“Ürək daşı” Əkbər Qoşalının yeni kitabı

 

Tanınmış şair-publisist Əkbər Qoşalının 12 illik fasilədən sonra yeni şeirlər kitabı gün üzü görüb. “Ürək daşı” adlanan kitab, “Zirvə Tədris Mər­kəzinin yeni başladığı, gənc şair İntiqam Yaşarın layihə rəhbəri olduğuZirvəKitab yayınları”nın ilk nəşridir.

“Ürək daşı”nın redaktoru, AMEA NİZAMİ ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr. Almaz Ülvi, önsöz yazarı Əli Kərim ad. Poeziya Klubun direktoru, görkəmli şair İbrahim İlyaslı, rəssamı isə Güneyli tanınmış rəssam Atabəy Tikantəpəlidir.

1000 tirajla çıxan kitab (ISBN 978-9952-8356-0-1) “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı 6 bölmədən ibarətdir.

Qeyd edək ki, “ZirvəKitab”ın ilk yayını olan “Ürək daşı”nın “Zirvə Tədris Mərkəzi”nin təşkilatçılığı ilə 2019-cu il fevralın 9-da (saat 15.00-17.00) millət vəkilləri, yazıçı, şair, sənətçi, QHT, KİV təmsilçiləri və gənc fəalların iştirakı ilə ilk “İmza günü” keçiriləcək (Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun(GYF) H.Z.Tağıyev adına Böyük Konfrans Salonu, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi-16).

Təşkilatçılar arzu edən, vaxtı olan bütün oxucuları “İmza günü”nə dəvət edir.

 Görkəmli şair İbrahim İLYASLInın

“Ürək daşı”na yazdığı önsözü oxuculara təqdim edirik

 DUYĞULARI SAF,

ŞEİR DİLİ TƏMİZ VƏ YÜYRƏK...

Əkbər Qoşalı imzası təkcə Azərbaycan oxucusu üçün deyil, ümumtürk coğrafiyası üçün bəlli və sayğı duyulan bir imzadı. Çağdaş türk ədbiyyatında və ədəbi prosesində bu imzanın həm şair kimi, həm publisist kimi, həm də türkoloq kimi ayrıca yeri və mövqeyi var. Hər üç müstəvidə onu yaxından izlədiyim üçün, bir ədəbi sima olaraq ona özəl rəğbətim, sayğılarım var. Vətəndaşı olduğun ölkənin, mənsub olduğun millətin mədəni dəyərlərinin təbliğ olun­masında və qalxınmasında əmək vermək, əslində hər bir qələm adamının qutlu borcu olsa da, hər qələm adamı bu şərəfli işin altına çiyin vermir. Bu anlamda, 12 illik fasilədən sonra yeni şeirlər kitabını nəşrə hazırlayan şairin “Ürək daşı”na yazdığım uğurlamanı onun milli ədəbiyyatımız qarşısında göstərdiyi xidmətlərə dəyər verməklə başlamağım təsadüfi deyil. Əkbər Qoşalının ədəbi yaradıcılıqda qazandığı uğurlar, ədəbi prosesə verdiyi fayda və təkanla paralel gəlir. Mən bu təkanı görməzdən gələ bilməzdim; amma söz konusu Əkbər Qoşalının şeirlər kitabı olduğuna görə, elə buradaca mətləbimin bu hissəsini sonuclayır və kitabda gedən şeirlərlə bağlı fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Öncəliklə onu deyim ki, kitabı oxuduqca ilk duyduğum bu oldu ki, bütün ciddi və milli söz adamları kimi, Əkbər Qoşalı da zamanın qatmaqarışıqlığından içinin bütövlüyünü qoruyub, duyğularını, düşüncələrini saf saxlayıb. Bu hər bir şair üçün çox önəmli məsələdi. Şeir duyğu və dil hadisəsidi. Əkbər Qoşalının duyğuları saf, şeir dili təmiz və yüyrəkdi.

Kitab, şairin mənim də çox sevdiyim “Altaylardan qopan atlar”ıyla başlayır. Türk ulusu mənzil kəsməyə at belində çıxdığı kimi, onun şairi də sözdə mənzil başına varmağa ilham atının belində çıxsa yaxşıdı. Şeiri oxuduqca özgəsinin yox, məhz “Altaylardan qopub, dolunay işığında ağ köpüklü dənizlərə doğru çapan”atların hənirtisini duyur, ayaq səslərini eşidirsən. İstənilən şeirin mükəmməliyi də elə bundadı – duyğularını oxucuya duyduracaq bir şəkildə dilə gətirib, kağıza köçürməlisən. “Qız Qalası” şeiri də “ölüncə qız qalası” deyimi ilə bu möhtəşəm tarixi abidəmizə yeni baxışın, fərqli hiss və həyəcanın ifadəsidi.

Əkbər Qoşalının şeirlərində mənim ən çox xoşuma gələn cəhətlərdən biri də onun qafiyə və ölçü naminə duyğularını cilovlamamasıdı. Sərraf oxucu bunu həmən duyur, ilham köhləninin cilovu ya boş olmalıdı, ya da heç olmamalıdı... Bu anlamda, Əkbərin istər sərbəstdəki, istərsə də hecadakı qafiyə sistemi nədənsə, mənə qədim və ortaq türk poeziyası  örnəklərin qafiyə sistemini xatırlatdı. Mənə elə gəlir, bu sistem, onun poeziyasına alt şüurla yansıyıb.

Yazıya ürək, ürəyə dərd qoyarıq...

Beləcə, dərd dolanar dünyada:

Torpaq-torpaq, daş-daş, yazı-yazı, ürək-ürək...

Deyirəm, gedim torpaq dərdimi yazım

Ürəklər daş olmamış...

Yazımın əvvəlində də qeyd etdiyim kimi, məmləkətin ağrısı, millətin yarası hər bir şairin qələmindən mütləq şəkildə boy verməli, görsənməlidi. Bu duyğudan məhrum olan şairin onun dilində danışdığı millətin ədəbiyyatında nə yeri olar ki..? Ancaq burda da incə bir mətləb  var. – Təkcə bu ağrını yaşamaq şərt deyil, gərək ağrını ağrının özü qədər diri bir halda, peşəkarcasına kağza ötürəsən. Oxucuya da bu ağrını yaşada biləsən, oxucu sənin səmimiyyətinə inana. “Qarabağ” şeirində deyildiyi kimi:

Qarabağ!

Sən mənim alın yazım,

Mən bir qara qələmlə kağıza nə yazım?

...Sabah Tanrı deməzmi:

Ya İnsan!

Mən səni belə ha yaratmamışdım...

 Və ya başqa bir şeirində olduğutək:

Gəmiləri sudan çəkib quru ilə sürərəm

İstanbulun eşqinə.

Şair içinin ağrısını, qəlbinin sevgisini daha necə dilə gətirməlidi ki..?

Kitabın ilk bölümü olan “Sərbəstin meydanı”nda sözün meydanına çıxarlacaq yetərincə bu cür qəlb göynədən, ürəyi riqqətə gətirən, oxucuya gah kədər, gah qürur duyduran örnəklər var. Qısacası – ŞEİRlər var.

İkinci bölümdə Əkbər Qoşalı “Aldı görək nə dedi?” deyir.

Şair heca şeirlərinə qədim ustad deyimiylə başlayır və nə yaxşı ki, ustadların qoyduğu gələnəyə uyğun olaraq burasını yeganə “Divani”si ilə açır. Mən bu divanini Əkbərin öz dilindən də, onu saza qaldıran aşıqlarımızın dilindən də zaman-zaman duymuşam və çox da bəyənmişəm. Daha çox sərbəstdə meydan sulayan şairin bu addımını “mən bunu da bacararam” fikrinə yozmaqdan tamamilə uzağam. Heca şeirlərində də çox vaxt gələnəksəlliyi qıran şairin bu cür mükəmməl bir divani yazması onun qan yaddaşından süzülüb gələn ozan ruhunun bir təcəllasıdı, - deyə düşünürəm. Kitabın bu bölümündə şairin qoşmaları, gəraylıları, çarpaz qafiyəli şeirləri yer alıb. “Səslərin gözəli qara sazdadı, Kərəmi çağırar, Dilqəmi səslər” yanğısı da, “Bir göz var istədim baxıb yaşayam, Qoydular üz-üzə baxtınan məni” göynərtisi də, “Ürəyimə nələr damıb, ilahi? – Bəs nə idi ürəyimdən daman nə?..” müəmması da... onun klassik qoşmanın ta dibindən gəldiyindən xəbər verir.

Bunla belə, Əkbər Qoşalı heca şeirlərində də yenə öz nəfəsini, özəl ifadə tərzini qoruyub saxlayıb. Ona, hansısa şeirində qətiyyən “kimdənsə təsirlənib” demək olmaz. İndilərdə, çağdaşlarımız içərisində özündən öncəkilərdən təsirlənmədən, onların cazibəsindən qurtulub qələm çalan şairlərimiz elə də çox deyil. Bu anlamda, Əkbər məhz həmin azların sırasındadı.

“Səsləşmələr” bölməsi imzalarına sayğı duyduğum şairlərdən Əlirza Həsrət və Elman Tovuzla Əkbər Qoşalının söz atışması, duyğu bölüşməsi, şeir çələngidi. Üç şairin bir işinə qarışmaq düzgün iş olmadığına görə özləri və oxucuları bilərlər deyə, - münasibət bildirməkdən yan keçdim. Üç şeirdən ibarət “Əsgərə, Turala, Ayxana” bölümü cocuqlarımızı da, öyrətmənlərimizi də ilgiləndirə biləcək özəl şeir örnəkləridir. Düşünürəm ki, oxusalar qazanarlar...

Şair özü demişkən, kitabını “Uzun sözün qısası” və nəhayət, “İlk qələm örnəkləri” ilə tamamlayır və nə yaxşı ki, şeirə, ədəbiyyata hardan gəldiyini oxucularına göstərməkdən  çəkinmir. Dünyanın heç bir şairi ilk qələm təcrübələrindən ün qazanmayıb. Hamı dünyanı və özünü öyrənə-öyrənə, tanıya-tanıya böyüyüb. İlk qələm təcrübələrinə sədaqət də sadiqliyin bir göstəricisidi. Əkbər Qoşalı yeniyetməliyində qələmə aldığı duyğularının xətrini əziz tutub, kitabına daxil edib. Və nə yaxşı, belə də edib!

Ən başlıcası isə SÖZə sədaqətdi ki, bu kitab da bütövlükdə türklüyümüzə və türkcəmizə sədaqətin, sevginin duyğusal və poetik bir aynasıdı. Bu aynaya diqqətlə bax, oxucu dost! Səbəbini özün biləcəksən...

 

Olaylar.- 2019.- 5 fevral.- S.13.