Adil Babayevin xatirəsinin işığında

 

Azərbaycan Universitetində şair, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1946) Adil Qafar oğlu Babayevin həyat və yaradıcılığından bəhs edən görüş keçirilib.

Olaylar.az xəbər verir ki, görüşdə Azərbaycan Universitetinin dekanı professor Səfər Məmmədov, şair Vahid Əziz və Adil Babayevin oğlu, telejurnalist Etibar Babayev çıxış edib. Tədbir iştirakçıları, Adil Babayevin həyat və yaradıcılığından söhbət açıb, şairlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə xatırlanıb ki, şair, tərcüməçi, dramaturq Babayev Adil Qafar oğlu 1925-ci il, yanvarın 27-də Naxçıvanda anadan olub. 1938-ci ildə orta məktəbin yeddinci sinfini bitirərərək, təhsilini Tiflisdə, M.F.Axundov adına Azərbaycan orta məktəbində davam etdirib. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri kimi çalışıb. 1943-cü ildə Tiflisdə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olub, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik edib. Ədəbi yaradıcılığa 1939-cu ildən başlayan Adil Babayevin ilk şeirləri Tiflisdə çıxan "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində dərc olunub.1945-ci ildə Bakıya köçəndən sonra  "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi, "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. 1956-1958-ci illərdə Adil Babayev ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələr yazaraq milli teatrın inkişafına kömək edib. Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləyib. 1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olub. Dünya ədəbiyyatından tərcümə etdiyi pyeslər tamaşaya qoyulub. Uzun sürən ağır xəstəlikdən sonra 1977-ci il, avqustun 19-da Bakıda dünyasını dəyişib.

Görüşdə çıxış edən Vahid Əziz bildirib ki, Azərbaycan gəclərinin mənəvi tərbiyə olunmasında Adil Babayev kimi şəxsiyyətlərimizin həyat və yaradıcılıq yolundan keçən bu kimi tədbirlərin keçirilməsi əhəmiyyətli rol oynayır. Xalq şairi Adil Babayevlə dostluqlarının keçmişə dayandığından bəhs edib. Şairin böyük dramaturq olduğunu qeyd edən, Vahid Əziz şairin sovet dövrünə təsadüf edən yaradıcılıq vaxtlarında belə milləti üçün vicdanla çalışdığını qeyd edib.

Telejurnalist Etibar Babayev atasının xatirəsi ilə bağlı fikirlərini bölüşüb, atasından ona qalan gündəlik barədə qürurla bəhs edib. Telejurnalist qeyd edib ki, şair Adil Babayevin sevinci də, kədəri də, mənəvi aləmi də  poe­zi­ya­sında öz əksini tapıb. O, həyat hadisələrinə, təbiət mənzərələrinə, tarixi faktlara sırf təsvirçi mövqeyindən yanaşmayıb. Daim fəlsəfi məna, bəşəri qayğılarla bağlı fikirlər axtarıb, həyatı poeziyadan, poeziyanı həyatdan ayırmayıb.

Tədbirin sonunda əməkdar incəsənət xadimi, şair Adil Babayevə həsr olunan sənədli televiziya filmi nümayiş olunub.

"Ata olsam belə, ata istərəm..." filmində Adil Babayevin həyat və yaradıcılığından söhbət açılır. Film şairin şeirləri və onlara bəstələnən mahnılarla müşayiət olunur.

Filmin ssenari müəllifi Azər Cabbarov, rejissoru Elnurə Kazımova, operator Adil Abbasovdur.

 

Nigar Orucova

 

Olaylar.- 2019.- 6-8 aprel.- S.13.