Əsl ALİM

 

Akademik İsa Həbibbəylinin 70  illiyinə

 

"Alim" deyəndə ağlımıza elmlə məşğul olan insanlar gəlir. Gözümüzün qabağında əlində qələm, qabağında kitab, gözündə eynək masa arxasında oturub yazan, düşünən yaradıcı  insan canlanır.  Bu insanlar elmi, zəkası, savadı,  bacarığı  və düşüncə tərzi ilə başqalarından fərqlənir. Tarixin bir zaman kəsiyi olub ki, alimlər saray əyanları kimi xüsusi imtiyaz daşıyıblar.  Amma bu, özünü uzun müddət doğrultmayıb. Sonradan onlara verilən elmi dərəcə alimləri cəmiyyətdə elitar təbəqəyə çevirib.

Bu gün dünyanın hər yerində, bütün millətlərdə yaradıcı insanlar, elm adamları toplumun üst təbəqəsidir. O cəmiyyətin ki, üst təbəqəsində alim oturur, ona zaval yoxdu. Alimlər dünyanın görən gözü, bəşəriyyətin sağlam nəfəsi,  insanlığın oksigenidi.  xoş ki, Azərbaycanda bu parametrləri özündə daşıyan alimlər çoxdu. Onlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidi...

 

***

 

İsa Həbibbəylini Azərbaycanın elmi ictimaiyyəti çox yaxşı tanıyır. Akademik istər elm xadimi, istərsə də insan kimi hər kəsin qəbul etdiyi, hörmətlə yanaşdığı, sevdiyi, diqqət göstərdiyi bir alimdi. İsa müəllim alim olmaq yoluna gənc yaşlarından qədəm qoyub. Müəllimliklə başlayan bu yol sonda onu akademiklik zirvəsinə ucaldıb. Akademikin həyat yoluna nəzər salanda görmək olur ki, biliyi və zəhməti olmasaymış yarı yolda qalarmış, qətiyyən sona qədər gedə bilməzmiş. (Buradaca xüsusi qeyd edim ki, bu yolda addımlayan çoxlu sayda insanlar tanıyıram. Həmin insanların eləsi var ki,  təkbaşına yeriyə bilmir, kiminsə ətəyindən yapışır, kiminsə qoluna girir, kiminsə də ayaq izlərini təkrarlayır. Elm yolunda rast gəlinən belələri alim adının şərəfinə ləkə salanlardı).

İsa müəllim 40 ildən çox addımladığı bu yolda  hər zaman mənəvi saflığı, qətiyyəti və bacarığı, təmkini və qabiliyyəti ilə seçilib. Yüksək enerjisi, məsuliyyət hissi, sağlam tələbkarlığı elmi axtarışlarında, filologiya elminin inkişafında, eləcə də təkmilləşdirilməsində və tərəqqisində ona baş ucalığı gətirib. Özünün zəkası və zəhməti  sayəsində ədəbiyyatın çətin yollarında ciddi axtarışlar apararaq sanballı uğurlar qazanıb.  Bu uğurların kökündə çoxlu sayda elmi əsərləri, monoqrafiyaları, elmi-kütləvi kitabları, məqalələri dayanıb. Filoloq alimin müəllifi olduğu kitabların, elmi məqalələrin, araşdırmaların adlarını sadalamağa ehtiyac görmürük. Çünki saymaqla bitən deyil, yaradıcılığında itib-bata bilərik.  Ona görə də akademikin yaradıcılığının bir parçası kimi görünən, amma çox böyük  olan, necə deyərlər, elmi axtarışlarının özəyini təşkil edən Cəlil Məmmədquluzadə ilə bağlı  balaca bir qeyd etmək istəyirik.

İsa Həbibbəyli deyəndə böyük Mirzə Cəlil yadımıza düşür.  Mirzə Cəlil  böyük olduğu kimi İsa müəllim də böyük və tək Cəlil Məmmədquluzadəşünasdır. Mirzə Cəlili tədqiq edən bir filoloq kimi araşdırmaları bu sahədə çalışan digər alimlərin yaradıcılığından fərqlənir. Onun bütövlükdə "Molla Nəsrəddin" jurnalı, molla nəsrəddinçilik məktəbi və realizm ədəbi cərəyanının öyrənilməsindəki uğurlarına  kimsə bir söz deyə bilməz. Çünki o, Mirzə Cəlil yaradıcılığını və irsini oxucuya mükəmməl bir formada çatdırıb. Alimin həyat və yaradıcılığına, elmi-ictimai fəaliyyətinə həsr edilmiş "Akademik İsa Həbibbəyli" biblioqrafiyasında yazılır: "Ümumiyyətlə, İsa Həbibbəyli böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin onlarla müasiri haqqında ilk dəfə söz açmış, bu maarifçi ziyalıların fəaliyyətinə dair yüzlərlə sənədi üzə çıxarmış, barəsində geniş məlumat vermiş, onların qarşılıqlı əlaqələrinin mahiyyətini elmi şəkildə aydınlaşdırmışdır. Bütövlükdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının "Molla Nəsrəddin" epoxasının mükəmməl elmi salnaməsini yaratmışdır".

Təbii ki, bu uğur akademikin yuxusuz gecələrinin, ağır zəhmətinin bəhrəsidir. Bizcə, akademikə "Cəlil Məmmədquluzadənin təbliğatçısı" demək daha doğru olardı. Mirzə Cəlilin əsərlərini şəxsi təşəbbüsü ilə  Misirdə ərəb dilində, Pakistanda urdu dilində, Macarıstanda, Litvada, Gürcüstanda və Özbəkistanda çap etdirməsi bu fikrimizi təsdiq edir.

 

***

 

"Dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü,  qüdrətli aslanlara bərabər tutur. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar". Bu  fikirlər Azərbaycanın xalq yazıçısı Mir Cəlal Paşayevindi. Doğrudan da  elə insan var ki, yaradaraq yaşayanda başqaları üçün elə ucalıqda dayanır ki, bəzən oraya kimsənin əli çatmır. Eləsi də var ki, bu ucalığa çıxa bilmir, ona aşağıdan yuxarı baxır.

İsa müəllim təkcə yaradıcı şəxsiyyət kimi deyil, həm də insan kimi illərdi ucalıqda dayanan və çoxlarının əli çatmayan bir zirvədə  qərar tutanlardandır. Çəkinmədən deyə bilərik ki, o, Azərbaycan xalqının sevimli oğullarından biridi. Onun adının yanında sadəcə "akademik" sözünü yazırıq, digər  titullarını qeyd etsək çox yer tutacaq.  Bizcə, buna  gərək yoxdu. Çünki o İNSANı tanıyan hər kəs İsa Həbibbəylinin kimliyinə, şəxsiyyətinə yaxşı bələddir. Hər kəs alimin böyük ömür yolunda necə addımladığından, bu günküdaha sonrakı nəsillər üçün hansı töhfələr qoyduğundan xəbərdardı. Akademikin ömür yoluna baxanda düşünürük ki, onun ən dəyərli titulu insanlığı özünün şəxsiyyətində  ölümsüzləşdirməyidi. Ona görə də bu sözü böyük hərflərlə yazmağı vacib bildik.

İsa Həbibbəylini yaxından tanıyanlar, şəxsi münasibəti olanlar onun dərin təfəkkürə malik parlaq şəxsiyyət, yüksək mədəniyyətli, geniş erudusiyalı, zəngin dünyagörüşü olan alicənab bir İNSAN olduğunu deyirlər. Bununla yanaşı o, həm də son dərəcə ciddi, tələbkar və prinsipial elm xadimidi. bütün bu dəyərli keyfiyyətlərinə görə akademik həm elmi ictimaiyyət, həm də xalq, el-oba arasında böyük hörmət-izzət sahibidir. Çoxlarından eşitmişik ki, o, xeyirxah, şəfqətli və mərhəmətli bir insan olmaqla yanaşı, həm də ədalət mücəssəməsidir. Elə bil Allah onu xeyirxahlıq etmək, köməyə ehtiyacı olanlara yardım göstərmək, dara düşənlərin əlindən tutmaq üçün yaradıb. Bu, bir Əsl ALİM üçün ən  ali dəyərdi.

Səməndər quşu odda yaşayan, odu təcəssüm etdirən əfsanəvi bir varlıqdı. O, bir lələyinin yandırılması ilə dara düşən xalq qəhrəmanlarının köməyinə çatdığı, onları xilas etdiyi kimi İsa müəllimin adının çəkilməsi də kifayət edir ki, müşgül məsələləri həll etsin, düyünləri açsın. Bunu İsa müəllimi şəxsən tanıyan bir nəfər deyib. Xüsusilə də onu vurğulayıb ki, akademikin həyatının hər günü xeyirxahlıqla, faydalı işlərlə zəngindi. Yıxılanın qolundan tutub qaldırmaq, imkansızlara əl tutmaq, çətinliyə düşənə doğru yol göstərmək gündəlik qayğılarıdır. Onunla ünsiyyətdə olan hər kəs mənən saflaşır, ruhən dincəlir, həyata nikbin baxışı və özünə inam hissi artır. Bu, bir Əsl ALİM üçün çox yüksək göstəricidi.

Yüksək intellektual təfəkkürə, dərin ensiklopedik biliyə, geniş və hərtərəfli dünyagörüşə, yüksək mədəniyyətə malik İsa müəllim Azərbaycan ziyalısının ən gözəl mənəvi  keyfiyyətlərini özündə  təcəssüm etdirən Əsl ALİMdi.  Təmkinli və ciddi görkəmli bir insan kimi sadə və səmimidi. Onunla ünsiyyət quran hər kəs bu sadəliyə heyran olur.  Müdrik və uzaqgörən ağsaqqaldı. Mayak kimi yanaraq daim insanlara, xüsusən gənclərə düzgün yol göstərir, bununla da onların yolunu işıqlandırmış olur. Bu, bir Əsl  ALİM üçün yüksək mənəviyyatdı, əxlaqdı.

 

***

 

Adamlar var ki, bu millətə, bu xalqa, bu dövlətə bir qəpiklik xeyir verməyiblər. Amma imkanları aşıb-daşır - pulu, sərvəti, vəzifəsi ilə diqqət çəkir. Elmdən bixəbər, savadsız olan belələri haqqında nələr yazmayıblar, İlahi?! Dağ başına qaldırılan bu adamlar əslində, dağın ətəyindən zirvəyə baxmalı olanlardı. Nə etməli? Həyatda hər kəs layiq olduğu yerdə otursaydı nə vardı ki?! Qurd quzu ilə otlayardı. Adamlar da var ki,  bütün ömrünü, mənalı həyatını, bilik və bacarığını, qabiliyyətini, savadını xalq, millət üçün sərf edir, elm fədaisi kimi zülmətə işıq salır. Hər gün çalışır, zəhmət çəkir, elm yolunda gözünün nurunu itirir, saçlarını ağardır, hörmətli, şərəfli bir ömür sürür. Bu ömrün sükanı  Əsl ALİM əlində olduğu üçün başqalarına örnək olur. Akademik İsa Həbibbəyli məhz bu cür ömür sahibidi.

Əsl ALİMin  ömür yolu artıq müdriklik  zirvəsinə çatıb. Həmin zirvəyə çatmaq üçün İsa müəllim  hər zaman özünə hakim olub, bildiyini başqalarına öyrədib, yaxşı mühakimə etmə gücü nümayiş etdirib. Bu gün o, alicənab, sözünün ağası, obyektiv, ağa , qaraya qara deyən müdrik şəxsiyyətdi. Çəkinmədən deyərdik ki, Azərbaycan elmi  dörd - beş alimin çiyni üzərində dayanırsa, biri İsa Həbibbəylidir.

Bu gün İsa müəllimin çiyinlərində, həm də Əməkdar elm xadimi titulu, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi şərəfli vəzifə var. Əslində titullar, mükafatlar, rəsmi və qeyri-rəsmi vəzifələr alim üçün əlavə "yük".  Alimin əsas "yükü" onun zəkası, savadı və elmidir. Ki... bu da insanlıq üçün çox gərəklidi. İsa müəllimin götürdüyü əlavə "yük" onun əsas "yük"ünə əngəl deyil. İsa Həbibbəyli adı isə həmin "yük"ə şərəf gətirib.

 

***

 

İsa müəllim hazırda ömrünün 70-ci  baharını yola salmağa hazırlaşır. Əminik ki, akademik 70-in zirvəsində özünü xoşbəxt hiss edir. Dönüb gəldiyi yola baxanda yaşadığı ömürdə yeddi rəngin bütün çalarlarını görür, dərindən nəfəs alır, xoşbəxtcəsinə gülümsəyir, ömrünün havayı getmədiyinə əmin olur. Təbii ki, hər bir insanda olduğu kimi onun da Əsl ALİM ömrünün rəngi ilə yanaşı, qarası da boy göstərib. Hər zaman ürəyinin qapısını sevinc döyüb. Bəlkə də qəlbində hansısa kədər yuva qurub. Təmənnasız yaşayıb, boyun əyməyib, kiməsə minnət qoymayıb.

70 insan ömrünün ən gözəl illərini, sevincini, xoşbəxt dəqiqələrini, şirin anlarını özündə arxivləşdirən bir yaşdır. 70 ömrün ötüb-keçən illərini bu günə daşıyan körpüdü. 70 insanı həyata daha möhkəm bağlayan, ondan ikiəlli tutmağa məcbur edən, bütün yaxşılıqları səxavətlə paylayan, sevinsi havayı verən, kədərə şərik olan, dünyanın amansılıqlarını əlinin tərsi ilə geri çevirən yaşdı. 70 dopdolu bir taledi, 70 min dəfə yaşanmış təbəssüm dolu bir ömür və bu ömrün ən parlaq işığıdı.

İşığınız Günəş boyda,  Günəş gücündə olsun, əziz İsa müəllim!

70-niz  mübarək, hörmətli akademik!

 

***

 

P. S. Nitsşe deyib: "Dünyada bir yaxşı adam qalana qədər yaşamaq olar". Bu o deməkdir ki, dünyanı bütün bəlalardan, fəlakətlərdən yaxşı insanların sayəsində xilas etmək mümkündü. Yaxşı da gərək düşünsün ki, dünyada qalan axırıncı yaxşı adam odur.  Yoxsa bütün yaxşılar bir-birinə əmin  olub yaxşlıqlarından əl çəkməsinlər. Əminik ki, akademik İsa Həbibbəylinin yaxşı insan olduğuna heç kimin şübhəsi yoxdu.

Əbu Turxan deyib ki, pisi söyməkdənsə yaxşını öymək daha yaxşıdı. Biz də elə etdik...

 

Olaylar.- 2019.- 12-14 oktyabr.- S.9.