Azərbaycan kinosunun

120 illik tarixi yolu

 

Kino 1916 - cı il...

1976 -cı ildə Azərbaycan kino tarixinin yaranma ili 1916 -cı il mayın 4 -ü kimi qəbul edildi. "Filma" Səhmdar Cəmiyyəti tərəfindən 1916 -cı ildə rejissor Boris Svetloy tərəfindən ekranlaşdırılan "Neft və milyonlar səltənəti" Azərbaycanın ilk kinosu kimi qəbul olundu və tarixə düşdü. 24 il ...

Film İbrahim bəy Musabəyovun eyniadlı əsəri əsasında, Anna Panova- Potyomkina tərəfindən ssenariləşdirildi. Dram janrında və iki hissədən ibarət olan səssiz filmdə o zaman Bakı müsəlman milyonçularının və neft mədənlərində çalışan fəhlələrin ağır sosial vəziyyəti lentə alındı. Bu filmdə əsas rollardan birini canlandıran Hüseyn Ərəblinskinin kinoda ilk və son rolu olur. Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski və Vladimir Vyazemski də filmə çəkilənlər sırasında idilər...

"Neft və milyonlar səltənəti" o zaman Hacı Zeynalabdin Tağıyevə məxsus "Fransız Elektrobioqrafı"nda nümayiş olunur. "Piron" şirkətinin maddi dəstəyi ilə ekranlaşdırılan film Bakıdan başqa Zaqafqaziya və Orta Asiyanın bir çox şəhərlərində də böyük maraqla qarşılanır.

Kino 1898 -ci il...

Əməkdar mədəniyyət işçisi, yeganə kino tarixçisi və araşdırmaçı Aydın Kazımzadənin araşdırmaları sayəsində kinonun əsl yaranma tarixi məlum oldu. 24 ildən sonra məlum oldu ki, əslində Azərbaycanda ilk film 1898 - ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən xroniki süjetlər əsasında "İlişdin" bədii kinosüjeti olub. Xronikaya "Bibiheybətdə neft fontanı yanğını", Balaxanıda neft fontanı yanğını", "Səhər bağında xalq gəzintisi" və "Qafqaz rəqsi" daxil idi.

Aydın Kazımzadə araşdırma haqqında aidiyyatı qurumlara, o zamankı Mədəniyyət Nazirliyini məlumatlandırır və kinonun yaranma tarixinin 1916 -cı il deyil, 1898 -ci il olduğunu bildirir. Bu haqda cənab prezident Heydər Əliyevə məlumat verilir. Və 2000 -ci ildə prezidentin sərəncamı ilə 1898 - cil il avqustun 2 -si Azərbaycan kinosunun yaranma tarixi kimi qəbul olunur.

 

Azərbaycan kinosu

və Sovet hakimiyyəti

 

Sahibkarların prokat, foto birliklərinin milliləşməsi istiqaməti nəticəsində 1923 -cü ildə Azərbaycan Foto -Kino İdarəsi yaradıldı. Bu idarənin fəaliyyəti dövründə "Qız qalası əfsanəsi" adlı bədii film çəkilir. Zaman -zaman ARKİ -də aparılan islahatlar nəticəsində qurumun adında bir sıra dəyişikliklər olur. Belə ki, AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940) və "Bakı kinostudiyası" (1941-1959) kimi adlandırılır. 1961-ci ildən bu günümüzə qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlandı.

1920 - 1930 -cu illərdə Azərbaycan kinosunda əsas mövzular tarixi- inqilab, qadın azadlığı üstünlük təşkil edirdi. "Bismillah", "Vulkan üzərində ev", "Hacı Qara", "Sevil" , "Lətif", "İsmət", "Almaz", "Yeni horizont", "Bakılılar" və "Kəndlilər" kimi filmlər geniş marağa səbəb oldu.

Sovet hakimiyyəti illərində Azərbaycanda davamlı olaraq bədii filmlər çəkilirdi. Lakin, çəkilən bütün filmlərdə məişət ruhlu mövzuları üstünlük təşkil edirdi. Sovet hakimiyyəti dünyəvi mövzulara, milli ideologiyanın təbliği fonunda olan mövzuların kinoda yer almasına qarşı çıxırdı. Bunun nəticəsi olaraq çəkilən bütün bədii filmlər Moskvada senzuranın təzyiqinə məruz qalaraq ya müəyyən hissələri çıxarılır, ya da filmin nümayişinə qadağa qoyulurdu.

Buna misal olaraq qadağan olunduqdan 75 il sonra ekranlara qayıdan "Bir ailə" filmini qeyd etmək olar. Film 1943 -cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsinin qələbəsində Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir. Adıçəkilən filmin ssenari müəllifi görkəmli yazıçı Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur. Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökumə Qurbanova və digərlərinin yer aldığı filmin çəkilişləri müharibənin ən çətin və qızğın dövründə Bakıda aparılsa da, film daha sonra ekranlara buraxılmayıb. SSRİ Dövlət Film Fondunun Vətən filmləri şöbəsinin rəfində qalan filmdə Sovet xalqının alman işğalçıları ilə mübarizəsinin zəif əks olunduğu əsas gətirilərək nümayişinə qadağa qoyuldu.

"Bir ailə" kimi bir neçə filmlərimiz rejimin siyasətini, ideologiyasını əks etdirmədiyi üçün yersiz təqiblərə məruz qalaraq ekranlardan uzaq tutuldu.

 

Kino -Müstəqillik dövründə...

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra kino sahəsində böyük uğurlar əldə olundu. Artıq Azərbaycan kinosunda təkcə məişət havalı filmlər deyil, vətənpərvər, dünyəvi, sosial mövzular üstünlük təşkil etdi. Yenicə müstəqillik qazanan və müharibə şəraitində olan bir ölkədə o zaman çəkilən filmlərdə üstünlük daha çox təbii ki, tarixi və vətənpərvər mövzulara verildi. Azərbaycan faciəsi ekranlara "Fəryad", "Ağ atlı oğlan", "Ümid", "Sarı gəlin" filmləri ilə çıxdı.

Kino ən böyük təbliğat vasitəsidir. Məhz buna görə hələ o zamanlar keçid dövrünü yaşayan bir ölkə olaraq Azərbaycan həqiqətlərini bədii formada kinolentə köçürərək tarixin yaddaşına, gələcək nəsillərə, beynəlxalq festivallarda ölkə həqiqətlərini dünyaya göstərmək, təqdim etmək ən böyük güc və iradə tələb edirdi. Oqtay Mirqasımovun "Ovsunçu", Eldar Quliyevin "Girov" filmləri dəfələrlə ölkəmizi beynəlxalq festivallarda uğurla təmsil edərək, haqq səsini dünyaya çatdırdı.

2007 - ci ilin fevralın 23- də ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" imzaladığı sərəncam, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" müasir Azərbaycan kinosu üçün mühüm addım idi.Məhz bu sərəncam nəticəsində özəl prodakşınların fəaliyyəti aktivləşdi. Bu gün Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar, telekanallar artıq tamaşaçılara, vətəndaşlara öz milli seriallarımızı, bədii filmlərimizi təqdim edir.

Bu illər ərzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dəstəyi əsasında çəkilən bir sıra filmlər ardıcıl olaraq ölkəmizi beynəlxalq festivallarda təmsil etdi. Elçin Musaoğlunu "Nabat", İlqar Nəcəfin "Nar bağı", Şamil Əliyevin "Çölçü", Mirbala Səlimlinin "Qırmızı bağ", Asif Rüstəmovun "Axınla aşağı" və digər filmlərimiz son illər iştirak etdikləri festivallarda ölkəmizi layiqincə təmsil edirlər. Bu filmlər müasir Azərbaycan kinosunda yeni bir dönəm yaratdı. Bundan əlavə, gənc rejissor Elvin Adıgözəlin prodüser Teymur Hacıyevlə birlikdə hazırladıqları ssenari Kann festivalında 15 ssenaridən biri olaraq seçildi və bu il yarışda iştirak edəcək.

Hətta Şamil Əliyevin "Çölçü" filmi bütün qaydalara uyaraq 2013- cü ildə Amerika və dünya kinematoqrafiyasının nüfuzlu mükafatı olan "Oskar" -ın "xarici dildə ən yaxşı film" siyahısına daxil oldu.

Son illər Azərbaycan kinosunu beynəlxalq aləmdə tanıdan və dünyanın dörd bir yanında davamlı olaraq nümayiş olunan filmlərdən biri də məşhur azərbaycanlı yazıçı Qurban Səidin 33 dilə tərcümə olunan və XX əsrin orjinal əsərlərindən hesab olunan "Əli və Nino" əsəri əsasında çəkilən eyniadlı filmdir. Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikye, rejissor "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Xronometrajı 104 dəqiqə olan filmdə Azərbaycanın məşhur aktyorları ilə yanaşı, Adam Bakri, Mariya Valverde, Humayon Erşardi, Əsad Buab, Numan Akar, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson,Rikkardo Samariko kimi məşhur simalar da yer alıb. Çəkilişləri Bakının müxtəlif tarixi məkanlarında, Qobustan, Gəncə, Xınalıq və Gədəbəydə aparılan film 3 gün ərzində Amerikanın nüfuzlu "Sundance" beynəlxalq film festivalı çərçivəsində "Premyera" kateqoriyasında nümayiş olundu.

 

120 illik tarixə malik müasir

Azərbaycan kinosunun problemləri

 

Bu gün beynəlxalq festivallarda uğurla iştirak edən və artıq qaliblər sırasında adlarını görməyə alışdığımız filmlərimiz heç də avropalı rejissorların çəkdikləri filmlər kimi müasir kinoavadanlıqlar, əla vəziyyətdə olan studiyalarda, maddi cəhətdən yüksək təmin olunmuş halda çəkilmir. Bu gün Azərbaycanda dünya standartlarına cavab verməyən, müasir kino kameralarla təmin olunmayan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası fəaliyyət göstərir. XXI əsrdə heç bir standartlara cavab verməyən kinostudiyanın olması əlbəttə ki, ürəkaçan hal deyil.

Yaradılan kiçik özəl prodakşınlarda isə durum o qədər də fəqrli deyil. Burada məhdud sayda olan kinoavadanlıqları da həmçinin standartlara tam cavab vermir.

Bölgələrdə kinoteatrların, həyatını kinoya bağlamaq istəyən gənclər üçün yaradıcı studiyaların olmaması müasir Azərbaycan kinosunun ən böyük problemlərindən biridir. Paytaxta gəlmək imkanları olmayan, bölgələrdə böyüyən gənclik XXI əsrdə kinoteatrda film izləmək zövqündən məhrumdur.

Kinomuzun daha bir problemi isə çəkilən filmlərin tənqidçilər, kinoşünaslar tərəfindən yazılacaq məqalələrdən, ressenziyalardan "azad" olmaları, 120 illik kino tarixinin bu gün təkcə əməkdar incəsənət xadimi Aydın Kazımzadənin çiyinlərində olmasıdı. Hər il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya fakültəsindən məzun olan gənclərin kinodan uzaq düşmə səbəbləri yəqin ki, hər kəsə məlumdur. Kino istiqamətində təhsil alan gənclər arasında tez-tez yaradıcılıq müsabiqələri və yüksək qonararlar tətbiq edilərsə, böyük ehtimal ki, yaradıcı gənclər yollarını kinodan salar...

Müasir Azərbaycan kinosunu daha bir problemi isə prodakşınların kommersiya maraqlarından dolayı yüngül komediya filmlərinə üstünlük vermələridi. Və çəkilən bu cür filmlərin adları çox zaman kobud şəkildə kommersiya maraqlarının qurbanı olur.

Bu gün kinoteartlarda uşaqlar üçün demək olar ki, nümayiş ediləcək yerli filmlər yoxdu. Son illər uşaqlar üçün çəkilən yeganə film isə "Dərs" filmi oldu. Film 2015 - ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, prodüsseri Müşfiq Hətəmov, rejissor Rafiq Əliyev və Cavid Təvəkkül tərəfindən lentə alındı. "Dərs" uğurlu film kimi ölkəmizi təmsil edərək 25-ci "Kinoşok" beynəlxalq film festivalında "Ən yaxşı film" nominasiyasında qalib oldu. Bundan əlavə, film 15-ci Dakka Beynəlxalq Film Festivalında, 34-cü Münhen Film Festivalının "Kinderfilm" bölümündə nümayiş edildi.

Müasir kinomuzun ən əsas problemlərindən biri də peşəkar ssenaristlərin demək olar ki, olmamasıdır. Aidiyyatı qurumlar bu sahədə fəallığı artırmaq üçün ildə 2-3 dəfə yox, davamlı olaraq müxtəlif mövzularda ssenari, film müsabiqələri, ölkəmizdə beynəlxaq film festivalları təşkil edərsə, məşhur rejissorların, prodüsserləri ölkəyə dəvət edərək yaradıcı şəxslərələ birgə gənclərə master-klasslar təşkil edilərsə əlbəttə ki, Azərbaycan kinosunda müəyyən canlanmalar yaranacaq, yaradıcı təcrübələr bölüşüləcəkdir.

2005 -2012 - ci illərdə davamlı olaraq ölkəmizdə gənclər arasında keçirilən "START" beynəlxaq film festivalını, "Şərq-Qərb" Beynəlxalq Bakı kinofestivalı və Audiovizual Festivalını yenidən təşkil etməklə beynəlxalq kino əlaqələri gückləndirmək müasir Azərbaycan kinosunun inkişafında və eləcə də dünyaya tanıdılması istiqamətində böyük rol oynayacaq.

 

Nigar Adil

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

Olaylar.- 2018.- 4 may.- S.12.