nəticəsində süqut etdi. Bu işğal aktına 70 ildən sonra dövlət səviyyəsində siyasi qiymət verildi: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI Qırmızı ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin" (1991-ci il, 18 oktyabr). Azərbaycan xalqının tarixində "Sovet epoxasının" əsasını qoyan həmin tarixdən 90 il ötür. Dövlət müstəqilliyinin bərpası, milli dövlət quruculuğu istiqamətində aparılan siyasət nəticəsində bu gün Qafqaz regionunun liderinə çevrilmiş Azərbaycan Respublikası beynəlxalq arenada öz siması və mövqeyi ilə tanınan bir dövlətdir.

 

Firdovsiyyə Əhmədova

tarix üzrə fəls. d-ru

 

Olaylar.- 2018.- 2 may.- S.8.