Azərbaycan Xalq Cümhuriyyəti

dövrünün iqtisadiyyatı

 

Bu günlər 100 illiyini şərəf və qürurla qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma , zərurəti, onun keçdiyi yol, 23 aylıq mövcudiyyəti dövründə əldə etdiyi nailiyyətlər, uğurlara diqqət edir, Cümhuriyyətin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar, gördüyü işlərə nəzər salır, təhlillər aparırıq. Aparılan təhlillər, araşdırmalar birmənalı olaraq belə bir fikri ortaya qoyur ki, Azərbaycan Xalq Cümhuriyyəti də onun hüquqi varisi sayılan müstəqil Azərbaycan Respublikası kimi uğurlu yol qət edib, qısa, lakin səmərəli fəaliyyətli bir dövr ərzində bütün istiqamətlərdə əsaslı dönüş, inkişafın əldə olunmasına yol açıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər yetirdikdə, aydın şəkildə görürük ki, Şərqin ilk demokratik respublikası olan AXC həm daxili, həm də geopolitik, regional anlamda kifayət qədər çətin, mürəkkəb bir vəziyyətdə yaranmışdı.  İlk növbədə Azərbaycanın öz müstəqilliyini elan etməsi, Xalq Cümhuriyyətinin yaradılması imperialist güclərin, ən əsası şimal qonşumuzun maraqları ilə ziddiyyət təşkil edirdi. Ona görə də ciddi cəhdlə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasına qarşı müqavimət göstərilirdi. Düzdür, bu müqavimətlər heç bir nəticə verməyib Demokratik Respublikanın elan edilməsinə maneçilik yarada bilməsə də, lakin həmin dövrün imkanları, mövcud vəziyyət Cümhuriyyəti elan etmək kimi onu saxlamaq qədər çətin bir situasiya yaratmışdı.

1918-ci il,  may ayının 28-də Gürcüstanın paytaxtı Tbilisidə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında o vaxt bir sıra həlli vacib olan məsələlər dayanırdı ki, onlardan da biri iqtisadi sahəni özündə ehtiva edirdi. Cümhuriyyət qurucuları gözəl dərk edirdilər ki, onu qurmaq, yaratmaqla bərabər yaşatmaq, inkişaf etdirmək də lazımdır. Bir ölkəni yaşadıb, inkişaf etdirmək üçünsə onun iqtisadiyyatında ciddi irəliləyişə nail olmaq başlıca şərtdir.

Müstəqil dövlətin milli atributlarının olması vacibliyini nəzərə alan Cümhuriyyət qurucularının iqtisadi sahədə həyata keçirdikləri mühüm addımlardan biri milli valyutanın dövriyyəyə buraxılması oldu. Məlumat üçün qeyd edək ki, AXC-nin elan edildiyi ilin ilk aylarında Bakıda  yeni kağız pullar - "Bakı bonları" buraxılırdı. Lakin dövriyyədə "Nikolay" pulları və "Kerenski" pul vahidləri də vardı. Ona görə də milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanılması hökumətin iqtisadi siyasətinin əsas istiqamətini təşkil edirdi. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Ona görə də hökumət həm əvvəlki dövrdən miras qalan, həm də demokratik respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı idi.  Bu aspektdə Xalq Cümhuriyyəti müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemini yaratdı,  1919-cu ilin sentyabr ayında Dövlət Bankı açıldı. Bundan başqa respublika sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədi ilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq edilirdi. Həmçinin ölkəyə gətirilən spirtli içkilərə, balıq məhsullarına gömrük rüsumlarının artırılması haqqında qanun layihələri də daxili bazarın qorunması və inflyasiyanın qarşısının alınmasına xidmət edirdi.

Təsadüfi deyil ki, bu gün müasir, müstəqil Azərbaycanın həyata keçirdiyi çevik vergi siyasəti,  əlavə dövlət xərclərinin ixtisar edilməsi kimi mühüm tədbirlər də məhz Xalq Cümhuriyyəti dövründə  iqtisadi sahədə atılan mühüm addımların tərkib hissəsini təşkil edirdi.

Müstəqil Azərbaycan ideyasını müstəqil Azərbaycan iqtisadiyyatı yaratmaqla reallığa çevirmək istiqamətində addımlar atan Xalq Cümhiuriyyətinin bu sahədə həyata keçirdiyi önəmli tədbirlərdən biriböhran vəziyyətində olan neft sənayesini dirçəltmək oldu.

Qısa zamanda Cümhuriyyət hökumətinin gördüyü tədbirlər nəticəsində neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu. Eyni zamanda Bakı-Culfa dəmir yolunun inşası, Kür çayı üzərində körpünün salınması ölkə iqtisadiyyatının inkişafına təkan verəm amillərdən idi.

İqtisadiyyatın inkişafında xarici iqtisadi əlaqələri də başlıca meyar sayan demokratik respublika xüsusilə qonşu ölkələrlə iqtisadi əlaqələr yaratmaq, bu əlaqələri genişləndirməyi zəruri hesab edirdi. Elə Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında da xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya normaları əsasında həyata keçirmək kimi mühüm məqamlar öz əksini tapırdı. Bu mənada Rusiya, Ukrayna, Polşa, Avropa ölkələri, Gürcüstanİranla qurulan iqtisadi əlaqələr xüsusi əhəmiyyət kəsb edirdi.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün xarici iqtisadi fəaliyyətində daima Azərbaycan hökumətinin başlıca vəzifələrini reallaşdırmaq məqsədini güdürdü. Bu vəzifələrdən biri öz əhalisini zəruri şeylərlə təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən birigömrük gəlirləri idi. Buya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzümtut spirtlərinin ixracına icazə verilirdi. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən qabaq xaricə spirtli içkilərin satışı qadağan olunmuşdu. Bu da bəzi təsərrüfatların və hökumətin maliyyəsinə ciddi mənfi təsir göstərmişdi. Hökumət belə hesab edirfi ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır.

Azərbaycan Xalq Cümhuriyyəti öz iqtisadi platformasında mülkiyyət plürializmini də nəzərdə tuturdu. Cümhuriyyət dövründə dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi modelində nəzərdə tutulurdu ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xırdalanmasına aparmamalıdır. Respublikanın yaratdığı iqtisadi qanunçuluğa görə dövlət mülkiyyətinə və qismən də bələdiyyə mülkiyyətinə "dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər", həmçinin "dəmiryolu, işıq, su, teleqrafsair bu kimi ümumi işlərə xidmət edən quruluşlar" daxil edilirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin aqrar proqramı da iqtisadi islahatların tərkib hissələrindən biri sayılırdı. Bu proqramın əsasını aqrar islahatı haqqında "Müsavat", fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın. "Müsavat" fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapırdı.

Günümüzdə müstəqil Azərbaycanda ərzaq təhlükəsizliyi əsas prioritet olduğu kimi, Xalq Cümhuriyyəti dövründə də bu məsələ olduqca aktual idi. Ölkənin ərzaq məhsullarına olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər demokratik respublikanın iqtisadi sahədə atmış olduğu əhəmiyyətli addımlardan idi.

Xüsusən, taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz axıb getməsi Azərbaycanın milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli sayılırdı. Ölkəni ildə 7 milyon pud buğda idxalından xilas etmək üçün özünün taxıl istehsalı imkanlarını artırması nəinki öz əhalisinin ehtiyaclarını ödəmək, hətta ixrac potensialına nail olmaq baxımından əhəmiyyətli hesab olunurdu.

23 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətinin bütün istiqamətlər, eləcə də iqtisadi sahədə gördüyü işlər, həyata keçirdiyi islahatlar təqdirəlayiq hesab edilə bilər. Əgər 1920-ci ilin aprelin 28-də Demokratik Respublikanın varlığına son qoyulmasaydı,  Xalq Cümhuriyyəti daha böyükciddi uğurlara imza atardı.

Sevindirici haldır ki, 70 il sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, azad, suveren dövlətə çevrildi. Tarix təkrar olunurdu. Müstəqil Azərbaycanı inkişaf etdirmək üçün iqtisadi sahədə islahatlar həyata keçirmək, zəruri addımlar atmaq qarşıda duran prioritet vəzifələrdən sayılırdı. Müstəqilliyin ilk illərində Azərbaycana rəbbərlik edən şəxslər, hakimiyyətlər bu işin öhdəsindən gələ bilmədiyindən yenicə müstəqillik əldə etmiş Azərbaycan dərin iqtisadi böhrana yuvarlanmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra hər bir sahədə olduğu kimi iqtisadi sahədə də problemlər aradan qalxdı, müstəqil ölkənin müstəqil iqtisadi siyasəti formalaşdırıldı. Necə ki, Xalq Cümhuriyyəti dövründə neft sektorunda olan böhranlı vəziyyəti aradan qaldırmaq əsas diqqət mərkəzində idi, eyni ilə XX əsrin 90-cı illərində də strategiya dəyişməmişdi. Ümummilli lider gözəl bilirdi ki, Azərbaycanın zəngin neft ehtiyatları müstəqil ölkənin iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynaya bilər. Beləliklə, ümummilli liderin gərgin əməyi sayəsində 1993-cü il, sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bununla da demək olar ki, Azərbaycanın gələcək iqtisadi inkişafı üçün zəmin yarandı. Sonrakı illərdə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, günümüzdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri və bütün bunların ölkə iqtisadiyyatına müsbət təsirləri məhz ümummilli liderin uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Bu gün müstəqil Azərbaycan Respublikası ümummilli liderin siyasi kursunun davamçısı Cənab İlham Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin hüquqi varisi olaraq uğurla inkişaf edir, bütün istiqamətlərdə regionun liderinə çevrilir. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar onun ildən-ilə daha da inkişaf etməsinə, tərəqqisinə yol açır. Təsadüfi deyil ki, artıq bir sıra inkişaf etmiş ölkələr belə Azərbaycan iqtisadiyyatına istinad edir, bizim iqtisadi modelimizdən yararlanmağa çalışırlar.

 

Süleyman İsmayılbəyli

 

İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir

 

Olaylar.- 2018.- 23 may.- S.8.