İlahi ideallar işığında

 

Yunus Oğuz "Səfəvi Şeyxi"

 

Qədim Səfəvilər dövləti və onun hakim olduğu dövr tarixi aspektdən öyrənilməsi ilə yanaşı ədəbiyyatın da müraciət etdiyi obyektdir. Ötən əsrin 70-ci illəri tarixi roman janrının geniş vüsət aldığı mərhələ olaraq səciyyələnir və bu mövzunun işləkliyi artaraq bir çox yazıçıların Şah İsmayıl Xətainin obrazını canlandırması müşahidə olunur. Əzizə Cəfərzadənin "Bakı - 1501", Fərman Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Əlisa Nicatın "Qızılbaşlar" romanları bu qəbildəndir.  Bu ənənə müasir ədəbiyyatda da öz əksini tapır. 

Yunus Oğuzun romanının özəlliyi ondadır ki, əsərdə Səfəvilər sülaləsinin daha qədim dövrlərdəki fəaliyyəti əks olunub. Romanın qəhrəmanı Şeyx Cüneyddir. Lakin romanda  Səfəvilərin ilk Şeyxi Səfinin həyatı da təsvir edilib. İki süjet xətti kəsişməsə də, bu hissənin əsərin əsas qəhrəmanın obrazının dolğunlaşmasında böyük rolu var. Şeyx Səfi haqqında xətt Səfəvilər sülaləsinin nüfuzunun, qüdrətinin açılmasına xidmət edir. Kimdir  bu Şeyxlər? Tarixdən bəlli olduğu kimi onlar real tarixi bir şəxsiyyətdirlər. Lakin məlumdur  ki, xalq həmişə öz sevimli qəhrəmanları, tarixi şəxsiyyətləri haqqında rəvayətlər uydurmuş,  bununla da tarixi mənbələrlə yanaşı qəhrəmanlarını xalq yaddaşında da əbədiləşdirməyə çalışmışdır. Romanda bu tarixi şəxsiyyətlər haqqında mövcud olan rəvayətlərdən istifadə edilmişdir. Yeddi yaşında ikən qeyd olan Şeyx Səfi Qırxlar mağarasında Baş Dədənin köməyi ilə batini həqiqətlərə yiyələnir. "Elə bil iynəyə dönüb samanlığa düşmüşdü. Nə ölüsündən xəbər çıxdı, nə dirisindən. Yazıq anamın nə gecəsi oldu, nə gündüzü. Anam hörüyünün birini hördü, birini qara, amma, ümidini kəsmədi. Səhər-axşam oğlunu gözlədi. Biryeddi ildən sonra Səfiəddin yoxa çıxdığı yerdəcə peyda oldu. Sakitcə bizə baxıb gülümsəyirdi. Elə bil yeddi il bundan qabaq yoxa çıxan bu deyildi. İllər keçməsinə baxmayaraq onun üçün sanki heç nə dəyişməmişdi. Artıq o uşaq deyildi, bığ yeri tərləmişdi. Soruşanda ki, bu yeddi ildə hardaydın, cavab verdi ki, Savalan dağında Qırxlar mağarasında kamillik təlimi öyrənirdim". Şeyxin Əmir Teymur ilə görüşümistik  ahəngdə təsvir edilir, Şeyx batini həqiqətləri daşıyan, ilahi gücə sahib bir insan olaraq canlandırılır. Romanda yer alan dini abidə Qurandan surələr,  Xızır peyğəmbər,  Qırxlar kahısı haqqında rəvayətlər dövrün maddi-mənəvi mühitinin canlan­dırıl­masına xidmət edir.

Babasının ilahi gücü sonradan Şeyx Cüneydə ötürülür: "Bütün bunları mən ulu babam, Səfəvilərin birincisi Şeyx Səfəvidən və Savalandakı Qırxlar mağa­rasının qoruyucusu Baş Dədədən vəhy kimi alıram. Onlar mənə hətta gələcəkdə nə olacağını da danışıblar, mənim razılığımı alıblar, xeyir-dualarını veriblər".

Əvvəlki əsərlərində olduğu kimi bu romanda da Şərq ənənəsinə sadiq qalan yazıçı adil hökmdar obrazını canlandırır. Şeyx Cüneyd "beynində quracağı dövlətin cizgilərini çəkirdi. Onu elmlə, ədalətlə necə idarə edəcəyini düşünürdü: alimlərin, vicdanlı, sözünə bütöv, əxlaqlı, dininə sadiq insanların idarə edəcəyi bir dövlət...".

Şeyx təriqətlərinin siyasi oyunlara cəlb olunduğunu, hökmdarların "onlardan istifadə etməklə hakimiyyətlərini gücləndirmək istədiklərini" anlayırdı. Bu səbəbdən, kimlərinsə əlində vasitəyə çevrilmələri ilə barışa bilməyən gənc siyasi güc olmağa qərar verir: "Bunların hamısından imtina etmək lazımdır. Əvvəlcə çox güclənmək və döyüşən müridlərin ordusunu daha da gücləndirmək lazımdır. Bunun üçün Azərbaycanda və Şirvanda vəhdətə gəlməliyik. Anadolunun da şərqi, ta Bursaya qədər bizimdir. Hökmümüz hər yerə çatır. Ancaq, təbliğatımız, düşündüyüm kimi fərqli olmalıdır, çünki təkcə müridlərə deyil, cümlə insanlara ümid vermək lazımdır. Onlar bütün hökmdarlardan yorulublar. Yorulublarsa, hər şey istədiyimiz kimi olacaq. Əsas gücümüz isə Səfəvi təriqətidir". Mərkəzləşdirilmiş hakimiyyət yaradaraq tayfalar arasında toqquşmaları aradan qaldırmağa çalışan Şeyx  ordusundan yalnız qazavat üçün istifadə etməyi düşünür.

Şeyxlərin xarakterinin açılmasında  cəbhədaşları olan müridlər,  sufi və aqillərin dialoqları  müsbət zəmin olmuşdur. Romanda Cüneydin hər kəsdən üstünlüyü vurğulanır. Cüneyd həm xarici görünüşünü, həm də fitri istedada malik olması ilə diqqət çəkir. Əmisi ilə münaqişə üzündən doğma yerləri tərk edən gənc, ətrafdakı xaosu aradan qaldıraraq,  doğma elinə  qalib olaraq dönməni bacarır (Meletinski "mədəni qəhrəman").  Eyni zamanda Cüneyd ideoloq-qəhrəman olaraq çıxış edir. O, öz ideyalarını cəmiyyətə ötürərək ətrafında minlərlə tərəfdarlarını - müridlər ordusunu cəmləşdirməyi bacarmışdır. Bu səbəbdən əsər onun ölümü ilə deyil, davamçılarının fəaliyyətinin təsviri ilə tamamlanır. Bu ideya akademik Nizami Cəfərovun əsər haqqında qələmə aldığı məqaləsinin başlığında da vurğulanır: "Müzəffər məğlubiyyət, yaxud Səfəvi Şeyxinin romanı". Cüneydin ideyaları ölümündən sonra daha sürətlə yayılır, Şeyx Heydər, Şeyx İsmayıl  kimi varisləri müridlərlə birgə onun arzularını reallaşdırmağa nail olurlar.  "1478-ci ildə dünyaya gələn Şeyx İsmayıl on dörd yaşında, yəni 1501-ci ildə Bakını fəth etdi, Şamaxıda Gülüstan qalasını mühazirəyə aldı. Lakin, Ağqoyunlularda vəziyyətin gərgin olduğunu bilərək müridlərinə "Sizə Gülüstan qalası, yoxsa Azərbaycan lazımdır? " deyib mühasirəni götürdü. 1502-ci ildə Təbrizə girərək ilk dəfə şiə -Səfəvi Qızılbaşlar dövlətinin əsasını qoydu, babası Şeyx Cüneydin dövlət yaratmaq arzusunu gerçəkləşdirdi".

Hadisələrin dövrün geniş ictimai-siyasi mənzərəsi, ölkədə yaşanan daxili çəkişmələr fonunda təsvir edildiyi əsərdə Qaraqoyunlu Cahanşahın hakimiyyəti və Təbrizdə yaşanan iğtişaşlar, Ağqoyunlu səltənətində qardaşlar Həsən və Cahangir arasında yaşanan hakimiyyət davası  əks olunmuşdur. Ölkə daxilində bu cür qarşıdurma çoxlarına sərf edirdi. Hökmdarlar bu iğtişaşlardan öz mənafelərinə görə istifadə edir, mümkün qədər vəziyyəti qəlizləşdirməyə çalışırdılar. "Cahanşah bilirdi ki, hakimiyyət yüyənini əlində saxlamaq üçün ixtilaflara həmişə yol açmaq, təkan vermək lazımdır. Bunsuz məmləkəti idarə etmək olmaz".

Şeyxin müridləri isə var dövlət, hakimiyyət deyil, başqa dəyərlər axtarışında­dırlar.  Kilsəyə hücum zamanı onlar qızıldan, gümüşdən daha qiymətli olan əlyazmaları axtarırlar.  "Əgər biz bu əlyazmalara açar tapıb oxuya bilsək, o zaman həm mənəvi, həm maddi xəzinə əldə  etmiş olacayıq".  Şeyx və müridləri üçün güc dünyəvi və səmavi biliklərə yiyələnmək idisə, ətrafdakılar yalnız hakimiyyət və sərvət hərisi idilər ki, müəllif bunu aydın göstərə bilmişdir.

Akademik Nizami Cəfərovun yazısında vurğulanan daha bir vacib məqam Üçkilsə hadisələridir. Ərazi basqılarından daha öncə baş verən, sonrakı ərazi iddiaları üçün əsas olaraq düşünülən maddi-mənəvi sərvətlərimizə tutulan divanın fəsadları müasir tariximizin ən ağrılı problemlərindəndir.

Hər bir əsərdə olduğu kimi, bu romanda da sevgi xətti yer alır.  Şeyxin Xədicəyə olan hissləri əsərə lirik ahəng qatır. Onun Ağqoyunlu hökmdarı Uzun Həsənin bacısı ilə münasibətləri öncədən düşünülmüş olsa da, hər iki tərəf bir-birini müttəfiq olaraq görür, lakin, bu izdivac yalnız iki müttəfiqin bağlılığı, işgüzar razılaşma olaraq təsvir edilmir.   Bu çox vacib bir məqamdır. Belə ki, ilahi bağlılıq yaranmasa idi bu izdivac həm Şeyxi, həm də əks tərəfi - Uzun Həsəni, Saray xatunu və Xədicəni yalnız öz maraqlarını düşünən, məkrli personajlar olaraq xarakterizə edərdi.   Dərvişlə hökmdarın ittifaqının əsası olan bu nikah  isə sevgi dastanlarında əks olunan güclü bir hissdən doğur. Addım-addım Şeyxin fəaliy­yətinin təsvir edən yazıçı onu güclü sərkərdə və həssas qəlbli insan olaraq təsvir edir.

Xalq rəvayətləri, atalar sözü və məsəllər (Molla Nəsrəddin), rəvayətlərdən  istifadə edən yazıçı yeri gəldikcə hakimiyyət, xalqhökmdar mövzusunda maraqlı ifadələr işlətmişdir. Məsələn, "el düşmən tapmayanda qılıncı özünə vurur"  ifadəsində  lakonik şəkildə tutarlı bir fikir ifadə olunmuşdur.

Əsərdə qadın personajların  sayı çox deyil. Ağqoyunlu hökmdarının anası, Azərbaycan tarixində müstəsna mövqeyi olan  Saray xatun və bacısı Xədicə dastanlarımızda olduğu kimi yaraşıqlı, müdrik, ölkəsinin taleyində mühüm rol oynayan sima olaraq təsvir edilib.

Romandakı  etnoqrafik təsvirlər maraq doğurur. Qədim türklərin geyim, yaşam tərzi,  ərəb kişilərindən fərqli olaraq  onların həyatı boyunca bir qadına bağlı olmaları qeyd olunub. Folklor motivlərindən bəhs etdikdə yuxular xüsusi diqqət cəlb edir. Həm Şeyxin, həm də Xədicə xanımın röyaları gələcəyi canlandıran yuxulardır. 

Bununla yanaşı bəzn romanda portret təsvirlərin ümumi olduğu, dəqiq təsvirlərlə cilalanmadığı nəzərə çarpır. Məsələn: ilk səhnədə  əmisi ilə söhbətləşən  Şeyx Cüneyd və illər sonra əmisi ilə qarşılaşan gəncdə hansı dəyişiklər baş verir?  Şeyxin daxilində yaşanan təkamül, eyni zamanda xarici görünüşündə baş verən dəyişiikliklər,  gəncin müdrik bir hökmdara çevrilməsi izlənmir. Cüneyd mübarizə meydanında yalnız təsvir edilir. Əzilən, tapdanan bu səbəbdən şeyx təriqətinə üz tutan xalq nümayəndələri, həmçinin daim Cüneydin yanında olan, mübarizədə əsas qüvvə olan  müridlərin obrazları yer almır. Əsərdə yalnız bir mürid əks olunsa da, Ağcalı Xəlifə Rumlu, bu personaj minlərlə müridin ümumiləşdirilmiş obrazı olaraq yadda qalmır.

Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev həqiqi tarixi nəsrin "nəsrdə dərk olunan milli tarixmilli taledən başqa bir şey" olmadığını yazırdı.  Yunus Oğuzun görkəmli sərkərdələrimiz və xalqımızın məfkurə axtarışlarından bəhs edən son romanı tarixi hadisələrinin və şəxsiyyətlərinin müasirlik müstəvisindən  qiymətləndirilməsi baxımından uğurludur.

 

Lalə Həsənova,

filologiya üzrə fəlsəfə doktoru

 

Olaylar.- 2019.- 18-19 iyul.- S.6.