AXC-nin hərbi diplomatiyasından

qaynaqlanan ənənələr

 

Əvvəli ötən sayımızda

 

Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Gürcüstanda Hərbi Attaşeliyin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. Çünki bu Hərbi Attaşelik Azərbaycanın müstəqilliyi dövründə ilk Hərbi attaşeliyi idi. Həmin Attaşeliyin səmərəli fəaliyyəti nəticəsində həm Gürcüstandan Azərbaycan Ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda Azərbaycan zabitinin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün oldu.

Digər tərəfdən də qarşılıqlı şəkildə imzalanmış sazişə uyğun olaraq, Azərbaycanın şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sisteminin yaradılmasına təcrübəli gürcü zabitləri cəlb edildilər. Qarşılıqlı razılaşmaya əsasən, gürcü zabitləri döyüş əməliyyatlarında iştirak etmədən Azərbaycan Ordusu sıralarında xidmət etmək imkanı da əldə etdilər. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu sıralarında xeyli sayda gürcü zabiti xidmət etmişdir. Onlardan ikisi, Azərbaycan Ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli və Hərbiyyə məktəbinin rəisi polkovnik Çxeidze Azərbaycan hökumətinin qərarı ilə nümunəvi xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülmüşdülər. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə dosenti, polkovnik Atamalı Şahbazov qeyd edir ki, Gürcüstanla imzalanmış sazişə əsasən, qarşı tərəfə zərurət yarandığı anda Azərbaycan tərəfindən hərbi kömək göstərilməsi üçün konkret plan və onun icrası üçün hərbi qüvvə və vəsaitlər müəyyənləşdirilmişdi. Arxiv sənədlərindən aydın olur ki, həmin sazişə əsasən, 1920-ci ilin yanvarında Hərbi Nazirlik Gürcüstana hərbi müdaxilə olduğu zaman göndəriləcək qoşun hissələri barədə məxfi hesabat hazırlamışdır. Həmin hesabata əsasən, Azərbaycan tərəfindən Gürcüstan ərazisinə göndəriləcək və Gürcüstanın hərbi komandanlığının tabeliyinə veriləcək hərbi hissələr aşağıdakı kimi təyin olunmuşdu: 1-ci piyada diviziyasından: 1-ci Cavanşir alayı - Xankəndidən, 2-ci Zaqatala alayı - Zaqataladan, 3-cü Gəncə alayı - Gəncədən, 1-ci artilleriya briqadası - 1-ci və 4-cü batareya Xankəndidən, 2-ci və 3-cü batareya Gəncədən, diviziyanın qərargahı Gəncədən. Süvari diviziyasından: 1-ci Qarabağ alayı - Xankəndidən, 3-cü Şəkı alayı - Gəncədən, Süvari-dağ batareyası - Gəncədən. 2-ci Zaqatala alayı Çnoris-Çkali stansiyasına Katexi-Bostan və ya Balakən-Laqodexi yaşayış məntəqələrini qət etməklə çatmalı, digər hərbi hissələrin isə Gəncə-Tiflis dəmir yolu vasitəsi ilə daşınması hesabatda göstərilmişdir. Gürcüstan tərəfi də eyni qayda ilə Azərbaycan tərəfinə hərbi müdaxilə edildiyi təqdirdə hesabata uyğun hərbi hissələr göndərməyi öz öhdəliyinə götürmüşdü. Lakin 1920-ci ilin aprelində bolşevik işğalı o qədər sürətlə baş verdi ki, Gürcüstandan hərbi kömək almaq imkanı olmadı. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hərbi qüvvələri Qarabağda Ermənistan hərbi qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasına göndərilmişdi. Ona görə də şimal sərhədləri, demək olar ki, müdafiəsiz qalmışdı.

Cümhuriyyət dövrünün hərbi diplomatiyasının tarixinə yazılacaq maraqlı hadisələrdən biri də hərbi təchizat əldə edilməsi üçün Hərbi Nazirliyin nümayəndə heyətinin Avropaya səfər etməsi idi. 1919-cu il oktyabrın 20-də Azərbaycanın hərbi naziri tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Hərbi Nazirlik nümayəndələri, başda 2-ci Azərbaycan piyada diviziyasının komandiri general-mayor İbrahim ağa Usubov olmaqla, hərbi ləvazimat idarəsindən kollej asessoru (çar Rusiyasında mülki rütbə) Xanbudaqov İtaliyanın Roma şəhərinə ikitərəfli əlaqələrin yaradılması və hərbi ləvazimatların alınması məqsədi ilə səfər etmişdi. Nümayəndə heyəti İtaliyanın Müdafiə Nazirliyi ilə ikitərəfli əlaqələrin yaradılmasına nail olmağa çalışsalar da, İtaliya Müdafiə Nazirliyi belə əməkdaşlığa meyilli olmamışdır. Bu məqsəd ilə general-mayor İbrahim ağa Usubov Hərbi nazir tam artilleriya generalı Səməd bəy Mehmandarovun tapşırığına əsasən, İtaliyanın hərbi ləvazimat hazırlayan "Kiano Qella Komp" şirkəti ilə 1919-cu ilin 23 noyabr tarixində Roma şəhərində Azərbaycan Ordusu üçün 25 min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan böyük ölçü 20%, orta ölçü 50% və kiçik ölçü isə 30% olmaq şərti ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, ağ sarğı, qış paltosu və ayaq sarğısı) hazırlanması məqsədi ilə müqavilə imzalanmışdı. Müqavilənin şərtlərinə görə, göstərilən əmlakın 1919-cu ilin 20 dekabr tarixinədək çatdırılması planlaşdırılsa da, lakin həmin əmlak 1920-ci ilin aprelində Bakıya çatdırıldı. Bakının XI Qızıl ordu tərəfindən işğalı ərəfəsində milli ordunun hərbi hissə komandirləri bolşeviklərin əlinə keçməməsi məqsədi ilə İtaliyadan gətirilmiş bütün geyim ləvazimatlarını şəxsi heyətə paylamış olsalar da, o zaman Hərbi və Dəniz Komissarı olmuş Çingiz İldırımın əmri ilə bütün ləvazimatlar şəxsi heyətdən geri alınaraq XI Qızıl ordunun zabit və əsgər heyəti tərəfindən kortəbii şəkildə mənimsənilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış hərbi diplomatiya Azərbaycanın hərb tarixinin və Azərbaycanın hərbi diplomatiya tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasından qaynaqlanan ənənələr bu gün də uğurla Müdafiə Nazirliyi tərəfindən davam etdirilməkdədir.

 

Nurlan

 

Olaylar.- 2018.- 22 may.- S.4.